İki kitab barədə düşüncələrim

 

Qarşımda iki kitab var – “Bir kəndin nağılı”, “Yaşayan sevgi”. Müxtəlif mövzularda yazılıblar. Biri məqalələr toplusudur, digəri... İkincinin hansı janrda yazılmasını oxucuların diqqətinə çəkməzdən əvvəl birinci kitab barədə danışmaq istəyirəm. Hər ikisinin müəllifi şair-publisist Natiq Qubadoğludur. Oxucular onu məqalə və şeirlərindən, tamaşaçılar isə televiziya ekranlarından tanıyırlar.

“Bir kəndin nağılı” Natiq Qubadoğlunun xeyli vaxtdan bəri İctimai Televiziyada hazırladığı eyni adlı verilişin kitab versiyasıdır.

Bəri başdan deyim ki, “Bir kəndin nağılı” özünün ictimai-siyasi tutumuna görə aktual bir verilişdir. Azərbaycan kəndi durmadan inkişaf edir, amma etiraf edək ki, inkişafın da özünün gətirdiyi müəyyən problemlər var və biz buna da hazır olmalıyıq. Bir tərəfdən qazanılan, digər tərəfdən itkilər hesabına başa gəlir. Kəndlərimizdə çəpərləmə əməliyyatı demək olar ki, çoxdan başa çatıb, əvəzinə hasarlama əməliyyatı start götürüb. Daş divardan çəkilən bu hasarların üzərindən bəzən tikanlı məftillər çəkilir, hərdən şüşə qırıqları da düzülür. Hər kəs hamıdan, hamı hər kəsdən gizlənməyə çalışır. Nağıllı-dastanlı kənd axşamları demək olar ki, indi nağılların özündə qalıbdır. Mavi ekran, müxtəlif elektron versiyalar çox şeyləri arxada qoyubdur. Bax belə bir zamanda Natiq Qubadoğlunun hazırladığı “Bir kəndin nağılı” televiziya verilişi ürəklərə istilik, könüllərə bir həlimlik gətirməkdədir. Yaxşı köhnələrin qədri bilinməsə onlar unudulacaq, unudulanlar isə ağrıya çevrilir.

Təbiidir ki, problemi olan televiziya verilişləri tamaşaçının diqqətindən kənarda qalmır. Natiq Qubadoğlu Azərbaycanın görkəmli sənət adamlarını, şair və yazıçıları onların doğma kəndlərinə, yurd-yuvalarına dəvət edir, daha doğrusu, onları öz evlərinə qonaq çağırır.

Oxucular nə zamansa bu kitabda həmsöhbət olduğu insanlarla İctimai Televiziyanın ekranında tamaşaçı kimi görüşüblər. Natiq Qubadoğlu xalq yazısı Anarı, akademik Bəkir Nəbiyevi, Fikrət Qocanı, Nəriman Həsənzadəni, Musa Yaqubu, İlyas Tapdığı, Əlibala Hacızadəni, İsgəndər Etibarı və bir çox yazıçı və şairləri öz doğma yurdlarına dəvət edərək, onlarla ocaq başında, tonqal ətrafında, bulaq yanında, ağac kölgəsində, çay kənarında həmsöhbət olur. Bu söhbətlər təkcə şeir və sənətdən deyil, kəndlərimizin tarixi, onların adət və ənənələri, etnoqrafik xüsusiyyətləri, bir sözlə talelər barədə olur. Bu gün kəndlərimizin, mən deyərdim ki, hər şeyi vardır. Bəs nə çatmır? Natiq Qubadoğlu həm hazırladığı televiziya verilişlərində, həm də oxuculara təqdim etdiyi “Bir kəndin nağılı” kitabında unudulanları, kəndlərimizdə yavaş-yavaş sıradan çıxanları yaşatmağa, nəsillərdən nəsillərə ötürməyə çağırır.

Maraqlısı odur ki, Natiq Qubadoğlu, bir müəllif kimi, hazırladığı verilişin həm ekran, həm də kitab həyatını əbədi və tarixi etmək üçün gözəl bir üsula əl atıb, televiziya verilişini kitab kimi oxuculara çatdırıbdır. Bu kitab, həm də mən deyərdim ki, ensiklopedik xarakter daşıyır, bilmədiklərimiz barədə oxuculara müəyyən informasiyalar verir. Hər bir sənət adamının öz dünyası olduğu kimi, öz yuvası da maraq doğrurur. Bu baxımdan “Bir kəndin nağılı” sözün həqiqi mənasında, oxuculara şirin bir nağıl danışır. Elə bir nağıl ki, biz onu dinlədikcə, “Bir kəndin nağılı”ndakı qəhrəmanlarla görüşdən nələri isə öyrənib, eşidə bilirik.

Kitabda həmsöhbət olan insanlar, öz yaradıcılıqlarından daha çox, doğulduqları, bağlı olduqları kəndin tarixindən və taleyindən danışırlar. Kəndlərimizin etnoqrafiyası, oradakı milli xüsusiyyətlər, unudulmaqda olan bir çox yaxşı keyfiyyətlər dilə gətirilir.

Xalq yazıçısı Anarla onun baba yurdu Çiyni kəndinə yola düşürlər.

Şair Rəsul Rzanın baba yurduna, Ucar rayonunun Çiyni kəndinə gəldik. Qədimdir, uludur bu aran kəndi. Günlərin, illərin, əsirlərin, tarixin yükü var çiynində Çiyni kəndinin. Yaşlı kişilər deyir ki, vaxtilə sol çiynindən böyük bir karvan yolu keçib. Sağ çiynində isə özü kimi qədim kəndlər yerləşir. Tarixin, zamanın dolaylarında dağı, təpəsi, zirvəsi olmayan bu aran camaatı bir-birinə çiyin verib, dayaq olubdar. Çiyni deyiblər bu kəndə. Tarixin, zamanın çiyni, atanın, ananın çiyni, övlada, Vətənə, torpağa yananın çiyni. Əyilməyib, sınmayıb, başını uca tutub həmişə elə çiyinlər kimi.

Başqa bir kənddə isə tamam fərqli mənzərə isə rastlaşırıq. Xalq şairi Nəriman Həsənzadə ilə İsrafil Ağanın yurdu önünə gəlirlər.

Nəriman müəllimlə düz İsrafil Ağanın evinin yanında söhbət etdik. Qorxmadan, çəkinmədən, tərəddüd etmədən evə yaxınlaşdıq, pilləkənlərlə qapıdan içəri girdik. Bəy evinə gəlmişdik, indiki görünüşü heç rəiyyət evinə də oxşamırdı. Ev-eşiyi, həyət-bacası yiyəsiz qalıb viran olsa da, bəyin kişiliyindən, mənliyindən bu gün də ürəkdolusu danışırlar. Evinin qapısından keçib uçuq divarlarına baxdıq. Yağışın, qarın, dolunun illər boyu döycələdiyi uçuq-sökük damlardan açıq səma görünürdü. Qonağını qarşılayammadı İsrafil Ağa. “Xəcalətli düşmənin olsun” dedik.

Bax beləcə hər kəndimizin öz tarixi, öz taleyi, öz ağrısı və sevinci var. Kəndlərimiz yaşa dolub, müdrik qocalar kimi ahıllaşdıqca, onların da özlərinə məxsus tarixləri və dastanları yaranır. Bizim kəndlərimiz təkcə yaşayış məskənləri olaraq qalmır, onlar həm də özlərində neçə-neçə insanların taleyini, uçub sökülmüş imarətlərinin izlərini, unudulmaqda olan ənənələri yaşadırlar. Nə adları, nə coğrafi mövqeləri havayıdan yaranmayıb, təsadüfdən seçilməyib Azərbaycan kəndlərinin.

Az qala şəhərləşən kəndlər bir çox milli-mənəvi dəyərlərdən uzaq düşdükcə, qarşıya nə qədər suallar çıxır. Bir zaman at çapılan, meydan sulanan kənd toylarında indi avtomaşınların yarışı keçirilir. Cavanlar təkər qaldırır, yaşlılar nigaran-nigaran arxasınca baxır, “Allah, amandı!” deyirlər.

Sonu görünməyən problemlərə doğru getdikcə, qazanacağımızın nə olacağını bəzən nə ağlımıza gətiririk, nə də onun fəsadları barədə fikirləşirik.

Natiq Qubadoğlu və onun “Bir kəndin nağılı” televiziya verilişi və bu verilişin kitab versiyası gah birbaşa, gah da dolayısı ilə bizi düşünməyə, düşünüb nəticə çıxarmağa çağırır. Gəlin fikirləşək...

Müəllifin birinci kitabında öyünüləsi, fəxr ediləsi milli tariximiz də var, qarşılaşdığımız müəyyən problemlər də. Amma bütövlükdə “Bir kəndin nağılı”ndan ancaq şən əhvalla ayrılırıq.

İkinci kitab isə bizə bu şən ovqatı nəinki bağışlamır, bizi ağrılı və kədərqarışıq düşündürür, təəssüfləndirir. “Yaşayan sevgi” adlanan bu kitab, əslində, ölən bir məhəbbətin, amma öldüyü qədər də yaşayan alovlu bir eşqin tarixçəsindən söhbət açır. Elə bir eşq ki, ruhlara, dualara çevrilib ürəklərə od salır. Buna görə də “Yaşayan sevgi” elegiyadır. İlham və Fərizə eşqinin elegiyası...

Bu il 20 Yanvar faciəsinin 20 yaşı tamam oldu. O qanlı gecədə doğulanlar özlərinin 20 yaşlarını qeyd etdilər. Tarix üçün 20 yaş, 20 an deməkdir. Amma hər bir qısa zaman kəsiyinin də özünün uzun-uzun əsrlərə deyəcək bir yaşam tərzi var. Fikirləşəndə ki, o gecə doğulanlar indi 20 yaşındadırlar, onu da fikirləşirik ki, İlham və Fərizənin də dünyaya gələcək övladının da 19 yaşı tamam ola bilərdi. Təəssüf ki, kimlərinsə sinələrində çırpınan imperiya xislətli ürəkləri nəinki dünyada olanları, hələ dünyaya gəlmək eşqilə çırpınanları da dünyadan köçürdü:

 

Aydınlıq içində Ay işıq saçır,

Aydınlıq içində səma dincəlir.

Bir az zülmət susur, lap rəngi qaçır,

Bir kimsə bilməyir hansı gün gəlir.

 

20 Yanvar xalqımızın taleyinin, bəxtinin faciəsi idi. Biz, bir millət kimi, bu günü yaşamalıydıqmı? Əfsuslar olsun ki, müstəqilliyi, min illər arzusunda, niyyətində olduğumuz böyük azadlığı bizə elə-belə bağışlamağa heç kəsin nə əli gəldi, nə də ürəyi, dəhşətli bir tarix yaşadıq. Amma nə xoş ki, biz ona qovuşduq. Neyləmək olar, əksər millətlər belə bir yoldan keçiblər. Oğullar, qızlar canlarını verir, verməyənlərin isə, ən azı, üst-başına onların doğma insanlarının qanı çilənir.

 

Yanında yer elə,

çiçək səp gül ələ,

Verərik əl-ələ

qismətimiz belə.

Qovuşaq əbədi

yaşayaq bu dərdi.

Gəlirəm,

sən gözlə,

Bir məni əzizlə,

ağrını alacam, İlham

Yanında qalacam, İlham!

 

Sevgilisi İlhamın vaxtsız və faciəvi ölümünə dözməyən Fərizə bu faciənin o biri gözünə özünün faciəsini qoyur. Dərdlər tarazlaşanda dünyanın məhvəri, azacıq da olsa, əyilir deyirlər. Yenicə ailə qurmuş, səadət sorağında çırpınan bu gənclərin acılı taleləri hələ zaman-zaman neçə-neçə nəsilləri ağrıdacaqdır.

Natiq Qubadoğlunun “Yaşayan sevgi” kitabı, sözün həqiqi mənasında, yaşayan sevginin niskilli bir nəğməsidir. Bəşər övladı öz azadlığı üçün təkcə canını və qanını vermir. İlham və Fərizə faciəsi bir daha onu göstərdi ki, insanlar yeri gələndə, bu azadlıq üçün məhəbbətlərini belə qurban verirlər. Uismani ayrılıq hələ həsrət deyil, əgər ruhlar ayrılmırsa, varlıqların ayrılması kədər və qəm yükünə çevrilə bilməz. Onlar bir yerdədirlər... Biz onlarsızıq.

Şairin belə bir mövzuya müraciət etməsi və onun bədii həllinə uğurlu şəkildə nail olması sevinc doğurur. Mən hər iki kitabın müəllifi olan Natiq Qubadoğluya uğurlar arzulayıram.

Qoca dünya elə-belə fırlanmır. Onun bəzən sevincinə kədər, kədərinə də sevinc qatdığı anları olur. Həyat buna görə gözəl və şirin görünür.

 

 

Taleh HƏMİD

 

525-ci qəzet.- 2010.- 6 aprel.- S.6.