Birinci məqalə: “Hekayəti–xırs quldurbasan”

 

AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRININ TAMAŞASI HAQQINDA QEYDLƏR

 

Milli Teatr Festivalı – 2010

 

Milli Teatr Festivalının aprelin 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında açılan və iyunun 15-ə kimi sürəcək ikinci mərhələsində 20 tamaşa göstərilməsi nəzərdə tutulub.

Festivalın bu mərhələsinin öz işinə M.F.Axundovun “Hekayəti-xırs quldurbasan” komediyası ilə başlaması məntiqidir. Çünki milli dram sənətimizin baniyi-karı ilə hər görüş teatr sənətimizin çiçəklənməsinin rəmzi-simvolik işarəsi kimi qarşılanır.

İkihissəli ekssentrik komediyaya çağdaş tear sənətimizin bilicilərindən rejissor, xalq artisti Cənnət xanım Səlimova quruluş verib. Yəqin buna görə tamaşaçının düşünmək haqqı varıydı – çoxillik təcrübəyə malik bir rejissor, yüksək intellekti ilə seçilən bir teatral, klassikaya üz tutubsa, demək, tamaşa nəsə orijinal traktovka ilə səciyyələnəcək. Və o, bu cür düşünməkdə haqlıdır. Axı ən müxtəlif teatrlarda dəfələrlə səhnələşdirilmiş, uşaqdan-böyüyə hamının az qala əzbər bildiyi əsərə növbəti standart quruluş verməyin nə mənası olardı ki? Ə.Haqverdiyevin təbiri ilə desək, Mirzənin əsərlərinə ya gərək yaxşı quruluş verəsən, ya da heç toxunmayasan.

Cənnət xanımın dramturji mətnə yanaşmasında qabarıq nəzərə çarpan şərq-qərb qarşıdurması ilə insan-heyvan qarşıdurmasını anoloji müstəviyə gətirmək, kontrast formada təqdim etmək cəhdidir. Qərblinin nəinki özü, hətta sandığından çıxan ayı belə, Fındıqlı dərəsinin “quldur” sakinlərinə baxıb başını bulayır. Bütövlükdə götürəndə, tamaşa baxılır, gülüş doğurur, müəyyən məqamlarda düşündürür də. Amma bütün bunlar tamaşanın başlıca uğurunu təşkil edə biləcək ən vacib məsələdən – klassik mətnə orijinal rejissor yanaşmasından danışmağa imkan vermir.

Sofokl, Şekspir, Molyer, Axundov... Dünya dramaturgiyası və milli dramturgiyadan adını çəkdiyimiz və çəkmədiyimiz onlarla antik və klassik müəllifin yaradıcılığı ilk növbədə hər tarixi zamanda yeni yozuma gəlməsi ilə şərtlənir. Zamana qalib gələrək hər tarixi dövrdə yeni cilvədə görünmək! Dahiliyin əsas şərtlərindən biri də budur! Və Axundov, şübhəsiz ki, dahidir! Bəs, rejissor bu tamaşası ilə ayıbasan quldur hekayətinin hansı açılmamış qatını açır, yeni nə deyir?

Cənnət xanım Azərbaycan teatr sənətinin fədaisidir. Onun ən çətin bir dönəmdə – 90-cı illərdə Kamera Teatrını yaratması, istedadlı cavanları bir yerə toplayaraq min bir çətinliklə yeni aktyor nəsli yetişdirməsi alqışa layiqdir. Rejissorun teleçıxışlarına baxanlar onun öz sənətinə olan sevgisinin böyüklüyünə, erudisiyasının genişliyinə heyrətlənməyə bilmir. Amma bütün bunlara rəğmən, təəssüf ki, “Hekayəti-xırs quldurbasan” tamaşası eyni hissi doğurmur.

On il əvvəl rejissor Vaqif İbrahimoğlunun quruluşunda “Lənkəran xanının vəziri” tamaşası isə göstərdi ki, Axundovun hələ nə qədər açılmamış qatları var! Sübut elədi ki, 125 ildən bəri səhnədən düşməyən “Təmsilat”ın milli səhnəmizdə ancaq şəkli çəkilib, onun daxili mahiyyətinə, məğzinə isə varılmayıb! Göstərdi ki, klassikaya necə yeni nəfəs vermək olar! İsbatladı ki, Axundov dibi görünməyən dərya, əzəzli-əbədi problemlər carçısı, klassik olduğu qədər də müasir, bir sözlə, dahidir! Və milli səhnəmizdə yeni Axundov epoxası başladı! “Lənkəran xanının vəziri” tamaşası “Təmsilat”ın səhnələşdirilməsində geriyə gedən yolları bağladı! Qayıdılsa belə, məncə, tamaşaçı bunu qəbul etməyəcək. Cənnət xanım nədənsə bu amili nəzərə almayıb.

Tamaşada hadisələrin səhnə məkanı əvvəldən axıracan dəyişmir (quruluşçu əməkdar rəssam Tahir Tahirov), kənd də, meşə də eyni dekorlar vasitəsilə nümayiş etdirilir. Məkan hissinə bu etinasızlıq tamaşanın dərkində müəyyən hərc-mərclik törədir.

Tamaşanın bəstəkarı Firudun Allavverdinin də uğurlu işindən danışmaq çətindir. Başlanğıc və finalda səsləndirilən, xalqın özündənmüştəbeh qəhrəmanlıq iddialarına parodiya kimi səslənən çəngi və ya marş istisna olmaqla, bütün tamaşa boyu oxunan mahnı və ya duetlər tamaşaya az qala özfəaliyyət ovqatı gətirir. Və düşünürsən: teatr tamaşalarına musiqi bəstələmək nə asanmış! Bir sözlə, musiqi məsələsi tamaşanın qabarıq nəzərə çarpan zəif cəhətidir.

Tamaşada aktyor işinin əsas ağırlığı Tarverdi rolunun ifaçısı, əməkdar artist Şövqi Hüseynovun üstünə düşür. Müəyyən qədər Cahangir Zeynalovun Tarverdisi ilə səsləşməsinə baxmayaraq, o, vəzifəsinin öhdəsindən layiqincə gəlir, rolu incəliklə işlənmiş, zərgər dəqiqliyi ilə cilalanmış komik obraz səviyyəsində təqdim edir.

Şövqünün oyununu digər ifaçılardan fəqləndirən ən qabarıq bir cəhət var – gülüş yaradan, zahiri effekt doğuran texniki vasitələrlə kifayətlənməyib obrazın psixologiyasına enmək, diqqəti insanın içində gedən proseslərə yönəltmək, rolu hətta lazım olduğundan da artıq yaşamaq! Şövqünün istənilən bir səhnə işinə tamaşa edəndə düşünürsən – aktyorluq xalturanı sevməyən olduqca çətin sənətdir! İzafi emosiya nümayişi, ifrat psixologizm Şövqinin bütün baxdığım rolları (Məstəli şah, Yaqo və s.) üçün səciyyəvidir. Bəzən hətta buna görə onun səhnə obrazları tamaşanın ümumi ansamblı ilə bir qədər də uyuşmaz təsiri bağışlayır (və əlbəttə ki, bu, Şövqünün günahı deyil). Bununla belə, Tarverdi rolunda aktyorun sözün müsbət mənasında qənaətcilliyi, ölçü-biçini, əndazəni gözləməyə çalışması da hiss olunur. Heminqueyin məşhur bir sözü var ki, yazıçılıq təkə nəyi yazmağı yox, həm də nəyi yazmamağı bilməkdir. Bu fikri aktyor sənətinə tətbiq etsək, belə demək olar: aktyorluq təkcə nəyi etməyi yox, həm də nəyi etməməyi duymaqdır. Məncə, illər keçdikcə Şövqi bu estetik əndazə sərhədini daha yaxşı duyur. İllər keçdikcə demişkən, bu çalışqan, özünü maksimum istismara meylli istedadlı aktyor artıq gənclik yaşı ilə vidalaşır. Onun Kamera teatrı və digər teatrların səhnələrində, teletamşa və filmlərdə bu və ya digər dərəcədə uğurlu işləri də az deyil. Amma, məncə, Şövqi kimi professional aktyor üçün bunlar azdır. Mənə elə gəlir ki, onun aktyor potensialı bütün genişlik və dərinliyi ilə açıla bilərdi və ya açılmalıdır.

Tamaşada daha iki aktyorun oyunu da razılıq doğurur. Əməkdar artist Leyla Vəliyeva Zalxa obrazının təqdimi üçün xarakterik cizgilərə əl atır – səciyyəvi yeriş, şivəli danışıq ədası, tipik jestlərə üz tutur. Nəticədə çevik ağlıyla kişiləri idarə eləyən aradüzəldən kənd qadınının xarakterik obrazı yaranır.

Cənnət Səlimovanın seçilən tələbələrindən olan əməkdar artist İlqar Cahangirov da Divanbəyi obrazı ilə özünə göstərilən etimadı doğrultduğunu göstərir. Leylanın oyununda olduğu kimi, İlqarın da obrazı təqdimində müəyyən ştamp hiss olunur. Mimika, yeriş, jestlərdən tutmuş danışığa qədər kinofimlərdən yaxşı tanıdığımız, insandan daha çox robotu xatırladan sxematik çar zabiti! Amma bunu İlqarın qüsuru yox, əksinə uğuru kimi dəyərləndirmək daha ədalətli olardı. Çünki aktyorun bu münasibəti obrazın özünün istər peşə, istərsə də milli mənsubiyyətindən irəli gəlir və təbii qarşılanır. İlqar cəmi iki dəfə səhnəyə çıxsa da, Divanbəyinin yaddaqalan obrazını təqdim edə bilir.

Əməkdar artistlər Gülər Nəbiyevanın Pərzad və Nofəl Vəliyevin Namaz obrazları isə özəl təqdirəlayiq cəhətləri ilə seçilmədi. Gülər Nəbiyeva miniatür fakturaya malikdir, xarakterik rolların gözəl ifaçısıdır. Amma bütün bunlar onun Pərzad rolundakı nəzərəçarpan uğurundan danışmağa əsas vermir. Aktrisa bu rolda da da özünün xarakterik obraz ampluasından kənara çıxmır. Bu, sadəcə aktrisanın günahı olmayıb, rejissorun Pərzad obrazına, ümumən Axundov dramaturgiyasına yanaşmasından irəli gəlir.

Axundova görə, ağıllı, sədaqətli, gözəl Pərzad dəli yığıncağının pərisi, aradüzəldən zalxalar, tamahkar və fırıldaqçı namazlar, qorxaq tarverdilər, bir sözlə, ayılar və meymunlardan ibarət qaranlıq mühitdə işıq şüasıdır. Rejissor obrazın ənənəvi dramatik planda təqdimindən imtina edir. Lakin əvəzində Pərzadın sözün ciddi mənasında yeni təqdimi ilə də üzləşmirik. Qeyri-müəyən təqdimat planı zolağında qalan obraz komik xaos içində itib batır.

Bayram rolunun ifaçısı Emin Sevdiməliyevin Bayramını isə ən yaxşı halda solğun adlandırmaq olar. Yəqin həm də buna görə Şövqünün Tarverdisi tamaşanın şəriksiz qəhrmanına çevrilir və həssas tamaşaçılar qorxaq Tarverdini igid Bayramdan çox alqışlayırlar.

Tamaşanın yaddaqalan parçalarından biri Frans Foxt (əməkdar artist Seyidşah Məmmədov) və Mariya Adamovnanın (Şəbnəm Hüseynova) musiqili duetidir. Bu, ilk öncə Şəbnəm xanımın məharətli rəqsi, heyranlıq doğuran plastikası hesabına başa gəlir. Ağappaq paltarda səhnədə qu kimi süzən Mariya Adamovna “heyvanların” zülmət aləmini ani işıq şüası kimi kəsib keçir və bir daha görünmür, amma elə bu görünüşü ilə də tamaşanın parlaq epizodlarından birini yarada bilir. Dramaturji mətndə sadəcə adı çəkilən Mariyanın sözsüz şəkildə olsa da, səhnəyə çıxarılması və aradüzəldən zalxalar, avam pərzadlar mühitinə qarşı qoyulması rejissorun şərq-qərb məsələsinə ümumi münasibəti ilə səsləşir və pis effekt doğurmur.

Anturaj xarakterli Vəli (Vahid Əliyev), Oruc (Ceyhun Məmmədov), Ayı (Elşən Hacıbabayev), Meymun (Natiq Fərzəliyev) rollarının ifaçıları arasında vaxtilə səhnədə, ekranda əsas rolların ifaçısı kimi tanıdığımız Vahid Əliyev seçilir. Natiq Fərzəliyev isə istəyir adam, istəyir meymun olsun, nə oynasa, sevilir. Hər iki aktyorun istər bu rolları, istərsə də ümumi sənət taleyini belə bir vahid məcraya salmaq, ortaq məxrəcə gətirmək olar: aktyorluq sadəcə istedad yox, həm də naxışdır.

Və nəhayət, kütləvi səhnələrin ifaçıları: kazaklar (Qədirhüseyn İsmayılov, Eldar İmanov, Yusif Dadaşov, Müşfiq Əliyev) və kəndlilər (Məsumə Babayeva, Sona Babayeva, Rəzzaq Məmmədov).

Ən nəhayət, tamaşanın bir ümumi problemi var. Hesab edirəm ki, nəyi də olmasa, bu qeydlə bağlı problemi asanlıqla aradan qaldırmaq olar. Şövqü Hüseynov, Vahid Əliyev, İlqar Cahangirov istisna olmaqla, demək olar ki, yerdə qalan bütün aktyorların açıq-aşkar tələskənliyi onların nitqini tam başa düşməyə ciddi surətdə mane olur.

“Hekayəti-xırs quldurbasan” tamaşasının təqdirəlayiq tərəfləri ilə yanaşı tənqidəlayiq cəhətlərindən də danışmağımızın isə ancaq və ancaq bir mənası var. Cənnət xanımın da, onun gənclər kollektivinin də gücünə inanır, gələcək yaradıcılıq işlərində onlara uğurlar arzulayırıq.

 

 

Əsəd CAHANGİR

 

525-ci qəzet.- 2010.- 6 aprel.- S.4.