Qarabağ düyünü

 

Həmsədr ölkələrin mövqeyi nikbin olmağa əsas vermir 

 

İndi XXI əsrdir. Planetimizin ən ucqar guşələrində məskunlaşan insanlar belə diplomatiyanın nədən ibarət olduğu barədə az- çox anlayışa malikdirlər. Biz azərbaycanlılar təbiətən diplomat olmasaq da, hər halda diplomatiyanı da bir çoxlarından pis bilmirik. Azərbaycanın geosiyasi vəziyyəti elədir ki, burada diplomatiyasız keçinmək qeyri-mümkündür. Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşdiyindən tarixən səyyahlar da, tacirlər də, hətta ordular da müxtəlif istiqamətlərdə hərəkət edərkən bir çox hallarda məhz Azərbaycan ərazisindən keçməli olublar. Bu zaman dostu dost, düşməni düşmən kimi qarşılayıb ona adekvat münasibət göstərməkdə, təbiidir ki, diplomatiyasız keçinmək olmazdı. Əsrlər boyu davam edən bu gedişmələr son onilliklərdə daha da intensivləşib. İndi ruslar da, amerikanlar da, fransızlar da özlərini elə aparırlar ki, guya diplomatiyanın nə olduğunu təkcə onlar anlayırlar. Halbuki, yüz illər bundan öncə Azərbaycan qadınları diplomatiya ilə məşğul olanda Avropada və Amerikada kişilərin başlıca məşğuliyyəti hələ də maral ovlamaq idi. Bəlkə indi bir sıra digər dəyərlər kimi, diplomatiya da məzmun və mahiyyət etibarı ilə dəyişərək başqalaşıb?! Bunu da başa düşmək olar. Amma diplomatiyanın mahiyyət etibarı ilə dəyişərək riyakarlığa çevrildiyinə heç inana bilmirəm. Hərçənd ki, tez-tez dünya siyasətinə təsiri olan beynəlxalq təşkilatların və böyük dövlətlərin ayrı-ayrı ölkələrin və xalqların taleyi ilə bağlı son dərəcə ciddi və prinsipial əhəmiyyətli məsələlərə münasibətdə ədalətsiz mövqeyinin şahidi oluruq. Qarabağ ətrafında gedən siyasi oyunlar bunun bariz nümunəsidir. Məgər Rusiya, Fransa və Amerika rəsmiləri bilmirlər ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunub? Yoxsa, onlar Ermənistana işğalçı deməyə qorxurlar? Bəlkə, həmsədr ölkələrdə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının dərhal və danışıqsız olaraq azad olunması barədə BMT qətnamələrindən də xəbərsizdirlər. Sərhədlərin dəyişilməz olduğuna dair Helsinski sənədinin altında imzası olan dövlətlər, o cümlədən ATƏT-in Minsk qrupunun üzvləri olan ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər öz öhdəliklərinə niyə əməl etmirlər?! Belə çıxır ki, BMT nizamnaməsi də, Helsinki paktı da, beynəlxalq təhülkəsizliklə bağlı digər sənədlər də təkcə böyük dövlətlərin maraqlarının qorunması üçündür.

Bütün dünya şahiddir ki, İraq, Əfqanıstan, Serbiya və Gürcüstan məsələsi ortaya çıxanda böyük dövlətlər, xüsusilə də ABŞ və Rusiya necə fəallıq göstərdilər. Ona görə ki, həmin yerlərdə adıçəkilən dövlətlərin maraqları itirilə bilərdi. Fikrimizcə, elə Qarabağ problemini də düyünə salan hər şeydən öncə məhz böyük dövlətlərin maraqlarıdır. Gizli deyildir ki, ABŞ-ın da, Rusiyanın da bölgə ilə bağlı məlum maraqları var. Bu mənada Qarabağ döyüşlərində həlak olan, əsir düşən və əlil olan, 20 ildən artıqdır ki, qaçqın, köçkün ömrü yaşayan bir milyona yaxın soydaşımızın acı taleyi üçün Ermənistanla yanaşı, həm də regionu öz maraqları naminə qarışdıran dövlətlər məsuliyyət daşıyırlar.

Siyasətdəki riyakarlığa bir baxın. Böyük dövlətlər, birinci növbədə isə həmsədr ölkələr bir tərəfdən bildirirlər ki, Qarabağ probleminin həllində maraqlıdırlar. Azərbaycan da neçə illərdir ki, onların bu sözlərinin səmimiliyinə inanaraq problemin danışıqlar yolu ilə həlli istiqamətində intensiv iş aparır. Lakin hadisələrin gedişatı göstərir ki, həmsədr ölkələr problemin həllində deyil, daha çox regiondakı maraqlarının təmin olunmasında maraqlıdırlar. Ona görə də nəticə yoxdur. Təəccüblü burasıdır ki, həmsədr ölkələr işğalçıya təzyiq etmək əvəzinə, problemin həllini Azərbaycan və Ermənistan rəhbərlərinin üzərinə ataraq özləri də passiv müşahidəçi kimi kənarda dururlar. Əslində bu, indiki halda problemin çözülməsinə yanaşmaqda ən ədalətli yoldur. Çünki hərbi yolla zəbt olunan ərazilərin elə hərbi yolla da azad olunması daha şərəfli yol olar. Azərbaycan buna da razıdır. Qoy, Rusiya da, ABŞ da, Fransa da kənara çəkilsin. Azərbaycan Ermənistanla problemi özü həll edər. Həmsədr ölkələr anlayırlar ki, Azərbaycan indiki halda bu problemi həll etmək iqtidarındadır. Ona görə də onlar işğalçı dövləti qoltuqları altına alaraq onu hər vasitə ilə himayə edirlər. Elə bu zəmində növbəti şərtlər və bəyanatlar səslənir. Deyirlər ki, problem ancaq və ancaq sülh yolu ilə həll olunmalıdır. Əziz həmsədrlər, sizin bu “diplomatiyanızın” açması belədir: nə müharibə, nə də sülh. Siz buna çalışırsınız?! Bu nə məntiqdir, bu nə diplomatiyadır?? Axı, bütün dünya şahiddir ki, Azərbaycan 20 ildən artıqdır problemi sülh yolu ilə həll etməyə çalışır. Amma erməni tərəfi hələ də bir qarış torpağımızı azad etməyib. Ermənistan BMT-nin və Avropa Şurasının məlum qərarlarına məhəl qoymur, Qarabağla bağlı danışıqlarda zərrə qədər də olsun konstruktivlik nümayiş etdirmir. Bütün bunlara rəğmən Azərbaycan daha nə etməlidir? Görün, beynəlxalq səviyyədə ədalətsizlik və riyakarlıq hansı həddə çatıb ki, bəziləri hələ də Azərbaycandan danışıqlar prosesində kompromis və güzəşt umur. Biz daha nədə güzəştə gedə bilərik? 20 ildən artıqdır ki, torpaqlarımız düşmən tapdağı altındadır. 20 ildən artıqdır ki, işğal olunmuş ərazilərimizin sərvətləri talan edilir. 20 ildən artıqdır ki, 1 milyon soydaşımız ata-baba yurdundan didərgin düşüb. 20 ildən artıqdır ki, minlərlə azərbaycanlı öz əzizlərinin qəbirlərini belə ziyarət edə bilmir. 20 ildən artıqdır ki, Azərbaycan beynəlxalq təşkilatların, xüsusən də həmsədr ölkələrin problemin sülh yolu ilə həlli istiqamətindəki çağrış və vədlərinin səmimiliyinə inanaraq dözümlülük nümayiş etdirir.

Qarabağ müharibəsi xalqımıza çox böyük faciələr gətirib. Biz bütün bunlar üçün Ermənistan dövlətindən təzminat məsələsini də hələ ki, gündəmə gətirmirik. Belə olan halda Azərbaycan daha hansı güzəştə gedə bilər??

Hadisələrin gedişi göstərir ki, böyük dövlətlər, öz aralarındakı münasibətləri qaydaya salanadək Qarabağ kartını heç bir halda əldən buraxmaq niyyətində deyil. ABŞ prosesi ona görə uzadır ki, guya Rusiya nə vaxtsa parçalanacaq və o da regionda şəriksiz lider olacaq. Rusiya isə manevr edə-edə nə vaxtsa ABŞ-ın mövqelərinin zəifləyəcəyini, dünyada antiamerika əlval-ruhiyyəsinin güclənəcəyini gözləyir. Bax, bu səbəbdən də onların hər ikisi Qarabağ probleminin hələlik acı bağırsaq kimi uzanıb getməsində maraqlıdır.

Son vaxtlar Türkiyə-Ermənistan münasibətləri ətrafında gedən oyunlar da məhz bu cür düşünməyə əsas verir. ABŞ da, Rusiya da nə yolla olursa-olsun Türkiyənin Ermənistanla sərhədləri açmasına can atır. Avropa Birliyi və digər dövlətlər də bu istiqamətdə Türkiyəyə aşkar təzyiq edirlər. Bununla da onlar əslində işğalçı dövləti getdikcə dərinləşməkdə olan sosial-iqtisadi böhrandan xilas etmək istəyirlər. Əgər ABŞ, Rusiya və Avropa Birliyi niyyətlərində həqiqətən səmimidirlərsə, onda nə üçün Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə paralel olaraq Qarabağ probleminin çözülməsində maraqlı deyillər?

Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Qarabağ ərazisi işğaldan azad edilmədən Ermənistanla sərhədlər açılmayacaq. Türkiyə ictimaiyyətinin də Cenevrə protokollarına olan birmənalı münasibəti artıq bütün dünyaya yaxşı bəllidir. Bütün bunlara baxmayaraq Rusiya da, Qərb də özünü karlığa, korluğa qoyaraq Türkiyəyə təzyiq etməkdədir. İsrar edirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Qarabağ probleminin həllini əlaqələndirmək düzgün deyil.

Türkiyənin bu cür qətiyyətli mövqeyi Ermənistanın havadarlarının “erməni soyqırımına” dair köhnə bayatıları yeni ifada səsləndirməsi ilə nəticələndi. Təbiidir ki, onların bu dərəcədə canfəşanlıqla erməniləri müdafiə etməsinin arxasında tarixi həqiqət deyil, özlərinin geostrateji maraqları və erməni diasporunun maliyyə yatırımları durur. Əgər belə deyilsə, onda onlar Xocalı soyqırımını niyə dilə gətirmirlər? Məgər erməni işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlının 20 ildən artıqdır ki, qaçqın və məcburi köçkün həyatı yaşaması faktı onlara bəlli deyil? Həmsədr ölkə olan ABŞ və onun konqresmenləri bütün bunlara niyə göz yumurlar?Göründüyü kimi, həmsədr ölkələr və onlara yaxın dairələr ən yüksək səviyyədə dönə-dönə “problem ancaq və ancaq sülh yolu ilə həll olunmalıdır”, deməklə əslində Ermənistanı daha da arxayın edirlər. Odur ki, həmsədrlərin regiona növbəti səfərindən və aparacağı danışıqlardan bir vətəndaş olaraq mən daha heç nə gözləmirəm. Onlar sadəcə növbəti dəfə başımızın altına yastıq qoymağa gəlirlər.

Təzada bir baxın, Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürmüş olan həmsədr ölkələr real addım atmaq məqamı gələndə faktiki olaraq bu işə mane olmaqda həmrəylik göstərirlər.

Əgər oxucuların xatirindədirsə, bir müddət öncə Qarabağla bağlı məsələnin yenidən BMT-nin müzakirəsinə çıxarılması ilə əlaqədar səsvermə keçirilərkən də ABŞ və Rusiya Azərbaycanı müdafiə etmədi. Bu yerdə oxucunun diqqətini Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğanın bu yaxınlarda Vaşinqtona və Moskvaya baş tutan səfərləri zamanı diqqətimi çəkən iki məqama yönəltmək istərdim. Vaşinqtondakı rəsmi görüşdən sonra mətbuat üçün açıqlama verərkən Obama Türkiyə-Ermənistan münasibətlərindən bəhs etsə də, Qarabağ probleminin adını belə çəkmədi. Halbuki, Ərdoğanın özünün elə həmin mətbuat konfransında açıqladığı kimi, danışıqlar zamanı bu məsələ barəsində də ətraflı müzakirələr aparılmışdı. Görünür, Ərdoğanın Qarabağ problemi ilə bağlı gündəmə gətirdiyi məsələlər hələ ki, ABŞ üçün aktuallıq kəsb etmir. Moskva danışıqları zamanı da Rusiyanın həmsədr ölkəyə əsla yaraşmayan qatı ermənipərəst mövqeyinin şahidi olduq. Ərdoğanın sözlərinin cavabında V.Putin birbaşa və birmənalı şəkildə bəyan etdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını Qarabağ münaqişəsinin həlli ilə bağlamaq taktiki və strateji baxımdan düzgün deyil. Beləliklə, Cenevrədə “Edik, idi podpişi”, – deyən Rusiyanın mövqeyi Moskva danışıqları zamanı bir daha hər kəsə bəlli oldu. Bütün bunlardan belə bir məntiqi sual doğur: ABŞ və Rusiya özlərinin həsmsədrlik borcunu və funksiyasını icra etmək əvəzinə, nə səbəbə görə Ermənistana yengəlik edirlər?! Dahi Üzeyir bəyin təbirincə desək, görəsən Rüstəm bəy öz gözəl-göyçək qızı Gülnazı qoca və çirkin Məşədi İbadın nəyinə verir?

Təbiidir ki, həm Rusiya, həm də ABŞ rəsmiləri müxtəlif səviyyələrdə, həm də müxtəlif yollarla işğalçı dövlət olan Ermənistanın maraqlarını müdafiə etməklə, əslində, öz ölkələrinin beynəlxalq imicini zərbə altında qoyurlar. Unudurlar ki, əbədi olaraq haqqın ağzına daş basmaq olmaz. Bunu edənləri tarix və zaman özü mühakimə edəcək.

Deyirlər, ATƏT-in Minsk qrupunun həmsədrləri bu günlərdə yenidən Bakıya gələcək, Azərbaycan rəsmiləri ilə görüşəndən sonra Yerevana və Xankəndinə gedəcəklər. Görün, ötən illər ərzində dəfələrlə bölgəyə səfər edən, yağlı-yağlı vədlər verən neçə-neçə həmsədr dəyişilib. Amma vəziyyət dəyişmir ki, dəyişmir.

Heç kəsə sirr deyil ki, həm ABŞ, həm də Rusiya regionda gedən prosesləri diqqətlə izləyir və özlərinin strateji maraqları naminə onu istiqamətləndirməyə çalışır. Ermənistandan isə hələlik öz planlarını reallışdırmaq yolunda bir alət kimi istifadə edirlər. Bu yerdə məşhur bir atalar məsələni yada salmaq istərdim. Deyirlər, bir gün cütçü baba aranda şum etdiyi yerdə öküzlərdən biri qəflətən şıllaq ata-ata cızdan kənara çıxır. Cütçü baba isə “lənət şeytana”, deyərək öküzü sakitləşdirməyə çalışır. Dağın başında oturub bu mənzərəni seyr edən bala şeytan cütçü babanın sözlərinə dözməyərək, “ay ana, gör bu insanlar necə də haqqsızdırlar, biz burada oturmuşuq, o isə öküzün hərəkətinə görə bizə lənət yağdırır”. Ana şeytan bic-bic gülümsəyərək, – “ay bala, o qədər də sadəlövh olma, özümüz burda olsaq da, barmağımız orada, öküzün quyruğunun altındadır”, – deyə balasını məsələdən agah edir. Bu mənada ABŞ və Rusiyanın barmağı da daim Ermənistanın” quyruğunun altındadır. Yəni, öz maraqları naminə onlar Ermənistanı hələ ki, meymun kimi oynadırlar. Zamanı yetəndə işlənmiş salfet kağızı kimi onu da zibil qabına tullayacaqlar.

Biz yaxşı bilirik ki, Prezident İlham Əliyevin problemin həlli ilə bağlı son bəyanatları, habelə Türkiyə rəsmilərinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının birbaşa Qarabağ probleminin həllindən asılı olduğunu bildirmələri nə Rusiyanın, nə də ABŞ-ın ürəyincə deyil. Özümüzə dost və tərəfdaş bildiyimiz dövlətlərin Azərbaycana və onun problemlərinə olan bu dərəcədə qeyri-ciddi və qeyri-səmimi münasibəti də təbiidir ki, bizim ürəyimizcə deyil. Doğrusu, Azərbaycan cəmiyyəti həmsədrlərin iştirakı ilə aparılan formal və nəticəsiz danışıqlardan daha bezib. Bir alim, ziyalı və nəhayət, sadə vətəndaş olaraq o qənaətdəyəm ki, Azərbaycan hökuməti artıq neçə vaxtdır saxta həmsədrlik görüntüsü altında özlərinin gələcəyə istiqamətlənən planları ətrafında manevr etməklə günü-günə satan həmsədrlərin xidmətindən qəti şəkildə imtina etməlidir.

Azərbaycan müharibənin ağlagəlməz dəhşət və məhrumiyyətlərini yaşayıb. Ona görə də istəmirik ki, yenidən region müharibə alovuna bürünsün. Bununla belə, Azərbaycan işğal altında olan əraziləri azad etmək naminə müharibəyə də hazırdır . Vətənin hər qarış torpağı üçün döyüşməyə də, hər cür məhrumiyyətlərə dözməyə də dəyər. Bu, Azərbaycan üçün ölüm-dirim məsələsidir. Bu, xalqımızın şərəf və heysiyyatı ilə bağlı məsələdir. Əfsuslar olsun ki, sülh danışıqlarının hələlik heç bir nəticə verməməsi müharibə təhlükəsini getdikcə daha da artırır. Bunun üçün isə Ermənistanla yanaşı, beynəlxalq təşkilatlar və həmsədr ölkələr də məsuliyyət daşıyırlar. Bunu artıq Azərbaycandan çox-çox uzaqlarda da anlayırlar. Məsələn, Azərbaycana rəsmi səfəri zamanı İsrailin xarici işlər naziri A.Liberman Qarabağ münaqişəsinə münasibət bildirərkən problemin həllinin bu qədər uzanmasını beynəlxalq təşkilatların yarıtmaz fəaliyyətinin nəticəsi kimi dəyərləndirdi.

Bəli, beynəlxalq təşkilatlar beynəlxalq hüquq çərçivəsində Ermənistana təsir və təzyiq etmək əvəzinə müxtəlif yollar və vasitələrlə hələ də onu himayə edirlər. Hər il ABŞ Konqresində qondarma erməni soyqırımı təkrar-təkrar gündəmə çıxarılır, işğalçı ölkəyə iri həcmdə maliyyə yardımları edilir, Rusiya tərəfindən isə aşkar və ya gizli yollarla hərbi texnika və silah-sursat verilir. Bütün bunlar azmış kimi bu yaxınlarda Fransa da Ermənistanla hərbi sahədə əməkdaşlığa dair saziş imzaladı. Sual olunur: Bütün bunlar nə üçündür? Təcavüzkar ölkəni daha da şirnikləndirmək üçün? Belə olan halda biz həmsədrlərin səmimiliyinə necə inanaq?

Bütün bunlara baxmayaraq, Azərbaycan problemin sülh yolu ilə həlli imkanlarının hələ tükənmədiyinə əmindir. Elə buna görə də Azərbaycan rəhbərliyi ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində çox fəal şəkildə iştirak edir. Lakin Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bundan sonra da daha 15 il danışıqlar masası arxasında əyləşərək vaxt itirmək niyyətində deyil. Dağlıq Qarabağ da, işğal altında olan digər ərazilər də Azərbaycanın əzəli və əbədi torpağıdır. Tarix boyu həmin ərazilər dəfələrlə yağı düşmənlər tərəfindən işğal olunub. Amma heç bir işğalçı orada uzun müddət duruş gətirə bilməyib və biabırçılıqla bu yerlərdən qovulub. Ermənilərin aqibəti bundan da betər olacaq. Heç kəsin zərrə qədər belə şübhəsi olmasın ki, Azərbaycan düşmən tapdağı altında olan əraziləri hansı yolla olursa-olsun sonuncu qarışınadək azad edəcək. İşğalın bu günədək davam etməsinin yeganə səbəbi odur ki, Azərbaycan münaqişəni hələlik sülh yolu ilə həll etmək əzmindədir. Əgər bu səylər nəticə verməsə, onda digər mümkün vasitələrdən istifadə məsələsi gündəmə gələcək. Bu, bizim haqqımızdır və heç kəs bunu Azərbaycana irad tuta bilməz. Qoy, beynəlxalq təşkilatlar da, həmsədr ölkələr də, regionda marağı olan digər dövlətlər də bunu nəzərə alsınlar. Nəzərə alsınlar ki, Azərbaycanın səbr kasası artıq dolub-daşır. Xalq da, ordu da hər an ölkə Prezidentinin – Ali Baş Komandanın işarəsini gözləyir

 

 

Qafar CƏBİYEV,

Azərbaycan Respublikası Milli Televiziya və

Radio Şurasının üzvü,

tarix elmləri doktoru

 

525-ci qəzet.- 2010.- 6 aprel.- S.2.