Qəşəm İlqarlı daha bir görüş

 

İnam Evində Qəşəm Ruhdaşa həsr olunmuş törən keçirilib

 

İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının ilsırası ilə 27 İnam günü, Günəş ayı, 32-ci ildə (27.03.2010) İnam Evində Ocaqdostu Qəşəm İlqar Ruhdaşa həsr olunmuş törən keçirilib.

Tədbiri giriş sözüylə Mütləqə İnam Ocağının övladı İşıqlı Atalı açdı: "ürəyinizdə Ata günəşi olsun, əziz yurddaşlarımız! Bizim üçün İnam Evində keçirilən hər tədbirin insani-ulusal, habelə bəşəri mahiyyəti var. Bu toplantıların özülündə xalq quruculuğu durur. Asif Atanın Mütləqə İnam Ocağı bu yöndə ərdəmlik göstərən Azərbaycan aydınlarının hünərini həmişə yüksək dəyərləndirib. Bu gün adamları çox yerlərə çağırırlar. İstər-istəməz zamanın cazibəsi adamları çəkir. Ancaq İnam Evinə gəliş zamanın həddini aşmaqdır, bu səbəbdən də hünər tələb edir. Bu gün İnam Evində Ocağımızın Dostu, ləyaqətli aydınımız Qəşəm Ruhdaşın 68 yaşı üstə ürəyimizin sözünü demək üçün yığışmışıq. İnam Evində bu yönlü tədbirlərin keçirilməsi istisnadır. Ocağımızda ünvanlaşan, sözün əsl anlamında ləyaqətinin yiyəsi olan kişilərin işlərinin dəyərləndirilməsini gərəkli sayırıq".

Bu yerdə İşıqlı Atalı ədəbiyyatın qarşısında duran Ata tələblərindən danışdı: "Ata həmişə ədəbiyyatın insaniliyin ifadəsində özünəməxsus yerini, rolunu yüksək dəyərləndirib. Ata vurğulayırdı ki, "ədəbiyyat" sözü "əbədiyyət" sözü ilə həmahəngdir. Ədəbiyyat - əbədi izhardır. Əsl ədəbiyyat şəraiti ötür. Zamanın içərisində ilişib qalan ədəbiyyat ola bilməz. Başqa yandan da böyük ədəbiyyat, ortaya qoyulan əsər hər şeydən öncə yaradıcının şəxsində bilinir, ona inanılır. Əgər yaradıcı yaratdığının yiyəsi ola bilmirsə, yəni əsərlərində ləyaqətdən, hünərdən danışıb, ancaq ömründə yaşaya bilmirsə, onun yazdığına inanmazlar. Ədəbiyyatçı əbədiyyətçiliyi o vaxt ömründə təsdiq eləyir ki, mümkün qədər yazdığına bərabər olsun. Bizə zamanı ötən yaradıcılıq gərəkdir. İnsaniliyi vəsf etməyən sənət gərək deyil. İnsaniliyi öymək özünüifadədir. İnam, İdrak, Mənəviyyat, İradə axtarışı mücərrədlik deyil, konkretlikdir. Qəşəm Ruhdaş Azərbaycanın maddi yox, mənəvi sərvətləri ilə öyünür, bunları ağlında yenidən yaradır əslində. Elə yaradasan ki, xalqı ifadə edəsən. Yaranmalı nəsnə fərdin ruhunda yeni, qədimliyi təsdiq edəcək səviyyədə olmadıqda gələcəkli, yaşarı olmur. "Xalqın təməli fərddir" - deyir İnam Ata. Fərdin boyu görünmürsə, xalqın da boyu görünmür, belə də əslində ulus yaranmır, təsdiq olunmur. Əslində xalq özül üstə ardıcıl yaradıcılıq hadisəsidir-bənzərsiz. Xalqa yarımaq xaqı yaratmaqdır. Xalqa arxa olmağın gərəkliyini Ata belə vurğulayır: "Xalqı özümə arxa saymadım. Ona arxa olmaq istədim". Bu ölçüdən şəxsən mənim tanıdığım Qəşəm Ruhdaş anadangəlmə safdır, birüzlüdür. Şeir onun üçün mənalı özünüifadə vasitəsidir. O, özündə Azərbaycanın taleyinə mənəvi yiyəlik haqqı görür. Ruhdaş ulusal dəyər ölçülərini gözəl anlayır, bilir ki, xalqın qurulması yönündə özünü irəli verən gərək həmişə əqidəyə bağlı olsun. Ocaq obrazı onun üçün konkretdir, anlaşılmaz deyil. Ruhdaş inanıb öyür. Biz Mütləqə İnam Ocağı olaraq indiyə kimi Ocaq Ədəbiyyatın - Ocaqlı Ədəbiyyatın zəngin örnəklərini yaratmışıq. Sabahımızda bu örnəklər ciddi araşdırılacaq. Ocaq ədəbiyyatı həm də inamçalar soyunun hünəri ilə yaranacaq. Bununla da ictimai həyata insani yön verilir. Ruhdaş Ocaq rəmzlərini inamla və inadla yaradıcılığına gətirir, Ocaq övladlarının obrazını yaradır. O, özündən umduğu dərəcədə, bundan daha çox Ocaqdan umur. Bu, yaxşı cəhətdir. O deməkdir ki, Ruhdaş üçün ölçü var. Bu, Ocağın təmsil etdiyi, özünəməxsus yaratdığı və yaşatdığı İnsanilik ölçüsüdür".

İnam Atanın Mütləqə İnam Ocağının Odqoruyanı, Uca Ruhaniyyatçı, müqəddəs qardaşımız Safruh uzun illər dostluq etdiyi Ruhdaş haqqında ürək sözlərini belə bölüşdü: "Qəşəm Ruhdaşı təbrik edirəm. özəlliklə, son 20 ildə Qəşəmlə hər bir görüşüm, söhbətim gözəl bir insani hadisədir. Kamilsizlikdən kamilliyə doğru getmək bütün insanların borcudur, yoludur əslində. Həmişə Qəşəmdə  müşahidə etdiyim və bəyəndiyim insani kamilliyə doğru gedişini özüm üçün sevinc kimi yaşamışam. Haradasa son 10 ili çıxmaqla Qəşəm şeirlərini mənə verir, mən də onları dost və redaktor kimi oxuyur, fikrimi deyirdim, düşüncələrimiz bir xətt üstə alınırdı. İstəsən də, istəməsən də Azərbaycanın mədəni həyatında Qəşəm Ruhdaş səhifəsi var. Tanıdığı insanlar onu dəyişməz bir şəxs kimi qəbul edirlər. Xalqımız həm də yüksək ruhlu ədəbiyyat əsasında tərbiyələnir. O yaradıcılıqda Qəşəm Ruhdaşın yeri var. Ayrı-ayrı çox güclü ruh izharçılarından başqa bu sayaq inad da insanlığa, özəlliklə, onun mənsub olduğu xalq vasitəsilə xidmət edir. Qəşəm dedi ki, mən Azərbaycan söz meydanında varam. Bu, çox gözəl bir haldır. Dostumuzun təkcə şairliyi yox, həm də insanlarla canlı təmasındakı gözlədiyi xətt onun təsdiqinə xidmət edib. Qəşəm hansı duruma düşübsə, oradan özünəməxsus dərd və ədəbiyyat çıxarıb. Məsələn, "üçüncü dünyanın sakinləri" kitabı ədəbiyyatımızın çox da işıqlanmayan bir sahəsidir. Dörd divar arasında özünəməxsus qanunlarla yaşayan, sanki qılıncın iti ucunda yeriyən insanların ömründən soraq verir. Qəşəmin şəxs kimi inkişafı ilə yanaşı, yazar kimi yüksəlişi də var. Mən dostumun Ocağımızın son tədbirində - İnsanilik Bayramında oxuduğu "Necə oldu o qüdrətin?" şeirini ayrıca qeyd etmək istəyirəm. O şeirdə oturuşmuş bir ağsaqqalın gözünün qabağında baş vermiş hadisəyə müdrik yanaşması, dəyərləndirməsi var. Qəşəm yazır: "ümidiydin bu millətin". Tanıdığı, inandığı şəxs haqqında belə düşünmək; burada acı dolu qırıqlıq ifadəsi var. Və bir fərəh ifadəsi vardı ki, millətin ümidiydi, yetişirdi. Burada dərin təəssüf duyğusu var: "Adam insan olmayanda insanlara bəla olur". "Səndən inam gözləyirdim"; Bunu Ruhdaş millətin adından deyir. Bizim də illərlə davam edən çabamız şairin haqlılığını göstərir. "Nəfs atını harda çapdın?" Yəni səni nəfsin yıxdı. "Aşağıdı iştah ruhdan"; Yəni sən ruh yolçusu olmalıydın. "Ona-buna atıb böhtan, Mənəviyyat dünyanı şəhvətəmi verdin qurban?!" Bu, artıq konkret qiymətdir, bir şeir-əsərdir. Belə bir ruhani halla şəxsin tərcümeyi-halını xalqın taleyinə yönəlik ifadə etmək olarmış.

Ruhdaşın kitablarında qərib misralar var. Yəni onlar Qəşəmin poetik kontekstindən yuxarıya çıxır. Qəşəmin mövzuları - millət, qeyrət, həya, ailə, doğruçuluq, birüzlükdür. İndiki dünya onu motiv saymır. Həm də ona görə bizim mövzularımız qəribdir. Biz qalırıq mövzularımızın üzərində, camaat da gedir işinə-gücünə. Nəhayət, camaat bizim üzərində dayandığımız məsələyə gəlməlidir".

Professor Nizami Tağısoy dedi: "Qəşəm Ruhdaşla İnam Evində tanış olmuşam. Onun özünə, yaradıcılığına dərin sayğı bəsləyirəm. Bu gün istedadlı adamlar haqqında danışmaq sanki kimlərəsə toxunur. Qəşəm müəllimin "Sevgi vadisi" uğurlu addır. Kitabda Qəşəm Ruhdaşın özünəməxsus döyüşü, yetkin duyğuları ifadə olunub. Əsl poeziyada söz son dərəcə azdır. Az sözdən tablo yaratmaq, naxış hörmək gərəkdir. Qəşəm müəllimin şeirlərində bu cəhətləri görürəm. Bu şeirlərdə səmimiyyət dolu etiraflar var. Sanki Qəşəm müəllim mənim içimi görür. Həyata, insanlara, cəmiyyətə, xalqa, adət-ənənələrə, fəlsəfəyə, gələcəyimizə, həyatımıza hopan nə varsa, onların hamısını gözəl şəkildə incələməyi bacarır. Qəşəm müəllim qafiyə üçün söz seçən şairlərdən deyil. Ruhu olmayanın mahiyyətçiliyi də olmaz. Ruhdaşın şeirləri göstərir ki, o, Mütləqə İnam Ocağının əsl Dostudur. Onu ürəkdən təbrik edirəm".

Tanınmış  yazıçı-publisist Əlisahib Əroğul da Qəşəm Ruhdaş haqqında duyğularını bölüşdü: "Mən də Qəşəm müəllimi təbrik edirəm. Onun cəmiyyətdəki haqsızlıqlara reaksiyası çox güclüdür, mövzu dairəsi genişdir. Qəşəm müəllimin şeirlərində axıcılıq çoxdur. O, sözü necə gözəl ifadə etməyi bacarır. Qoy, qələmi həmişə ruhlu olsun. Onunla dostluğumuzla fəxr edirəm".

Yolruh Atalı Ruhdaşın Ocaq Dostu olmasının mahiyyətindən danışdı: "Qəşəm müəllim Ocağa Dost olmağın canlı örnəyidir. Hələ Atanın sağlığında Mütləqə İnam Ocağının tanıdılmasında önəmli xidmətlər göstərib. Qəşəm müəllim Atanı səmimiyyətlə, ləyaqətlə təqdim edənlərdən olub: yazılar yazıb, Atayla təmaslarını (müsahibələri) qəzetlərə təqdim edib. O, Atanın insanlıq, bəşər üçün hava-su kimi gərəkliyini gözəl anlayır. Bu, xalqın qurulması ənənəsidir, fəxr tarixidir".

Qəşəm müəllimin bacısı nəvəsi Tunar Ruhdaşın şeirini əzbər söylədi. Bacısı qızı Tofiqə xanım isə dayısı Ruhdaşın şəxsiyyətinə sayğısını belə ifadə etdi: "Qəşəm müəllimi həmişə dəyişməz görmüşəm. Onunla fəxr edirəm. İnam Evində özümü uca bir yerdə hiss edirəm".

Uluruh Atalı: "Mən Qəşəm müəllimin ömrünü təbrik edirəm. Onun şeirlərində ömrü ifadə olunub. İnsanın insanı tanıması, onu öyməsi çox önəmlidir".

Qəşəm müəllimin bacısı oğlu Müşfiq də onun haqqında ürək sözlərini dedi, dayısını təbrik etdi.

Qəşəm Ruhdaş haqqında söylənən uca sözlərə görə minnətdarlığını bildirdi, şeirlərini oxudu.

Safruh sonda: "Dünyadakı başıpozuqluqlar artıb. İndi cəllad kötüyünə doğru yüyürüşmə var. çağdaş çoxsaylı problemlərin qarşısını Mütləqə İnam baxışı ala bilər. İnamımızın tələblərini daim şeirlərinə gətirən Qəşəm Ruhdaş dostumuza uğurlar arzulayıram" - dedi.

İşıqlı Atalı toplantını belə bitirdi: "Ruhdaş bizim  üçün hər şeydən qabaq insanlıq yolçusu olduğuna görə dəyərlidir. O, Ocaq Dostluğunu dünyadakı bütün mükafatlardan uca sayır. Beləliklə, Atanın tələbi üstə İnam Evində ruh birliyimiz yaranır. Ruhdaş üçün şeir mənalı özünüifadə vasitəsidir. Şeirlərində Ocaq rəmzləri, Ocaq Evladlarının obrazlarının yaradılması ayrıca yer tutur".

Habelə Azərbaycanın dəyərli aydınları Maarif Teymur, Ağşın Ağkəmərli İnam Evinə zəng edib, Qəşəm Ruhdaş haqqında uca söz dedilər, onu təbrik etdilər.

İştirakçılar Mütləqə İnam Bayrağının qarşısında birgə xatirə şəkli çəkdirdilər. Tədbirdən sonra çay süfrəsi yörəsində doğmalaşma söhbəti oldu. 

 

 

İşıqlı Atalı

 

Təzadlar.- 2010.- 6 aprel.- S.15.