Daş yağan gün

 

(Əvvəli ötən saylarımızda)

 

Həmin il qış tez gəldi. Payız başa çatmamış alaçalpo qar yağdı. Bir gecənin içində evlərin üstü, ətraf dağlar, yer-yurd ağ dona büründü. Lakin günün axırına kimi qardan əsər-əlamət qalmadı. Vaxtsız yağan qar əriyib yox olmuşdu. Əkin-biçin adamları bunu yaxşı əlamət saymırdılar. Deyirdilər ki, qış qulun saldı. İndən sonra çətin ki, qar yağsın. Əkinçilər həmişə deyər ki, qarlı qışım ola, dumanlı yazım. Bu qış nəhs gəldi. Qışın bu cür gəlməsi kənddə narahatlıq yaratmışdı. Çünki qar xeyir-bərəkətdir. Qış ki, quraq keçdi, heç. Torpaq qış boyu canına o ki var, doyunca nəm çəkməsə, yazda ondan xeyir-bərəkət gözləmə. Nə əkilən yönlü bar-bəhrə verər, nə də ki, yal-yamacın otu mal-qaranın qarnını doyurar. Mənsə hey Nəcini düşünürdüm. Məktəbimizdə, Təzə Həsənlidən də oxuyanlar vardı. Yataqxana olmadığından hər gün gedib-gəlməyə məcbur idilər. Nəci barədə onlardan tez-tez xəbər tuturdum.

Qışın bəd gəlməsinin ağrı-acısını ən çox Nəci çəkirdi. Böyük çillənin sərt, quru soyuqları qoyun-quzunu örüşə çıxartmağa imkan vermirdi. Mərəyin də otu qurtarmaqdaydı. Qoyun da ki, dişi göy ota dəymədi, çətindir. Boğaz heyvanların çoxusu bala salmışdı. Doğulanları da anası süddən yarıtmırdı. Qoyunları da qınamalı deyil. Güc boğazdan keçər. Ana doyunca yem yeməyəndən sonra südü hardan olsun?! Quzuların qıçı-qıçına dolaşırdı. Anbarda beş-on kəviz, arpa vardı, onu da qaynadıb arıqlığından qabırğaları sananan, əldən düşmüş heyvanlara verirdilər ki, ölməsin, bir təhər yaza çıxsın. Yerindən qalxan da Nəcini danlayırdı. İl pis gəlmişdi. Burada Nəcinin nə günahı?! Hamısı o gözəgörünməzin işidir. Nəci qarğamışdı ki, qış qulun salsın?! Qışda qar yağmasın?! Böyük çilə, kiçik çilə quraq keçsin?! Göydən yerə bir damcı düşməsin?! Nəcidən olsa, bir metr qar yağardı. Havalar quru keçməzdi. Qoyunlar burunları ilə qarı eşib, payızın islanıb yumşalan otundan doyunca yeyib quyruq bağlayardılar. Nəcinin də əmisinin yanında üzüağ, dili uzun olardı. Di gəl ki, Mikayıl Allah deyəndən demirdi. Nəcini gözümçıxdıya salmışdı, dişinin dibindən çıxanı deyirdi:

– Qardaşım oğlu olsan da, yaxşılıq qanan deyilsən! Yal itirənsən. Ermənilər başımıza güllə yağdıranda, çiynimdəki təzə hanadan çıxan sumağı xalçanı kənara tolazlayıb iki daşın arasında, səni bələkli qucağıma alıb nə müsibətlə aradan çıxartdım. Dedim ki, qardaşım arvadlı-uşaqlı qırıldı getdi, heç olmasa, bu tifili qoruyub saxlayım, Cəbrayılın yurdunda bir başıpapaqlı qalsın. Gələcəkdə atasının yerini tutar, maa da dayaq olar. Bu da yaxşılığımın əvəzi.

Mikayıl bu sözləri deyib qoyun damlarının qabağında murdar olmuş cəmdəkləri göstərdi.

Nəci başını aşağı dikib çomağının ucu ilə yeri qurdalayırdı. Bilmirdi ki, əmisinə necə cavab versin?! Fikirləşirdi ki, kaş o vaxtı ermənilər məni də öldürəydi. Canım bu cür danlaq-dansaqdan qurtaraydı. Minnətli çörək yeməkdənsə ölüm yaxşıdır. Bir də onu düşünürdü ki, əlim quzudan çıxdı. İnnən sonra ha gözlə ki, sürü özünə gəlsin, qoyunlar əkiz və üçəm doğsun, əmisi də insafa gəlib buynuzlu qoçun əvəzinə Nəciyə bir quzu bağışlasın. Bir də onu düşünürdü ki, əsgərlik vaxtı gəlib çatsaydı, üzü buralardan olardı. Gedib Urusetin düzlərində səhərdən-axşamacan təpik döyərdim. Əsgərliyimi qurtarandan sonra buralara üz çevirməzdim, elə o yerlərdə ilişib qalardım. Harda olsa bir qarın çörək taparam. Yəni iki əl bir başı saxlaya bilməz?! Urus kəndlərinin birində çobanlıq eləyərəm. İndi oralarda çobanı əl-əl axtarırlar.

– Hə!! Niyə dillənmirsən?! – Mikayılın qəzəbli səsi Nəcəfi daxili düşüncələrdən ayırdı. – Bir də ki, axı, nə üznən dillənəsən?! Dilin var ki, dillənəsən?! Özün yaxşı bilirsən ki, hamısını düz deyirəm! Qoyun-quzunun bu hala düşməsinin birinci baiskarı sənsən! Sən Nəcəf! – Gör malımı kimə etibar eləmişəm ey!! – Mikayıl acı bir istehza ilə töhmət-tənəsinə davam etdi. – Qardaşım oğlu bildim, dedim ermənilərin əlindən almışam. Bələkdən çıxıb əlimdən tutar, karıma gələr. Amma sən nankor çıxdın. Maa dayaq yox, sinəmə çalın-çarpaz dağ çəkdin. İtil gözümün qabağından! Qırdığını qırdın, heç olmasa qalanları yaza çıxsın. Elədiklərim burnundan gəlsin!

Yetimin qəlbi yuxa olar. Nəcinin gözlərində yaş gilələndi. Lakin kövrəldiyini hiss etdirmədi. Ürəyində ermənilərə qarğadı. – Atamı, anamı öldürməsəydilər, başıma bu müsibətlər gəlməzdi. Mənim də isti ocağım, söykənəcək yerim olardı. Anam qayğımı çəkərdi, başıma fırlanardı. Əmim kimi elədiyini gündə-günaşırı başıma vurmazdı, yediyimi burnumdan gətirməzdi. Bir də ki, axı, qış bəd gəlib, qoyun-quzu qırılıb, burda mənim günahım nədir?!

Qaş qaralırdı. Soyuq-sazaq adamın iliyinə işləyirdi. Nəcəf əmisinin – itil gözümün qabağından – deməsindən sonra dinməz-söyləməz çomağını arxasınca sürüyə-sürüyə qoyun damlarına tərəf yönəldi. İçəri girib soyuq gələn yırtıq deşikləri bəlimlə tutdu. Arakəsmələri bir-bir yoxladı. Sağmal-subay qoyunları ayırıb yerini dəyişdi. Mərəyin künc-bucağında qalan ot qırıntılarını bir təhər toplayıb çəngə-çəngə heydən düşmüş heyvanların qabağına atdı. Tövlənin girəcəyindəki, gecələr üstündə yatdığı otu, küləşi, on yerdən yamağı olan xarala təpib təzə doğan və boğaz qoyunlara payladı. Qoyun-quzunu yerbəyer eləyəndən sonra nəfəsini dərib şəhadət barmağı ilə sir-sifətində purçumlanan soyuq təri sivirib tökdü. Orta dirəkdən asılmış çırağın yanıb-qurtarmaqda olan piltəsini yuxarı çəkib, tövləyə düşən sarımtıl işığı bir qədər artırdı. Tövlənin qaranlıq künclərində brilyant kimi işıldayan, yüzlərlə göz ona zillənmişdi. Nəcəf arakəsmənin toxunma çubuğuna söykənib xeyli fikrə getdi. O, əmisinin töhmət-tənəsindən yaxa qurtarmaq üçün cürbəcür fikirlərə düşdü, çıxış yolu axtardı. Birdən kəndin ayağında evi olan Həsənqulunun, həmin il başqa yerə köçməsi yadına düşdü.

Həsənqulunun var-yox bir qızı vardı. O da Qarabağ tərəfə varlı-hallı bir kişiyə ərə getmişdi. Qız ayağını dirəmişdi ki, ata-anası kəndi atıb, onun yanına köçsün. Qocalanda kimdi onlara baxan? Həsənqulu əvvəl-əvvəl bu işə qol qoymurdu. Deyirdi ki, iki dünya bir olsa, el-obamı, qurulu ev-eşiyimi atıb yad yerə getmərəm. Daş düşdüyü yerdə ağır olar. Bir də ki, qız nədi ki, onun kölgəsi də nə olsun?! Ancaq qızla anası birləşib Həsənqulunu başdan çıxartdılar. Arvad kişinin beynini o qədər yedi ki, axırda Həsənqulu qapısındakı dana-dunasını satıb, qapı-bacanı bağlayıb, biryolluq qızının yanına köçdü. Nəcinin ağlına gəldi ki, Həsənqulunun Dar dərənin boğazındakı, Çopur Qayanın kahasında xeyli otu var. Otun yerini Nəcəfdən başqa heç kəs bilmirdi. Ötən yaz Həsənqulu otu çalıb, bağlayıb qayanın arxasından kahaya yığanda onu bircə yetim Nəcəf görmüşdü. Nəcəf hətta bu işdə ona xeyli kömək eləmişdi. Ot bağlamalarını örkənin doğanağına keçirib yuxarı qaldıranda, Həsənqulu yetim Nəcəfə dönə-dönə razılıq edib demişdi ki, Allah ata-anana rəhmət eləsin, yaxşı karıma gəldin. Yoxsa bu, tək adamın işi deyil. Otu kahaya doldurandan sonra da qayanın kölgəsində oturub bir yerdə çörək yemişdilər. Erməni daşnaklarının namərdliyindən, Həsənli camaatına necə divan tutmasından danışıb xeyli dərləşmişdilər. Həsənqulu sözarası Nəcəfə onu da demişdi ki, əmin mərdiməzar adam deyil. Sağ olsun, sənu qundaq vaxtı ermənilərin əlindən alıb indiyəcən qanadı altında saxlayır. Dava vaxtı o, olmasaydı, indi heç sən də yox idin. Atan, anan, bacı-qardaşların kimi ermənilər səni də ev qarışıq yandırıb kül eləmişdilər. İndi, görürəm, sən də onun işinə-gücünə əməlli-başlı yarayırsan. Mal-heyvanına can yandırırsan. Harda yaxşı örüş var, qoyun-quzunu orda otarırsan. Bir belə sürünün öhdəsindən gəlmək asan məsələdir?! Yaxşı eləyirsən, elə də lazımdır. Ancaq acığına gəlsə də, gəlməsə də deməliyəm. Əmin olsa da bir az əlibərk adamdır. Dünya malını canından çox istəyir. Allah ta artıq eləsin. Bir heylə qoyun-quzunun, mal-dövlətin qabağında, dindirəndə elə danışır ki, az qalırsan, cibindəki qəpik-quruşu çıxarıb ona verəsən. Bəlkə də özünü elə göstərir ki, gözə-nəzərə gəlməsin. Ancaq nahaq yerə. Adamın ki, qapısını qonaq-qara tanımadı, kasıb-kusuba əl tutmadı, xeyir tapmaz. Heyləsinin dirəyi qızıldan olsa da, qəpiyə dəyməz. Yəqin Allah-taala onu da heylə yaradıb. Xasiyyəti dəyişmək çətindir. Ancaq kasıb mərd olar. Sən yekələndə əminə oxşama.

Həsənqulu bunları deyib ot yığdığı kahaya baxa-baxa:

– Elə bilirsən, kefimdən otu bura yığıram?! O vaxt Allah ağlımı aldı, mərək tikə bilmədim. İndi ot-saman yığmağa yer tapa bilmirəm. Düzdür, mərək tikərdim, münasib yer olmadı. Çünki həyətim çox darısqaldır. Mərək tiksəydim, gərək qapıdakı yüzillik ağacların bir-ikisini doğrayıb tökəydim. Ona da əlim gəlmədi. Yaxşı da meyvəsi olur.- Ağacları kəsirəm, – deyəndə, arvad daş atıb başını tutur. Deyir, dünya dağılsa da qoymaram. Qolumu kəsərəm, ancaq ağaca qıymaram. Ona görə çaldığım otu yal-yamacdakı kahalara yığıram. Kəndlə buranın arası beş addımlıq yoldur. Haçan lazım oldu, aparıb mal-heyvana verərəm. Bir də ki, bu daş kahalar otu, küləşi mərəkdən yaxşı saxlayır. Kahaya vurulan ot rəngini də dəyişmir, gömgöy soğan kimi qalır.

Bu ot məsələsi Nəciyə göydəndüşmə oldu. Nəcəf fikirləşdi ki, ya qismət, Həsənqulu bir də buralara qayıda-qayıtmaya. Qayıtsa da, ot nəyinə gərəkdir?! Qapısında dördayaqlıdan bir pişiyi də qalmayıb. Düzdür, başqasının malına əyri gözlə baxmaq kişilikdən deyil. Ancaq əlac nədir?! Kahadakı ota mən də dəyməsəm, ya qalıb çürüyəcək, ya da azıb-təzənin biri görüb əkişdirəcək. Ondansa elə özüm daşıyıb gətirərəm, onda Allah da günahımdan keçər. Özümə qalsa, yenə də Həsənqulunun otuna dəyib toxunmaram. Ancaq bıçaq sümüyə dirənib. Qoyunları qırğına versəm, qanım getdi! Gərək əmimin gözünə görünməyim! Oturub-durub deyəcək ki, səni yağının əlindən qurtarmışam. Neçə ildi çörək verib saxlayıram! Sən də bu yaxşılıqlarımın qabağında qoyunlarımı qırıb, məni quru yurdda qoydun...

Nəcəf fikirli-fikirli tövlədən çıxıb ətrafa göz gəzdirdi. Soyuq adamı qılınc kimi kəsirdi. Hamı yatmışdı. Tək-tük evlərin pəncərəsindən işıq gəlirdi. Çoban itləri peyin komalarının üstündə yumurlanıb, nəfəsləri ilə özlərini isidir və səslərini çıxartmırdılar. Köhnə və Təzə Həsənlinin təmiz səmasında sayrışan ulduzlar, sanki hüznlü görünən dağların dərdinə şərik olur, ermənilərin qırıb-çatdığı günahsız insanların ruhuna nur çiləyir, ölümün ağzından qurtaranlara təsəlli verirdilər.

Nəcəf bu qış gecəsində, üz-üzə dayanan yerin-göyün sakitliyini pozmaq istəmirmiş kimi ehtiyatlı addımlarla əmisinin həyətinə keçdi. Dəhlizdəki ala çatını ehmalca götürüb, qonum-qonşudakı itlər duyuq düşməmiş kənddən çıxdı. Təpənin o üzünə aşıb qənşər bir yerdə dayandı. Üzünü Köhnə Həsənlinin kalafalıqlarına tutdu. Dəli həsrətlə atası Cəbrayılı, anası Mehribanı imdada çağırdı. Ancaq qəbir sükutu çökmüş kalafalıqlardan hənirti gəlmədi. Yalnız yaxınlıqdakı qayaların əks-sədası yetim Nəcəfə cavab verdi. Bu ümidsiz çağırışdan sonra soyuq gecənin qara pərdəsinə bürünmüş yer adlı məkanla, mavi səma arasında yenə də lal və vahiməli sükut yarandı. Gecənin dərinliklərindəki meşələrdən arabir eşidilən ac yalquzaqların zəhmli ulartısı Nəcinin tüklərini ürpəşdirdi. Bu məşum gecədə bəlkə yer üzündə elə bir bəni-insan tapılmazdı ki, Nəci kimi kimsəsiz çöllərə düşüb qorxunc dərələrdə, təpələrdə ölümlə əlbəyaxa olsun. Hamı isti komasında, yumşaq yorğan-döşəkdə şirin yuxuya dalmışdı.

Əlbəttə, canlıdan qada əskik deyil. Yaranmış məxluqatın dərdi də olar, azar-bezarı da. Lakin onun çarəsi də tapılır. Min dərd varsa, min bir də dərmanı var. Ancaq yetim Nəcəfin ürəyi, erməni daşnaklarının ona vurduğu yaradan əzab çəkirdi. Elə bir yara ki, neçə illərdir, onun nə çarəsi tapılır, nə də dərmanı. Qızdırması, titrətməsi, Qafqaz dünyasını bezara gətirən bu yaranın fəsadları nəinki Şərqdə, Qərbdə, okeanın o tayında belə qızdırma saçır, üfunət yayır. Tale yetim Nəcəfi bax, belə bir sağalmaz dərdə düçar eləmişdi. O, mübtəla olduğu bu ağır dərdin əzabını ömrünün sonuna qədər çəkməyə məhkum idi.

 

 

(Ardı var)

 

Əli İLDIRIMOĞLU

 

525-ci qəzet.- 2010.- 7 aprel.- S.7.