Ustad ilə söhbət
Xalq yazıçısı
Elçinlə müsahibə
Böyük yazıçı – nasir, dramaturq, ssenarist, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Elçin, nüfuzlu pedaqoq, elmlər doktoru, Bakı Dövlət Universitetinin professoru Elçin, görkəmli ictimai və dövlət xadimi Elçin.
Məncə, bunlar xalq yazıçısı Elçinin yaradıcılığının da, fəaliyyətinin də, şəxsiyyətinin də miqyasını səciyyələndirir. Bütün bu cəhətləri özündə birləşdirən ikinci bir yazıçı tapmaq çətindir. Elçin müəllimin xarici dillərdə 50-dən çox kitabı nəşr edilib. Mən bu müsahibəyə hazırlaşanda Elçin müəllimin on cildliyini yenidən oxudum. Onun haqqında yazan müəlliflər kimi, mən də heyrət etdim ki, bir yazıçıda bu qədər məhsuldarlıq və janr zənginliyi var. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Elçin bizim çox istedadlı yazıçımızdır, gənc vaxtlarından çox dəyərli əsərlər yazıbdır. Amma son illər o, eyni zamanda, teatr üçün də əsərlər yazıbdır. Deyəsən, keçmişdə bu, olmamışdı. Çünki bu məsələ ilə əsasən, onun atası məşğul olurdu və çox da gözəl əsərlər yaratmışdı. Elçin isə daha çox nəsr əsərləri yazırdı və dəyərli əsərlər yaratmışdır. Ona görə də gənc vaxtlarından 60-70-ci illərdə gənc yazıçılar sırasında idi. Hətta xatirimdədir ki, ilk dəfə Yazıçılar İttifaqının ən gənc katibi Elçin olub, o seçildi.”
Eyni zamanda bu
qədər ictimai iş, dövlət işi. Elçin müəllim
“İstiqlal” ordeni ilə təltif edilmişdir. Elə bil,
onun sutkası 24 saat yox, 48 saatdır. O, romanlarında da,
hekayələrində də, pyeslərində də, məqalələrində
də parlaq istedadlı və orijinaldır. Onun
mühakimələri dərin və olduqca maraqlıdır.
Elçin müəllimlə söhbət edəndə,
görürsən ki, onun üçün gözlənilməz
heç nə yoxdur. Onun mütaliəsi isə,
Elmira Axundovanın yazdığı kimi, fantastikdir. Çox təəssüf edirəm ki, Elçin
müəllimin dediklərinin hamısını lentdən
köçürməyə müsahibənin həcmi imkan
vermir. Onun zəhmi adamı tutur, sərtdir,
ancaq eyni zamanda mülayimdir, çox ciddi insandır, ancaq eyni
zamanda çox güclü yumor hissi var. İki həftə ərzində
Elçin müəllim bu müsahibə üçün cəmi
üç gün fasilə zamanı vaxt tapdı. Müsahibə zamanı mən Elçin müəllimin
şəxsiyyətində həmin cəhətləri
aydın gördüm.
– Elçin müəllim, nə
vaxt idi ki, sizdən geniş müsahibə almağa
çalışırdım. Çox sağ
olun ki, nəhayət, vaxt tapdınız, razılıq
verdiniz. İlk sualı sizin keçən ilin sonlarında
S.Vurğun adına Dövlət Rus Dram
Teatrında göstərilən “Cəhənnəm sakinləri”
əsərinizin tamaşasından başlamaq istəyirəm. Tamaşa böyük uğur qazandı. Mən o tamaşaya iki dəfə baxmışam.
İkisində də
tamaşaçıların ayaq üstə qalxıb,
yaradıcı heyəti uzun müddət
alqışlamalarının şahidi olmuşam. Mühüm fəlsəfi-etik problemlər
qaldıran bu pyes Azərbaycan dilində də
tamaşaçılara təqdim olunacaqmı?
– Hələ ki, mən onu
bizim Azərbaycan teatrlarınından heç birinə təqdim
etməmişəm. Ola bilsin ki, onu Akademik Dram
Teatrımıza verim. Ancaq bu, yəqin, gələcəyin
işidir. Əvvəlcə o teatra
“Teleskop” adlı başqa bir pyes vermək istəyirəm.
– “Teleskop” yeni əsərdir?
– Yenilərdən biridir.
Keçən il yazmışam. Mənim bir sıra pyeslərim var ki, onları hələ
heç bir teatra təqdim etməmişəm.
Sağlıq olsun...
Qeyd. Son 15 ildə
Elçin müəllimin qələmindən çıxan
pyeslər yalnız Azərbaycanda deyil, qardaş Türkiyədə
də böyük rəğbətlə qarşılanıb.
Türkiyə teatrlarında əsərləri ən
çox tamaşaya qoyulan müasir xarici dramaturq Elçindir.
Məşhur türk dramaturqu Tuncər Cücənoğlu
yazır: “Elçinin pyesləri müasir dünya
dramaturgiyasının layiqli nümunələridir”. Elçin müəllimin Türkiyədə 18
kitabı nəşr edilmişdir. Doktor İldəniz
Kurtulan: “Elçinin yaradıcılığı artıq
neçə illərdir ki, iki qardaş ölkə arasında
mənəvi körpü rolunu oynayır”. Türkiyənin
keçmiş prezidenti Süleyman Dəmirəl Elçin
müəllimə yüksək mükafat təqdim edərkən
deyir: “Türk dünyasına xidmət” mükafatını mən
yüksək qiymətləndirirəm və onu böyük
yazar Elçinə təqdim etməkdən məmnunluq
duyuram.”
– Söz teatrdan
düşmüşkən, Elçin müəllim, bu barədə
də sizin fikrinizi bilmək istərdim: son on beş
ildəki dramaturji yaradıcılığınızla, teatr
tamaşalarınızla bağlı Azərbaycan sənətşünaslığında
“Elçin teatrı” məfhumu yaranıb. Bu
estetik məfhumun yaradıcısı kimi siz
teatrımızın müasir vəziyyətini necə qiymətləndirirsiniz?
– Ən əsası
odur ki, Sovet İttifaqı dağıldıqdan sonra siyasi,
ictimai və mədəni kataklizm dövründə – 90-cı
illərin əvvəllərində ümummilli liderimiz Heydər
Əliyevin dəstəyi və iradəsi ilə biz zəngin ənənələrə
malik milli teatr sənətimizi qoruyub saxlaya bidik. İndi isə
məndə elə bir təəssürat var ki, bu gün Azərbaycan
teatrı yeni bir mərhələni adlamaq ərəfəsindədir,
hətta artıq adlamaqdadır. Müasir
teatr sənətinin inkişafı bu gün yalnız
istedadlı dramaturqlardan, aktyorlardan, rejissorlardan asılı
deyil, adekvat texniki təchizatdan da çox asılıdır.
Mən Brodveyin, Paris, London və Berlin teatrlarının, La
Skalanın, Vyana opera, eləcə də operetta
teatrlarının tamaşalarına baxmışam və bu
tamaşalarda rejissor bədii təfəkkürünün
miqyası nə qədər genişdirsə, aktyorlar nə qədər
istedadlıdırsalar, bir o qədər də modern səhnə
avadanlığı, kompüter yenilikləri var. Təbii ki,
bunlar da bir yerdə tamaşanın emossional təsirini
çox yüksək estetik göstəriciyə
qaldırır. Məhz bu baxımdan mən deyirəm
ki, yeni bir estetik mərhələyə adlayırıq. Bilirsiniz ki, hörmətli Prezident İlham Əliyevin
biləvasitə təşəbbüsü ilə
teatrlarımız təmir və təchiz olunur. İstedadlı, geniş mütaliəyə və
modern düşüncə tərzinə malik gənc
rejissorlar, aktyorlar yetişir. Mən Azərbaycan
teatrlarında Azərpaşa Nemətov, Mehriban Ələkbərzadə,
Bəhram Osmanov, Loğman Kərimov, Aleksandr Şarovski kimi
istedadlı rejissorlarla işləmişəm, onların
potensial imkanlarına bələdəm və tamam əminəm
ki, teatrlarımız modern texniki təchizatla təmin olunduqdan
sonra, onların da, başqa təcrübəli
rejissorlarımızın da çox ciddi yaradıcılıq
qələbələri ilə rastlaşacağıq. Bir tərəfdən də gənclər gəlir.
Sizin xatırladığınız “Cəhənəm sakinləri”
tamaşasına Rus Dram Teatrında mənşəcə azərbaycanlı
olan Finlandiya rejissoru Kamran Şahmərdan quruluş verdi və mən gördüm ki, öz orijinal
sözünü deməkdən ötrü teatrın yeni
texniki təchizatı bu istedadlı və gənc rejissora
çox kömək etdi. Bir də, istərdim
ki, bizim istedadlı aktyorlarımız daha çox mütaliə
etsinlər, dünya ədəbiyyatından, teatrından daha
artıq məlumatlı olsunlar. Güman
edirəm ki, hər şey yaxşı olacaq.
– Bəs dramaturgiya sahəsində?
– Bu gün orta və gənc
nəslin Əli Əmirli, Firuz Mustafa, Elçin Hüseynbəyli
kimi istedadlı nümayəndələri dramaturgiya ilə
ciddi məşğul olurlar. Kamal Abdullanın,
Afaq Məsudun dramaturji axtarışlarını izləyirəm
və bu axtarışlar mənə maraqlı
görünür. Təəssüf ki, bu
gün teatr haqqında da qeyri-professional, primitiv, obıvatel
mahiyyətli “həvəskar” fikirləri yüksək nəzəri-estetik
səviyyəli professional münasibəti üstələyir.
Bəzən absurd vəziyyətlə
rastlaşırıq. Məsələn, bu
yaxınlarda televiziya kanallarının birində küçədə
Bakı sakinlərini saxlayıb teatra münasibətlərini
soruşurdular. Bir xanım teatrımızın müasir
vəziyyətini ağızdolusu tənqid etdi,
keçmişlə müqayisədə bu gün teatrlarda
repertuarın, aktyorların çox zəif olduğunu dedi.
Müxbirin: “Sonuncu dəfə hansı teatrda və hansı
tamaşaya baxmısınız?” – sualından
sonra isə məlum oldu ki, bu xanım son 25 ildə teatra ayaq
basmayıb... Çox əlamətdar və səciyyəvi
bir epizoddur, elə deyilmi? Həm də
komikdir. Ancaq başqa bir epizodu
xatırlayıram və bu, olsun ki, komik yox, bəlkə də
tragikomik bir hadisədir. Bizim
tanınmış rejissorumuz, mənim köhnə dostum
Ağakişi Kazımov müsahibə verərək, deyir ki,
Azərbaycan teatrı ölüb. Əgər
Azərbaycan teatrı ölübsə, bəs, siz kimsiniz,
Ağakişi Kazımov? Siz əlli il
nəyə və necə xidmət etmisiniz ki, teatr
ölüb?
– Elçin müəllim,
siz dediniz ki, teatra təqdim etmədiyiniz bir sıra pyesləriniz
var. Müsahibələrinizdən birində də demisiniz ki,
çap olunmamış əsərlərim, mənim güvənc
yerimdir! Onların sayı çoxdur?
– Hər halda, az
deyil.
– Maraqlıdır, onlar
hansı janrdadır, nədən bəhs edir?
–
İnşallah, nə vaxt çap olunarlar, tamaşaya
qoyularlar, o zaman bu sualın cavabı da aydın olar.
– Elçin müəllim, mən
ona görə maraqlanıram ki, bəzən
yazıçılar əvvəllər yazdıqlarına
qayıdır, onları səhnələşdirir, ya
onların əsasında ssenari yazırlar. Kobud
çıxmasın, ancaq elə bil ki, keçmiş
yazılarının kölgəsində gizlənmək istəyirlər,
haçansa yazdıqlarını yenidən çap etdirirlər
və s. Siz isə bu baxımdan həmişə
orijinalsınız. O mənada ki, daima yeni əsərlərlə
çıxış edirsiniz. Yeni pyeslər, yeni hekayə və
povestlər, yeni məqalələr... Heç olmasa, bu
sualı verim: ən son nə yazmısınız?
– Bu günlərdə
Hüseyn Ərəblinskinin həyatından bəhs edən
bir tragediyanın son nöqtəsini qoymuşam. Burada
Ərəblinskinin surəti konkret yox, ümumiləşdirilmiş
bir surətdir. Söhbət sənətkar
və zaman, sənətkar və həyat kimi ədəbiyyatın
daimi predmetindən gedir.
Qeyd. Elçin müəllimin
yazdığı romanlar (“Mahmud və Məryəm”, “Ağ dəvə”,
“Ölüm hökmü”), povestlər (“Bir
görüşün tarixçəsi”, “Toyuğun diri
qalmağı”, “Dolça”, “Bayraqdar”), əllidən çox
hekayə hər dəfə işıq üzü görərkən,
ədəbiyyatımızda hadisəyə çevrilib,
müxtəlif dillərə tərcümə olunub. Yaşı
80-ni keçmiş fransız yazıçısı Banin (əslən
azərbaycanlı olan Ümm-ül-Banu) Parisdən
yazırdı: “Çox hörmətli Elçin! Sizin “Parisdə avtomobil qəzası”
kitabınıza heyran qalmışam. Sizin
yumorunuz, Sizin fantastik notlarınız və lirik verginiz mənim
çox xoşuma gəlir. “Mahmud və Məryəm”
çox sevdiyim və dəfələrlə oxuduğum
kitablardan birini – “Min bir gecə”ni mənim
yadıma saldı. Sizin bu əsərinizdə mən
Şərqin bütün gözəlliyini, qəddarlığını
və ehtirasını tapdım. Siz bu qəribə,
gözəl və qorxulu dünyanın atmosferini əla təsvir
edirsiniz.” Almaniyalı professor Henrix Fişer: “Alman dilində
Elçinin “Mahmud və Məryəm” və “Ağ dəvə”
oromanlarını oxumuşam. Onun “Ölüm
hökmü” romanını isə türk dilində
oxumuşam. Məncə, bu roman dünya
miqyaslı əsərdir. Elçin mənim
çox dəyərləndirdiyim az saylı müasir
yazıçılardan biridir.” Rumıniyadan professor
Dimitri Balan: “Böyük nasir və dramaturq, ədəbiyyatşünas
və tənqidçi Elçin müasir həyatın, real
gerçəklikdəki hadisələrin,
sarsıntıların və ümumiyyətlə, bütün
vaqeələrin mahir müşahidəçisi olmaqla bərabər,
həm də keçmiş zamanların, dünyanın ilk
baxışdan bəlkə də paradoksal görünən əzəli
problemlərinin mahir salnaməçisidir.” Məşhur rus tənqidçisi
Yelena Movçan: “Tarixi dövrün obrazı bizim
şüurumuzda əksərən ədəbiyyatın –
Şekspirin tarixi xronikaları, Stendal, Hüqo, Dümanın
romanları, Lev Tolstoyun “Hərb və sülh” epopeyası sayəsində
yaranır. Öz dövrünün obrazını yaratmaqda nəinki
Şoloxovun “Sakit Don”, ya Aleksey Tolstoyun “Əzablı yollarla”
kimi epik əsərləri, eləcə də, məsələn,
Yuri Trifonovun “Şəhər povestləri” iştirak etmişlər
ki, buradakı məişət təfsilatları zaman
ötdükcə tarixi detal əhəmiyyətini kəsb edəcəkdir.
Azərbaycan yazıçısı Elçinin
“Ölüm hökmü” adlı yeni romanı da bu cərgədə
durur.” Görkəmli İraq-türkman ədibi Əbdüllətif
Bəndəroğlu: “Elçini oxumaq Azərbaycan
xalqını yaxından tanımaq, Azərbaycanın uzun illər
boyu milli-mənəvi dəyərlər və istiqlal
uğrunda apardığı müqəddəs mücadiləni
öyrənməkdir.” Və s., və i.a.
– Bəs nəsr? Sizin sonuncu hekayəniz – “Canavarlar” oxucuların
böyük marağına səbəb oldu, ədəbi tənqid
bu bir hekayə haqqında neçə məqalə ilə
çıxış etdi. Nəsr sahəsində
oxucuları Elçinin hansı yeni əsərləri gözləyir?
– Keçən ilin
sonlarında bir silsilə hekayə yazdım, yəqin
hansılarınısa yaxın günlərdə mətbuata
verəcəyəm. İlyas Əfəndiyevin həyat
və yaradıcılığından bəhs edən sənədli
romanın yeni fəsillərini yazıb bitirdim, onları da
çap etdirmək istəyirəm. Neçə
illərdir ki, mən böyük bir roman yazıram. Daha doğrusu, hər dəfə o romanın sonuncu
nöqtəsini qoyuram, rahat nəfəs alıram, amma
üç-dörd aydan sonra yenə ona qayıdıram, nəsə
əlavə edirəm, nəyisə pozuram. Bu barədə çox danışmaq istəmirəm.
Təkcə onu deyim ki, baş qəhrəman bu dünyada 118 il yaşayır və birdən-birə qeybə
çəkilir. Onun anadan olduğu 1873-cü ildən
1991-ci ilə – SSRİ-nin tarmar olmağına qədərki
dövrü ehtiva edən üç cildlik bir romandır.
Nə yarımçıq kimi
yarımçıqdır, nə də bitmiş kimi
bitmişdir. Ümid edirəm ki,
haçansa bitəcək, ya da eləcə mizin üstündə
qalacaq. Müşfiqin taleyi haqqında sənədli bir
povestim də var. Bunu da deyim ki, 20-25 il
bundan əvvəl İkinci İsmayıl haqqında
tarixi-psixoloji bir romanı yarımçıq
saxlamışam. Bilmirəm, yenidən ona qayıda biləcəyəm,
ya yox?..
– Elçin müəllim, Azərbaycan
ədləbiyyatında “altmışıncılar”dan bəhs
olunanda dərhal üç əsas sima – Elçin, Anar, Əkrəm
Əylisli yada düşür. Maraqlıdır,
siz özünüz buna necə baxırsız?
– Əlbəttə,
“altmışıncılar” yalnız bu üç
yazıçıdan ibarət deyil. Rəhmətlik Sabir
Süleymanov istedadlı, mükəmməl bir
yazıçıdır. Onun “Qarayel”, “Şaqul”, “Cərəyan”
kimi povestləri XX əsr Azərbaycan nəsrinin layiqli
nümunələridir. Vaxtilə Sabirin
haqqında ayrıca yazmışdım, vəfatından sonra
nəşr olunmuş kitabına da ön söz yazdım.
İsi Məlikzadəni xüsusi yada salmaq istəyirəm.
Yaxın dostum idi. Onun “Quyu”
povesti yaxşı nəsr əsərlərimizdən biridir.
Yadıma gəlir, mən bu povesti Yurmalada olarkən oxudum və
elə oradan da “Quyu” müəllifinə açıq məktub”
yazıb “Ədəbiyyat və incəsənət” qəzetinə
göndərdim, çap olundu. Fərman Kərimzadə, Arif
Abdullazadə... Çingiz Ələkbərzadə fitrətən
çox istedadı adam idi, güclü
potensial imkanları var idi, hayıf ki, həmin imkanlardan
lazımınca istifadə etmədi... Çingizlə də
yaxın dost idik, çox koloritli insan idi. Onun haqqında
yazdığım essedə bu barədə demişəm... Bilirsiz, “altmışıncılar” ayrı-ayrı fərd
olmaqdan başqa, həm də, bir küll halında ədəbiyyatda
bədii-estetik hadisə idi.
Qeyd. Elçin
müəllim tərcümə ilə də məşğul
olub, dünya ədəbiyyatının məşhur nümunələrini
dilimizə çevirib. Azərbaycan oxucuları klassik
yapon xokkuları ilə ilk dəfə onun tərcüməsində
– Elçin müəllim,
yeni tərcümələriniz varmı?
– Təəssüf ki, yox. Tərcümə
işi mənim üçün çox maraqlıdır,
ancaq vaxt, vaxt, vaxt!.. Hələ gənclik
çağlarımda ədəbiyyatla bağlı
böyük arzularımdan biri “Anna Karenina”nı,
ümumiyyətlə, Tolstoyu yenidən dilimizə çevirmək
idi. Ancaq, görünür, bu arzu elə arzu olaraq da qalacaq...
Qeyd. “Baladadaşın ilk məhəbbəti”,
“Arxadan vurulan zərbə”, “Mən qayıdacağam”,
“Gümüşü furqon”, “Bağ mövsümü”,
“Sahilsiz gecə”, “Milli bomba”, “Hökmdarın taleyi”... Bir çox
sənədli filmlər... Cizgi filmləri... Bütün
bu filmlərin ssenari müəllifi də Elçin müəllimdir.
– Elçin müəllim,
“Milli bomba” və “Hökmdarın taleyi” filmləri son illər
Azərbaycan kinematoqrafiyasının nailiyyətləri kimi
yüksək qiymət aldı. Onların ssenarilərini
siz yazmısınız. Kino sahəsində
yeni nə var?
– Keçən il Türkiyənin “24 Kare Film LTD.” şirkəti
“Mahmud və Məryəm” romanı əsasında bədii
film çəkmək təklifi ilə mənə müraciət
etdi. Bu məşhur bir şirkətdir. Onların təqdim etdiyi proyekt mənə maraqlı
və perespektivli göründü, razılıq verdim. Müştərək film olacaq. Çəkilişdə
Azərbaycan və Türkiyədən başqa, Almaniya və
Hollivud da iştirak edir. Bu ilin sonuna kimi
çəkilişin başa çatması nəzərdə
tutulur.
Qeyd. Bəxtiyar Vahabzadə
yazır: “Elçin nə dərəcədə oxucuların
dərin rəğbətini qazanmış professional bir
yazıçıdırsa, o dərəcədə də
yüksək səriştəli professional tənqidçi və
ədəbiyyatşünasdır... Mən Elçinin
keçmiş ümumittifaq mətbuatında – “Literaturnaya
qazeta”, “Voprosı literaturı”, “Drujba narodov”, “Literaturnoye
obozreniye” kimi nüfuzlu və çox tirajlı qəzet-jurnalların
səhifələrində tez-tez dərc etdirdiyi yüksək
səviyyəli və milli təəssübkeşlik
baxımından qiymətli məqalələri ilə həm
klassik, həm də müasir Azəorbaycan ədəbiyyatının
təbliğindəki ciddi xidmətlərini xüsusi qeyd etmək
istəyirəm.”
– Elçin müəllim,
siz yalnız yazıçı yox, eyni zamanda mötəbər
və nüfuzlu ədəbiyyatşünas, tənqidçisiniz.
Bu blok sualları bu sahədəki yeni
işləriniz ilə bitirmək istəyirəm.
– Vaxtı ilə mən
“Klassik aşıq poeziyasında “Dünya” obrazı” adlı
böyük bir esse yazmışdım. “Klassik
aşıq poeziyasında “Dağlar” obrazı” adlı yeni bir
esse də yazmışam. Vaxt tapıb,
işləyə-işləyə üzünü
köçürmək lazımdır. Eləcə
də “Azərbaycan xalq mahnılarında erotika” essesi də
iki-üç ildir mizimin üstündə qalıb, sadəcə,
vaxt tapıb onun da üzünü köçürmək
lazımdır. Neçə illərdir ki, “Klassik
komediyanın poetikası” adlı, demək olar ki,
tamamlanmış böyük bir monoqrafiya da vaxt ucbatından
eləcə yazı mizimin üstündə qalıb və hər
yeni il gələndə də ümid
yaranır ki, nəhayət, bu monoqrafiyanın son nöqtəsi
qoyulacaq... O ki, qaldı tənqidə... Başqa xasiyyətdə
bir adam olsaydım, bəlkə də fikirləşərdim
ki, tənqidlə, ədəbi proseslə, ədəbi
mühitlə bağlı Sizif əməyi ilə məşğulam
və tənqidə birdəfəlik əlvida deyərdim...
– Elçin müəllim,
biz sizi lazım olan məqamda sərt qələmə, hətta
sərt xarakterə malik, prinsipial söz deməkdən
heç vaxt çəkinməyən bir müəllif kimi
tanıyırıq...
Qeyd. Elçin
müəllim gülür.
– Yəqin belədir ki, tənqidlə
sağollaşmıram. Baxın: keçən il
“Azərbaycan ədəbi prosesində nə baş verir?”
adlı silsilə məqalələr yazdım. Söhbət
bizim ədəbi prosesdə antiədəbiyyatın ədəbiyyatı
üstələməsindən, bədii
zövqsüzlüyün bədii zövqü
sıxışdırmasından, obıvatel təfəkkürün
nəzəri-estetik təfəkkürü kölgədə
saxlamasından gedirdi. Əks-sədası
nə oldu? Yaradıcılıq problemləri
qaldı bir tərəfdə, mənasız və mətləbsiz
söz-söhbət başladı. Bu əks-səda
bir daha onu göstərdi ki, bizim ədəbi proseslə
bağlı mənim narahatlığım tam əsaslıdır.
Yaxud bu yaxınlarda mən “Yazıçılar
Birliyi, ədəbiyyatımız və özümüz”
adlı bir məqalə çap etdirdim (“525-ci qəzet”, 18
fevral 2010). Söhbət Azərbaycan
Yazıçılar Birliyinin dövrün və sovet
quruluşunun spesifikasından doğan bütün kəsir cəhətlərinə
baxmayaraq, milli mənliyimizin qoruyub saxlanmasında, ictimai
fikrimizin inkişafında oynadığı mühüm
roldan, bu Birliyin ədəbi-ictimai əhəmiyyətindən
gedir. Eyni zamanda, növbəti qurultay ərəfəsində
Birliyin müasir dövrlə daha artıq ayaqlaşması, fəaliyyətinin
daha güclü olması naminə bir sıra təkliflər
irəli sürülür. Məqalənin
əks-sədası necə oldu? Düzdür, Zəlimxan
Yaqub, Kamal Abdulla, Aqil Abbas, Ramiz Məmmədzadə və
başqaları kimi qələm sahibləri ədəbiyyat təəssübkeşliyindən
doğan fikir və mülahizələrini bildirdilər, ancaq
eyni zamanda müəyyən qism mətbuatda xəstə bir
ajiotaj, cahil bir çaxnaşma yarandı. Ədəbiyyatın
maraqları qaldı bir tərəfdə, iki obıvatel mahiyyətli
mülahizə manşetlərə çıxarıldı.
Birinci: “Elçin Yazıçılar Birliyinin sədri olmaq
uğrunda mübarizəyə başlayıb.” Bu
o qədər mənasız və gülünc bir iddiadır
ki, üzərində dayanmağı belə söhbətimizə
layiq bilmirəm. Eləcə də ikinci iddia:
“Elçindən Anara zərbə!” Özü də
bunu xüsusi bir sevinclə bəyan edirlər. Doğrusu, bu sevinc hissində, bu bəxtəvərlikdə
o qədər misginlik var ki, Kafkanın personajları yada
düşür. Guya mənimlə Anar
arasında düşmənçilik var imiş. Bunu da xüsusi bir şövq və ləzzətlə
manşetlərə çıxarırlar. Bu manşetlərə,
yağlı şiriflərə baxanda yadıma duzlu məsəl
düşdü: gəlin evində toydur, bəy evinin xəbəri
yox... Bir tərəfdə toy-bayram edirlər ki, Elçin ilə
Anar düşməndir, o biri tərəfdə də Anarla
Elçinin bu dırnaqarası “düşmənçilikdən”
xəbəri yoxdur, hərəsi öz işində və
gözəl gənclik illərindən gələn o dostluq da
eləcə öz axarı ilə davam etməyində!.. Yaxud, mən yazıram ki, son illərin bədii təsərrüfatı,
ədəbi prosesin vəziyyəti qurultayda geniş müzakirə
olunsun, intriqalardan, qərəzçilikdən uzaq ədəbiyyat
söhbəti aparılsın. Aydın məsələdir
ki, söhbət ədəbiyyatın ətrafındakı
intriqalardan, qərəzçilikdən, kin-küdurətdən
gedir. Həmin qəzetlər nə
yazır? “Elçin Yazıçılar
Birliyindəki intriqadan danışır!” Yazıçılar
Birliyi katibliyinin verdiyi təkzib göstərdi ki, hətta
falsifikasiyaya da gedirlər. Bir sözlə, bu tipli
yazılar bir daha sübut edir ki, ədəbi proses xəstədir,
ona virus düşüb və sözə hörmət edən
hər bir kəs öz imkanları daxilində onu
sağaltmağa səy göstərməlidir. Aqil
Abbas “Ədalət” qəzetində mənə müraciətlə
deyir ki, Elçin müəllim, hamının ürəyində
söz var, amma bilirsiz niyə yazmırlar? Qorxurlar,
o saat deyəcəklər ki, Yazıçılar Birliyinə
sədr olmaq istəyir. Və Aqil düz
deyir. Azərbaycanda bir qism mətbuatın əsas
mövzusu kimin hansı vəzifədə olması, yaxud
olacağı ilə bağlı ajiotajdır. Ancaq necə olsun? Hamımız
susaq, çünki şər atacaqlar ki, sədr olmaq istəyir?
Susaq, çünki Yazıçılar Birliyindən
yazmaq yalnız bir qism – onların haqqında indicə
danışdım – mətbuat orqanının
monopoliyasıdır? Təəssüf ki,
bu gün bizim ədəbi tənqidimiz Balzakın Manervilinə
oxşayır, onun kimi iradəsizdir. Tənqidimizdə
də, ədəbi prosesdə də bu gün məhz iradə
çatışmır. Ədəbi
prosesimizdə ekoloji təmizlik çatışmır. Bax, qarşıdan gələn qurultayda geniş və
əhatəli ədəbiyyat söhbətinin
aparılmasını mən bir də elə ədəbi
prosesin belə bir xəstəliyinə görə istəyirəm.
Bu xəstəlik yazıçıların
qurultayında da müzakirə olunmayacaqsa, harada müzakirə
olunacaq? Nə isə... Vaxt tapıb bu barədə
ayrıca danışarıq.
– Siz Birliyin
üzvlərinin sayı barədə
narahatlığınızı da bildirmişdiniz.
– Bəli, düz deyirsiz. 1500-1600 rəqəmi qeyri-ciddidir. Qurultayda bunu da müzakirə etmək və optimal
bir çıxış yolu tapmaq olar. Mən
istəyirəm ki, Birliyin hər bir üzvü bir tərəfdən
öz yaradıcılığı ilə bu
üzvlüyü doğrultsun, o biri tərəfdən də
həmin üzvlüyün qədrini bilsin, Birliyi qiymətləndirməyi
bacarsın. Mənim əziz dostum, gözəl
şairimiz Fikrət Sadığın oğlu, özü də
istedadlı adam olan Orxan Fikrətoğlu müsahibə verərək
deyir ki, mən Yazıçılar Birliyinin üzvüyəm,
ancaq onların heç bir iclasına getmirəm, bu Birlikdə,
onun ətrafında toplanmış “icazəli
yazıçılardan” deyiləm. Orxan müəllim
belə düşünür və yaxşı ki, düşündüklərini
içində saxlamır, açıq deyir. Bu, mənim
xoşuma gəlir, ancaq elə bilirəm ki, bu zaman
Yazıçılar Birliyi də Orxan Fikrətoğlunu dəvət
edib, deməlidir ki, hörmətli Orxan müəllim, sizin bizə
ehtiyacınız olmadığı kimi, bizim də sizə
ehtiyacımız yoxdur, xahiş edirik, üzvlük biletinizi
geri qaytarasınız, özünüzə də
yaradıcılıq uğurları arzulayırıq. Vəssalam!
– Elçin müəllim,
dediyiniz həmin qəzetlərdə bəzən sizin
haqqınızda da qərəzli yazılar dərc edilir...
– İndi kimin
haqqında qərəzli yazılar dərc edilmir ki? Bilirsiz, necədir?
Əvvəllər mənim üçün
maraqlı idi, o yazıları gözdən keçirirdim.
Ancaq çox az müddətdən sonra, o
maraq tamam itdi və mən o yazıları oxumağa qətiyyən
vaxt sərf etmirəm. Yazırdılar ki,
Elçin vəzifəsinə görə elmlər doktoru olub.
Yaxud, yadıma gəlir, yazmışdılar ki, Elçin
pantürkizmin tarixini bilmir, çünki “Hökmdarın
taleyi” kinopovestində surətin dilindən “pantürkizm” ifadəsi
işlədib. Bilirsiz, nə yadıma
düşdü? 80-ci illərin əvvəlləri
idi, “Pravda”da bir rus tənqidçisinin Qərb ədəbiyyatını
ifşa edən məqaləsi çıxmışdı.
Dürrenmattın qədim Romadan bəhs edən
bir pyesində iki personaj bir-biri ilə telefonla
danışır. Həmin bədbəxt tənqidçi
isə hiddətlənirdi ki, qədim Romada telefon yox idi, deməli,
Dürrenmattın qəhrəmanları telefonla danışa
bilməzdi! O vaxt “Literaturnaya qazeta”dakı məqalələrimdən
birində bu felyetonvari hadisəni misal gətirmişdim, amma
redaksiya həmin yeri ixtisar etmişdi. “Pravda”
toxunulmaz idi. Mən hələ xeyli əvvəl, 1970-ci
ildə, lap cavan vaxtlarımda “Müasir Qərb dramaturgiyasında
şərtilik” adlı məqalə yazmışdım, onu
cildlərimin son nəşrinə də daxil etmişəm. Bir gülməli hadisə də yadıma
düşür. Vaxtı ilə rəhmətlik
Məmməd Rahim “Xaqani” adlı bir pyes yazmışdı.
Bir səhnəsində qəhrəmanlar
badımcan yeyirdilər. Artıq həyatda
olmadığı üçün adını çəkmək
istəmədiyim tanınmış bir ədəbiyyatşünas
məqalə yazaraq, pyesin bədii-estetik kəsirlərini bir tərəfə
qoyub, sübut etməyə çalışırdı ki, XII
əsrdə Azərbaycanda badımcan olmayıb. Bax, bu cür bəsitliyə, primitivliyə görə
də haqqımda yazılan o tipli yazılar mənim
üçün tamam mənasız bir şeydir. O ki,
qaldı doktorluğa, bu hadisəni də hardasa
yazmışam, ancaq yenə də yadıma düşdü. Mən 24 yaşında 500 səhifəlik namizədlik
dissertasiyası yazdım. Bir müddət növbə
gözləyib, müdafiə edəndə, Məmməd Cəfər
Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov kimi şəxsiyyətlər
təklif etdilər ki, bu monoqrafiyaya görə birbaşa
doktorluq dərəcəsi verilsin. Sənədləri
təsdiq üçün Moskvaya göndərəndə, məlum
oldu ki, sənədlərdən əvvəl ora Bakıdan
anonim məktublar gedib ki, bu dissertasiyanı Elçin yox,
atası İlyas Əfəndiyev yazıb. Sonradan
o məktublar bizim Akademiyanın o vaxt yeni seçilmiş
prezidenti Həsən Abdullayevə göndərildi, yəqin
oranın arxivində durur. Rəhmətlik İlyas Əfəndiyev
gülə-gülə deyirdi ki, mənim dissertasiya yazmaq həvəsim
və hövsələm olsaydı, indiyəcən elə
özüm üçün yazardım də!..
Hüseyn Ərəblinski haqqında pyesi işləyəndə
o dövrün mətbuatını bir də vərəqlədim.
Onun haqqında nələr yazmayıblar? Nə böhtanlar atmayıblar, yalanlar
quraşdırmayıblar?! Nə etmək
olar, bu da azad mətbuatın bir təmayülüdür.
Yüz il bundan əvvəl də belə
olub, bu gün də belədir, yüz il bundan sonra da beləcə
davam edəcək. Baxın, Üzeyir bəyə hansı
qaralar yaxılmayıb?.. Hətta
senzuralı sovet mətbuatında Molla Pənah Vaqifi “saray
aristokratiyasının şairi” adlandıranlar indi hardadır?
Vaqif isə yaşayır və yaşayacaq.
Qeyd. Mən bu müsahibəyə
hazırlaşanda kitabxanada Elçin müəllimin
biblioqrafiyası ilə, onun haqqındakı materiallarla
tanış olarkən, öyrəndim ki, Kamal Abdulla, Saday
Budaqlı, Rövşən Mustafazadə, Kamil Vəliyev, Rəhim
Əliyev, Vaqif Yusifli, Rafiq Tağı, Fəxri Uğurlu, həyatdan
nakam getmiş İsmayıl Hacıyev, Fərid və başqa
yazıçıların, şairlərin, tənqidçilərin
ilk yazıları, kitabları Elçin müəllimin
uğurlu sözü, ya müqəddəməsi, ya elmi redaktəsi
ilə çap olunub. Mövlud Süleymanlının, yaxud
Vaqif Cəbrayılzadənin Moskvada rus dilində ilk
kitabları Elçin müəllimin ön sözü ilə
nəşr olunub. Özündən sonra gələn
ədəbi nəslin formalaşmasında Elçin müəllimin
böyük rolu olmuşdur. Elə buna
görə də aşağıdakı sualı verdim.
– Elçin müəllim,
siz vaxilə Rasim Qracanın şeirləri haqqında məqalə
yazmışdınız. Məncə, bu, onun
haqqında yazılmış ilk məqalə idi. Bir çox oxucular, eləcə də mən
özüm, bu imzanı sizin məqalənizdən sonra
tanımışıq. Sualım bəlkə
xoşunuza gəlməyəcək, ancaq verirəm. Siz indi o məqaləyə görə təəssüf
etmirsiz ki?
– Əlbəttə, yox! Nə üçün təəssüf etməliyəm?
Məni tanıyanlar bilirlər ki, yazdığını
danan, ya da fikrini dəyişən adam deyiləm.
Mən bu şəxsi tanımıram. Təxminən
10-12 il, bəlkə, bir az da çox, bundan qabaq mətbuatda
ilk dəfə onun imzasını gördüm, şeirləri
diqqətimi cəlb etdi, oxudum, mənə təzə və
maraqlı gəldi, fikirlərimi yazdım, səhv etmirəmsə,
“525”-də çap olundu. Sonra bu şəxsdən
təşəkkür məktubu aldım. Yadıma
gəlir, səmimi yazılmış təsirli bir məktub
idi. Hər halda yəqin o zaman təəssüratım
belə olub ki, məktub indiyəcən yadımda qalıb.
Güman edirəm ki, hardasa arxivimdə qalıb.
Bir müddətdən sonra mənə bir jurnal
gətirdilər, orada bu şəxsin ədəbiyyat
haqqında söylədiklərini oxudum. Bir
tərəfdən bəsit, o biri tərəfdən də
iddialı fikirlər idi. İddia söylədiyin
fikirlərin səviyyəsi ilə özünü
doğrultmursa, bu – ciddi bir şey deyil və ədəbiyyatla
bağlı ciddi olmayan nəsə mənim üçün
tamam maraqsızdır. Bundan sonra o imzaya da
marağım itdi. İndi nə yazır,
yazmır, xəbərim yoxdur. Gəlin,
daha bu tipli yazılar mövzusuna vaxt sərf etməyək.
Hansı bir müsahibəmdə isə dediyim bir fikiri təkrar
edirəm: əgər mənim haqqımda belə yazılar,
qarayaxmalar, böhtanlar, şayiələr mənim
yaradıcılığıma və fəaliyyətimə təsir
edə biləcəksə, onda yaxşı edirlər
yazırlar!
Qeyd. Ən gənc
vaxtlarından etibarən Elçin müəllim haqqında
çox yazıblar. Tənqidimizin Məmməd Arif, Həmid
Araslı, Mir Cəlal, Mirzə İbrahimov, Kamal Talıbzadə,
Əziz Mirəhmədov, Mehdi Məmmədov, Yəhya Seyidov,
Yaşar Qarayev və b. kimi görkəmli simaları
Elçin yaradıcılığını yüksək qiymətləndiriblər.
Böyük yazıçımız İsa Hüseynov
(Muğanna) üzünü ədəbiyyatımıza
ağız büzənlərə tutub, yazırdı:
“Elçinin məşhur “Ölüm hökmü” romanı
Azərbaycanın düşmənlərinə ölüm
hökmü oxuyursa, o böyük epik əsər həm də
keyfiyyətcə parlayırsa, siz nə cəsarətlə
müasir ədəbiyyata ölü deyirsiniz?” Elçin
müəllimin əsərləri bu gün də diqqət mərkəzindədir.
Professor Nizaməddin Şəmsizadənin
yazdığı kimi, “Azərbaycan xalqının tarixi-mənəvi
varlığını, bədii sözü ədəbiyyat aləmində
inadkar inamla qoruyan, əks etdirən yazıçı və tənqidçilərdən
biri çağdaş Azərbaycan ədəbiyyatının
canlı klassiki Elçindir.”
– Elçin müəllim,
son vaxtlar ayrı-ayrı yazıçılar müsahibələrində,
çıxışlarında özləri öz əsərlərini
tərifləyirlər. Siz məqalələrinizdən birində
bu cəhətə diqqət yetirmisiz...
– Düz deyirsiz. Bizim ədəbi
prosesdə yeni bir “janr” yaranmaq üzrədir: özünütərif.
Bu “janr”ı, əlbəttə, ədəbi-bədii
qadirsizlik yaradır. Əgər sən bu
gün bədii söz deyə bilmirsənsə, bunun daxili, bəlkə
də təhtəlşüur əzabını,
iztirabını çəkirsən, həmin əzabın,
iztirabın ifadəsi kimi, özünütərif meydana
çıxır. Ya da
özünüreklam. Folkner deyirdi ki,
Heminquey öz həyat tərzinin rejissorudur. Heminqueyin xoşbəxtliyi ondadır ki, həmin
rejissor həyatdan getdikdən sonra da yazıçı kimi
yaşayır, çünki yazıçı kimi qadir idi.
Yazıçı kimi qadir olmayanlar isə o
rejissor gedəndən sonra, yox olacaqlar. Yəqin
onlar üçün yeganə təsginlik odur ki, XV
Lyüdovikin dediyi kimi, “bizdən sonra – istəyir dünya
dağılsın!” Yadıma Mehmet Akif Ersoyun iki
misrası düşür:
Rahmetle anılmak... Ebediyet
budur amma,
Sessiz yaşadım, kim beni nereden bilecektir?
Özünütəriflə
məşğul olanlar bu misraların mənasını, deyəsən,
düzgün anlamır...
Qeyd. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev 2005-ci ildə Elçin müəllimə
“İstiqlal” ordenini təqdim edərkən demişdir: “Siz uzun
illər Heydər Əliyevlə birilikdə yüksək vəzifədə
işləmisiniz. Onun sizə münasibəti
çox müsbət olubdur. Artıq bir
ildən çoxdur ki, biz birlikdə işləyirik. Mən də birgə fəaliyyətimizdən
çox razıyam. Həm hökumətdə,
həm də ictimai həyatda sizin böyük rolunuz
vardır.”
– Elçin müəllim,
siz adətən, yazıçı kimi müsahibə
verirsiniz. Bu, əlbəttə, başa
düşüləndir. Artıq ədəbi
tənqid sizi “canlı klassik” adlandırır. Siz özünüz də həmişə demisiz ki,
hansı vəzifədə çalışsanız da, ilk
növbədə yazıçısınız. Ancaq eyni zamanda, xalqımız sizi həm də
görkəmli ictimai xadim, yüksək dövlət vəzifəsi
tutmuş bir şəxs kimi tanıyır. Bu istiqamətdə də bir neçə sual vermək
istəyirəm, xahiş edirəm cavablandırasınız.
– Buyurun.
– Siz Baş
nazirin müavini kimi mədəniyyət sahəsində nəyi
müstəqillik dövrümüzün ən böyük
nailiyyəti hesab edirsiniz?
– Ən böyük nailiyyətimiz
odur ki, biz bütün çətinliklərə, təcavüzlərə
baxmayaraq, Mirzə Fətəlinin və Mirzə Cəlilin,
Sabirin və Cavidin, Üzeyir bəyin və Qara Qarayevin, Fikrət
Əmirovun və Niyazinin, Bülbülün və Şövkət
Məmmədovanın, Rəşid Behbudovun və Vaqif
Mustafazadənin, Qəmər Almaszadənin və Leyla Vəkilovanın,
Hüseyn Ərəblinskinin və Hökumə Qurbanovanın,
Mikayıl Abdullayevin və Tahir Salahovun, bir çox
başqalarının adı ilə bağlı olan milli-bəşəri
mahiyyətli çağdaş mədəniyyətimizi qoruyub
saxladıq. Qətiyyən hissə qapılmadan deyirəm ki,
müasir Azərbaycan mədəniyyəti bütün islam aləminin ən qabaqcıl mədəniyyətidir.
Azərbaycan simfonizmi, cazı, rənggarlığı,
ifaçılığı ən yüksək Avropa göstəricilərinə
malikdir. Bu gün isə bu mədəniyyət
nəinki qorunub saxlanıb, o, inkişaf edir.
– Nəhayət, Qarabağ məsələsi.
Nə düşünürüz, Elçin
müəllim? Necə olacaq?
– Düşmən dünya
siyasətinin ikili standartları kontekstində
özünün açıq və gizli himayədarları və
zəngin, nüfuzlu diasporu, lobbisi ilə bir yerdə
güclüdür. Bu gerçəklikdir. Ancaq mən bütün varlığımla tam bir
inam içindəyəm ki, Qarabağ daxil olmaqla Azərbaycanın
ərazi bütövlüyü bərpa olunacaq və həmin
gün uzaqda deyil. Bu inamı Prezident
İlham Əliyevin yürütdüyü siyasət,
yaratdığı hərbi potensial, onun bir insan kimi xarakterindəki
sözübütövlük, prinsipiallıq, iradə və cəsarət
yaradır. Bu inamı məndə ordu
quruculuğunda görülən böyük işlər və
tarixi məsuliyyət hissi yaradır. Bu
inamı məndə Qarabağla bağlı
xalqımızın birliyi və əzmkarlığı
yaradır.
– Nəhayət, sonuncu
üç ənənəvi sualdan birincisi. Xalqımız
Elçini böyük yazıçı, eyni zamanda da
böyük oxucu kimi tanıyır. Son
vaxtlar nə oxumusunuz?
– Dediyim kimi, mən
Müşfiq haqqında sənədli povest üzərində
işləyirdim. Bununla bağlı son iki-üç ildə ən
çox oxuduğum keçmiş sovet rəhbərlərinin,
KQB məmurlarının memuarları, sovet repressiya sistemi
haqqında sənədlər, 1930-cu illərin mətbuatı,
Politbüro iclaslarının, KQB arxivlərinin dərc
edilmiş materialları, Lenin, Stalin, Beriya, Yaqoda, Yejov,
Bağırov, Abakumov, Sumbatov-Topuridze, Kabulov qardaşları və
b. haqqında elmi və publisistik araşdırmalar olub. Təəssüf ki, bədii ədəbiyyatı əvvəlki
qədər oxuya bilmirəm. Rus ədəbiyyatından
sonuncu oxuduqlarım Tatyana Tolstayanın “Kıs” romanı və
Viktor Pelevinin “Həşəratların həyatı”
povestidir. Azərbaycan ədəbiyyatından
sonuncu oxuduğum isə Məmməd Orucun səriştəli
tərcüməsində Gülşən Lətifxanın “Azər
və Aida” romanıdır. Orasını
da deyim ki, mən köhnə dediktiv həvəskarıyam.
Hərdən, əlimə düşəndə,
oxuyuram.
– Elçin müəllim həyatda
ən çox nəyi qiymətləndirir?
Qeyd. Elçin müəllim bir az fikirləşir.
– Düzlüyü.
Qeyd. Bu cavabı isə
dərhal verir.
– Nadanlıq və cahilliyi.
Elçin
müəllimlə müsahibə sona çatır. Böyük
başqırd şairi Mustay Kərim “Mahmud və Məryəm”
romanını oxuduqdan sonra “Açıq məktub”unda
yazırdı: “Əziz Elçin! “Mahmud və Məryəm” həm
fəlsəfi konsepsiyasının dərinliyi, həm də bədii
ifadə baxımından məndə böyük təəssürat
yaratdı. Siz əsl ustadsınız!”
Mənim böyük arzum bu müsahibəni
davam etdirmək, ustada ədəbiyyat, sənət, həyat
haqqında suallar vermək və onun cavablarını bir kitab
halında oxuculara təqdim etməkdir. Əminəm
ki, həmin kitab oxuculara gözəl hədiyyə olacaq.
Müsahibəni professor Nizami Cəfərovun
sözləri ilə bitirirəm. Nizami Cəfərov
Elçin müəllimin yubileyində onu təbrik edərək.
yazırdı: “Hörmətli Elçin
müəllim! Sizi, Azərbaycan ədəbiyyatının
canlı klassikini ürəkdən təbrik edir, ədəbiyyatımızın,
milli-ictimai təfəkkürümüzün inkişafı
naminə bundan sonra da böyük yaradıcılıq
uğurları arzulayıram.”
Müsahibəni Könül Vəlibəyli apardı
525-ci qəzet.- 2010.- 7 aprel.- S.6.