Mükəmməl ziyalı

 

Ağdamın mükəmməl ziyalılarından biri də Bəbir Hüseynovdur. Onu on ilə yaxın bir zaman kəsiyində hər yerdə, hər zaman bir formada, bir məzmunda görmüşəm. Rayon qəzetinin redaktoru çox məsul, müdrikliyilə sayılıb – seçilən bir vəzifə idi. Bəbir müəllimin şəxsiyyəti bu tələbi bütün parametirlərilə özündə ehtiva edirdi.

Mən bir çox yazılarımda Ağdam və ağdamlılar haqqında onların özünəməxsus keyfiyyətləri, təzadları barədə münasibət bildirmiş, xüsusilə bu rayonun çox yüksək səviyyəli ziyalılarından söhbət açmışam... Son yazılarımdan olan “Xanış Məmmədova açıq məktub”umda (525-ci qəzet, No.5,(3013) 12.01.2010 “Ziyalı” sözünün yüksək, “İşıqlı adam” dəyəri barədə ətraflı danışmış, Xudu Məmmədov, Famil Mehdi, Rafiq Əliyev kimi böyük müdriklik mücəssəməsi olub, Ağdamın iftixarına çevrilən şəxsiyyətlərin qısa obrazını yaratmağa cəhd göstərmişəm. Bu yazıya görə çoxsaylı təriflər səslənib, İnternet saytlarında ən çox oxunan yazılardan biri kimi qəbul olunmuşdur. Kamil şəxsiyyət və ziyalı üçün ən vacib olan tələblərdən birisi onun daşıdığı vəzifənin səviyyəsində dayana bilməsidir.

Qəzet redaktorluğu, jurnalistik isə bu baxımdan xüsusilə xarakter məna daşıyır. Bu vəzifəni yerinə yetirmək üçün hər şeydən əvvəl onun kamil savadı olmalıdır. Bəbir müəllimdə bu keyfiyyət qədərində idi.

Digər tələb ondan ibarət idi ki, gərək o, dövlətçiliyi, onun aparıcı siyasi qüvvəsi olan bir təşkilatı təmsil edib onun xətti-hərəkatını təhrif etmədən qoruyub saxlaya bilsin.

Bəbir müəllimdə bu dəyanət də lazımi səviyyədə idi. Qəzet redaktoru və jurnalist yaddan çıxarmamalıdır ki, o, xalqımızın varlığını əks etdirən, onun ən böyük nailiyyəti olan dilimizin təmizliyini, onun ədəbi-bədii gözəlliyini əks etdirsin. Bəbir müəllim özünün savad-bilik keyfiyyətlərilə bu tələbi də yerinə yetirirdi. Daşıdığı vəzifə ondan rayonda cərəyan edən hadisələrə qərəzsiz, prinsipial, xidmət etdiyi siyasi partiyanın xətti-hərəkatına cavab verən istiqamətdə cavab verə bilməyi tələb edirdi. Bəbir müəllim üçün bu tələbin yerinə yetirilməsi üçün xüsusilə çox ciddi müdriklik, analitik təfəkkürün kamil daşıyıcısı olması, adamları mükəmməl tanıya bilməsi, müxtəlif təsirlərdən özünü qorumaq bacarığı tələb olunurdu.

Bu yerdə bir ricətə çıxmaq, elə bilirəm yerinə düşər. Mən Ağdama gələrkən bir vəziyyət məni xüsusi dəhşətə gətirmişdi. Hansı səbəbdənsə rayonda yaradılmış quruplaşmalar qeyri-sağlam əhval-ruhiyyə olmaqla rayonun işinə çox böyük zərər vururdu. İş o yerə çatmışdı ki, rayonun rəhbər qəbilədən olan adamları və ayrı-ayrı qruplara rəhbərlik edən, illərlə biri-birilə danışmayan rəhbər işçiləri də var idi. Mən bu vəziyyəti öyrənəndən sonra rayon partiya komitəsinin bir plenumunda bunu kəskinliyilə qoydum, ayrı-ayrı qruplara rəhbərlik edən, bu səbəbdən bir-biri ilə küsülü olan rəhbər işçilərdən ən kəskin məsuliyyət tələb olundu. Məsələnin qoyuluşu hamı tərəfindən alqışlandı. Bu davranış müqabilində “hətta rayonumuza sülh katibi” gəlib adı ilə bir deyimdə yayıldı. Bu xəttin qorunub saxlanılmasında Bəbir müəllimin rəhbərlik etdiyi rayon qəzetinin tutduğu prinsipial mövqe çox böyük səmərə verirdi.

Rayonda çoxsaylı təşəbbüslər, bunların həyata keçirilməsi üçün rəngarəng tədbirlər baş alıb gedirdi. Heç şübhəsiz rayon qəzeti bütün bunların təbliğatçısı, güzgüsü kimi böyük rol oynamalı idi. Bunun üçünsə redaktorun səviyyəsi, məharəti, hadisələrdən baş çıxarmaq məharəti həlledici idi və Bəbir müəllim bunun öhdəsindən ləyaqətlə gəlirdi .

Yaddaşımda qalan bir məqamı da qeyd etmək yerinə düşər. Redaksiyanın əməkdaşları, jurnalistlər arasında öz davranışları ilə narahatlıq yaradan adamlar da var idi. Bəzi hallarda bu davranışlara rayon partiya komitəsi səviyyəsində qarışmalı olurduq. Lakin bütün hallarda Bəbir müəllim böyük təmkin göstərər, hər şeyi yoluna qoymağı bacarardı. Mən qətiyyətlə təsdiq edə bilərəm ki, Bəbir müəllim ləyaqətli davranışları, təvazökarlığı, təmizliyi, mədəniyyəti, təmkinliyi heç bir dedi-qoduya məhəl qoymaması, yeri gələndə prinsipial mövqe ilə rayonda heç bir irada tuş gəlməyən çox nadir adamlardan biri idi.

Ulu Peyğəmbərimiz bir hədisi –şərifində deyilir: “iş görəndə cəld ol, lakin tələsmə”. Rayon qəzeti və onun redaktoru üçün bu hikmət çox xarakterlidir. Yəni qəzet səhifələrində çıxan hər şey vaxtı itirmədən öz əksini tapmalı, lakin tələsikliliyə də əsla yol verilməməli idi. Bəbir müəllim bu formulanı da çox məharətlə həyata keçirə bilirdi. Bəbir Hüseynovdan, onun deyilən və deyilməyən məziyyətlərdən danışarkən hər şeyin başında dayanan insanın bütün mənəvi keyfiyyətlərinin əsasında duran, onu bütöv bir insan kimi formalaşdıran aparıcı faktor olaraq onun əxlaqını önə çəxməliyik. Əxlaq müqəddəs kitabımız Qurani-Kərimin 29 ayəsində öz ifadəsini tapıb. Və ümumiyyətlə Quranın elə bir ayəsi yoxdur ki, insanları pak olub doğru yola çəkməsin. Yalan insan əxlaqını pozan iyrənc keyfiyyətlərdən biridir. Mən insanları, xüsusi ilə rəhbər kadrları öyrənərkən (bu mənim ən başlıca borcum idi) onların səmimiyyətini, yalan danışıb danışmamasını önə çəkərdim. Hətta belə hallara təsadüf edirdim ki, illərlə yaxşı tanıdığım əməli işinə yüksək qiymət verdiyim bir kəsin yalan danışdığına əmin olarkən gözümdən düşər, hətta işində təqdir olunmalı cəhətlər də olsa ona tərif söyləməyə lazım gəlməzdi, söyləyəndə ürəyimdə bir nisgil qalardı. Bəbir müəllim tez-tez görüşdüyüm rəhbər kadrlardan idi və onun bir dəfə də bu iyrənc keyfiyyətə əl atdığı yadıma gəlmir. Bunu ona görə deyirəm ki, yalanın iyrəncliyi həm də onda özünü göstərir ki, heç zaman insanın yadından çıxmır. Çünki, bu insan münasibətlərində əvəzsiz olan səmimiyyətə elə ləkə salır ki, bunu təmizləmək çox çətin olur.

Böyük islamşünas alimlərdən olan Əhmədağa Əhmədovun “İslam əxlaqı” kitabında Şeyx Sədidən gətirdiyi bir misal çox ibrətamizdir”. Əxlaqsız öz nəfsinin istəyinə görə elə iş tutar ki, onu düşmən də düşmənə rəva bilməz. Nəfsini saxlaya bilməyən adam əxlaq sarıdan naqiz adamdır.

Bəbir müəllimin vəzifəsi isə nəfsin toxluğunu tələb edən çox məhsul vəzifələrdən biri idi və mən cəsarətlə deyə bilərəm ki, o, bu sahədə də öz təmiz əxlaqını hər zaman qoruyub saxlayan kadrlardan idi. Yalanla yanaşı yaltaqlıq, məddahlıq, qiybət, nifaq, hiylə, xütbəsənlik, paxıllıq, qəzəb və s. keyfiyyətlər də insan əxlaqının ciddi qüsurlarından xəbər verir və Bəbir müəllimdə bunların heç birini tapmaq mümkün deyildi. Bəbir müəllim əqli keyfiyyətləri ilə kamil bir ziyalıdır. Ağıllı adam kimi heç vaxt Allah yolundan sapınmır. Çünki ağıl Allahın insanalara bəxş etdiyi, onları başqa canlılardan fərqləndirən ən əvəzsiz ərməğandır və bunun qədrini bilməyən adamlar heç zaman cəmiyyətdə kamil bir insan kimi nüfuz sahibi ola bilməz.

Bəbir müəllim Ağdamda nüfuz qazanmız bir ziyalı, bu da onun Allahın bu böyük bəxşeyşinə sədaqətinin nümunəsi idi.

Qurani-Kərimdən bəhrələnən böyük müdriklər ağıla çox rəngarəng təriflər vermişlər. Bu təriflərdən bəzilərini yada salıram:

– Ağıl sadiq bir dostdur, hər şeydən ibrət alır.

– Ağıl sevdiyi bəndələrinə təmiz qəlb, yaxşı əxlaq, doğru ağıl ehsan edir.

– Ağıl oddur ki, qəlbi şübhələrdən, gözü harama baxmaqdan qoruyur.

– Ağıl yaradıcısının qulu, gözəl əxlaqın sultanıdır.

– Ağıl nurlu bir gözdür.

–Ağıl insan ruhunun başlanğıcı, irfan (bilik) əhlinin qəlblərinin həyanıdır və s.

Mən bu hikmətləri sadalayarkən elə bilirəm ki, Bəbir müəllim bütün bunları dərk edib, öz ağlının və qəlbinin süzgəcindən keçirməyə qadir bir insandır. Bəbir müəllim mənim Ağdam yaddaşında qalan ən ləyaqətli adamlardan biridir və ona görə də ona layiq sözlər seçib qələmə almağa cəhd etdim. Deyə bilmədiklərimi yəqin başqa adamlar deyəcəklər.

 

 

Sadıq MURTUZAYEV

 

525-ci qəzet.- 2010.- 7 aprel.- S.2.