Elbrus Şahmarın
“Ömürnamə”si
Dünən Yazıçılar Birliyində (AYB) yazıçı-publisist Elbrus Şahmarın “Ömürnamə” kitabının təqdimatı və 65 illik yubileyi münasibətilə görüş olub. AYB-nin Ədəbiyyatı Təbliğ Bürosunun təşkilatçılığı ilə keçirilən görüşü sözügedən büronun direktoru, şair Nazim Əhmədli açaraq, yubilyarın həyat və yaradıcılıq yoluna nəzər salıb: “Elbrus Şahmar Bakı Mədəni Maarif Texnikumunu, Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq və hüquq fakültələrini bitirib. 1968-ci ilin fevralından 2000-ci ilin martına kimi daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O həm də narahat yazıçı ömrü yaşayan bir sənətkardır. Zəhmət və istedadının nəticəsi olaraq, indiyədək neçə-neçə kitabı işıq üzü görüb”.
AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev E.Şahmarın təqdim olunan kitabının oxucular tərəfindən rəğbətlə qarşılanacağına inandığını bildirib.
Professor Zahid Quliyev E.Şahmarın həyatda olduğu kimi yaradıcılığında da milliliyə böyük önəm verdiyini qeyd edib: “Onun əsərlərini oxuyarkən görürük ki, müəllif haqqı yüksək dəyərləndirir, həqiqətin tərəfindədir, oxucuları da bu yönə istiqamətləndirməyə çalışır. Elbrus yaşadığı regionu yaxından tanıyan yazıçılardandır. Ona görə də onun əsərlərindəki xəlqilik, vətənpərvərlik oxucunun diqqətini cəlb etməyə bilməz”.
Şair Musa Yaqub E.Şahmarın əsərlərində bütöv bir Azərbaycan mənzərəsinin açıldığını söyləyib: “O xalqı ilə nəfəs alan yazıçıdır, əsərlərində vətənə sevgi hissləri qabarıq şəkildə özünü göstərir”.
Tədbirdə çıxış edən şairlər İlyas Tapdıq, Ramiz Rövşən, Mahirə Abdulla, yazıçı Aqşin Babayev və başqaları E.Şahmarın yaradıcılığını, müraciət elədiyi mövzuların zamanla səsləşməsini, aktuallığını yüksək qiymətləndiriblər.
Sonda çıxış edən müəllif təqdim olunan kitabı haqqında ətraflı məlumat verib: “Ömürnamə” kitabımda zaman-zaman müşahidə etdiklərimi, həyatım boyu baş vermiş maraqlı hadisə və əhvalatları, düşüncələrimi, öncə Şərqin, sonra islam aləminin, türk dünyasının və Azərbaycanımızın söz və ürfan əhlinin dəyərli fikirlərini, eləcə də müqəddəs kitablardan seçmə kəlamları verməyə çalışmışam. Bu kitabımı yaradıcılığımın mizan-tərəzisi kimi oxucu mühakiməsinə təqdim etməkdən çox məmnunam”. Yubilyar bu tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirməyi də unutmayıb, bunu öz şəxsiyyətinə və yaradıcılığına diqqətin ifadəsi olaraq dəyərləndirib.
SARA
525-ci qəzet.- 2010.- 8 aprel.- S.7.