Kitab mədəniyyətimizin
fədakar tədqiqatçısı
Dünyada əbədi qalan bir şey var: içində HƏQİQƏT yazılmış KİTAB! Dünyada kitab yazmaqdan böyük əməl, tükənməz səadət yoxdur. Kitab haqqında kitab yazmaq isə daha böyük xoşbəxtlikdir. Anadan olmasının 70 illiyi tamam olan İmaməddin Zəkiyev belə xoşbəxt Azərbaycan alimidir. “Yazıçı və kitab”, “M.F.Axundov və kitab mədəniyyəti”, “Əsrlərin əks-sədası”, “Azərbaycan kitabının inkişaf yolu (Qədim dövrdən XIX əsrin sonuna qədər)”, “Azərbaycanda nəşriyyat işi”... bir sözlə, on kitabın, 300-ə qədər şeir, oçerk, feleyton, ədəbi-tənqidi, fəlsəfi-publisistik məqalənin müəllifidir...
İmaməddin Zəkiyev 1939-cu ildə Qubanın Qonaqkənd bölgəsinin Cimi kəndində anadan olub, 7-ci sinifə qədər bu kənddə uşaq evində təhsil alıb. Orta təhsilini Qonaqkənd qəsəbə məktəbi nəzdindəki internatda başa vurub. Ali təhsilini Bakı Dövlət Universitetində alıb, AMEA-nın Nizamı adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, filologiya elmləri namizədi elmi dərəcəsi alıb.
O, unikal bir alim, hərtərəfli
ziyalıdır. Onun ən böyük əsəri isə hələ 2000-ci ilin yanvar ayında görkəmli ədəbiyyatşünas
və mətnşünas
alim, AMEA-nın müxbir üzvü,
professor Əziz Mirəhmədovun
rəhbərliyi və
bəndeyi-həqirin iştirakı
ilə doktorluq dissertasiyası kimi müzakirə edilib müsbət qərarla müdafiəyə buraxılmış
“Azərbaycan kitabının
inkişaf yolu (qədim dövrdən XIX əsrin sonuna qədər)”adlı monoqrafik tədqiqatdır.
Azərbaycan kitabının
tarixini, kitab mədəniyyətimiz və
çap işinin geniş mənzərəsini
əks etdirən bu əsər XIX əsrə qədər yalnız bir yazı alətindən-qamış
qələmdən istifadə
edildiyi haqqında yanlış fikirləri aradan qaldıraraq, sübuta yetirir ki, ulu əcdadlarımız
bu dövrə qədər daş qələm, metal qələm,
sümük qələm,
qrifel, üçkünc
taxta qələm, çubuq qələm, lələk qələm, qamış qələm, fırça kimi yazı alətlərindən
istifadə etmişlər.
İ.Zəkiyev bu qiymətli əsərində
qədim vaxtlarda və eramızın I-II minilliklərində Azərbaycanda
hansı yazı materiallarından istifadə
olunması məsələsinə
də aydınlıq gətirir. Gil lövhələr,
daş lövhələr,
tunc löv-hələr,
qrifel taxtaları (üstünə mum çəkilmiş
lövhələr) saxsı,
sümük, metal lövhələr,
papirus, ipək parça, perqament (inək, keçi, ceyran, bəbir dərisi) kimi materiallarda kitablar yazması əcdadlarımızın
kitab və yazı mədəniyyətinin
zənginliyindən soraq
verir. Alim qeyd edir ki,
məşhur alman səyyahı Adam Oleari Səfəvilər dövründə
Azərbaycan kitabxanalarını
gəzərkən fırça
ilə qızıl suyu və mürəkkəblə
yazılmış xeyli
kitab görüb heyrətə gəlib və nümunə üçün bir neçə səhifəni
qoparıb Almaniya hökmdarına göstərmək
üçün özü
ilə aparıb. İ.Zəkiyev fırçanın
kağızdan sonra yaranmasına dair fikrə etiraz edib göstərir ki, fırça eramızdan əvvəl, kağız isə eramızın 105-ci ilində
kəşf edilib. Fırça ilə ipək parça üzərində yazılmış
əlyazma kitabların
hərfləri barmaq boyda olub. İ.Zəkiyev
guya Azərbaycanın
XX əsrin əvvəllərinə
qədər kağızı,
qələmi, və rəngi, kartonu əcnəbi ölkələrdən
alması haqqındakı
fikirləri də təkzib edir. Azərbaycanda ilk kağız
fabrikinin XIII, XIV və
XVI əsrlərdə yaranması
haqqında üç
müxtəlif fikri “şəxsi mülahizə”
adlandıran müəllif
göstərir ki, azərbaycanlı Əlfəz
Bərməki 794-cü ildə
Bağdadda ilk kağız
fabrikini açıb...
Bu minvalla çox zəngin faktlar, ciddi elmi tədqiqat,
yüksək peşəkarlıqla
yazılmış bu monoqrafiyanın az qala hər səhifəsindən
yeni faktları misal vermək istəyirsən.
İ.Zəkiyevin “Əsrlərin
əks-sədası”kitabı və “Azərbaycan kitabının inkişaf yolu”fundamental monoqrafiyası
ali məktəblərdə
dərs vəsaiti kimi istifadə olunur. Burada kitab mədəniyyəti,
kitabxana tarixi, kitab çapı və vasitələri kimi istiqamətlər ümumi kulturoloji tariximiz kontekstində ciddi araşdırma predmetinə çevrilir.
İmaməddin Zəkiyev
illər uzunu Azərbaycan kitab mədəniyyətini, ümumən
milli mədəniyyətimizi
məhəbbətlə tədris
etmiş nüfuzlu bir pedaqoqdur. O, 1964-cü ildən bugünədək,
36 ildir ki, taleyini Bakı Mədəni Maarif Texnikumu ilə bağlayıb. Maarifçilik
(müəllimlik!) sahəsində
qüsursuz fəaliyyətinə
görə o, SSRİ maarif
əlaçısı adına,
“Tədrisdə əla
müvəffəqiyyətə görə” döş nişanına (1981), “Əmək
veteranı” medalına
(1989), “Metodik müəllim”(1992)
adlarına layiq görülüb. Bütün
bunlar adi faktlar deyil, alim ömrünün, müəllim əməlinin
göstəriciləridir. Fəqət,
ən əsası budur ki, İmaməddin
Zəkiyev müəllim
peşəsinin çətinləşdiyi
bir dövrdə, oxumaq istəməyən gənclərə milli mədəniyyətdən böyük
həvəslə dərs
deyir. Təvəzökar
qəlbində Azərbaycan
kitabının tarixi,
çap mədəniyyəti
ilə bağlı yüzlərlə faktı
hər il yeni gələn nəslin qarşısına
– auditoriyaya aparır.
Aldığı məvacib
isə (hər birimiz kimi) təkcə
yol puluna çatmır. Biz dərs
deməyə, millətin
tarixini, ədəbiyyatını,
mədəniyyətini tədqiq
etməyə məhkum
ziyalılarıq. Hazırda
İ.Zəkiyevin masası
üzərində çap
olunmaq həsrəti ilə zamanını (sponsorunu!) gözləyən
(və bəlkə də heç vaxt çap olunmayacaq!) “Zirvəyə gedən yol”, “Əziz Mirəhmədovu düşünərkən”, “Əsrlər
və əsərlər”,”Qaçaq
Mayıl” kitablarının
əlyazmaları saralmaqdadır.
İ.Zəkiyevin ən böyük əsəri ailəsidir. Onun iki oğlu, iki qızı, yeddi nəvəsi var. İki oğlu Qarabağ müharibəsi
veteranıdır. Bu da
onun vətənpərvərliyinə
əyani nümunə...
İmaməddin Zəkiyev
həm də istedadlı yazıçı
və şairdir, Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
“Qızıl qələm”
mükafatının laureatıdır.
Hələ VII-X siniflərdə
oxuduğu illərdə
oçerk və feleytonlar yazan İ.Zəkiyev 60-70-ci illərdə
o zamankı ALKGİ-nın
sərəncamı ilə
yaradılan və AYB-nin nəzdində fəaliyyət göstərən
“Gənc qələmlər”
ədəbi birliyinin sədr müavini kimi ədəbi aləmin fəal üzvlərindən olub.
80-ci illərdə isə
Mədəniyyət Nazirliyinin
yaratdığı Kitabsevərlər
Cəmiyyətinin sədri
vəzifəsində çalışıb.
Onun bir yazıçı-publisist kimi
qələmə aldığı
“Qonaqkənddən başlanan
yol”(2001) və “Ömürdən səhifələr”
(2004) sənədli povestləri
zəngin həyatı
müşahidələr əsasında
insan və zaman münasibətlərini
əks etdirən əsərlərdir.
Görkəmli sənayeçi
və ictimai-siyasi xadim, millət vəkili Vahid Əhmədova həsr olunmuş “Qonaqkənddən
başlanan yol” sənədli povesti böyük bir səmimiyyətlə yazılıb.
Bu əsəri povest yox, həm həyat
həqiqətini təcəssüm
miqyasına, həm də bədii-tarixi dəyərinə görə
sənədli roman adlandırmaq
olar.
Az adam tapılar ki, uşaqlıqda, xüsusilə
özünüdərk dövründə
– yeniyetməlik zamanı
şeir yazmamış
olsun. Lakin məhz az adam
bu ilahi həvəsi şairlik həddinə qədər
qoruyub saxlaya bilir. İ.Zəkiyevin birnəfəsə yazılmış
“Heyrət doğuran qeyrət” (Bakı, “Nurlan” nəşr. 2008) poeması mərhum ictimai-siyasi xadim Ramiz Əhmədovun ömrünün son üç
illik, əzablarla dolu xəstə həyatına, onun simasında ağrı ilə mübarizə edən insanın fiziki və mənəvi dözümünə,
qürurlu şəxsiyyətin
faciəvi taleyinə həsr olunub.
İ.Zəkiyev nəcib
ziyalı, xeyirxah və olduqca mütəvazi bir insan, zəhmətkeş və məsuliyyətli tədqiqatçı alimdir.Onun
Azərbaycan ədəbi-mədəni
mühitində heç
kimə bənzəməyən
bir yeri var. Bu yeri o öz əsərləri və xalqına təmənnasız
xidməti ilə əldə edib.
Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 8 aprel.- S.7.