Küdrü düzü
Sanki sonsuzluqdan yorulan
sükut,
Burda torpaq olub,
düzə çevrilib.
Bəlkə də ilk dəfə
burda insanın
Dilinə
“dünya” tək təzə söz gəlib.
Hayana baxırsan
çöldür, düzəndir-
Yaxın da,
uzaq da eynidir burda.
Zaman, əbədiyyət
kölgəsi bilib,
Sanki uzaq durur,
yan ötür burdan.
Sanasan düzlərin dərinliyindən,
Sükutun
sehrli nəfəsi gəlir.
Belə sonsuzluqda insan bir yana,
Daşın da
düşünmək həvəsi gəlir.
Bir iz də yox qədim
“Karvan yolu”ndan –
Qarışıb
düzlərə, qalıb bir adı.
Uzaqda sürünən
ağappaq duman,
Bəlkə də
o yolun yuxularıdır.
Göyün yaxasını
cırar ildırım,
Gur
yağış çölləri alar əlinə.
İldırım səsindən
qorxan sığırçın,
Uçub bir
qoyunun qonar belinə.
Üfüqü bir
yağış tutar ötəri,
Günün
qürubunda damcılar yanar.
Yağışda islanan
yovşanın ətri,
Qarışar
üfüqün qızartısına.
Çöllərin əbədi
yaz arzusunu
Qış
sındırmaq istər soyuq gücünə.
Çör-çöpün
dibindən işaran göy ot,
Qışın hədəsini almaz vecinə.
Uzaqdan görünən qoyun
sürüsü,
Qürubda yeriyər kölgələr
kimi
Çöllərə yayılan
at kişnərtisi,
Adama xoş gələr
al səhər kimi.
Adamın ürəyi
atlanır burda –
Üfüqdən
o yanı görmək istəyir.
Bu sonsuz aləmdə
gücsüz sözlərin,
Uşaqtək
tutmağa ətək istəyir.
Üfüqə baş qoyub
uzanan düzlər,
Sanki
kainatın bilir sirrini.
Bəlkə ona görə
çöllər bu qədər,
Bu qədər
arxayın, sakit görünür.
Xatirə
(Dünyadan cavan gedən tarixçi-alim,
şair-publisist,
dostum Aydın Səlimzadənin xatirəsinə həsr
olunur).
Ömrünü çox
cavan,cavan bitirdin
Dərdini
gizlində daşıyırıq biz.
Ölümü dostlara
görə götürdün,
Sənin
hesabına yaşayırıq biz.
Ömrün yaz
çağında,yoluna nagah,
Hardan gəlib
düşdü bu qapqara daş?
Dostların içində,bəlkə də,ən çox
Sənə
yaraşırdı yaşamaq,qardaş!
O yerdə ki,sənin
nəfəsin vardı,
Yeri dar olardı qəmin,kədərin.
Adama dərdini unutdurardı,
Yaşamaq
eşqilə yanan gözlərin.
Nərgiz ləçəyinə
düşən şeh kimi,
Ürək
qızdırardın təmizlərə sən.
Yayın ortasında əsən
meh kimi,
Necə yaraşırdın
bu şəhərə sən!
Adın dostlarının
dil-dodağından,
Bir toyda,məclisdə
silinən deyil.
Uzaqdan görünən
Babadağında
İşaran bir əlçim
qarsan,elə bil.
Ürəyində qalan
sözün əzabı,
Qönçə
arzuların yandırır bizi.
Yaza biləcəyin neçə
kitabın
Rəfdəki
boş yeri sındırır bizi.
Yenə kəndimizin
yamaclarında,
Çobanaldadanlar
bizi aldadır.
Bir vaxt çox sevdiyin kənd
qızlarının,
Yanağı
yenə də çiyələk dadır.
Sənsiz doğma yerlər
dumanda,çəndə,
Səni yada salıb,ağlayır, Aydın!
Hardasa atadan bir söz
düşəndə
Aygünün qəlbini dərd
oyur,Aydın!
Qayıdıb gələrlər
baharda yenə,
Payızda
köç edib gedən durnalar.
Niyə
harayımız yetişmir sənə?
Adamı nə
qədər gözləmək olar?
Bir gözəl,işıqlı may səhərində,
Metrodan çıxanda
görəydim səni!
Niyə oturmadın bu gün
yerində
Məclisə
baxanda görəydim səni?
Nigaran ruhunun üfüqlərini,
Aydın,qoy
heç zaman bulud almasın!
Səni biz o zaman unudarıq
ki,
Başımız
üstündə səma olmasın.
Tənha qadın A.Blokun xatirəsinə.
Bir qadın
köçmüşdü bizim binaya,
Təkcə
yaşayardi, təkcə gəzərdi.
Bir qonum-qonşunu salmazdı
saya,
Baxmazdı kim
ona dodaq büzərdi.
Sevib yaşayardı öz həyatını,
Səhər
evdən çıxıb, axşam gələrdi.
Tək-tənha
ömrünün hər saatını,
Bir səadət
dolu dünya bilərdi.
Külək yelləyərdi
boş zivəsini,
Kimsə orda
paltar görməzdi heç vaxt.
Eşitmək istərdi
hamı səsini,
Ancaq o
danışmaz, gülməzdi heç vaxt.
Əyni şux,
baxışı inam saçardı,
Baharda
sökülən dan yeri kimi.
Ona yaraşardı
bütün paltarı,
Təzəcə
dən düşən telləri kimi.
Nə yasa gedərdi, nə də
bir toya,
Nə də
bilinməzdi sevinci, dərdi.
Elə gəzərdi ki, sanki
dünyaya
Yüz dəfə,
min dəfə gəlib-gedibdir.
Yayda həyətdəki tənha
söyüdə,
Səhər
tezdən durub su verərdi o.
Qəlbində közərən
dərdini bəlkə,
Elə o
söyüdlə söndürərdi o.
Qonşular gizlində
pıçıldaşardı:
“Söyüdün
açılıb bəxtinin gözü”.
Hamı bir-birinə ürək
açardı:
“Söyüdün
söyüdlə düz tutar sözü”.
O qadın gələndən
boz binamızın,
Tamam dəyişmişdi
köhnə gərdişi.
Burda nə kasıbın, nə
keçəl qızın,
Sanki düzəlmişdi
hamının işi.
Bir payız gecəsi silkələndi
yer,
Töküldü
həyətə bütün qonşular.
Hamı
düşündü ki, o, indi gələr –
Yoxsa
ölümlə də oynamaq olar?
O gecə çoxunun
baxışı dondu,
O qadının tənha pəncərəsində,
İşığı gəlsə
də, özü gəlmədi,
Hamının istəyi
qaldı gözündə...
Bir axşam eşitdim,
köçüb-gedib o,
Çoxunun xəbəri
olmayıb bundan.
Deyirlər, bir qoca
görübdür onu,
Evdən
çıxıbdır, o, dan qızaranda.
Qonşuda yaşayan tələbə
qıza,
Şəhərdən
əbədi gedir, deyibmiş.
Bir də “həyətdəki
tənha söyüdə
Arada vaxt
tapıb, su ver”, deyibmiş.
İlk günlər
qonşular gen gəzərdilər,
Çoxu
utanardı sanki söyüddən.
Sonra elə bil ki, dəyişdi
aləm,
Söyüd
doğmalaşdı hamıya birdən.
İndi, su verməyə
söyüdə, hərdən
Az qala qonşular növbəyə
durur.
Hamı
düşünür ki, qayıdacaq o,
Yenə şux
geyimdə, üzündə qürur.
Ayrılıq
Bir azdan qaranlıq
düşəcək, tələs
Daha vaxt uzatma
“gedirəm” deyə.
Niyə üzülürsən,
onsuz da sabah,
Yenə gələcəksən
məni görməyə.
Qorxma, bu həftə də hələ
bizimdir,
Pəncərəsi
böyük bu hündür otaq.
Yenə də
boynumu qucaqlayacaq.
Od vurub yenə də yüz
xatirəyə
Yesenindən şeir deyəcəyik
biz
Daha ayrılırıq
ömürlük deyə,
Dünyanı,
taleyi söyəcəyik biz.
Əbədi ayrılıq,
hicran qorxusu
Qəmli iz salacaq büllur səsinə...
Bilirəm ki, daha
böyüyüb qızın,
Mənimlə
görüşmək ağırdır sənə.
Neyləyək, bu dünya
bizlik deyil, yox
Adətlər, qanunlar kəsib
yolları...
Bir vaxt gömsələr də
məni torpağa
Səni gözləyəcək
çöldə qollarım...
Yeddi günümüz var hələ
qabaqda,
Kədər
gözlərinə kölgə salmasın.
Bir də ki, lap gəlsin fələkdən,
haqqdan,
O hansı sevgidir sonu
olmasın? !
Bir azdan qaranlıq
düşəcək, tələs,
Daha vaxt uzatma
“gedirəm” deyə.
Niyə üzülürsən,
onsuz da sabah,
Yenə gələcəksən
məni görməyə.
Mollaisaqlı
Bir varlı toyuna düşən
kasıbtək
Adların
içində sıxılar adın.
Kəndlər var-kənd
deyil,cənnətdir,cənnət
Heyif, bu
sarıdan sən yarımadın.
Kasıb həyətlərin,köhnə evlərin,
Axşamlar
baxanda ürək ağrıdır.
Qara çəpərlərin,
elə bil, qədim
Bir qəmli
bayatı misralarıdır.
May ayı gələndə
üzünə bir az
Baharın nəfəsi
yaşıl rəng çəkər.
Elə ki, yay gəldi, quruyar
hər yan
Allah da, elə
bil, səndən əl çəkər.
Əlində qab-qacaq
uşaq, qız-gəlin
Bulağın
başında növbə gözləyər.
Dimdiyini bürkü
açan sərçənin,
Dili olsa, “mənə
su verin!”deyər...
“Kolxoz”;”sovxoz” deyib, sənin
başına
Daha
açılmayan oyun qalmadı.
Katiblər, sədrlər dəyişdi,
amma
Yolun düzəlmədi,
suyun olmadı
Üzümlük saldılar
bir vaxt, az qala,
Həyətin
ağzından üfüqə qədər.
Evlər həsrət
qaldı bir qaşıq bala –
Hər yanı
kükürdlə zəhərlədilər.
Fəsillər torpağa min
bəzək vurar,
Zamanın bircə
rəng çıxmaz yadından.
Sənin taleyinə, nədənsə
Allah
Bircə rəng
vurubdur-“zülm”adında.
Bəzən xəyalımda,
a doğma kəndim,
Yanından
dağ çayı axıdıram mən.
Sonra meşə salıb
dörd tərəfinə,
İçində
bülbüllər oxuduram mən.
Asfalt yol çəkirəm
sənə hər gecə –
Yolboyu çinarlar könül
oxşayır
Evlərə çəkdiyim
suyla qız,qoca
Yayın
istisində üzünü yuyur.
O sısqa bulağın, o
quru gölün,
Gözümdə
çağlayan çaydır, dənizdir.
O köhnə klubun, o torpaq
yolun,
Balamın
üzütək mənə əzizdir.
Nə vaxt ki, Gün
batır, yanır üfüqlər,
Dönürsən
qəlbimdə bir qırıq neyə.
Bir onu bilirəm, ölənə
qədər,
Səni
ürəyimdə gəzdirəcəyəm.
Bu adam
Bu adam
rahatca yalan danışa,
Sən də
irişəsən baxıb üzünə.
Yalandan and içə,
kükrəyib- coşa,
Susub, güc
verəsən sən də sözünə.
Yaxşı
tanıdığın, yaxın bildiyin,
Bir gözəl
adamı nahaqdan söyə.
Üzündə
müdriklik, alnında düyün,
Qırpıb
gözlərini, baxasan göyə.
Arada üzünə
yazıqlıq verib,
Qul kimi boynunu yana
əyəsən.
Hərdən də yalandan,
güclə öskürüb,
Sonra bivec-bivec
gülümsəyəsən.
Eləcə ağzına bir
kilid vurub,
Susasan, dilini tərpətməyəsən.
Sonra da dost-tanış
yanında durub,
“Dünyanın
xarabı çıxıb” deyəsən.
Cöngə
Bu cöngə bir sıxma ot görən kimi,
Sevincdən
quyruğu göydə oynayar.
Qarnına doldursan külli-aləmi,
Bu cöngənin
gözü, çətin ki, doyar.
Bu kasıb,bu
fağır kəndin gözündə
Bu cöngə
alınmaz bir qala olub.
Ayağı bu kəndə dəydiyi
gündən,
Bu cöngə
hamıya bir bəla olub.
Arıq bir keçinin
qabağındakı,
Bircə əlçim
ota tamah salar o.
Buzovun, çəpişin
ağzından çəkib,
Bir tikə
payını dartıb alar o.
Qoyun-quzu bilməz, çəpər
tanımaz,
Yoluna çıxanı
ayaqlar,əzər.
Hamı söyləyər
ki, belə yaramaz
Cöngə
görməyiblər indiyə qədər.
Hərdən ürəyindən
kişnəmək keçər,
Onda
öz-özüylə başlayar cəngə.
Atlara gizlicə baxıb,
böyürər,
Görər,
xeyri yoxdur – cöngədir, cöngə.
Böyürəndə, sanki
qara yel əsər,
Bağçaya,bostana, bağa, əkinə.
Heç kim
də şikayət etməz polisə,
Çünki
sahibindən qorxub-çəkinər.
Kənd onun əlindən gəlibdir
təngə,
Bir tikə
çörəyi olubdur zəhər.
Sahibi olmasa,bilir
ki, cöngə,
Onu diri-diri
şişə çəkərlər.
Bir oğul yoxdur ki,bu yaramazın
Ağzını,burnunu ovsun yaxşıca.
Belində beş
yaba sındırıb azı,
Qoduqluğa
kimi qovsun yaxşıca.
Bu qara cöngənin ağ qaşqasında,
Bir
yağlı güllənin yeri görünür.
Hayıf ki, bu kənddə,
cavan yaşından,
Hamı koramaltək
yerdə sürünür.
Qartalı dağında
qıy vuran kəndin,
Bir cöngə
gözünün odunu alıb.
Hamı
düşünür ki, daha bu dərdin,
Əlacı
göydəki Allaha qalıb.
Qorxmaz ŞIXALIOĞLU
525-ci qəzet.- 2010.- 10 aprel.- S.30.