Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu (1853, Qax-1943, Qax)

 

XX yüzil Azərbaycan aydınlarının öncül nümayəndəsi. Maarifsevər din alimi. Zaqatala Dairəsi Qax bölgəsinin qazısı. Qaxda maarif yayan müəllimlərdən biri. Görkəmli ictimai-siyasi xadim. “Əhrar” partiyasının üzvü. Azərbaycanın qurtuluşu və bağımsızlığı uğrunda fəal mücahid. 16.1.1919-dan 16.10.1919-adək Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü.

 

Bismillah

 

(Başlanğıcı ötən şənbə sayımızda)

 

Şübhə yoxdur ki, təkcə Qaxda deyil, bütün Zaqatala bölgəsində çətin durumda olan xalqın sevimlisinə çevrilə bildiyi üçün Azərbaycan Cümhuriyyətinin Parlamanı işə başlarkən Zaqatala Dairəsindən oraya seçilmiş üç deputat içərisində Abdulla əfəndi Qəbulzadə də vardı.

Abdulla əfəndinin Azərbaycan Respublikası Dövlət Arxivində (ARDA) saxlanılan, 14.4.1919-da başlanıb 22.9.1919-da bitmiş şəxsi işi və bu arxivdəki başqa sənədlər onun Parlamandakı fəaliyyəti haqqında geniş bilgi almağa imkan vermir. (Ümumiyyətlə, başqa deputatlarımız haqqında sənədlər də bu səviyyədədir).

Parlamanın 4, 5, 6 fevral 1919 tarixli iclaslarının vahid protokolunda oxuyuruq: “Sonra sədr deyir: ...Abdulla Qəbulzadə, Bəhram bəy Vəzirov, Bayramniyazi Kiçikxanov, Əli bəy Zizikski, Hacıhüseyn Əfəndizadə və Rəşid bəy Axundzadə hökumət qulluğundan istefa verərək məbusluğu (deputatlığı – Ə.T.) qəbul edirlər”.

Parlaman fraksiyalarının 1919-cu ilə aid ilk siyahısından anlaşılır ki, onun deputatlığı “16 yanvar 1919-cu il iclasında təsdiq edilib” (ümumi siyahıda 66-cı yerdə göstərilib) və deputatlığa partiyasızlar fraksiyasında başlayıb. Ancaq sonralar Abdulla əfəndi “Əhrar” partiyasına keçib və onlarla eyni fraksiyada olub.

Abdulla əfəndi sıravi məbus olmaqla qalmayaraq Parlamanın ləvayihi-qanuniyyə (qanun layihələri) komisyonunda Əhməd bəy Pepinov, Ağa Eminov, Baba xan Məhəmmədbəyov, Qasım bəy Camalbəyov, Vasili Kujim, Stanislav Vonsoviç və b. ilə birgə çalışıb.

İlk vaxtlar o, Parlamanın iclaslarında fəallıq göstərib. O, əyalətdə olduğu kimi paytaxtda da nüfuzundan ümumi camaat mənfəəti üçün yararlanmağa can atirdı. Məsələn, Parlamanın 17 mart 1919 tarixli 24-cü iclasındakı çıxışı buna ən yaxşı sübutdur.

İclasda Şəki (Nuxa) şəhərində yayılmış sarı səpmə yatalaq xəstəliyini aradan qaldırmaq üçün şəhər idarəsinə 200 min manat faizsiz pul (borc) buraxılması haqqında Daxilliyə Nəzarətinin hazırladığı qanun layihəsi müzakirə edilir. Abdulla əfəndi kürsüyə çıxaraq bir el ağsaqqalı kimi deputat yoldaşlarına üz tutaraq deyir: “Nuxa şəhərinə 200 min rublə borc verilməsi barəsində bir neçə söz söyləmək istəyirəm. Nuxada yaşayanlar, yaxud yanında bulunanlar Nuxa şəhərini yaxşı tanıyırlar və bilirlər ki, 4 il bundan əqdəmədək Nuxa şəhəri qeyri ticarət şəhərləri kimi böyük ticarət şəhərlərindən biri idi. Burada böyük ipək fabrikləri və qeyri sənaye müəssisələri var idı. 4 sənədən bu yana Nuxa şəhəri ticarət şəhərliyindən çıxıb. İş o yerə müncər olub (çatıb – Ə.T.) ki, 12 yaşından yuxarı bütün əhali fəhləlik üçün Zaqatalaya, Ağdaşa, Ərəş və qeyri yerlərə gedirlər. Bu axır vaxtlarda Nuxa şəhəri bir fəhləlikdən çıxıb füqəra şəhəri olmuşdur.

Hal-hazırda əgər bu şəhər əhalisinin beşdə biri qəni (dövlətli – Ə.T.) isə beşdə dördü füqəradır. Bunlar bütün ev əşyalarını (palaz, yorğan-döşək, qab-qacaq) bir qədərini Nuxada, bir qədərini də ətraf kəndlərdə satıblar. Xalq üçün heç bir şey qalmamışdır.Bu işə aşina olduğum üçün təklif edirəm ki, 200 min rublə Nuxa şəhərinə qərz (borc – Ə.T.) deyil, ianə təriqi ilə (bağışlanaraq – Ə.T.) verilsin. İndi qəbul olunan layihə mövcibincə hökumət məmurlarına 7-8 milyonluq bir müavinəti-nəqdiyyə verilməlidir. Nə olar ki, birdəfəlik 200 min manat da Nuxaya ianə ilə verilsin. Bəlkə ianə səbəbi ilə Nuxa dövlətliləri də öz tərəflərindən 100 min manat ianə verələr. Olsun ki, nuxalılar iyun ayınadək bu qayda ilə dolanarlar.

Və bir də, bu 200 min manat pul veriləcək fəqirlərə, azarlılara, aclara və qeyrilərinə. Amma hökumət qulluqçularına verilməli olan 8 milyon yemişə (meyvəyə – Ə.T.) və dadlı şeylərə veriləcəkdir. Nuxa üçün veriləcək ianə zəruri şeylərə sərf olunacağından bunun borc təriqi ilə deyil, ianə surətiylə buraxılmasını təklif edirəm”.

Göründüyü kimi, Abdulla əfəndi məsələyə hansısa partiyanın, hansısa ictimai zümrənin deyil, sırf xalq mənafeyindən yanaşır. Parlamanın maliyyə-büdcə komisyonusa bu məbləği faizsiz borc şəklində verməyi qərara almışdı, deputatlar da buna tərəfdardı, buna görə də səsvermə zamanı həmin qərar qüvvədə saxlanıldı, Abdulla əfəndinin təklifi keçmədi.

Bundan sonra onun Parlaman fəaliyyətində bir süstlük başlayır. Onu daha çox Parlaman salonunda deyil, Qaxda görürük. Şəxsi işindəki sənədlər və Parlamanın protokolları da fikrimizi təsdiqləyir. 9.4.1919 tarixli, 1818 saylı, Parlament sədrinin imzaladığı, üstündə “Qaxa, Parlament üzvü Qəbulzadəyə” yazılmış rusca teleqramın surətindən öyrənirik ki, ona 20 günlük məzuniyyətə icazə verilib. Ata yurduna bu ilk dönüşü rəsmi dövlət vəzifələrini (qazılıq, müəllimlik) təhvil-təslim etmək məqsədi daşıyırdı. Görünür ki, 20 gün bu işə azlıq edir, ona görə də 17 aprel 1919-da “Azərbaycan Məclisi-Məbusanı Divani-Rəyasətinə” belə bir ərizə göndərir: “Əfəndim! Vəzifeyi-rəsmiyyələrimi təhvil vermək və xüsusi işlərimi təsviyə etmək (yoluna qoymaq – Ə.T.) üçün qırx günlük bir məzuniyyətin verilməsini rica edirəm. Zaqatala məbusu Qəbulzadə”. Ancaq Parlamanın sədri Həsən bəy Ağayev bu xahişi qəbuledilməz sayaraq elə həmin gün “istidası (xahişi – Ə.T.) rədd edilir” dərkənarı yazır. Bu sənədin üstündəki qeyd Abdulla əfəndinin artıq “Əhrar” fraksiyasına keçdiyini göstərir.

26 aprel 1919-da Abdulla əfəndi yeni ərizəylə ona qırx günlük məzuniyyət verilməsinə israr edir. Deyəsən, Həsən bəy artıq durumla yaxından tanış ola bilib, o səbəbdən də indi belə bir dərkənar yazır: “Divani-Rəyasət qərarı ilə qırq günlük məzuniyyət veriliyor”. Sənədləri arasında “Məclisi-Məbusan əzasından Qəbulzadə Abdulla əfəndiyə 28 aprel 1919 tarixindən etibarən qırq gün müddətlə” məzuniyyət verildiyini bildirən vəsiqə də vardır.

Ancaq məzuniyyətin vaxtı bitməmiş – 8 iyun 1919-da Bakıya belə bir teleqram göndərib: “Evimdə müsibət oldu. İyirmi gün məzuniyyət vermənizi rica edirəm. Parlaman üzvü Qəbulzadə”. Təəssüf ki, əfəndinin ailəsində kimin vəfat etdiyini öyrənmək mümkün olmadı, ancaq onun böyük qardaşının dünyasını dəyişdiyi güman edilir.

Arxivdəki şəxsi işində məzuniyyət haqqında ərizələrinin çoxluğu deputat Abdulla əfəndinin şəxsi həyatının asan keçmədiyini, bu üzdən tez-tez icazə istəməyə vadar olduğunu, hətta icazə verilməzsə Parlamandan istefa vermək məcuriyyətində qaldığını göstərir. Örnək üçün Qaxdan göndərilmiş 21.9.1919 tarixli, 436 saylı teleqrama baxaq: “Naxoş olduğumdan iyirmi gün məzuniyyət verməyinizi, olmazsa istefamın qəbulunu rica edirəm. Parlaman üzvü Qəbulzadə”.

Bu gün bizə bəlli olmayan səbəblər, görünür, onda Parlaman rəhbərliyinə yaxşı məlum imiş, buna görə də Parlamanın 22.9.1919 tarixli iclasında həmin teleqram müzakirə edilərkən H.b.Ağayev bildirir ki, Abdulla əfəndiyə “Divani-Rəyasət 28 apreldə 20 gün məzuniyyət vermişdir, sonra iyirmi gün də bir vermişdir. Qırx gün də məzuniyyət artırılmış. İndi də Qurban bayramından gedib, 20 gün də daha istəyir. Bir ay yarıma qədər olsa idi məzuniyyət Divani-Rəyasət onu bilirdi, fəqət iki ay olduğu üçün məcbur olur ki, Parlamana ərzi-halı təqdim eyləsin. ...Məsələni böylə səsə qoyuram: məzuniyyət verilsin, ya verilməsin?”. Söz alan Ə.b.Pepinov “Parlamanın bunu qəbul eyləməsini istərdim”deyir. Bundan sonra qərar çıxarılır: “Abdulla bəy Qəbulzadəyə sentyabrın axırınadək məzuniyyət verilsin”.

Ancaq Parlamanın millət vəkilinə belə həssaslıq və qayğıkeşliklə yanaşması da onun şəxsi müşküllərini həll edə bilmir və nəhayət, hökmən istefa verməli olur. Bu da son teleqram – Zaqataladan 14.10.1919-da göndərib: “Səhhətimin pozulması və evdəki şərait məni xalqa xidmət yolundakı vəzifəmdən əl çəkməyə vadar edir, buna görə də istefamı qəbul etməyinizi rica edirəm. Parlaman üzvü QƏBULZADƏ”. Rusca mətnin yuxarısındakı boş yerdə türkcə yazılıb: “Bugünkü tarixdən istefası qəbul edilir. 16.X.1919”.

Parlamanın 16 oktyabr 1919 tarixli 84-cü iclasının protokolundan öyrənirik ki, teleqram həmin iclasda müzakirə edilib (bu haqda Parlamanın katibi Əhmədcövdət Pepinov bilgi verib), Parlaman istefanı qəbul edib.

İstefaya çıxmasına baxmayaraq Abdulla əfəndinin yeri boş qalmadı – Parlamanın 25 dekabr 1919 tarixli 110-cu iclasında sədr H.b.Ağayev bildirir: “Zaqataladan sabiq nümayəndə Abdulla Qəbulov əvəzinə Baba bəy Qəbulov intixab edilmişdir (seçilmişdir – Ə.T.)”. “Baba bəy Qəbulov” onun oğluydu.

 

SOVETLƏR DÖNƏMİ

 

Sovet hakimiyyəti gələn ərəfədə Baba əfəndi atasına deyib ki, gəl biz də Türkiyəyə gedək, burada bizi qıracaqlar. Ancaq Abdulla əfəndi heç cür razılaşmayıb. Deyib ki, mən buradakı ölülərimə arxa çevirərək gedə bilmərəm. Buna baxmayaraq, gedənləri də tutub saxlamayıb. Beləliklə, Qəbulzadələrdən Mahmud Həbibullah oğlu (Həmzət bəy Qəbulovun qardaşı) 2 oğluyla birgə Türkiyəyə köçüb (1 oğlu və 1 qızı burada qalıb).

P.Novruzovanın fikrincə, Abdulla əfəndi 1931-1935-ci illərdə həbsdə qalarkən kitabları yandırılıb və o, 1941-də vəfat edib. Ancaq Qəbulzadələrlə 21 oktyabr 2007 görüşümüzdə nəvələrindən öyrəndim ki, Abdulla əfəndi 1942-də həbs edilib, dünyasını isə 1943-də dəyişib.

Nəvələrinin danışdığına görə, 1942-ci ildə Abdulla əfəndini Qaxdakı evindən “NKVD” aparıb. Xalq içərisində hədsiz nüfuzu olduğuna görə ona hörmətlə yanaşmalı olublar. Dustaq otağında başqalarına nisbətən yaxşı şərait yaradılıb. Özünün sonra danışdığına görə, otağında hətta samovarı və çaydanı da varmış. Onu 2-3 gün saxlayaraq dindiriblər. Həm əməllərində hökumətə qarşı bir fəaliyyət tapılmadığına, həm də yaşının çoxluğuna görə (bu zaman 90-a yaxın yaşı vardı) həbsdə saxlamayaraq buraxıblar. Ancaq əfəndiyə elə bir mənəvi zərbə vurublar ki, bu hətta güllədən də betər olub – onu apararkən evindəki dəyəri heç nə ilə ölçülə bilməyəcək son dərəcə qiymətli kitabxanasını: yüzlərcə qədim əlyazmanı, onlarca şairimizin nadir divanlarını, Türkiyə, Ərəbistan və Rusiyada basılmış tibb, astronomiya, riyaziyyat, kimya, ilahiyyatşünaslıq... və b. elm sahələrinə aid olduqca dəyərli daşbasma və çap kitablarını 3 tonluq “ZİS” maşınına dolduraraq “NKVD”-nin həyətində iki gün yandırıblar! Camaat düz iki gün bu kitablardan qalanmış tonqalı uzaqdan seyr edib!.. (Kommunistlərin xalqımız qarşısındakı ən dəhşətli cinayətlərindən biri də onlarca belə şəxsi kitabxanamızı vandalcasına məhv etmələridir!). Kitabxanasının yandırılması Abdulla əfəndinin sanki belini qırıb. Bundan sonra yatağa düşüb və bir daha ayağa qalxmayıb. Çox keçmədən – 1943-ün yayında Haqq dünyasına qovuşub.

Abdulla əfəndinin məzarı Qax şəhər qəbiristanlığındadır. Onun, qardaşı Əbdürrəhman əfəndinin, Hacı Pirməhəmmədin məzarları burada yan-yanadır.

 

 

Ədalət Tahirzadə

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.26.