“Pərvanə”nin tarixinə
bir baxış
Ədəbi dərnəklər,
məclislər bütün
zamanlarda ədəbiyyatın
inkişafına təkan
verib. Bakıda, Şamaxıda, Şuşada,
Gəncədə və
başqa bölgələrdə
yaradılan poetik məclislər şairləri
həmişə yeni poetik ovqata kökləyib,
onları dünya şeirindən və elmindən halı eləyib. Bir közərən siqaretlə başqa bir siqareti yandırmaq
mümkün olduğu
kimi bir şairin istedadı, şeirinin havası başqa bir şairin ilhamını daha da genişləndirib,
daha yüksəklərə
və dərinliklə
işləməsi üçün
ona orijinal stimullar verib. Belə məclislərdən biri
– bu il 91 yaşı tamam olan “Pərvanə” ədəbi məclisi haqqında “tarix” yazmağımı nədənsə
birdən-birə vacib
bildim və bu faktların həm gələcək nəsillər üçün,
həm də ədəbiyyatımız üçün
önəmli olduğunu
düşündüm.
M.Ə.Sabir adına Mərkəzi
Şəhər Kitabxanasının pilləkənləri
çox sərtdi. Aşıq söyləmiş “gələnlər
yüngül gəlib, ağır gedib bu yerdən”. Bəlkə
də bu pilləkənlər addım səslərini yazan
diktofondu, bəlkə də daş kitabədi. Oxumaq, dinləmək
istəyirəm, bura yazılan addım səslərini.
1919-cu ildə M.S.Sabirin adının
əbədiləşdirilməsi haqqında Bakıda bir
neçə tədbir həyata keçirilir, şairə heykəl
qoyulur, adına pedoqoji texnikum və kitabxana yaradılır. Kitabxana
mədəniyyət mərkəzi kimi milli məfkurəli azərbaycanlı
ziyalıları öz ətrafında sıx birləşdirir.
Həmin ildə böyük demokrat yazıçı Cəfər
Cabbarlının təşəbbüsü ilə
kitabxananın nəzdində “Pərvanə” adlı ədəbiyyat
məclisi yaradıldı. Cəfər Cabbarlı hər
şeydən əvvəl türkçülük və
turançılıq ideyalarına söykənən və
oradan boy atan bir sənətkar idi. Ədəbi məclis
yarandığı gündən öz ətrafına
çoxlu sayda yaradıcı simalar topladı. M.S.Ordubadi,
H.Cavid kimi tanınmış sənətkarlar
vaxtaşırı bura gəlir, ədəbi müzakirələrdə
tez-tez iştirak edirdilər. Həm “Pərvanə”, həm də
kitabxana o vaxtlar milli qəhrəman kimi qırmızı
Rusiyanın “adam yeyən” maşınına qarşı daim
döyüşmüş, sonralar “Yaşıl qələm”lə
(Əhməd Cavad) əl-ələ vermiş, “Qızıl qələm”lə
üz-üzə dayanmış, dəfələrlə 37-ci
il repressiyasının nişangahına gətirilmiş, ona
atılan güllələr divarından kərpiclər
qopartmış, “Pərvanə”nin üzvlərinin əksəriyyətini
yaşıl yarpaq kimi yerə sərmişdir.
M.Ə.Sabir adına kitabxana milli
ruhun qorunub saxlanmasında mühüm rol oynayırdı. Təsadüfi
deyil ki, kitabxananın yaxınlığında Lenin
kitabxanası yaradılıb, bir növ ona nəzarət,
göz qoymaq missiyasını həyata keçirib. Sonralar Səməd
Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd
Rahim, Mikayıl Müşfiq, Abdulla Şaiq, Salman Mümtaz,
Mikayıl Rəfili, Cəfər Xandan, Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Seyid Hüseyn və başqa görkəmli ədiblər “Pərvanə”yə
gəlmiş, şeir və hekayələrini oxumuş, buradan
böyük sənət yollarına pərvazlanmışlar. Adlarını
çəkdiyimiz sənətkarların çoxu
ayrı-ayrı illərdə bu məclisə rəhbərlik
etmişlər. 30-cu illərin repressiyasından qanadları
sınan “Pərvanə” Böyük Vətən Müharibəsi
zamanı xeyli zəifləyib, daha sonralar müharibədən
sonrakı quruculuq illərində Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, Kələntər Kələntərli, Bəkir
Nəbiyev, Aqşin Babayev, Fikrət Qoca, Fikrət Sadıq,
Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu, Qabil, Nəbi
Xəzri, 60-cı illərdə Əli Kərim, İsa
İsmayılzadə, Anar, Ələkbər Salahzadə, 70-ci
illərdə, Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu,
Nüsrət Kəsəmənli, Səyavuş Sərxanlı,
Ramiz Rövşən, 80-ci illərdə Vaqif Bayatlı, Musa Ələkbərli
və başqaları həm məclisin sıravi üzvü
kimi, həm də rəhbəri kimi ədəbiyyatımızın,
müasir ədəbi prosesin canlanması üçün əllərindən
gələni əsirgəməyiblər.
Elə burdaca kiçicik bir qeydi deməyi
vacib bilirəm. Bu məclisə çoxlu sayda qələm
adamları gəlib, amma çoxları onun adının “Pərvanə”
olduğunu bilməyib. Kimdən soruşsan, deyər ki, mən
həmin kitabxanada ədəbiyyat dərnəyində
olmuşam. Amma adını xatırlamır.
“Pərvanə” 90-ci illərdə
Qarabağ hadisələri ilə bağlı öz fəaliyyətini
dayandırır. Oxucularla ünsiyyət azalır. Milli
azadlıq ideyaları daha otaqlara sığmır,
küçələrdə meydanlarda səslənir. Milli
şüur fiziki hərəkətə keçir. Milli
müstəqilliyimizi bərpa etdikdən sonra,
acılarımızla bərabər daxili zənginliyə,
milli düşüncəyə meyillər get-gedə
artır. Qəzetlər siyasi səhifələrini bir az
azaldaraq, poeziya səhifələrinə yer ayırır. Yenidən
şairlərlə ünsiyyətə ehtiyac yaranır.
1999-cu ildə biz – mən
(Qəşəm Nəcəfzadə) və Faiq Balabəyli “Pərvanə”ni
yenidən bərpa etmək qərarına gəldik. Ona görə
əvvəlcədən 40 il kitabxanada can qoymuş,
kitabxananın direktoru, böyük şairimiz M.Ə.Sabirin ən
yaxın qohumu Solmaz xanımla məsləhətləşdik. Solmaz
xanım o qədər sevindi ki, bizdən sevinc
yaşlarını belə gizlətmədi. Solmaz xanım məsləhət
bildi ki, məclisə rəhbərliyi mən edim. Get-gedə məclis
canlanmağa başlayan bütün ədəbi prosesi öz ətrafında
sıx birləşdirdi. O zaman məclisə kimlər gəlirdi?
Adlarını çəkmək, məncə, yerinə
düşər. Çünki bu, tarixdi. Onların
çoxunun adı ədəbi mühitdən hamıya
yaxşı tanışdı. Budur onlar: Böyükxan Pərviz,
Əlislam Bilal, Məlahət Yusifqızı, Şərqiyə
Süleymanlı, Səxavət Talıblı, Dayandur Sevgin, Sərvaz
Hüseynoğlu, Şərif Ağayar, Faiq Balabəyli,
Rövşən Naziroğlu, Molla Əbülfəz, Heydərəli
Nural, Xanlar Qutqaşınlı, Şahin Fazil, Həkim Qəni
(hərdənbir gəlirdi), Fərqanə Mehdiyeva, Mübariz Məsimoğlu,
Eyyub Sabiroğlu, Həyat Şəmi, Rəsmiyyə Sabir,
Şəlalə Əbil, Fehruz, Elsevər, Valeh Bahaduroğlu,
Nurəddin Nur, Zahir Əzəmət, Aqşin, Samir Sədaqətoğlu,
Sadiq Elyer, Adil Şirin, Xalid Şürük, Aləmzər
Sadiqqızı, Zeynəb Bəhmənli, Narıngül, Şəfəq
Sahibli, Xatirə, Aydın Xan, Qiymət Məhərrəmli, Ay
Nur, Mina Rəşid, Xatirə Əzizqızı, İlham Qəhrəman,
Sabir Şirvan, Firudin Şahbuzlu, Məmməd Məcidoğlu,
Güləmail, Bənövşə Daşdılı, Əsəd
Cahangir, Yafəs Türkəs, Lətifə Nuran, Ənvər
Nəzərli (hərdənbir gəlirdi), Ədalət Əsgəroğlu,
Arzu Nehrəmli, Gövhər Məcidqızı, Nemət Pənahlı,
Sədaqət Əliqızı, Şəhla Əsgərli,
İlqar Fəhmi, Hacı Arif Buzovnalı, Kamil Novruz, Fərhad
Zəfər, Sevinc Pərvanə, Aliyə, Günel Mövlud,
Fikrət Əsəd, Nəzmiyyə Hicran, Fazilə Yəhya,
Səhər Gecəgözlü, Aygün Bünyadzadə,
Sevinc Nuruqızı, Sevinc Çılğın, Hikmət Məlikzadə,
Qalibə Gültəkin, Səadət Kamilqızı, Telman Dəmir,
Nazilə Gültac, Səyyaf, Mahir Cürət, Əvəz
Qurbanlı, Şəbnəm Rəşaidqızı, Sona Xəyal,
Şəlalə Ana, İmarət Cəmilli, Mövlud
Mövlud, Vasif Süleyman, 2000-ci illərin sonlarında Balayar
Sadiq, Xalid Mahmud, Nuranə Nur, Kəmalə Nəsrin, Qismət,
Kəramət Böyükçöl, Reyhan Kənan, Sevinc
Arzulu, Mənsurə Qaçayqızı, Dəstəgül
Elçin, Mirfərid, Fərid Hüseyn, Anar Amin, Fərhad
Mete, Rəbiqə Nazimqızı, Elvin Kədər, İlham
Çərkəzoğlu... İndi bu insanların çoxu ədəbiyyatda
öz imzasını təsdiq edib, bir hissəsi təsdiq etməkdədir
və bir hissəsi isə artıq haqq dünyasına
qovuşub. Son 10 ildə ədəbiyyata gələnlərin,
demək olar ki, əksəriyyəti ədəbi mühitlə
tanışlığı “Pərvanə” ilə
başlayıb.
Kitabxananın direktoru
Solmaz xanım hər şənbə günü saat 14-dən,
17-dək kitabxananın oxu zalını bizə vermişdi. Tədbirdə
həm müəlliflərin əsərləri, həm də
bütövlükdə müasir ədəbi proses ciddi təhlil
edilirdi. Hər şənbə bir müəllifin günü
olurdu, o 15-20 şeir oxumalı, qalanlar isə öz istəklərinə
uyğun 4-5 şeir oxuyurdular. Sonra isə ciddi mübahisələr,
müzakirələr başlayırdı. Məclisə o qədər
adam gəlirdi ki, heç ayaq üstə dayanmağa belə
yer yox idi. 2001-ci ildə “Pərvanə” ədəbi məclisin
üzvlərinin yazılarından ibarət 300 səhifədən
ibarət bir antologiya çap etdirdik. Həmin vaxtlar Aqil Abbas “Ədalət”
qəzetində “Pərvanə”yə 8 səhifədən ibarət
yer ayırdı və ayda da 40 manat qanoror verdi. Bu cür səhifələr
təkcə bizə yox, beş qrupa ayrılmışdı,
deyək ki 1-ci gün “Turan”( Ə. Qoşalı), 2-cü
gün “3-cü ədəbi hərəkat” (S.Sədaqətoğlu),
3-cü gün “Körpü” (Ə.Cahangir), 4-cü gün “Pərvanə”
(Q.Nəcəfzadə), 5-cü gün “Alatoran” (R.Qaraca) və
6-cü gün “Karvan” (V.Yusifli) çıxırdı. Aqil
Abbas səhifələrdə gedən yazıları əvvəlcə
oxumurdu, səhərisi onları qəzetdən oxuyurdu. Demək
olar ki, əlavələr o zaman ədəbi prosesə
böyük bir təkan verdi, ola bilsin ki, faktı dananlar
tapılar, amma mən həqiqəti deyirəm, bu əlavələr
“Pərvanə” kimi ədəbi məclislərin,
diskussiyaların qəzetlərə köçməsinin təzahürü
idi. Sonra bu müzakirələr burdan da televiziya səhnəsinə
keçməliydi. Televiziyalar qapılarını
üzümüzə bağladılar. “Pərvanə”də əsas
xətt yeni şeir və onun müzakirəsi
üstünlük təşkil edirdi. Şeirin özündən
də maraqlı həmin şeirlər haqqında üzvlərin
yürütdüyü fikirlər idi. Beləliklə,
şeirlə bərabər məclisdə ədəbi tənqid
inkişaf edirdi. 2002-ci ildə Yeni Azərbaycan
Partiyasının icra katibi Əli Əhmədov jurnalistlərin,
televiziyanın iştirakı olmaqla bizi qəbul etdi. Ədəbiyyat
və partiya məsələləri, Azərbaycan ədəbiyyatının
hazırkı durumu haqqında xeyli müzakirələr
apardıq. Görüşdə 20 nəfərə yaxın
şair və yazıçı, qarşı tərəfdən
Əli Əhmədov, Səyyad Aran, Mübariz Qurbanlı, Səyavuş
Novruzov iştirak edirdi. İki saata yaxın davam edən
görüş həm bizdə, həm də Yeni Azərbaycan
Partiyasının rəhbərliyində xoş təssürat
yaratdı. Bu gün “Pərvanə” öz məşğələlərini
böyük şövqlə davam etdirir. Məşğələlər
hər bazar günü M.Ə. Sabir adına Mərkəzi
Şəhər kitabxanasında saat 14.00-da başlayır. Bu
kitabxananın oxu zalı dəfələrlə yeni-yeni
üzvlərlə dolub boşalır. Pərvazlanıb gedənlərin
yerinə tezliklə yeniləri gəlir. Onlar da pərvazlanır,
sonra da başqaları qapını döyür.
Qəşəm NƏCƏFZADƏ
525-ci qəzet.- 2010.- 10 aprel.- S.25.