Sabaha yazılmış məktublar
“Salam məktub!
Əgər biz tərəfin
əhvalını xəbər almaq istəyirsinizsə, biz
yaxşıyıq və sizlərin də sağ- salamat
olmağınızı o bir Allahdan arzu edirik”.
İş elə gətirib
ki, bizim nəsil üçkünc cəbhə məktublarını
görməyib. Böyükləri təqlid edərək kəndə-kəsəyə,
sonralar isə əsgərlikdəki
dost-tanışlarımıza yazdığımız məktubları
isə iki qatlayar, zərfə yerləşsin deyə
başından da bir barmaq büküb yola salardıq. Həmin
məktubların hamısı eyni cür- yuxarıdakı kimi
başlardı. Hə, bir də bu məktublar gül qoxusun,
ünvanına xoş ovqat bəxş eləsin deyə,
mütləq “qızılgül ətirli salamlar” ifadəsi də
yer alardı mətndə.
Yusif İldırımzadənin
kitabına qoyduğu “Məktub” adı, bizdən
çox-çox sənələr uzaqda qalmış
uşaqlıq illərinin o dadlı, unudulmaz xatirələrini,
nostalji hisslərini beləcə bir daha yaşatdı bizlərə.
Sağ olsun, Yusif müəllimi.
Amma sonralar...sonralar bu məktublaşma
məsələləri tamam unuduldu. Unutduğumuz çox
şeylər kimi. Yerini telefona verdi, internetə verdi, nə
bilim biganəliyə, zamanın qaçhaqovuna verdi.
Mənə məktub yazma,
Məktubdan gəlmir
xoşum.
İstəmirəm səninlə
Məktub ilə
danışım.
Məni
bağışlasın, kimliyini unutmuşam bu misraların
müəllifinin. Amma aşiq kimi praqmatikdir bu adam, hardasa bir kəndli
zirəkliyi də var onda. Sevgilisi ilə üzbəsurət
buluşmağı, bir dəfə əlindən
tutmağı, yüz məktubdan əfzəl bilir. Potensial
müsahiblə, oxucu ilə ünsiyyətin, təmasın
müasir informasiya texnologiyalarının təqdim etdiyi bu qədər
zəngin resursları içərisindən Yusif
İldırımzadənin məhz məktub formasını seçməsi
bir tərəfdən təəccübləndirirsə, digər
tərəfdən də həmsöhbət olmağın ənənəvi
üsullarının hələ də tərk
olmadığını sərgiləyir. Məktubu kimə
yazırlar? Adətən, ən yaxın adama, başa
düşüləcəyinə qəlbən
inandığın kəslərə, hisslərinə,
düşüncələrinə anlayış verəcək
dostlara, səmimiyyətinə bir an da şübhə etməyən
sirdaşlara... Bu geniş auditoriyanı bir yerə toplayıb
– Əziz dost!- deyə müraciət edir Yusif müəllim. Nə
xoş ki, bu seçilmişlərin içərisində biz
də varıq.
Bu yazı çoxdan
yazılası idi. Gör bir onu hasilə gətirmək
üçün nə qədər vaxt keçdi aradan. Qələm
adamı həmişə ürəyinin yağını
yedirtdiyi, könlünün sevdasını bəxş etdiyi
yazısını əziz-xələf övladı kimi sevib
oxşayır. Nə qədər ki, o sözlər
işıq üzü görməyib, eyzən
duyğularının sultanı kimi hamıya qısqanırsan,
ərsəyə gətirəcəyın söz evini neçə
dəfə kərpic-kərpic söküb yenidən tikirsən.
Yazı da bina kimidir, müəllifi sən olsan da, istifadəçisi
özgələrdir.
Yaxşı yazımı gec
yazılır, yoxsa ürəkdən gələn yazı? O
adamlar üçün ki, yaradıcılıq prosesi
bütövlükdə katarsis kimi bir şeydir, qızmar
lavası çölə can atan vulkana bənzəri var,
fikirlərin sözə çevrilməsi zaman istər.
Yaxşı yazılar birnəfəsə yaranmır.
Ümumiyyətlə, kamil bir şeyin ərsəyə gəlməsi
üçün, istər dünyanı dizi üstə qoyan kəşf
olsun, istər incəsənət, yaxud da söz incisi, vaxt
lazımdır. Mətahımı qiymətə mindirmək təriqi
ilə söyləmirəm bunu, əsla! Arximedlə Nyutonu
çıxsaq, qısa zaman işində bəşəriyyəti
heyrətləndirənlər sırasında daha kimlərin
adını çəkmək mümkündür ki?
Qələm adamı
çox şey yaza bilər. Və bu kəmiyyət
çoxluğunda mütləq bir təsnifat olasıdır;
içində növbətçi yazılar da var, qələmin
zorlandığı, könlün dirəniş göstərdiyi
yazılar da. Bir də var ürəyinin tərcümanı
olan yazılar. Onların sayı azdır. O cür yazılar
söz dəzgahından hələm-hələm çıxmır.
Hər söz rəndələnir, cilalanır,
boyuna-biçiminə, rənginə, ətrinə uyğun
sonalanır, sonra sapa düzülən inci misalı sətirlərə
düzülür. Ürəyincə bir yazını ortaya
qoymaq, hesab edirəm ki, dünyaya körpə gətirmək
kimi bir şeydir. Fərq ancaq vaxt sarıdan ola bilər.
“Məktub”da Yusif
İldırımzadənin esseləri və bir də müxtəlif
illərdə mətbuatda dərc olunmuş məqalələrindən
seçmələr gəlib bir araya. Onların bəziləri
bizə
Kitabdakı esselərdə həm
yaradıcılıq uğuru var, təhkiyə şirinliyi
var, həm də bir fəlsəfi dərinlik, zehnin, təfəkkürün,
idrakın təvazökar “müştəbehliyi” seyr etdirir
özünü. Həyatın inadla diktə etdiyi problemlərin
kilidinə fikirlə, düşüncə ilə açar
salanda hüquqi məsuliyyət öz yerini gündəlik məişətin
özü qədər sadə hikmətlərə, həqiqətlərə
təhvil verir. Hərəsi bəşər mədəniyyətində
bir epoxa olan Pittak, Sokrat, Məhəmməd Peyğəmbər
(s.ə.s.), Şeyx Nizami, Şopenhauer, N.Makiavelli, L.Tolstoy və
başqaları ilə düşüncə söhbətləri
bir tərəfdən bəşəriyyətin yaranış
boyu üzərində baş sındırdığı
“hamletvari” suallara çıraq tutursa, digət tərəfdən
də müəllifin əqli-intellektual, hissi-emosional
axtarışlarının labüd sonucu kimi təzahür
edir.
“Biganəlik- ruhun xərçəngidir”
essesi hardasa Y.İldırımzadənin özü ilə
söhbəti, həsbi-halıdır. Cəmiyyət, ictimai
münasibətlər, əbədi dəyərlər sistemi,
etik-əxlaqi və mənəvi-estetik məsələlər
ətrafında publisistik gəzişmələr “Məktub”un
oxucularını ətrafımızda yaxşı nə varsa,
uğrunda mübarizəyə kökləyir. Klassiklər ona
görə dahidilər ki, həmişə müasirdirlər.
Frans Kafkanın biganəlik barədə zamanında söylədiyi
idioma da ona görə aktualdır ki, günümüzün mənəvi
boy-buxununa, əxlaq və məcazına tən gəlir.
Bəli, bu gün cəmiyyətdəki
ictimai patologiyaların rişələri gedib birbaşa total
laqeydlik sindromuna calanır. Bir çox bəlalarımız
biganəlik zindanından körüklənir. Cəmiyyət
irəli getdikcə, daha çox qloballaşdıqca, inteqrasiya
etdikcə, sosial indefferentlik də mütənasib olaraq
artır. Bütün bunlar isə öz növbəsində
millətin milli düşüncə sisteminə sağalmaz
yaralar vurur. Biz soyumuza, kökümüzə,
özümüzə yadlaşırıq. Səhv etmirəmsə,
Polşa yazıçısı Yasenskiyə məxsus ifadədir,
deyir ki, oğrunu başa düşmək də olar,
bağışlamaq da. Qatili başa düşmək olar,
ancaq bağışlamaq yox. O biganələrdir ki, onları nə
başa düşmək olar, nə də
bağışlamaq. Çünki dünyadakı
bütün pis işlər məhz belələrinin cinayətkar
susqunluğu sayəsində baş verir. Yusif
İldırımzadəyə görə, “ruhun xərçəngi”
olan biganəliyə tək-tək hallarda rast gəlinsəydi,
bəlkə də heç bu barədə söhbət
açmağa dəyməzdi. Bəla burasındadır ki, həmin
xərçəng gün-gündən metastaz verib kütləviləşir,
ictimai sindroma çevrilir.
Ümid nəyədir, yaxud
kimədir? Müəllif bu məsələdə- Zərdüşt
fəlsəfəsinin mahiyyətini təşkil edən xeyirlə-şərin,
haqqla-nahaqqın mübarizəsində, ön cərgədə
ziyalıları, toplumun aydınlarını görür: “Bir
anlıq təsəvvür edək ki, cəmiyyətimiz
bütünlüklə olmasa da, heç olmasa çoxluq belə
insanlardan ibarətdir. Onda dünyamız nə qədər
xoşbəxt olardı”. Ancaq onun ziyalı
anlayışına yanaşması da fərqlidir; mövcud
ehkamlardan, definisiyalardan uzaq, canlı və cəsarətlidir.
Ziyalılığı təhsil, elm, savad məfhumlarından
daha uca bilir, ziyalılığın kəhrəba bal
şandan süzüldüyü kimi kökdən, nəcabətdən,
insanın zəngin daxili aləmindən gəldiyi qənaətindədir.
Çünki “Elm, savad adamı təkmilləşdirdiyi kimi,
mənəviyyatı da cilalayır, qəlbi saflaşdırır.
Əsil ziyalı da bu iki iksirin- elmi və əxlaqi cövhərin
vəhdətindən yaranır. Odur ki, mənim
üçün Həzrəti Məhəmməd Peyğəmbər
(s.ə.s.) başda olamaqla ... bütün peyğəmbərlər
ən böyük və uca ziyalılardır. Sonra Nizami Gəncəvi
başda olmaqla Füzulidir, Şekspirdir, Hötedir, Tolstoydur,
Mark Avrelidir, Mahatma Qandidir, Erazm Rotterdamlıdır...”
Məkkeyi-mükərrəmədə
Allahın evini ziyarət etmiş Hacı Yusifdə Tanrı məhəbbəti
çox güclüdür. Və bu, kortəbii, spontan, adi məhəbbət
deyil, ülvi, bəşəri, dərk edilmiş sevgidir. Hər
halda, məsləyi etibarilə hüquqşünas
üçün, əlində insan taleləri ilə
bağlı hökm vermək səlahiyyəti olan şəxs
üçün halalnan haramın, haqla-nahaqqın
hüdudlarını tanımaq, hökm çıxararkən
qanunla yanaşı, Xaliqin də buyurduğunu nəzərə
almaq az iş deyil və nəticə etibarilə cəmiyyətin
humanistləşməsinə xidmət edən bir görəvdir.
Müəllifin poeziya, elm, həyat haqqında söhbətləri
də ona görə maraqlı və
inandırıcıdır ki, hər bir yeni fikir, ümumiləşmiş
qənaət müqəddəs Qurana istinad edir, bu və ya digər
hadisə yaxud məziyyətlə bağlı dahilərin
söylədiklərinin zaman etibarilə yüzillər öncə
Tanrı tərəfindən nazil olunmuş müqəddəs
kitabın buyurduqları ilə vəhdət təşkil
etdiyini önə çəkir.
Bilmirəm, bəlkə də
analoji nümunə var, sadəcə, mən təsadüf etməmişəm,
ancaq atasının yaradıcılığı barədə
söz deyən adama rast gəlməmişdim ... Yusif müəllimə
qədər. Biri-birindən maraqlı hekayə, povest və
romanların müəllifi, hər bir əsəri ən
azı içimizdəki xatirə kamanının bir telini tərpədən
yazıçı-publisist Əli İldırımoğlu bu
gün Azərbaycan jurnalistikasının metrlərindən,
nümunəsinə peşəkar qələm əhlinin
düzlənəcəyi korifeylərindən biridir. Bu yöndə
“Yaratmaq- ölümü öldürmək deməkdir” essesi
daha çox bir oğulun ata haqqında deyil, bir söz
xiridarının söz bahadırı haqqında düşüncələridir,
desək, yanılmarıq. Zira, bu yazıda diqqəti ovlayan məqam
müəllifin ata haqqı qarşısında bir vəfa
borcundan çox söz, sənət və
yaradıcılıq qarşısındakı ehtizazı,
sayğı duruşudur.
Məqalələri Yusif
İldırımzadəni bir başqa yöndən təqdim
edir. Bu ampluasında o daha çox praktikdir; hüdudları həmişə
prinsipləri ilə müəyyənləşən
hüquqşünas, cəmiyyətin sosial-ictimai
ağrılarını içindən keçirən vətəndaş,
eləcə də bütün hiss-həyəcanı və
qayğıları ilə adidən adi bir insandır. Bu
yazılarında o, cinayətkarlıqla mübarizədən,
hüquq qaydalarının hər bir vətəndaş
üçün vazkeçilməz həyat normasına
çevrilməsindən də bəhs edir, 90-cı illərdən
üzü bəri ölkənin taleyində baş vermiş
hadısələrə impulsiv reaksiyası ilə də diqqəti
çəkir, eyni zamanda, Azərbaycanın həqiqi müstəqilliyinin
möhkəmlənməsində, dünya birliyinə
qovuşmasında və qüdrətli bir dövlətə
çevrilməsində ulu öndər Heydər Əliyevin
titanik fəaliyyətinin müxtəlif məqamlarına
toxunur. Oxucu vaxtilə Heydər Əliyevin kadrı kimi müəllifin
də güruhun qisas və repressiya maşınının qəzəbinə
tuş gəlməsi, lakin ümummilli liderin hakimiyyətə
qayıdışı ilə həmin ədalətsizliyin
aradan qaldırılması faktı ilə tanış olur.
Yusif İldırımzadə
deyir ki, “...bu kitab həm də artıq məni tərk edib
getmiş ötən zamanı yenidən dirildib görmək
yanğısından doğuldu. Bu kitab gün-gün
yaşadığım ömrün səhifə-səhifə
şəklidir”. Birinci fikir o qədər səmimi və
başadüşüləndir ki, həvəslə qəbul
edirik. Amma ikincisi ilə mübahisəyə dəyər.
Müəllifi az-çox tanıyan adam kimi deyə bilərik
ki, bu kitab onun ömrünün səhifə-səhifə
şəkli deyil, olsa-olsa bu omrün “fotoobyektivə
qapdırılmış” anlarından ibarət kiçicik,
lakin əziz, munis, şirin bir albomudur. Əslində, özcə
təbirincə söyləsək, “... özümüzdən
özümüzə açılan bir qapıya oxşayan bu
yol”, yəni ömür, əsrin ekvator xəttini təzəcə
keçsə də, ruhən vaxt anlayışının
fövqündə durduğu, zamanın qoruq-qaytanına bac
vermədiyi üçün daha ixtiyardır, həyatın
çox üzünü görməyə, bərkindən-boşundan
çıxmağa, haqlı-haqsız sınaqlarına sinə
gərməyə macal tapıb. Ona görə də belə
bir ömür kitabını tam başqa cür təsəvvür
edirik: daha monumental, vəzncə ağır, siqlətli...
Mən müəllifə
yazıçı deyə bilmirəm. Çünki əvvəla,
özü bu addan imtina edir. Ərsəyə gətirdiyinin
böyük bir təvazökarlıqla kitab deyil, dostlarına,
tanışlarına ünvanladığı məktub
olduğunu söyləyir. Ancaq o fakt da şəksizdir ki, Yusif
İldırımzadə dizlərini yerə qoysa, kitab da yazar,
hələ desən, lap roman da. Çünki bildiyimiz qədər
hələ heç kim istedadın irsən keçə biləcəyini
inkar edəcək az-çox tənqidə dözümlü
bir elmi postulat qoymayıb ortalığa. Eyni fəlsəfəyə
dayansaq, məgər Əli İldırımoğlu kimi
tanınmış bir yazıçı-publisistin
ocağından çıxmış Yusif
İldırımzadəni tale hərləyib
hüquqşünas eləməsəydi, babət bir jurnalistdən,
yazıçıdansa da olmayacaqdımı? İndilik isə,
yüzdə-yüz əminəm; ruhunun dərinliklərində
oyur-oyur oynayan, lap o döyüş buğaları kimi
dırnağı ilə torpağı eşələyib cəng
meydanına can atan yaradıcılıq həvəsinin
“cilovlarını” azacıq boşaltsa, ortaya biri-birindən dəyərli
kitabları, söz sovqatları çıxasıdır.
Deyirlər ki, Bakıda iri
ağacları köklü-köməcli çıxarıb
başqa yerdə əkməyə imkan verən maşınlar
alınıb. Texnika əsridir, hər şey
mümkündür. Ancaq illərlə
üz-gözünün öyrəşdiyi, şəhd-şirəsini
tamsındığı torpaqdan iraq düşən
ağacın təzə yerdə məskunlaşa biləcəyi
perspektivi sizə dumanlı görünmürmü? Bu,
gövdəsindən qoparılıb büllur güldana
qoyulmuş qızılgülün bir neçə saata
hesablanmış zavallı taleyini xatırlatmırmı? Dünənindən
qoparılan insan da belədir. Çılğın bir küləyin
naqolay silləsinə bənd olan köksüz-köməcsiz
çinar kimi kökündən, keçmişindən
ayrılsa, özünü sabahda tapa bilməyəcək. Yusif
İldırımzadə də deyir ki, “... Nədənsə,
dünən, keçmiş mənə bu gündən daha
diri, daha gerçək görünür. Elə bil hər
sabah açıldıqca, mən gələcəyə yox,
keçmişə yaxınlaşıram. Çünki həmin
keçmişdə doğulduğum o torpaq, məni
dünyayla tanış edən Qubadlı var, babam
İldırımın o torpağa qarışan nəşi
var... İçimdə bir inam var ki, o torpaqlar qayıdanda,
babam da qayıdacaq ... Mütləq qayıdacaq”.
Bunlar sabah olacaq. Ona görə də sabaha baxmalıyıq, üzü sabaha getməliyik. Məktublarımızın ünvan yerinə Qubadlının, Cəbrayılın, Ağdamın, Şuşanın, Zəngəzurun, yağı tapdağı altında inləyib bizdən imdad gözləyən o biri torpaqlarımızın adını yazıb göndərməliyik ki, bir gün dönəcəyimizə ümidləri üzülməsin. Axı, ümid axırıncı ölür, deyirlər.
Xalid NİYAZOV,
əməkdar jurnalist
525-ci qəzet.- 2010.- 10 aprel.- S.24.