Özgə, amma doğma
Şair Vaqif Bəhmənlinin “Səndən özgə”si
haqqında düşüncələr
Bəşəriyyətin mahiyyətinin müəyyən tərəflərinə bələd olandan bəri bütün cəmiyyətlərdə, formasiyalarda belə bir fikir formalaşıb ki, insanın şəxsi varlığında varolanları deyil, hansısa maddi ya da ki, ilahi qüvvə idarə edir, bəşər övladının yaşayışını tənzimləyir. Bu təyinetmə ilə mən də razıyam, dəqiq bilirəm ki, bəşər övladı ən məsuliyyətli anlarında ilahi anlayışların vasitəsilə düzgün istiqamətə yönəldilməsi fikri ilə artıq çoxdan razılaşıb, bu təbiiliyin bütün parametrlərini qəbul edib. Mən çəkinmədən, hansısa mübaliğəyə yol vermədən bildirirəm ki, Poeziya, şeir anlayışı da bəşər övladını idarə edən, şübhəsiz ki, əsas ilahi anlayışlardan biridir, sadəcə olaraq şairlər-şübhəsiz ki, orijinal şairlər-belə idarə olunmanı könüllü yaşayanlardır, yəni Poeziya, şeir anlayışı orijinal şair maddi idarə etmənin təsirindən ayılıb ilahi idarəetməyə yönəldən bir ilahi varolmadır. Bununla bərabər barəsində danışdığımız Poeziya, şeir anlayışı mövcud dünyamızın əsasən maddi idarəetmə ilə idarə olunduğu bir zamanda maddilikdə də ilahi məqamlar yaşadan mövcudluq üsuludur, yaşadığımız dünyanın mövcudluq stilindən ötrü ilahiliyini təmin edən bir yaşam, varolma tərzidir, bəlkə də yaşayış üsulunun ən vacib tərəfi, mühüm çevrəsidir.
Mən
mühüm çevrə anlayışını təsadüfən
qeyd etmədim. Məsələ burasındadır ki,
yuxarıda vurğulanan anlayışların maddi çevrəsi
olmur. Poeziya, şeir anlayışı maddiliklə əhatə
olunmur, o səbəbdən ki, Poeziya, şeir
anlayışı maddi idarəetməni idarə edən bir
varolma olduğundan həmin anlayışlar mövcudluq
orijinallığının qeyri-adi formasıdır. Bu, yəni
qeyd etdiyimiz mövcudluq orijinallığının qeyri-adi mərhələsi
heç şübhəsiz ki, varlığını hər
şairdə büruzə vermir, həmin məqam yalnız
görsənir. Mən çəkinmədən qeyd edərdim
ki, artıq yaradıcılıq orijinallığının
qeyri-adi mərhələsində olan şair Vaqif Bəhmənli
belə yaradıcılıq mərhələsini yaşayan
varlıqdır. Məncə bunu şairin “Səndən
özgə” yeni şeirlər kitabında toplanmış həm
heca, həm də sərbəst vəzində yazılan
şeirləri sübut edir, həmin məqamı bütün
parametrləri ilə təsdiqləyir. Qeyd edim ki, orijinal
şairin elə bir yaradıcılıq mərhələsi
olur ki, həmin mərhələdə istənilən
yaradıcılıq cəhdi dünyada maddiliyin ilahiliyini
deyil, yalnız ilahiliyin ilahiliyini reallaşdırması ilə
nəticələnir. Məsələn, bu sayaq,
Yüz desələr, yüz bilmərik,
Yol desələr, iz bilmərik,
sevgi nədi, biz bilmərik-
onu göylər bilir, bilir...
Bu səbəbdən
xüsusi olaraq vurğulayım ki, Vaqif Bəhmənlinin
ümumən bütün yaradıcılıq cəhdləri
dünyada madiliyin ilahiliyini deyil, ilahiliyin ilahiliyini
reallaşdıran bir yaradıcılıq mərhələsidir. O, yaradıcılıq
orijinallığının qeyri-adi mərhələsinin
orijinal qatını yaşayır. Axı Poeziya, şeir
anlayışı hansısa orijinal şairi idarə edəndə
maddi idarəetmədən fərqli olaraq idarə etdiyini
bildirmir, hiss elətdirmir, şair yalnız Poeziya, şeir
anlayışının şəxsi varlığını
idarə etdiyini yazan zaman yaradıcılıq
orijinallığının qeyri-adiliyinə, ilahi ilahiliyinə
qalxmağı səbəbindən varlığındakı və
dünyadakı bütün madilikləri idarə etmək
gücündə olur. Məhz həmin idarəetmə
ilə, həmin ilahi duymalarla kainatdakı hüdudsuzluğu
yaşayır, o hüdudsuzluğun müəyyən
edilmiş və müəyyən edilməmiş tərəflərini
görür, mən deyərdim ki, barəsində
danışılan anlayış və ilahi varolma məkanlarında
bu dünyada mövcud olmayan ilahi anlayışları
yaşayır. Bilirsiniz necə, indi təsdiqlənən
kimi.
Zərif qanadların yeli
toxundu, titrədi sinəmdə mürgülü otlar
Yaxşı ki, çəmənlər
var; yaşıllığını payızda qoruyan!
və nə yaxşı ki, təmmənasız
kəpənəklər də var...
Xüsusiləşmiş
mətn kimi təqdim edilən, yalnız duymalarla, əsasən
yaradıcılıq orijinallığının qeyri-adiliyi ilə
hiss edilib, duyulan duyumlarla yazılmış bu şeirdə
ümumən bədii anlayışın müəyyən
yüksək səviyyəli məqamını tapmaq mümkündür. Yəni ədəbiyyatı
məhz yaradıcılıq orijinallığının
qeyri-adi mərhələsini görməyi, hiss etməyi
bacaran fərdi bu mətni oxuyarkən orada poetik mahiyyətin
maddiliyin ilahiliyində deyil, ilahiliyin ilahiliyində olduğunu
dərhal hiss edəcək. Həmin
şeirin modelinin yalnız bu dünyanın modeli üstündə
qurulmadığını görməklə bərabər, həm
də görəcək, duyacaq ki, əslində bu mətn
yaşadığımız dünyada olan ilahi
anlayışların müəyyənləşməsini,
reallığa çevrilməsinin ilahi səviyyədə təmin
edən mühüm amildir, qeyri-adi müxtəlifliyin amilidir.
Lap dəqiqi Vaqif Bəhmənli Poeziyası poeziya, şeir
anlayışının yüksək səviyyəli idarəetmə
arasını yaşayır;
Gör haçandı yellədirəm,
əldə həsrət
yaylığımı,
Şəklim düşən
gözlərimdən
özgə-hər yan qürbət mənə.
Uçurumların pəncəsindən
kim qoparar
sağlığımı,-
Səndən özgə kim bəxş edər
Cəhənnəmdə cənnət
mənə?-
Bu şeirin
yaradıcılıq məntiqi ümumilikdə ümumiləşmə
anlayışının mahiyyətidir. Yəni bu mətn
yaradıcılıq orijinallığının qeyri-adi məntiqi
ilə o və bu dünyanın-yaşam tərzinin ümumi
formasının yaradılması cəhdidir. Həmin şeirdə madillikdən uzaqlaşaraq ilahi
ilahiliyin bütün orijinal, hətta yaxışdan da
yaxşı mənada fərqlənən, səmavi aləmin
mövcudluğa qovuşma məqamlarını tapmaq, göstərmək,
görmək imkanları reallaşıb. Daha doğrusu,
həmin poeziya nümunəsində haçansa səmavi
yaşamın mahiyyətini əbədi itirməyən aləmin
dəqiq müşahidəsi mövcuddur, duyum
mövcudluğunun görünməsi, mücərrəd
anlayışla fiziki təmasın qovuşması yeni bir
üslubda təqdim edilib, yəni Vaqif Bəhmənli qeyd
etdiyimiz şeir nümunəsinin ümumiləşmə və
ümumiləşdirmə məqamında da bizlərə məlum
olmayan anlayışların yaratdığını
açıqlayıb, həmin məqamı bizlərə
yaradıcılıq orijinallığının qeyri-adi
müstəvisində təqdim edib, şübhəsiz ki,
orijinal tərzdə:
Şairdə qanad var;
yüksəlir, enir
dərin dərəyə də, qəlbi
dağada.
Şair adam
vursa,
Allah bəyənir,
Şair sevgi qatır əclaflığa
da!
Xüsusi olaraq
vurğulayım ki, Vaqif Bəhmənlinin “Səndən özgə”
şeirlərdən və roman adlandırılan poetik silsiləsindən
ibarət kitabında bir məqam diqqətimi daha çox cəlb
elədi. Mən
buradakı iri həcmli mətnlərdə, lakonik şeirlərdə,
qısa zaman ölçüsünə məxsus olan bir fikrə,
şeirə də rast gəlmədim, şeirlərin əksəriyyətinin
mahiyyətini, mənası yalnız bu dünyanın
mövcudluğunu əhatə etmir, şair şeirlərinin fikir
axınında elə bil kimsəyə məlum olmayan, bizlərə
yad olan yaşam mövcudluqlarının obrazını da
yaradıb. Qəribədir ki, həm də
şair müsbət irreal yaşayış tərzinin bu
dünyadan ötrü müəyyənləşdirilmədiyini
açıqlasa da həmin açıqlama, duyma ilə
zamandankənar zamanı yaşamaq məramının
mövcudluğunu bildirməklə, bəşər
övladının ömrünün yalnız bu
dünyadakı mövcudluqla məhdudlaşmadığını
göstərib. Bəşər
övladının yaşam mövcudluğunun sisilə
xarakterli olduğunu (yəni bəşər
övladının məhdud ölçülü zamandan
ötrü yaşamadığını) mühüm məqamlarla
sübuta yetirib. Bu dünyanın əksinə olaraq bəşər
övladından ötrü yaşayış, mövcudluq
üslubunun ötəri xarakterli olmayan dünyaların, məkanların
mövcudluğunu da mətnlərilə reallığa
çevirib:
Qürbətə getmək nədi
ki,-
xain getməkdi.
Cənnətə getmək nədi
ki,-
yer üstündən yerin
altına
arxayın getməkdi...
Şair bu
dünyanın mövcudluq üsulların rəngarəng
formalarına müraciət etməklə həm də bir məqamı
şeirlərinin xarakterik səviyyəsinə yüksəldərək
mətnlərdəki fabulanı bizlərə lakonik, xüsusiləşmiş
müstəvidə təqdim etməyi bacarıb. Daha dəqiqi, yazılan
şeirlərdə göstərib ki, şeirin mövcudluq
strukturunun yaranması yaradıcılıq
orijinallığının qeyri-adiliyinə əsaslanmalıdır,
o, bədii üsulun axarını yaşamalıdır,
axı orijinallıq anlayışı əslində ilahi
mövcudluğun, səmavi anlayışların mahiyyətini
göstərən bir anlayışdır və bu dünyada
yalnız orijinallıq anlayışı səmavi
anlayışların ideal tərkib hissəsidir, həmin
anlamın əhatə dairəsidir,
yaşadığımız dünyada mövcud ola biləcək
irreal yaşayış imkanlarının yaşayış
üsulunun poetik anlamıdır, yəni orijinallıq
anlayışı hətta yaşadığımız
dünyada ən adi varolmanın da mahiyyətini qısa zaman
çərçivəsindən çıxarmağı
bacaran bir anlamdır, gəlin həmin anlamın şeirdəki
ideallığına diqqət yetirək;
Bir quru salamdı çox dərdə
əlac,
Qulağı səsdədi
budaq əyənin.
Bəlkə də hamıya
söz deyir ağac,
Tək-tüklər
eşidir ağac deyəni.
Artıq bu, yəni
“Ağacı hamı görür” şeiri
yaşadığımız zamanı qısa zaman çərçivəsindən
çıxarıb həmin zamandan kənardakı zamana
keçməkdi, lap dəqiqi hər məqamı nəzərə
alaraq keçməkdi, həmin zamanın ən irreal
yaşantıları ilə ünsiyyət qurmaqdı, əgər
diqqət yetirdinizsə “mən hər şeyi nəzərə
almaqla keçmək deməkdi” ifadəsini təsadüfən
diqqətə gətirmədim, bu məqama o səbəbdən
müraciət etdim ki, orijinal şair Vaqif Bəhmənli
şeirlərilə yaşadığımız zamandan kənar
zamana keçməkdən ehtiyat etmir, elə bil həmin zaman
və həmin zamana mahiyyət məqamı olan Poeziya,
şeir, bədii mətn poetikasının yaranma modelinə
bütövlükdə bələddir, o,
varlığını bildiyi Poeziya, şeir
anlayışında özünü bu dünyadakı (qeyd
edim ki, həmin zamandakı şeir anlayışının
qısa zaman çərçivəsinə aid olan
kiçicik detalı da mövcud deyil) poeziya, şeir
anlayışından daha rahat hiss edir, şair məqamın
içində bədii manevrlər etmək imkanlarını dəqiqliklə
reallaşdırır.
Nur damır, dincəldir
göynər baxışı,
Yerlərə yendirir göylər
yağışı,
Yağış
da göylərə qaldırır məni.
Vaqif Bəhmənlinin
“Səndən özgə” kitabındakı şeirlər
dünyanın reallığını əsaslandırır,
həmin anlayışların fəzasını daha dəqiqliklə
müəyyənləşdirir. Şeirləri oxuyanda diqqətimi
orijinal bir cəhət, xüsusi bir yazı forması cəlb
etdi, mən deyərdim ki, orijinal şair, Vaqif Bəhmənlinin
şeirləri yalnız o cəhətinə görə bu
dünyanın reallığı ilə ünsiyyətə
girmiş, bu dünya ilə həmin o məqamdan ötrü təmas
qura bilmişdi. Mənə elə gəldi ki, şair şeirləri
ilə yaradıcılıq orijinallığının
qeyri-adi mərhələsinə yüksəldildiyindən, həmçinin
yaşadığımız zamandan kənar zaman
ölçüləri, Poeziya, şeir anlayışı ilə
yaşadığından bədii təsir vasitəsi ilə
istənilən bəşər övladının daxili aləmini
və bu dünyadakı çoxlu reallıqların
axarını istənilən səmtə yönəldə
bilir, varlığına məlum olan irreal
anlayışları bu dünyanın yaşantıları etməyi
yaradıcılıq orijinallığının qeyri-adi
gücü ilə bacarır, əgər
inanmırsınızsa, buyurub eşidin:
Qapım
açıq.
Çöldə tufan,
Huşummu var,
Allah kəssin.
Durum örtüm, uzaq yoldan
gələn səsin üşüməsin.
Vaqif Bəhmənlinin
“Səndən özgə” kitabında orijinallığı ilə
seçilən, fərqlənən şeirlərindən əlavə
“Diaqnoz” adlı romanı və ya silsilə şeirləri də
toplanıb. Həmin silsilə şeirlərdə
yaşadığımız dünyanın psixoloji yaşam tərzi
obraz səviyyəsinə yüksəldilib, bu dünyaya aid
olmayan zamanı obraza çevirib. Haqqında
danışdığımız silsilə şeirlərdə
müxtəlif mövcudluq üsullarına həmin
mövcudluq üsullarının yaranmasını təmin edən
cəmiyyətlərə, formasiyalara ideal şair müdaxilələri
olunub; bu müdaxilə gah ironik, gah psixoloji, gah dünyada gedən
qloballaşma prosesi prizmasından edilib. Xüsusi
vurğulayıram ki, Vaqif Bəhmənlinin həmin prizmadan
edilən mücadilələri yaradıcılıq
orijinallığının qeyri-adi səviyyəsində
reallaşdırılıb, daha dəqiqi haqqında
danışdığımız mətnlərdə janrın
harmoniyası, ritmi və bədii idrakı mövcudluğu
ideal dəqiqliklə nəzərə alınıb. Məsələ burasındadır ki, hətta o
orijinal əsaslandırma silsilə şeirlərin ironik tərəflərdə
də varlığını büruzə verir.
Ağrıdan ayılaq,
ayılmaq deyilmiş
ayılmağımız,
ayılaq, ayılaq,
ayrıdan ayılaq!
Maraqlısı
odur ki, şair bu cür ironik məqamlardan bəhs edərkən
də dünyadakı hansısa cəhəti, məqamı
unutmuş kimi görümnür. Dünyada olanlara,
dünyadakılara heç vaxt toplum halında yanaşmır
(həmin yanaşma məşhur sənətkar Müslüm
Maqomayevə həsr edilmiş əsərdə
varlığını tam büruzə verir). Şair dünyada yaşanmışlara da, yaşayan
varolmalara da, hətta adi əşyalara da fərdi münasibət
prizmasından yanaşır, hər bir mistik anlayışa bu
dünyanın irreal dünyası kimi baxır.
Müslümün
sükutunu
Tanrı pozar bu dəfə –
Bu dəfə Tanrı oxuyar,
Hamı susar bu dəfə;
“Hər gecəm oldu kədər,
qüssə fəlakət sənsiz”.
Artıq bu yanaşma, bəlli
bir zamanın – yəni bir yaşayan zamanın – ifadəsi
deyil, məhz Tanrı yaşayan zaman ölçüsünə
keçməkdi, o zaman ölçüsündə
varlığına məkan təmin etməkdi, yəni Vaqif Bəhmənli
bu dünyanın zamanı ilə
yaşamadığını, bizə məlum olmayan kainatda
mövcud olan zamanların vaxtını, məqamını
duyaraq yaşadığını göstərir. Məncə “Diaqnoz” romanı və ya silsilə
şeirlərin uğurlu orijinallığı da məhz
şairin bir zaman anlayışında, çərçivəsində
qalmamağı səbəbindəndi, mətnlərin bədii
manevr imkanlarını məhdudlaşdırmamasındandı.
Xüsusi vurğulamağa dəyər ki,
haqqında danışdığımız silsilə
şeirlərin və ya romanın zaman baxımından da
harmoniyası, ritmi, fikir fundamentallığı, psixoloji məqamları
bir-birindən fərqlənir, müxtəlif zamanları ifadə
edir. Daha dəqiqi həmin mətnləri ciddi formada nəzərən
keçirdikcə aşkar şəkildə hiss edirsən ki,
mətnin ironik məqamları bu dünyanın
harmoniyasından, bu dünyanın zamanından kənara aiddir,
kənarda olan zamanın yaşam üsullarıdır. Yəqin ki, şair dünyanı şəxsi aurasında
yaşatmağı bacardığından mətnlərdəki
məqamların demək olar ki, hamısı irreal
dünyanın zaman, vaxt ölçüləri ilə
yazılıb. Vaqif Bəhmənli bu
dünyada yeganə zaman ölçüsünün
yaşantıları ilə yaşamır, ömrünü
adilik zamanından çoxdan uzaqlaşdırıb, ya da ki, o
Poeziya, şeir anlayışı ilə adilik
anlayışını istədiyi kimi idarə edir. Məncə də gərək hər bir yazar,
şair zaman öçlüsü ilə yazmasın. Şair o cür zaman çərçivəsində
bədii cəhdlər edəndə fərqlənməyi
bacarmır, ən əsası yaradıcılıq
orijinallığının qeyri-adi səviyyəsinə
yüksələ bilmir. Bu baxımdan
orijinal şair Vaqif Bəhmənlinin
yaradıcılığı fundamental fikirlərə,
poetikaya, harmoniyaya əsaslanır, həm də adilərin
anladıqları fərqli zaman və imkanlara aiddir. Vaqif Bəhmənli müxtəlifliyin və
orijinallığın şairidi.
İbrahim İBRAHİMLİ
525-ci qəzet.- 2010.- 10 aprel.- S.20.