Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

ÜZEYİR HACIBƏYLİ – 125

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

 

ƏSKİ QAYDALAR  HƏLƏ GÜCLÜDÜR

 

Bu ünvanilə “Kaspi” qəzetəsində Qazax uyezdi qaymaqamı (naçalniki) Arnoldun Qazax uyezdinin bilxüsus müsəlman əhalisi əleyhinə olan sui rəftarını və pis hərəkatını meydana çıxaran “Qazaxlı” imzası ilə bir məqalə dərc olunubdur. Tərcüməsi ati üzrədir:

“Bu ilin yaz fəslində Qazax uyezdi naçalniki cənab Arnold ixtiyari-fövqündə iş gördüyü səbəbə və sair günahı üzrə Gəncə quberniya idarəsi tərəfindən təhti-mühakiməyə verilib məmuriyyətindən bərtərəf edilmiş idi. Və bu qərar Canişini-Qafqazın təhti-mütaliəsinə təqdim olunmuş idi

Namestnik məclisi quberniya idarəsinin bu qərarı həqq olduğunu təsdiq etdi. Cənab Arnold bu işdən xəbərdar olaraq məhəllə pristavlarının köməyi ilə, guya Qazax uyezdi əhalisi tərəfindən seçilmiş 8-10 nəfər şəxsdən (onların ikisi müsəlman, mabəqisi erməni idilər) bir “deputatsiya” təşkil edib iyul ayının axırında göndərdilər Tiflisə, namestnik müavini Sultan Krım Kirayın nəzdinə ki Arnoldun iş bilən və nəfili uyezd hakimi olduğu səbəbə məmuriyyətində qalmasını təmənna etsinlər. Bu yalançı “deputatsiya”nın təmənnası qəbul edilib cənab Arnold öz məhalində qalmışsa da genə təhti- mühakiməyə verilmiş idi.

Bu vaqiədən iki həftə keçmiş əhali yaylaqdan qışlağa övdət etdikdə Arnold tərəfindən təşkil edilmiş yalançı vəkillər xüsusunda ittila hasil edib mərqumlardan artıq narazı oldular və öz aralarından vəkillər intixab etdilər. Vəkillər isə namestnik cənablarına Arnold cəm etdiyi “deputatsiya”nın yalançı və saxta olduğunu elan edən bir teleqraf çəkdilər. Bu teleqraf necə oldu- namestnik cənablarına çatdı ya çatmadı – bunu biz bilmiyoruz. Fəqət cənab Arnold təhti-mühakimədə olub da öz küçük xanlığını dolandırmaqda davam edib düşməni ilə keyfi istəyən qayda üzrə rəftar ediyordu. Cəmaəti müxtəlif bəhanələrə səbəb üzrə həbs ediyordu. Yaxud təəbəsi vasitəsilə həbs etdirirdi. Müsəlmanlardan silahı alıb gözlərinin qabağında ermənilərə paylıyordu. Müxtəlif əşxasdan əsilsiz şikayət edilməklə qanuna, nizama baxmayıb binəvaların mal və pulunu zəbt etdirib şakilərə verdirirdi. Və bu təriq ilə iki millətin arasına xüsumət salırdı. Allah bilir ki, axırda nə ola bilərdi. Yaxşı ki, əhalinin bəyləri və hörmətli ağsaqqalları, əqilləri sayəsində bu iki millətin arasında sülhün davamı üçün mümkün mərtəbə sərfi-məsai etdilər və edəcəklər də bilaxir müsəlman əhalisinin pişrovları işin intəhası fəna olacağını dərpiş mülahizə edərək bu sentyabrın axırında Gəncəyə getdilər. Və Arnold ixrac edilməyən surətdə müsəlman və erməni arasında bilaşəkk müsadimə vüqua gələcəyini general qubernatora bəyan etdilər.

General qubernator dəxi əhali vəkilləri bəyanının həqq olmasını təsdiq edib Arnoldun bərtərəf edilməsini namestnikdən iltimas etdi. Canişin tərəfindən riza verildi binaənileyh uyezdi öz müavininə təslim edib naçalniklik üçün “Növisinaq” uyezdinə getmək əmrini Arnolda elan etdilər. Uyezdin təsliminə şüru olundu. Lakin pul və əsləhə təslimi meydana çıxar-çıxmaz da cənab Arnold qəflətən itdi. İş dəxi yarımçıq qaldı. Diyordular ki, Arnold Tiflisə və Üçkilsəyə gedib sahibi-nüfuz ermənilərə yalvarıyordu ki, bəlkə onların vasitəsilə payladığı adamlardan xəzinəyə mütaliq tüfəngləri geri ala bilsin.

Bunun yalan-doğru olduğunu bilmiyorum. Fəqət Qazax uyezdinə təyin edilmiş kapitan Mitkiyeviç Qazağa varid olub uyezd təslimini naçalnikin müavinindən qəbul edəndən bir beş-altı gün keçmiş cənab Arnold meydana çıxır və Qazax uyezdi naçalnikliyində təkrar qalmasını bəyan ediyor. Əhalinin əksəri-müsəlmanlar işin bu surətindən dilgir və mütənəffir olub, böylə qərarın fəsxini tələb edərək namestnikə haman gün bir teleqraf çəkdilər və bunun bədində Arnoldun Qazax uyezdindən ixrac edilməsini qraf Vorontsov Daşkovun bilavasitə özündən tələb etmək üçün 200 nəfər adam Tiflisə mütəvəccihən rəvan oldu. Noyabrın 18-də vəkillər namestnik ilə görüşüb Arnoldun murdar işlərini bir-bir bəyan etdilər. Və Arnold kimi şəxsin rəftar və hərəkətindən naşi iki millət arasında müsadimat vaqe olacağına işarə edərək mərqumun ixrac və təbidini tələb etdilər. Cənab namestnik Arnoldun bilatəxir təbidi və bu işi təhqiq və təftiş üçün bir bitərəf məmur təyin edilməsi xüsusunda hökm verdi. Və uyezdə də qayda və nizam bərpa olunmasını deputatlardan təmənni etdikdə onlar dəxi əməl edəcəklərini vəd etdilər.

Qarelər görüyorlar ki, bu 5-6 ayın zərfində əhalinin nisfi-əzimədə quberniya idarəsi də, Gəncə general-qubernatoru da Qazax uyezd naçalniki Arnoldu məmuriyyətdən kənar etməyə çalışıyorlarsa da, bu işdə kəsbi-müvəffəqiyyət edəmiyorlar. Ənvai təriq ilə, yaxud qəvi bir bərtərəfdarın sayəsində Arnold bu vaxtadək öz yerindən ayrılmıyordu. Arnoldun işi təhqiq edilincə sair uyezdə keçmək istəməməyi bizə məlumdur. Özü böylə işlərdə olmuş və onun işi istədiyi surətə salan təcrübəli bir adamdır. Lakin hökuməti-əaliyə bu gün bir əmr verib sabah onu fəsx etməkdə nə dəstavüzü olduğu bizə mütləqa məlum deyildir.

Altı-yeddi il bundan əqdəm cənab Arnold Borçalı uyezd naçalnikliyində olan zaman dəxi təhti-mühakiməyə verilmişdi. İyirmiyədək işdə ittiham ediliyordu ki, təhqiq, təftişi iki-üç il imtida çəkdi. Bilaxər Arnold dövlət xəzinəsinə gəlib istintaq aylarına məhsubən 7-8 min manat məvacib aldı. Guya təqsirsiz adam imiş. Şimdi dəxi təkrar 7-8 min almaq fikrində deyilmiş cənab Arnold?

 

Mütərcim: Üzeyir

“Həyat” qəzeti, 29 noyabr 1905, ¹109

 

mabəqi-qalıq, qalanı

şaki-şikayətçi

dərpiş-nəzərdə saxlama

qarelər-oxucular

əali-böyük adamlar

 

 

BAKI MÜSƏLMANLARINA  VƏ “DAŞNAKSÜTYUN” FİRQƏSİNƏ  MƏLUM OLSUN Kİ...

 

Mənə məlum olduğu üzrə məhəlli müsəlmanlar arasında şaiyat dövr etməkdədir ki, guya Tiflisdə erməni və müsəlman ixtişaşi əsnasında Tiflis gürcüləri ermənilər ilə bərabər müsəlmanlar əleyhinə əməl etməkdə imişlər.

Cəsarət edib bu şayiələrin əsilsiz olduğunu bəyan ediyorum. Biləks Tiflis gürcüləri bu biməni və naməqul və vəhşiyanə qırğından artıq dilgir və mütənəffirən olub bitirəfanə bir mövqe işğal ediyordular və hələ etməkdədirlər.

Öz bəyanımı təsvib və təyid etməkdən ötrü Tiflisdə nəşr olunan gürcü qəzetlərinin Tiflis erməni və müsəlman qırğınına dair mülahizatını “Kaspi”nin səhifəsində Bakı müsəlmanlarına izhar etməyə çalışıyorum və bu niyyətlə “Sinubis Porseli” qəzetəsi idarəsi tərəfindən “Daşnaksüyun” firqəsinə yazılmış açıq məktubun məzmununu bəyan ediyoram:

“Dünən (yəni noyabrın 30-u) bizim idarənin yanında vəhşiyanə bir qətl vaqe oldu. İki nəfər müsəlman fəhləsi ölümdən gizlənmək istəyərək, küçə ilə xəlvətyanə gediyordular. Bizim idarənin əmələləri bu bədbəxtləri fəlakətdən xilas etmək üçün öz yanlarına çağırıyordular. Laeykən bu əsnada onları erməni “qaraulu” görüb güllə atmağa başladılar. Bu silahsız və yaxud silahları bir bıçaq olan müsəlmanı tutmaq çox asan idi. Bunun ilə belə müsəlləh dəstə rəhmsiz və vəhşi bir növilə talesiz fəhlələri öldürdü...

Bundan artıq yırtıcılıq ola bilməz! Bu nədir, yəni?

Biz-təqsirsiz müsəlmanlara toxunulmiyor-deyib dünən bizə proklamasiya göndərən “Daşnaksüyun” firqəsindən soruruz: Böylə vəhşiyanə rəftar edən “qaraul” kimdir? Biz, bu ədalətsizliyi görüb işə müdaxilə edən halda və bu yırtıcılığa işarə edib erməniləri təskin edən vaxtda “qaraullar” dilgir olaraq bizə dedilər ki: Sizin nə işiniz var! Əcəba biz, insaniyyətpərvərlik əsasının böylə təhqir edilməsini görüb əl-əl üstə qalıb durmalıyızmı?! Bir gürcü tələbəsi “qaraullara” tərəf yüyürüb nə üçün təqsirsiz adamı öldürürsünüz-deyə sorduqda “qaraul” istədi ki, tələbəni də güllələsin. Orada duranlar bir tədbir etməsəydilər bu yırtıcılıq dəxi tazədən vüqu bulacaqdı.

Bu nədir yəni?

Bu işlərin hamısı “Daşnaksüyun” firqəsi namindən icra edilir. “Daşnaksüyun” isə intişar etdiyi vərəqələrdə bir ayrı söz danışıyor. Cavab veriniz! Əvvəlcə buna bir rast və doğru cavab veriniz və ikinciyə qalan yerdə bu murdar hərəkəti və yırtıcılığı mövquf ediniz!

 

Mütərcim: Üzeyir

“Həyat” qəzeti, 6 dekabr 1905, ¹114

 

“İdarədən”: – Biz yalnız “bu gün” “Kaspi”də dərc olunan mətləbləri “Ertəsi gün” “Həyat” ilə nəşr etmiyoruz. Biz “Baku”dan və sair qəzetələrdən əhali islamiyyəni xəbərdar olması lazım gələn həvadisi daima bitərəfanə əxz edəriz. Və bu növ həvadisin “Həyat” qəzetəsində rus qəzetələrindən bir-iki gün gec çıxması təbiidir. Çünki əvvəla rus qəzetələrini oxumaq, sonra oxunanların arasından lüzumlu mətləbləri seçmək və bəədə o mətləbləri oturub tərcümə edib təkrar mürəttiblərə tərtib etdirmək üçün vaxt istər. Əhməd bəy dəxi qəzetəmizə baş mühərrirlik edərkən hal və keyfiyyət böylə idi.

Zənn edirəm ki, rus qəzetələri də, “Həyat”dan və əvvəl ümum müsəlman qəzetələrindən aldıqları mətləbləri bu qəzetələrdən ancaq bir-iki, hətta bir neçə gün sonra yazıb nəşr edə biliyorlar. Bir də bu günlərdə ümum yerli qəzetələr kimi bizim qəzetəmiz də teleqraf və posta tətili səbəbindən müstəqillən həvadis vermək xüsusunda bəzi müşkülata düçar oldu. Sair şəhərlərdən gələn məktublar və müxbirlərimiz tərəfindən göndərilən mühərrat bizə vasil olmadı. Paytaxtlardan, məmaliki əcnəbiyyədən və ümum aləmi-islamdan gələn qəzetə və məcmuələr yollarda və posta xanələrdə mətəl olub qaldı...

Qəzetəmizin məsləki zatən Ağayev məsləkidir. Mühərrirlər dəgişməmişdir. Ağayev tərəfindən qəzetəyə verilən hərəkət “Qanuni-ətalət” qaidəsinə, intibaha müddət mədidə davam edəcəyi təbiidir. Hətta sadə hərəkət mütosaviyə ilə deyil, bəlkə bir hərəkəti-mütəzaideyi-səadə ilə davam edərək gündən-günə tərəqqi və məkamülə dəxi yüz tutucağı şübhəsizdir. Çünki bilcümlə ziəlhəyat sadə “Qanuni-ətalətə” tabe olmayıb “evolüsionist” filosoflarının, yəni fəlasifeyi-təkamülyunun ən böyügü olan və keçən il Anqilyada vəfat edən məşhur Herbert Spenserin isbat etdiyi vəchlə bir də evolyusionnizm, yəni “Təkamül” “qaideyi-külliyəsinin” hökmü altında bulunur. “Təkamül” qaidəsinə görə hər bir zihəyat istər heyvan, istər insan, istər fərd, istər bir cəmiyyət, ya millət, istər kürreyi-ərz, istər bütün kainat törər, böyüyür, nəşvü-nüma edər. Həddi-kəmalinə vasil olur və ancaq bir müddət dövr kəmalında davam etdikdən sonra zavallı üz tutub nəhayət izmehlal bulur. Hər bir zihəyatın doğub törədiyi gündən müzməhlil olduğu ana qədər keçən zəmanə ömri-təbii denilir. Zərdabi Həsən bəy qəzetəmizin dünənki nömrəsində dediyi vəchlə atın ömrü 25 ildir. İnsanın ömrü 125 ildir. Filin ömrü 150 ildir. Lakin müşariileyh həzrətləri qəzetələrin ömrü nə qədər olduğu deməyi unutmuşdur. Senzura və ənvayi-əsarət mərəzləri olmuyub hürriyyətin hökmfərma olduğunu bir məmləkətlərdə qəzetələrin ömrü fildən də bir az ziyadə olduğundan 150-200 ildir. Nəşvü-nüma dövründə yenə Həsən bəy həzrətlərinin hesabı üzrə bunun beşdə biri olacağından bir qəzetə üçün həddi-kəmalinə vasil olmaq üçün-yəni bir “Tayms”, ya “Fiqaro” olmaq üçün 30 il istər!... Ələlxüsus hər hanki bir qəzetənin nəşvü-nüması, tərəqqisi öz millətinin tərəqqisi ilə məbsutən mütənasibdir: zənnimizə görə millətimiz dəxi ancaq 30 il tərəfində mədəniyyəcə ingilislər, ya fransızlar dərəcəsinə vasil ola bilir. Milətləri millət edən və qəzetələri onlara layiq edən nə “Zeyd”dir, nə “Əmru”, bəlkə millətlərin öz nəşrü-nümaları , daha doğrusu, qanuni-ümumiyi təkamülə istər-istəməz tabe olmalarıdır.

İngiltərəli Qarilin fikrinə rəğmən Əhməd bəy Ağayevlər deyil “milləti qabağa aparan”, bəlkə franslı “Tən”in rəyi mövcibincə millətdir ki Əhməd bəy Ağayev kibi fazil və kamil adamları qabağa çıxardır!...

Millət dünən bir Əhməd bəy yetişdirdi. Bu gün ikisini, üçünü yetişdirər. Sabah beşini-onunu, sonra yüzlərcəsini yetişdirməyə başlar. Əhməd bəy həzrətləri öz məqalati-qozidələri və şirin bəyanları ilə qəzetəmizin sütunlarını təzyin etməyi dərrix edirlərsə bu hal dəlalət etməz ki, “Həyat” qəzetəsi “Kaspi”nin bir ikinci timsalı, ya əş olmaq niyyətindədir. İskəndər çox böyük adam idi, fəqət stolları qırmaqda nə məna?! “Həyat”ın amali-əfkarı deyil, “Kaspi”dən hətta əlsəneyi-müxtəlifədə çıxan cəmi Rusiya qəzetələrindən mükəmməl olmaqdır. Əgər böylə bir müvəffəqiyyətə nail olmaq üçün “Həyat”ın tutduğu yol doğru yol deyil isə Əhməd bəy həzrətlərindən iraye-təriq ilə səriən bizi İrşad yübürmələrini rica ediriz.

Ələlxüsus hərəkati-inqilabiyyənin və bunun əksinə olan icraati-rücət əndanənin böylə şiddətli və vəxim bir zamanında millətimizi rəhbərsiz buraxmaq caiz olmayacağından “İrşad”ın çıxmaqda bir az əcələ göstərməsini təmənna eləriz.

 

Rahnəmayanu ğeyb əz dotərət

nəərezən

Fəətərəfü bi-d-daləl va-ttəbəəü

bi-l-huda!...

 

“Həyat” qəzeti, 6 dekabr 1905, ¹114

 

Yolgöstərənlər qeybdən hər iki tərəfdən nərə çəkəcək

Yol azmağı etiraf edin, düz yola gəlin!

 

 

TAZƏ XƏBƏR

 

– Ay ev sahibi fala baxdırmazsınız? Yaxşı fala baxıram, bəxt açıram...

– İçəri gəl, görək sən xalqı nə hiylə ilən alladırsan, bədbəxt qaraçılar hamısı falçıdır sadə adamlar yoxdur.

– Kimçün baxdırırsınız-adını deyin.

–Bax görək bu konstitutsiyanı ki deyirlər bunu doğrudan veriblər-ya ki, belə şeyi yoxdur...

–Niyyətinizi edin əlinizi sürtünüz tasa, sonra baxım.

–İmdi bax! (Əlin sürtür tasa)

–Konstitutsiya, konstitutsiya;-özün ürəgin düz, əlin açıq, gözəllikdə misalın yox, amma nə deyim... Atan anan səni saxlayıb, hələ verməyirlər-o da ondan ötrüdür ki, öz əmin və dayın sən biçarənin bəxtin bağlayıblar, sənə cadu ediblər, qoymuyurlar ki səni birisi alsın.

–İmdi hərgah bu qızın ata anası mənə bir şeyi versələr mən bu biçarə qızın bəxtin açaram. Bir ayacan da ərə gedib oğullu qızlı olar.

–Xa xa xa ... a! Vay sənin yalançı evivəcən arvad! Sən yaxşı konstitutsiya ərə verə bilərsən?!

 

Ü. (Üzeyir)

“İrşad” qəzeti, 30 dekabr 1905, ¹11

 

 

TAZƏ XƏBƏR

 

– Hardan gəlirsən, ay biçarə sərgərdan. Səni məgər heç asudə görmək olmaz! Hələ o küçədə, bu küçədə il-ay uzunu dolan, axır görək bəhanə nə verəcəklər.

– Dürüst sözdür deyirlər: Dərd sahibi dər-dəra-kərdət-əsər, ay qardaş məgər yuxuya getmişsiniz, oxuyanınız yoxdur və cavab yazanınız yoxdur; niyə danışmıyorsunuz?

– Nə olub Allah göstərməsin, tazə bədbəxtlik vaqeə olub yoxsa? Hə!...

– Heç habelə bir şey yoxdur. Ancaq cəmi Qafqaziyyənin müsəlmanlarından ötrü mənbeyi-fəxr dövlət olan Bakı şəhəri kibi bir sərvətli şəhər imdi Gəncəyə tabe olub. Onu məhəlli-şurayi-müslimin Qafqaziyyə ədd edib onların təhti-hökmündə lazımdır ola! Zəhi-qəflət, rəhi-xəcalət bundan da artıq gözliyorsunuzmu?...

– Belə isə bu yaxşı oldu. Sədafərin Gəncə sakinlərinin bunca kəmalinə belə lazım idi olsun. İnşaallah ümidvaram ki, bundan belə o qeyrətli, himmətli kişilər dəxi qeyrilər kibi yatmıyor, gecə və gündüz millətin vəqfiyyatını və qeyrə-qeyrə ixtiyaratının mütabiləsini dövlətdən iddia edirlər. Laməhalə bir də öz məscid və mənabirəmizi fariği-mən-əl-hülumətə görərik və bir fəqir bielmləri heylə vədələr ilə təlimləndirərlər. Yaxşı deyiblər ki,

Tərsimi-nərsi bəkibəli ərəbi

in rah ke tövmiri be Türkistanəst.

Vədələr təamını hələ bizə yedirərlər. Pəs onda müsibətə tamaşa edərsən ki, bu təam qüvveyi-hakim təsəvvürünə keçə o vəqt bu təamın ədəmi-buxarı biri də ədəm vilayətinə həmli-nəql edər.

– Allah sizə tövfiqi-külli əta etsin. Gəncə sakinləri bizlər bundan sonra müləcceyi-ümidi-millət barəsində sizə bacardıqca yardım etməyə canımızla, malımızla hazırıq.

 

Ü. (Üzeyir)

“İrşad” qəzeti, 1 yanvar 1906, ¹ 12.

 

 

ÜRƏK BULANDIRICI BİR XƏBƏR

 

Bu gün “Tifliski listok” qəzetəsində oxuduq: “Fevralın 20-sində Peterburqdan “Vozrojdeniye” qəzetəsinə bunu dəxi teleqraf vasitəsilə xəbər veriyorlar ki, “senator Çerivanski hökuməti xəbərdar ediyor ki, qırğız taifəsini müsəlmanlıqdan qorusunlar. Çünki müsəlmanlıq, onun sözünə görə, mədəniyyət və mərifəti öldürür. Və bir də təklif ediyor ki, qırğızların həyat və məişətinə müvafiq rus zakonları tətbiq edilib onların müsəlman olmadıqların sübut etsinlər”. Böylə bir ürək bulandırıcı, qəlb sındırıcı, könül xarab edici xəbərə inanmaq çox çətindir. Çətindir o səbəbə ki, bütün Rusiyanın müxtəlif cəhətlərini iskan edən müsəlman taifəsinin ehtiyacati-ruhaniyyələrini rəf və ləvazimati-diniyyələrini bərəncam edib məsaidati-diniyyə sarıdan müsəlmanları təminə məmur olmuş Çerivanski qırğızları öz dinlərindən qorumaq və onların nəzərində müsəlmanlığı təhqir və zəm etmək kibi vicdan qəbul etməyən və insaf yol vermiyən böylə bir təşəbbüsə iqdam etsin, bu əqlə sığmayan bir xəbərdir.

Və bir də öz əql və kəmali sayəsində öylə ali bir mənsəbə çatmış Çerivanski heç bir vaxt iqrar edəməz ki, müsəlmanlıq mədəniyyət və mərifəti öldürür, əgər bu xəbər doğrudursa, o surətdə cənab Çerivanskinin gözbağlayıcı qəsdilə məmurluq libasına bürünmüş bir misyoner olduğunu heç bir sahibi-vicdan inkar edəmməz. Lakin biz əminiz ki, dövlət böylə bir böhranlı zamanda heç bir xilafi-qanun təşəbbüslərdə bulunmayan və vətənimizin hər bir yaxşı və yaman günündə kəmali-sədaqətlə dolanan və həmişə sülh və müsalimət tərəfdarı olan müsəlmanların uğrunda can fəda etmək dərəcədə əziz və möhtərəm olan din və məzhəb məsələlərinin həllini misyoner öhdəsinə həvalə etməz. Dini-islam, qırğızların xilqətinə böylə sirişt olub ki, naqabil fənn bir sifət mənziləsindədir. Onu ayırmağa heç bir kəsin qüdrəti ola bilməz. Və böylə alçaq və dəni işə iqdam edən, yəni əlsiz, ayaqsız qırğızların var-yoxu olan bir islam dininə də tətavül əlini uzadan bimürüvvət, qırğızların ah və nifrətinə hədəf olub vicdanın sədayi-ədalət gövsindən rahət qala bilməz.

Yox, böylə xilafi-ədalət bir tədbiri əşar edən bu xəbərə bavər etmək mümkün deyil.

Ümidvarız ki, inşaallah böylə bəd xəbərə biz kəmali-məsərrət və təşəkkür ilə bir rəddiyyə eşidəriz.

 

Ü.HACIBƏYOV

 

“İrşad” qəzeti, 23 fevral 1906, ¹ 54

 

sirişt- yaradılmış, insanın daxili aləmi

tətavül-təcavüzkar

bavər-inanmaq

məsərrət-şadlıq, sevinc

 

 

BİR NEÇƏ SÖZ

 

Rusların doğruca bir məsəli vardır: “Xeyirsiz şər yoxdur”. Filhəqiqə insan başına gələn hər bir fəna macəranın, istər insanın özünə, istər onu əhatə edən dairəyə xeyirli bir nəticəsi də olur. Bunun təfsirə ehtiyacı yoxdur. İştə bütün Zaqafqasiyanı qanlı bir ərzəyə döndərən və tamam bir il davam edən bu erməni-müsəlman ixtişaşının da ən böyük bir xeyri oldu. Bu xeyir hər bir halda arzu ediliyordu. Lakin onun meydana çıxması üçün dəhşətli bir şər lazım idi. İştə bu şər erməni-müsəlman ixtişaşı şəklində vüqu buldu, vüqu bulub da arzu edilən xeyiri meydana çıxardı. Bu xeyir hansıdır?

Bu xeyir – Qafqaz həyat və məişətinin “requlyatsiyası”dır . Yəni Qafqazı iskan edən bu üç millətin (erməni, müsəlman, gürcü) ömür və təəyyüşünun mülkiyyət cəhətincə yek-digərə nisbətən nizam və qaidə üzrə mürur etmək halını kəsbə başlamasıdır. Bu isə-çoxdan arzu edilirdi. Bəhsimin izahı üçün Qafqazın bir on, on beş il bundan əqdəm keçən həyat və məişətinə bir nəzər atalım. Bunun üçün artıq bir söz deməyib yalnız bir bununla iktifa edəlim ki, avropalıların nəzərində “Qafqaz” ləfzi “Ermənistan” ilə mütəradif idi. Yəni “Qafqaz” ilə “Ermənistan” ləfzləri Avropada ümumiyyət etibarı ilə bir müsənnidə kibi zənn olunurdu. Bu isə Qafqazın doğma balalarından ədd olunan gürcü və müsəlman milləti ürəfa və pişrovlarının qəlbini kədərlə məşhun etmişdi. Bunlar vətənlərində özlərinə məxsus olub zəbt edilmiş nam, heysiyyət, hüquq və ixtiyaratın iadəsini arzu ediyordular. Daha doğrusu Qafqazı iskan edən bu üç millətin həyat və məişətinin “requlyasiya”sı əməlində idilər. Məlum olduğu üzrə bu arzunun da qövldən feilə gətirilməsi üçün bir “requlyator” lazım idi. Bu da həm bilaşəkk və şübhə yalqız bir cismani və yaxud mədəni bir mübarizəyə bağlı idi. İştə sual: Bu mübarizə çarəsiz vaqe olacaq idimi? Bu suala cavab üçün digər bir sual verəlim: gürcü və müsəlman arasında öz millətlərinin öylə bir hal davam etsə idi, məhv və nabud olacaqlarını nəzərə alan, yəni bəsirət sahibi olan ünsürlərin ədədi çox idimi? Buna cavab: müsəlmanlar arasında az, lakin gürcülər arasında çox idi. Bunu isbat üçün gürcü üdəbasını xatirə gətirəlim, yaxud yalqız knyaz Çavçavadzenin “Ah-nalə edən daşlar” ünvanında əsərini dərxatir edəlim və yaxud gürcü ilə erməni mətbuatı arasında bu zamanə kibi davam edən mübahisə və mücadilələri nəzərdə tutalım.

Bu nöqteyi-nəzərdən gələcəyə baxılsa idi, gürcülər ilə ermənilər arasında cismani, yaxud mədəni şiddətli bir mübarizə vaqe olacağını surəti-qətiyyədə xəbər vermək üçün peyğəmbər olmaq lazım gəlməzdi... İştə o mübarizə zamanı hülul etməmiş bu erməni-müsəlman ixtişaşı vaqe oldu. Bu iki millətin dava-dalaşı əvvəla gürcülərin işğal etdikləri mərtəbədən mafövqündəki mərtəbəyə asan bir vəchlə süud etmələrinə səbəb oldu. İstər ermənilər, istər müsəlmanlar nəzərində gürcülərin şan və heysiyyəti artdı, buna da səbəb gürcülərin bu ixtişaşa kəmali–küdurət ilə baxıb ixtişaş müsəbbəblərini bitərəfanə və biqərəzanə zəmm və qədh etmələri idi. Avam demişkən, gürcülər bu halda özlərini ağır tutdular. Vətəndaşlarının müsibətinə əl çalıb gülmədilər və bununla ermənilər ilə-müsəlmanlar arasında ehtirama layiq oldular. Və saniyən bu ixtişaş ermənilərin Qafqazda biməhaba hər bir cəhətdən hökmfərma olmalarına bir zimam oldu. Artıq söz demirəm. Və salisən bu ixtişaş xabi-qəflətə müstəğrəq olan müsəlmanlara bir zərbə kibi toxunub ən gözəl bir zamanda bəzi hürriyyət sübhi açılha-açılda yuxudan bidar etdi. İştə ixtişaş, demək olur ki, qurtarıbdır. Gürcülər, hürriyyət kəsbi üçün illər ilə sərfi-məsai iqtiza edən bir mövqei işğal etmişlər. Ermənilərin biməhabalığına zimam vurulmuş, müsəlmanlar da sübh zamanında yuxudan qalxıb işə girişmiş cavana mənsub bir şövq və həvəslə mədəniyyət və mərifət yoluna qədəm qoymuşlar. Bir on il bu hal davam etsə, Qafqaz bəxtiyar və əsl mədəni bir ölkə olub özgələr mənafeini qarpmaq kibi təşəbbüslərə dəxi meydan olmaz.

 

Üzeyirbəy Hacıbəyov

 

“İrşad” qəzeti, 7 mart 1906, ¹62.

təəyyüş- yaşama, kecinmə

iktifa-kifayətlənmə

müsənnidə-ikili, iki hissədən ibarət

mütəradif-sinonim

zəmm-eybini söyləmək

biməhaba-qorxusuz

zimam-çilov

 

 

Üzeyir HACIBƏYLİ

 

Hüseynov Şirməmməd

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.18-19.