Yol ayrıcındakı illərin anıları

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Həmin dövrün Azərbaycan cəmiyyəti dil və milli xüsusiyyətlər baxımından ümumən monolit təsir bağışlasa da, eyni sözləri cəmiyyətdəki siyasi təmayüllər haqqında söyləmək mümkün deyildi. Mühitdin Birgenin müşahidəsinə görə cəmiyyətdə bolşevizm əqidəsi ilə milli düşüncə arasındakı uçurum hələ də nəzərəçarpacaq dərəcədə dərin idi. Doğrudur, hakim ideologiyanın bütün səylərinə baxmayaraq Lenin təlimini ürəkdən, səmimi qəbul edənlərin sayı o qədər də çox deyildi. Moskvanın təzyiqləri artdıqca xalq sadəcə susaraq dözürdü. Milli müstəqillik tərəfdarlarına gəldikdə isə, müəllif onları bolşeviklərin qarşısına çıxan yeganə qüvvə kimi səciyyələndirir. Bu qüvvə zahirən çoxsaylı və mütəşəkkil görünmürdü, lakin situasiyanın dəyişəcəyi təqdirdə onların dərhal meydana çıxaraq öz sözlərini deməsi tamamilə mümkün və gözlənilən idi.

Müəllifin başqa bir müşahidəsi də maraq doğurur. Bu da bolşeviklər və milliyyətçilərlə müqayisədə “realist və türk Azərbaycanda islam ittihadı” tərəfdarlarının çox az olmasıdır. Qafqaz İslam Ordusunun Bakının köməyinə yetməsini yerli əhali islam birliyi amilindən daha çox türk qardaşlığı faktı kimi dəyərləndirmişdi. Yeni Turan yaratmaq fikrinə düşən Ənvər Paşanın uğursuzluğunu da Mühitdin Birgen onun dini şüarlar altında Qafqaz və Türküstan müsəlmanlarını bir bayraq altında birləşdirmək ideyasının başlanğıc mərhələdən yanlışlığı və Azərbaycan türkləri üçün qeyri-cazibədarlığı ilə izah edir.

Sadə xalqın sonsuz türk sevgisinə, hər kəsin xilaskar türk əsgərindən şükranla söz açmasına baxmayaraq, Birgen 1922-ci ilin Azərbaycanında Türkiyəyə birləşmək ideyası tərəfdarlarının barmaqla sayılacaq qədər az olduğunu müşahidə etmişdi. Məsələnin tarixi köklərini araşdırarkən Azərbaycan Cümhuriyyəti liderlərinin Türkiyə ilə qarşılıqlı münasibətlərin qurulmasında ardıcıl və prinsipial mövqe tutduqlarını, Azərbaycanın müstəqilliyi ideyasında heç bir güzəştə getmədiklərini xüsusi vurğulayırdı. Mühitdin Birgenin fikrincə, Osmanlı imperatorluğunda “siyasəti Ənvər Paşa kimi dar düşünən və dar görən bir adamın” yürütdüyü şəraitdə Azərbaycan siyasətçilərinin dirənişi mühüm rol oynamışdı.

Türkiyə üçün canını belə verməyə hazır olan azərbaycanlıların imperiyanın bir parçası olmaq fikrini yaxın buraxmamalarını xatirə müəllifi aşağıdakı amillərlə izah edir: 1.Çağdaş kültür Azərbaycanda Türkiyəyə nisbətən çox dərin bir tərzdə, kütlənin içərisinə işləmiş bir şəkildədir (1919-cu ildə Parisdə, Versal Sülh konfransında Əlimərdanbəy Topçubaşovla görüşən İran nümayəndə heyətinin başçısı Müşavirül-Məmalik də Azərbaycandakı ziyalı, mədəni qüvvələrin İranda olmadığını bildirmiş və səyləri birləşdirməyi təklif etmişdi-V.Q.). 2. Azərbaycan başqa bir tarix içərisində və başqa iqtisadi-siyasi özül üzərində yüksəlmişdir. 3. Azərbaycan Qafqazda tək deyil, bu ölkə müxtəlif tellərlə Gürcüstan və Dağıstana bağlıdır. Bir sıra məsələlərdə tarix Azərbaycanla Gürcüstanı ayrılmaz yol yoldaşlarına çevirib və onların mühüm qərarları birgə vermələrini zəruri edib. 4. Azərbaycanın öz taleyini həll etməsində Rusiya amili, “Rusiyanın ölkənin təbii zənginliklərindən, ilk növbədə Bakı neftindən asılılığı” nəzərdən qaçırılmamalıdır. Azərbaycanın heç vaxt Türkiyəyə birləşmək niyyəti olmasa da, yuxarıda sadalanan amillər müəyyən dəyişikliklərlə bu gün də öz əhəmiyyətini və təsir qüvvəsini saxlamaqdadır.

 

lll

 

“İttihad və Tərəqqi”də on sənə” kitabında toxunulan mühüm mətləblərdən biri də müəllifin öz sözləri ilə desəm, “milli Azərbaycanın müqəddəratında türklərin məsuliyyət payı” məsələsidir. Çünki müəllifin fikrincə, taleyin qəribə gərdişi nəticəsində iki ilin içərisində türklər həm Azərbaycanın istiqlal qovuşmasına yardım göstərmiş, həm də istiqlalın itirilməsində uğursuz rol oynamışdılar.

“Milli bir Azərbaycan yaşaya bilərdimi? Rusiyanın həyatında bu qədər böyük bir rolu olan petrol Bakıda ikən və böyük rus inqilabının həyatı bu petrola bağlı olarkən Azərbaycan milli varlıq halında özünü (hətta Gürcüstanla birləşmiş halda olsa belə!) müdafiə edə bilərdimi? Zənn etmirəm. Azərbaycanın taleyinin əvvəlcədən həll edilmiş olması qənaətindəyəm. Amma bu heç zaman bizimkilərin əli ilə edilməməli idi. Üstəlik də bu hərəkətin başında ittihadçıların dayanması bir ittihadçı kimi məni çox mütəəssir etmişdir” – deyən Birgenin fikirləri ilə razılaşmamaq mümkün deyil.

Azərbaycanın milli müstəqilliyini itirməsində (bu nə qədər qaçılmaz bir proses olsa belə!) “türk amilinin” mövcudluğu Mühitdin Birgeni həm də ona görə ağrıdırdı ki, həmin çətin dövrdə Bakıya üz tutan bütün türklər səmimi və xeyirxah münasibət görmüşdülər. Bakıya dəvət olunan müəllimlər (həmvətənlərini daha yaxşı tanıyan Birgenin fikrincə, onların əksəriyyəti Türkiyədə heç bir nüfuza malik olmayan təsadüfi adamlar idi), Azərbaycan ordusunda təlimatçı kimi çalışan türk zabitlər, hətta öz nəfləri üçün ticarət edən türk tacirləri belə vətənlərində təsəvvürlərinə gətirə bilməyəcəkləri bir qayğı və diqqətlə əhatə olunmuşdular.

“Belə bir şəraitdə,- Mühitdin Birgen yazırdı, – bizimkilərin yalnız bir vəzifəsi vardı: onlara bu qədər əmniyyət və etimad göstərmiş, onlara məmləkətin ən mühüm xidmətlərini və dövlətin bütün siyasət və qüvvət açarlarını təqdim etmiş olan Azərbaycana münasibətdə hər hansı bir siyasət yürütməkdən uzaq dayanmaq, onun parlamentinin iradəsi ilə təşəkkül tapmış qanuni hökumətinin əmri altında öhdələrinə düşən vəzifələri icra etmək. Başqa bir şey etməyə kimsənin heç bir haqqı yox idi!”

Əvəzində isə Bakıda özlərinə isti yuva qurmuş türk mühacirlər “Müsavat hökuməti”ni ingilis tərəfdarı kimi qələmə verir, Anadolunun yardımına can atan sovet qoşunlarının yolunu kəsməkdə suçlayırdı.

Həmin şəxslər kim idi? Onlar hansı məzhəbə qulluq edirdilər? Azərbaycanın mümkün qədər tezliklə sovetləşdirilməsi Türkiyə xarici siyasətinin məqsədlərindən biri idi, yoxsa bu fikrə düşənlər sadəcə özfəaliyyətlə məşğul olurdular? Amerikalı azərbaycanşünas-alim T.Şventoxovski 1920-ci ildə “Ermənistanı əzməli, Gürcüstanı neytrallaşdırmalı, Azərbaycanı sovetləşdirməli!” şüarının rəsmi Türkiyənin Qafqazla bağlı niyyətlərinin ifadəsi sayır.

Hadisələrin içərisində olan Mühitdin Birgen isə “rəsmi Ankaranın” – Atatürkün bu məsələ ilə hər hansı şəkildə əlaqəsini qəbul etmir. “Siyasət milli sərhədlər daxilində, milli istiqlal naminə və xalqla bağlı şəkildə xalqın hakimiyyəti altında həyata keçirilir. Milli hüdudları aşan, xalqla bağlılığı olmayan, onun rəhbərliyi altında aparılmayan siyasət ilk dəfə Atatürkün ortaya qoyduğu şərtlərə görə qəbuledilməzdir”- yazaraq, Qazinin heç bir halda Azərbaycan türklərinin mənafeləri əleyhinə addım atmadığını sübuta yetirməyə çalışır.

Müəllif günahın böyük bir hissəsini, yuxarıda da qeyd etdiyim kimi, ittihadçılarda görür. Lakin bunlar artıq mövcud olmayan “İttihad və Tərəqqi” partiyasının nüvəsini təşkil edən milliyyətçi, vətənpərvər şəxslər deyillər. Çünki həqiqi ittihadçılar ya Qurtuluş Savaşı sıralarında yer almış, ya da siyasətdən tamamilə çəkilərək özlərinə başqa iş tapmışdılar. Partiyada qazandıqları şöhrətdən istifadə edənlər isə türk məmləkəti Azərbaycanda yenidən önə çıxmaq imkanının yarandığını görüb bu fürsəti əldən qaçırmaq istəməmişdilər.

Onların ən böyük qəbahəti bir tərəfdən Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etmələri, o biri tərəfdən isə özlərini Türkiyənin təmsilçiləri kimi qələmə verərək, iki xalq arasındakı münasibətlərə kölgə salmaları idi. Ölkədəki digər siyasi qüvvələri “ingilis yanlısı” kimi qələmə verdikləri “Müsavat”ın əleyhinə qaldırmaqla Azərbaycandakı türk mühacirlər əslində bolşeviklərlə işbirliyinə girmiş, hakimiyyət boşluğu və dövlətə inamsızlıq yaranmasına səbəb olmuşdular.

Türkiyə və türk dostu olan azərbaycanlı liderlərin həmin adamlara dəfələrlə “Diqqət ediniz! Yanlış yoldasınız. Türkiyənin qurtarması üçün bir deyil, bir neçə Azərbaycanın fəda edilməsinə razıyıq. Amma bu hərəkət o hərəkət deyil. Sizi aldadırlar” – xəbərdarlığının da heç bir təsiri olmamışdı. Məqsəd Azərbaycanın taleyini düşünmək yox, bolşeviklərin yardımı ilə Türkiyədə hakimiyyəti ələ almaq idi. Bu adamlar hələlik Atatürk fenomenini anlaya bilməmişdilər.

Həmin şəxslərin sırasında Əli bəy adı altında Moskvaya səfər edərək Leninlə görüşən, Şərq xalqlarını Britaniya imperializmi əleyhinə mübarizəyə qaldırmaqla bağlı birgə fəaliyyət planı cızan Ənvər Paşa, qardaşı Nuru Paşa, əmisi Xəlil Paşa dayanır. Amma təbii ki, onların hamısına eyni ölçülərlə yanaşmaq olmazdı. Nuru Paşa siyasətdən kənarda durmağa çalışırdı, Azərbaycanın qanuni hökumətinə qarşı çıxmağı yolverilməz sayır, bolşeviklərlə işbirliyini təsəvvürünə gətirmirdi. Xəlil Paşa isə əksinə, Yaxın Şərq üçün kommunizm ideyalarının cəlbedici olduğunu iddia edir, sovet Rusiyası ilə əməkdaşlıqda heç bir qəbahət görmürdü.

“Bu vəziyyət qarşısında yerli siyasətçilərin münasibəti belədir, – deyə Mühitdin Birgen daha sonra yazırdı. – Müsavat özlərinin Türkiyəni təmsil etdiklərini deyən qüvvələrin qarşısında gücsüzdür. Çünki Azəri kütləsinə “Türkiyə” deyildiyi zaman axar suların duracağını düşünür. Ona görə də bu partiyanın bütün siyasəti türkiyəlilərlə xoş rəftar edib, onlara maddi və mənəvi cəhətdən böyük yardım göstərib, bu yolla Azəri hökumətinə bağlamaqdan ibarətdir. Sağ cinahdakı Qarabəyov kimilər isə hökuməti ələ almaq üçün Türkiyədən daha bərk yapışar və hökuməti özlərinə qarşı kifayət qədər hörmət göstərməməkdə ittiham edərlər”.

Azərbaycandakı türk sevgisindən yararlanıb öz oyununu oynayanların sırasında müəllif ilk növbədə tezliklə “Yoldaş Xəlilə” çevrilən Xəlil Paşanın adını çəkir. O, yazır: “Günün birində, yəni 1920-ci ilin nisanında Xəlil Paşa rus ordusuna komandanlığı əlinə alıb onu Anadolunun yardımına aparmaq məqsədi ilə Dərbəndə yola düşür və orada Qızıl ordunu ələ almaq əvəzinə Qızı ordunun komandanı onu ələ alır və heç bir müqavimətlə üzləşmədən Bakıya doğru yürüyür. Bu ordu hərəkət etdiyi anda Bakıda türk rəislərin əlləri altında olan polis, jandarma və əsgəri qüvvələr qırmızı inqilab lehinə və Müsavat hökuməti əleyhinə üsyana qalxırlar. Bizimkilərin ya doğrudan-doğruya öz əlləri ilə çəkdikləri tapançalar, yaxud da əmr verdikləri süngülər onları o mövqelərə qoymuş olanların əleyhinə çevrilir və Bakının rus proletariatı da araya qarışaraq, müsavatçıların qanları tökülməyə başlayır”.

Birgenin təsvir etdiyi mənzərə belədir. Əlbəttə, burada deyilənlərin tam həqiqət olduğunu öyrənmək, hisslərin yoxsa faktların əsas rol oynadığını aşkara çıxarmaq üçün əlavə araşdırmalara ehtiyac var. Türk müəllifi bəzi məlumatları qərəzli mənbələrdən də ala bilərdi. Məsələn, o, hərbi nazirin müavini Ə.Şıxlinskinin də Xəlil Paşa ilə birlikdə XI qırmızı ordunun Azərbaycana hücumu ərəfəsində hərbi hissələri dolaşaraq rus əsgərlərinə qarşı silah qaldırmamaqla bağlı təbliğat apardığını yazır. Bolşevik hakimiyyəti dövründə general Şıxlinskinin təqiblərə məruz qaldığını və yalnız N.Nərimanovun müdaxiləsi sayəsində haqsız cəzadan xilas olduğunu nəzərə alsaq, bu faktın əsassızlığı bir daha üzə çıxır.

1918-1920-ci illərdə türk insanının Azərbaycandakı istər fədakarlıqları, istərsə də yanlışlıqları haqqında danışarkən Mühitdin Birgen hər iki halda səmimidir, tərifləri də, məzəmmətləri də ürəkdən gəlir və ümumi işə xidmət etmək məqsədi güdür.

 

lll

 

Bakıda Mühitdin Birgen Azərbaycan türkünün kimliyini və onun türk sevgisinin dərinliyini hiss etmişdi. İnsani münasibətlərin daha hesablı olduğu İstanbuldan sonra çox şeyin ani hissə, bəzən hətta lüzumu olmayan fədakarlığa əsaslandığı Bakı türkiyəli müsafiri həm heyran etmiş, həm də şaşırtmışdı.

Oxşar tarix bir də ötən əsrin 90-ci illərində, sıravi Anadolu və Azərbaycan türkləri arasında əlaqələrin yenidən bərpa olunduğu dövrdə yaşandı.

O zaman da Azərbaycana gələn bəzi türklər bizim “daha çox türk olduğumuzu”, “türklüyümüzü daha iyi mühafaza etdiyimizi” deyirdilər. Təxminən eyni hissləri yetmiş il əvvəl Mühitdin Birgen də yaşamışdı.

“Türkiyədə bu yaxın zamanlara qədər gah “Məşədi”, gah da “Əcəm” deyə kəndisi ilə osmanlıların və Osmanlı ruhlu insanların alay etdikləri, tanımadıqları azərilər o qədər xalis türklərdir ki, mən bir istanbullu sifəti ilə onlar qədər xalis türk olduğumu iddia edə bilmərəm. Çünki onlar bütün türk rəngləri və türk cizgiləri üzlərində duran türklərdir” – deyən Mühitdin Birgen düşüncələrinə aşağıdakı qənaəti ilə yekun vururdu: “Heç bir mübaliğəyə yol vermədən oxucularımı əmin edə bilərəm ki, türklüyümün dərinliyini ilk dəfə Azərbaycanda hiss etdim”.

Doğrusu, bu sətirləri oxuyanda ilk öncə müəllifin aludəçiliyə qapıldığını düşündüm. Lakin Azərbaycan Cümhuriyyətinin ölkə insanının düşüncəsində yaratdığı böyük təbəddülatı xatırlayanda, Üzeyir bəyi, Hüseyn Cavidi, Əhməd Cavadı, Cəfər Cabbarlını və digər sənətkarları göz önünə gətirəndə Bakı Darülmüəllimatı, yaxud ilk Universitetimiz haqqında oxuduqlarımı yada salanda 20-ci illərin milliyyətçi-türkçü və vətənpərvər ab-havası təsəvvürümdə daha real cizgilər kəsb etdi.

XI qırmızı ordunun Bakını bir gecəyə tutmasına baxmayaraq, inqilabın ölkəyə tədrici şəkildə yayılması Mühitdin Birgenin də nəzərindən yayınmamışdı. O, yazırdı: “İnqilab Azərbaycanı yavaş-yavaş, addım-addım təslim edirdi. İlk həmlədə azərilərin xalq ruhunda yaşayan bir takım həssas duyğulara qarşı hərəkət edilməmişdi. Bunun üçündür ki, bayraq çox kiçik dəyişikliklərlə mühafizə edilmiş, bir qisim insanlar “milli” olmaqda ləkəli sayılsalar da, hələlik iş başından uzaqlaşdırılmamışdılar. Azərbaycanda Türkiyəyə olan dərin sevgiyə qarşı da inqilab göz yumurdu. Hər növ milli duyğunun düşməni olmasına baxmayaraq, kommunizm Azərbaycandakı bu xüsusiyyətləri qəbul edir və onlara hörmətlə yanaşırdı. Mənim Bakıda yerləşdiyim tarixlərdə azərilər hələ “Yaşa, yaşa! Mustafa Kamal Paşa!” – deyə çox sevdikləri bir mahnını səhərdən axşama, axşamdan səhərə kimi oxuyub gəzirdilər”.

Mühitdin Birgenin müşahidələri ona Azərbaycandakı bolşevik hakimiyyətinin xarakteri və əsas təmsilçiləri haqqında dəqiq səciyyələr verməyə imkan yaratmışdı. Azərbaycan kommunistlərinin sayca azlığı və Moskvanın gözündə etibar sahibi olmamaları diqqətini çəkmişdi. Müəllif bolşevik partiyasının yerli liderləri arasında istər biliyinə, istərsə də milliyyət duyğuları və nüfuzuna görə “Azərbaycanın Lenini” adlandırdığı N.Nərimanovu xüsusi fərqləndirmişdi. Onun fikrincə, hakimiyyətdən məst olub eyforiyaya qapılan digər “milli rəhbərlər”lə müqayisədə N.Nərimanovun böyüklüyü sovet quruluşunun gətirdiyi bəlaları görə bilməsində idi.

Xatirə müəllifi Nərimanovun hakimiyyətdən uzaqlaşdırılmasını onun “münəvvər (ziyalı-V.Q.) kimi tanınmasında və Azərbaycanın şərtlərinə uyğun bir rejim qurulmasının tərəfdarı olmasında” görürdü. Ölkə rəhbərliyinə gətirilən “Ağamalıoğlunun isə kültürsüz və kommunistliyi sonradan qəbul etmiş birisi” olduğunu qeyd edirdi. Başqa bir diqqətçəkən təfərrüat isə 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə milli hakimiyyət sovet rejimi ilə əvəz edilərkən S.Ağamalıoğlunun “O olmasın, bu olsun!” – deyə faciəli situasiyaya komik şərh verməsi idi.

Mühitdin Birgen xatirələrində “kültür dostu” deyə təqdim etdiyi Mustafa Quliyevdən də ehtiramla söz açmışdı: “Quliyev həqiqətən də iyi bir insandı. Əqidəli kommunist, fəqət ana dilini sevən, Azərbaycanın türk mədəniyyətinin qüvvətlənməsini istəyən çox səmimi insan idi. Lakin nüfuzlu kommunist sayılmırdı. Nüfuzlu kommunist olmaq üçün firqənin Azəri şöbəsinin ümumi katibi və Azərbaycan işlərinin nihayi hakimi olan Kirovun nəzərində bir etibar və əmniyyət mövqeyinə sahib olması lazım idi. Onda da bu yox idi”.

“Başlıca nüfuz sahibi olan insanlar arasında tanıdıqlarım “Kommunist” qəzetəsinin baş mühərriri Ruhulla Axundov ilə ordusuz hərbiyyə naziri Qarayev idi” – deyə N.Nərimanovdan sonra Azərbaycanın kimlərin əlində qaldığından söhbət açan müəllif yazırdı. Ə.Qarayevin hətta bir dəfə gəlib mühazirəsini dinlədiyini, çox bəyəndiyini və onu kommunistliyə təşviq etdiyini də ayrıca xatırladırdı. Bilik və düşüncə məhdudluğunu hakimiyyət zoru ilə ört-basdır etməyə çalışan D.Bünyadzadə, M.B.Qasımov kimi komissarlar da qonaqda acı təəssüratlar doğurmuşdu.

Lakin şəxsiyyət və hadisələrə obyektiv yanaşmağı bacaran Mühitdin Birgen sadəcə Azərbaycan kommunistlərini tənqid etməklə kifayətlənməmişdi. Daha çox onların düşdüyü ağır və çətin vəziyyəti anlatmağa çalışmışdı. Sosialist inqilabının hakimiyyətə gətirdikləri bu insanlar əslində faciəli tamaşanın qəhrəmanları idilər. Müəllifin dəqiq ifadə etdiyi kimi, “çəkiclə zindan arasında” qalmışdılar. Çünki ruslara yaxınlaşdıqca xalqdan uzaqlaşır, xalqa tərəf getdikdə isə, sərt və barışmaz inqilabçıların töhmətlərinə məruz qalırdılar”.

Azərbaycanda ziyalı, millətsevər insanlar olduğu halda yalnız ideoloji mənsubluğa görə irəli çəkilən, rəhbərlik etdikləri sahələrdən düz-əməlli baş çıxarmayan “kommunistlərin” iş başına gətirilmələri Mühitdin Birgenin haqlı olaraq ölkənin gələcəyinə ümidsiz nəzərlərlə yanaşmasına əsas vermişdi. Xatirələrini qələmə aldığı dövrdə müəllif 20-ci illərin əvvəllərində Bakıda tanıdığı rəhbər şəxslərin çoxunun həyatda və iş başında olmadığını, onların yeniləri ilə əvəzləndiyini bilsə də, vəziyyətin yaxşıya doğru dəyişəcəyi ilə bağlı illüziyalar bəsləməmişdi. “İnqilab milli Azərbaycanın siyasi varlığını yox etmiş, iqtisadi qüdrətini tükətmiş, mədəniyyət adamlarını aradan götürmüşdür”, “İnqilab kordan göz həkimi yapar” – deyə müəllif kədərli düşüncələrinə yekun vurmuşdu.

 

lll

 

Tez bir zamanda Azərbaycanda özünə çoxlu dostlar tapmasına, xüsusən də yüksək dairələrlə əlaqələr qurmasına baxmayaraq, Mühitdin Birgen fəaliyyətini yarımçıq qoyub vətəninə dönməli olmuşdu. Bu da həmin dövrdə ÇK-nın türkiyəli müəllimin keçmişi və əlaqələri ilə maraqlanması, mənzilində aparılan axtarışlar, “söhbət” üçün Fövqəladə Komissiyaya çağırılması ilə bağlı idi.

Türk milliyyətçisinin izzəti-nəfsini hər şeydən çox təhqir edən müstəqil Azərbaycanda bu qurumun yerli hökumətlə qətiyyən hesablaşmaması, qeyri-türk əməkdaşların, əsasən ermənilərin (müəllifin xatırladığına görə, Tiflisdə bu vəzifəni yəhudilər həyata keçirirdilər) nəzarətində olması və türklərə şübhəli, saymazyana münasibət göstərməsi idi.

ÇK-ya ilk dəfə çağırılan zaman onun qarşısında zahirən mədəni tərzdə, lakin etiraz qəbul edilməyən tonda bir həftə-on gün ərzində ölkədən çıxmaq tələbi qoyulmuşdu. Birgen Azərbaycana “Müsavat hökuməti”nin deyil, Sovet hökumətinin dəvəti ilə gəldiyini, qəzetçilik fəaliyyətində daim Türkiyə-Sovet dostluğunun vacibliyini ön plana çəkdiyini bildirsə də, sözlərinə əhəmiyyət verilməmişdi. Əksinə, Bakıdakı digər mühacir türklərlə əlbir şəraitdə Türkiyə nəfinə casusluq etməkdə ittiham olunmuşdu.

Məsələdən xəbər tutan Mustafa Quliyev onu dərhal Maarif Komissarlığına dəvət etmiş, hadisənin təfərrüatlarını öyrəndikdən sonra: “Bilirsiniz ki, ÇK hər yerdə müstəqildir. Onun işlərinə qarışmaq olmaz. Amma bu qərarın geri götürülməsinə çalışacağıq. Sizdən razıyıq, sizi burada həmişəlik saxlamaq istəyirik” – demişdi.

Həqiqətən də Azərbaycan hökumətinin, ilk növbədə isə R.Axundov və M.Quliyevin səyi nəticəsində tezliklə Mühitdin Birgenin ölkəni dərhal tərk etməsi ilə bağlı ÇK-nın aldığı ilk qərar dəyişdirilmiş, ona “işlərini qurtarana qədər” (müəllif komitə rəsmilərinə Azərbaycan ali məktəbləri üçün dərslik və proqram üzərində işlədiyini bildirmişdi) Bakıda qalmağa izn verilmişdi.

Lakin Mühitdin Birgen artıq ilk dəfə ÇK-ya çağırılandan sonra Azərbaycanı “üzüsulu” tərk etməklə bağlı qəti qərara gəlmişdi. Bakıdakı Türkiyə diplomatik nümayəndəliyinin bağlanması, yaxşı tanıdığı Türkiyə “müməssili” (təmsilçi-V.Q.), yazıçı və diplomat M.Ş.Esendalın vətənə dönməyə hazırlaşması, sovet rejiminin əcnəbilərə, ilk növbədə Türkiyədən gələnlərə münasibətinin daha da sərtləşməsi onu qərarını təxirə salmadan yerinə yetirməyə vadar etmişdi.

Mühitdin Birgen Azərbaycanla bağlı xatirələrini Bakıdan ayrılandan 12 il sonra qələmə almışdı. Aradan keçən illər qardaş xalqa münasibətini zərrəcə dəyişdirməmişdi. Azərbaycan insanı ilə birgə keçirdiyi il yarım Türkiyə maarifpərvərini ölkəmizin və xalqımızın həmişəlik dostuna çevirmişdi.

Azərbaycan və Anadolu insanının dil, inanc, düşüncə, məişət, hətta geyim-kecim və zahiri görünüş baxımından da biri-birinin eyni olduğunu vurğulayan müəllif ölkəmizlə bağlı xatirələrinə yekun vuraraq yazırdı: “İştə, Azərbaycan budur! Yeni bir həyata atılarkən qarmaqarışıq bir dünya içində və ilk təmas dəqiqəsində mənə bu qədər qüvvət və cəsarət vermiş olan Azərbaycan – həyatın bitib-tükənmək bilməyən müşkülləri qarşısında, lazım gələrsə, mənə hər zaman yardım edəcəyinə əmin olduğum bu ikinci Anadolu!”

Dünyanı Osmanlı sarayının dar pəncərələrindən seyr etməyə alışanların və onların təsiri altına düşənlərin Azərbaycan türklərini “əcəm” adlandırmaları Birgendə həqiqi hiddət doğurmuşdu. “Əcəm yad, yabançı deməkdir” – deyə bu cür qafil həmvətənlərini xəbərdar edən müəllif daha sonra yazırdı: “Azəri demək – türk deməkdir. O qədər “türk” deməkdir ki, xüsusilə biz istanbulluların gərək qan, gərək də tarixi tərbiyəmiz etibarı ilə onlar qədər sağlam türk olduğumuzu iddia edə bilməmiz üçün imkanımız yoxdur”.

Mühitdin Birgenin bu fikirləri irəli sürdüyü dövrdə Türkiyədə, SSRİ-nin təzyiqi ilə, Azərbaycan və digər türk məmləkətlərindən olan mühacirlərə qarşı bəzi tədbirlər alınmışdı. M.Ə.Rəsulzadə də başda olmaqla, onların əksəriyyəti güman yeri kimi sığındıqları Türkiyəni tərk edərək Avropa ölkələrinə üz tutmaq məcburiyyətində qalmışdılar. Bu baxımdan Mühitdin Birgen Azərbaycan və azərbaycanlılar haqqında dediyi xoş sözlərə əslində türk hökumətinin və türk ictimai fikrinin gecikmiş üzrxahlığı, “Azərilərə qarşı əvvəllər də etdiyimiz bir sıra haqsızlıqların və hətta milli günahların yuyulması” kimi yanaşaraq yazırdı:

“Türkiyəli bir türk Azərbaycana getdiyi zaman orada yalnız izzət və ikram görür. Halbuki, bu gün Türkiyədə bir xeyli Azəri mühacir vardır və onların mühacirətlərinə səbəb olan hadisələrdə bizim orada izzət və ikramın ən son həddini görmüş vətəndaşlarımızın rolu olmuşdur. Belə olan halda biz türklər üçün bu mühacir Azərilərə hörmət və məhəbbət göstərmək, onların dərdləri ilə maraqlanmaq və çarı tapmaq ayrıca bir vəzifədir. Həm təkcə adi vəzifə deyil, bir borcdur!”

Birgenin fikrincə, azərbaycanlılar müstəqillik uğrunda savaşda hələlik məğlub durumda olsalar da, şəxsi ləyaqətlərini və milli qürur hissini qoruyub saxlayıblar. Sovet hakimiyyəti onların fikir və düşüncələrində köklü dəyişiklik yarada bilməmişdir. Müəllifin müşahidələrinə görə “Azərilər on yeddi sənəlik bir inqilab təcrübəsindən sonra bu gün Rusiyaya qarşı çarlıq dövründən daha soyuq bir çöhrə göstərirlər və hətta çarlıq dövründə xəbərsiz qaldıqları bəzi fəaliyyətlərə girişirlər”.

Mühitdin Birgen Türkiyəni bu proseslərə laqeyd yanaşmamağa çağıraraq “Azərbaycanda türk millətinə qarşı bir az daha artıq hörmət göstərilməsi və türklərə məhəlli şərtlər daxilində türk olaraq inkişaf imkanları verilməsi” məsələsində Türkiyə Cümhuriyyətinin üzərinə də müəyyən vəzifələr düşdüyünü qeyd edirdi.

Fikrimcə, Mühitdin Birgenin xatirələrinin Azərbaycanla bağlı hissələri (II cild, s.705-882) həm həcm, həm də mövzunun əhatə dairəsi baxımından öz-özlüyündə bitkin və müstəqil bir kitab təsiri bağışlayır. Bu əsərin Azərbaycan türkcəsində çap edilməsi yaxın tarixi keçmişimiz haqqında bilik və təsəvvürlərin daha da genişlənməsinə xidmət edə bilərdi.

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 10 aprel.- S.16-17.