Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
Misir MƏRDANOV
(əvvəli ötən şənbə
sayımızda)
Hörmətli oxucular, bir ildən artıq müddətdə Azərbaycan təhsilinin hər bir pilləsi və səviyyəsi üzrə inkişaf meylləri, problemlər və perspektivlər barədə fikirlərimizi, həyata keçirilən konkret tədbirlər haqqında məlumatları, ölkə təhsilində aparılan islahatların nəticələrini sizin diqqətinizə çatdırmaq istədim. Buna nə dərəcədə nail olduğumu, əlbəttə, daha yaxşı siz qiymətləndirə bilərsiniz. Lakin qeyd etmək istərdim ki, bu məqalələrdə son dərəcə səmimi şəkildə ən ciddi problemləri belə sizin mühakimənizə təqdim etməyə çalışdım. Hesab edirəm ki, bu, düzgün yoldur. Təhsilin inkişafı ümummilli məsələ kimi hamını düşündürməlidir. Bu məqalədə isə son illərdə təhsil sahəsində əldə olunan nailiyyətləri kompakt şəkildə diqqətinizə təqdim etmək fikrindəyəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bəyan edilmiş ölkənin əsas iqtisadi inkişaf göstəriciləri bunu bir daha sübut edir: 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətqabiliyyətliliyinə görə dünyada 51-ci, MDB məkanında 1-ci yerdədir. Bütün dünyanın güclü maliyyə böhranı ilə üzləşdiyi 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı istehsalı isə 3,5 faiz artmışdır.
2008-ci ildə
ölkəmizdə inflyasiya 21 faiz olmuşdusa, 2009-cu ildə
inflyasiyanın səviyyəsi 1,5 faizə enmişdir. Azərbaycana 9,2 milyard dollar
investisiya qoyulmuşdur ki, bunun 7,3 milyardı daxili sərmayələrdir.
İl ərzində ölkədə bir neçə
irimiqyaslı layihələrin təməli qoyulmuş, yaxud icra
edilmişdir: xarici investorlar tərəfindən maliyyələşdirilən
yeni böyük sement zavodunun təməli qoyulmuşdur. Bu
müəssisəyə təxminən 400 milyon dollar investisiya
qoyulacaqdır. Ekoloji vəziyyətin
yaxşılaşdırılmasına xidmət edəcək
yeni məişət tullantıları emalı zavodunun təməli
qoyulmuşdur. Zavoda qoyulacaq investisiyalar təxminən 400 milyon
dollar səviyyəsindədir. “Sumqayıt texnopark”ın müəyyən
hissəsi artıq istifadəyə verilmişdir və nəhəng
tikinti-quraşdırma işləri davam etdirilir. Orada ən
azı 10 nəhəng zavod qurulacaq, investisiyaların həcmi
ilkin hesablamalara görə 100 milyon dollar təşkil edəcəkdir.
2009-cu ildə ölkənin
valyuta ehtiyatları da artaraq 20,4 milyard dollara
çatmışdır. Regionların sosial-iqtisadi
inkişafı prosesi uğurla davam etmiş, son 6 il ərzində
840 min iş yeri, 2009-cu ildə isə 74 min yeni iş yeri
açılmışdır. Altı il bundan əvvəl Azərbaycan
vətəndaşlarının təxminən 50 faizə
yaxını yoxsulluq səviyyəsində
yaşayırdı, bu gün bu göstərici 11 faizdir.
2008-ci illə müqayisədə 2009-cu ildə yoxsulluq səviyyəsi
13,2 faizdən 11 faizə düşmüşdür.
2009-cu ildə Azərbaycanda
840 meqavatlıq yeni enerji gücləri yaradılmış,
“Sumqayıt”, “Şahdağ” böyük elektrik stansiyaları
tikilib istifadəyə verilmişdir. 2009-cu ildə xarici siyasət
sahəsində çox vacib addımlar atılmış, Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
müəyyən irəliləyiş olmuşdur.
Danılmaz faktdır ki,
qısa müddət ərzində Azərbaycanın
bütün sahələrdə sürətli inkişafı
ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə
modeli sayəsində mümkün olmuşdur. Təsadüfi
deyildir ki, dünyanın nüfuzlu ekspertləri və
iqtisadçıları Azərbaycanın dinamik
inkişafının səbəblərini də məhz
İlham Əliyevin ölkəni elmi tədqiqatlara və
strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə
modelinin nəticəsi kimi qiymətləndirirlər.
Onu da qeyd etmək
lazımdır ki, cənab İlham Əliyevin yeni idarəetmə
modeli təhsil sistemində də müasir menecment modellərinin
tətbiqini şərtləndirmişdir. Son illərdə təhsil
sahəsində əhəmiyyətli nailiyyətlərin əldə
olunması da təhsilin idarəolunması sisteminin təkmilləşdirilməsi
ilə bilavasitə bağlıdır. Təhsil Nazirliyinin
strukturunda dəyişikliklərin edilməsi, Monitorinq və
qiymətləndirmə (təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsi, təhsil müəssisələrinin
fəaliyyətinin monitorinqinin aparılması), Təhsilin
idarəolunmasının məlumat sistemləri (təhsil
sistemi haqqında onlayn yeniləşdirilən elektron məlumat
bazasının yaradılması, məlumatların təhlili
və hesabatların hazırlanması), Strateji təhsil,
planlaşdırma və kadrların idarəolunması (təhsil
sektorunun ayrı-ayrı sahələri üzrə strateji təhlillərin
aparılması, fəaliyyətin
planlaşdırılması, təhsilin perspektiv inkişaf
istiqamətlərinin və prioritetlərinin müəyyənləşdirilməsi,
kadr siyasətinin formalaşdırılması və kadr təminatının
həyata keçirilməsi), Akkreditasiya (təhsil müəssisələrinin
akkreditasiyası, təhsil proqramlarının
akkreditasiyası, təhsil müəssisələrinin fəaliyyətinə
lisenziyanın verilməsi, keyfiyyətə nəzarətin təmin
edilməsi) şöbələrinin yaradılması Nazirliyin
idarəetmə potensialını xeyli gücləndirmiş,
çevik idarəetməyə zəmin yaratmışdır.
Hazırda Nazirliyin mərkəzi aparatında 16 şöbə,
8 sektor, Nazirliyin nəzdində isə təsərrüfathesablı
tikinti, İKT və de-institutlaşdırma idarələri fəaliyyət
göstərir. Mərkəzi aparatda 147 nəfər
çalışır ki, onlardan 4 nəfər elmlər
doktoru, 23 nəfər elmlər namizədi, 120 nəfər isə
təcrübəli mütəxəssislərdir.
Ölkə Prezidentinin “Təhsil
Nazirliyində düşünülmüş proqram, konsepsiya
vardır” fikri fəaliyyətimizə verilən yüksək
qiymət olmaqla yanaşı, çevik idarəetmə modellərinin
tətbiqi istiqamətində səylərimizi daha da
artırmağa istiqamətləndirir.
Təhsil xərclərinin
ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsili dövlət siyasətinin əsas
prioritetlərindən biri hesab etməsi ilə birbaşa
bağlıdır. Təhsil sistemi qarşısında duran əsas
vəzifələri müəyyənləşdirərkən
möhtərəm Prezident vurğulayır ki, “Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”,
“Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan
uğurla və məharətlə istifadə edirik. Amma gec-tez
bu təbii sərvətlər tükənəcək və
bilik, zəka, səviyyə isə ölkəmizin
dayanıqlı inkişafını uzun illər bundan sonra təmin
edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə
baxsaq görərik ki, o ölkənin inkişafında ən
aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir,
yeni texnologiyalardır”. Bu mənada “təhsil əsri” elan edilən
XXI əsrdə yüksək intellektə malik insan
kapitalının formalaşması və güclü
iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki
qədər aktual olmamışdır.
Son illərdə təhsil xərclərinin
artmasının əsasında da həmin konseptual müddəalar
dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə
müqayisədə 5 dəfədən çox artaraq 2008-ci
ildə 1.1 milyard manata çatmış, 2009-cu ildə isə
1.3 milyard manat təşkil etmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev hər
il yeni tikilən, əsaslı təmir və bərpa edilən
təhsil müəssisələrində olmuş, müəllimlər,
şagirdlər və valideynlərlə
görüşmüş, onların fikirlərini dinləmiş
təhsil sistemi işçiləri qarşısında duran
mühüm vəzifələrdən
danışmışdır.
Dövlət
Başçısı tərəfindən hər il təhsilin
inkişafı ilə əlaqədar çoxsaylı sərəncamlar
imzalanır, son illərdə ölkə Prezidenti 150-dən
çox belə sərəncam imzalamışdır.
Təhsil tariximizdə ilk dəfə
olaraq Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı
ümumtəhsil məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında” 4
sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 2008
və 2009-cu illərdə “Ən yaxşı ümumtəhsil
məktəbi” və “Ən yaxşı müəllim”
müsabiqələri keçirilmiş, həmin illərdə
“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin
qalibi olmuş 100 məktəbin hər birinə 10 000 manat, “Ən
yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş
200 müəllimin hər birinə 5 000 manat məbləğində
birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə
məktəb və müəllimlər arasında sağlam rəqabəti,
innovativ fəaliyyəti gücləndirməklə təhsilin
keyfiyyətinin yüksəlməsinə müsbət təsir
göstərmişdir.
Azərbaycanda təhsilə,
təhsil işçilərinə diqqət və qayğının
parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin
inkişafındakı xidmətlərinə görə 1000-dən
çox təhsil işçisi yüksək dövlət təltiflərinə,
fəxri adlara və fərdi təqaüdlərə layiq
görülmüşdür. Yalnız 2009-cu ildə 312 nəfər
təhsil işçisi ölkə Prezidentinin sərəncamları
ilə müxtəlif fəxri adlarla, orden, medal və fərdi
təqaüdlərlə təltif olunmuşdur.
Məhz dövlət
başçısının təhsilə diqqət və
qayğısının nəticəsidir ki, təhsil tariximizdə
ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət
proqramı təsdiq olunmuş və uğurla həyata
keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin
inkişafı üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində müəssisələrin
fəaliyyətinin qiymətləndirilməsi, təhsil
infrastrukturunun müasir tələblərə uyğun
qurulması, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni model və mexanizmlərin tətbiqi, əmək
bazarının tələbatına uyğun kadr
hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi
və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər,
texniki-peşə, ali təhsil, xaricdə təhsil,
istedadlı uşaqların inkişafı, xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər bu kimi sahələrdə
əhəmiyyətli nailiyyətlər əldə
olunmuşdur.
Son 20 ildə heç bir məktəbəqədər
təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə
ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq
bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilmiş,
müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı
şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 6 min nəfər artmış, təhsilin
bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötmüşdür. Müstəqillik tariximizdə ilk dəfə
olaraq uşaq bağçaları üçün müasir tələblər
səviyyəsində 137 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə
çatdırılmışdır.
Son illərdə Azərbaycanda
bir növbədə 550 miin şagird yerlik 2000-dək yeni məktəb
binasının tikilməsi və əsaslı təmiri, məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər
Əliyev Fondunun müstəsna xidmətləri, 708 məktəbin
müasir avadanlıqlarla, o cümlədən 119 məktəbin
müasir kimya və fizika laboratoriyaları ilə təmin
edilməsi, 700 məktəbin istilik sisteminin təmir və bərpa
olunması təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.
Əlbəttə,
aparılan genişmiqyaslı işlər yalnız təhsil
infrastrukturunun yeniləşdirilməsi ilə bağlı
olmamışdır. Bu sahədə əhəmiyyətli
nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun
islahatları üçün əlverişli zəmin
yaratmışdır. Son illərdə Dünya Bankının
maliyyə yardımı ilə həyata keçirilən
islahatyönümlü tədbirlərin böyük əksəriyyəti
məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə
və mütərəqqi dünya təcrübəsinə
uyğunlaşdırılmasına yönəlmişdir. Əsas
məqsəd şagirdlərin idrak fəallığını,
ümumi inkişafını ləngidən mövcud
“yaddaş məktəbi”ndən “təfəkkür və
düşüncə məktəbi”nə keçmək və
bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.
2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin I siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və
II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi
ilə əlaqədar həmin siniflərdə işləyən
18 minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilmiş və
nümunəvi tədris materialları ilə təmin
edilmişlər.
Yeni məzmun yeni nəsil dərsliklərin
hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə
milli-mənəvi dəyərlər əsasında müasir tələblərə
uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik
çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə
olaraq yeni kurikulum tətbiq edilən I və II sinflər
üçün dərslik komplektləri (şagird
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) hazırlanmış, Dərslikləri
Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib
müsbət rəy alındıqdan sonra çap
edilmişdir.
Məktəb kitabxanaları
uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə
yazıçılarının əsərləri ilə təmin
edilmişdir. Heydər Əliyev Fondunun yaxından köməyi
ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1.4
milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə
verilmişdir. Məktəblər 19 adda 351 min nüsxə xəritə
ilə təmin edilmişdir.
Dünya təcrübəsinə
uyğun olaraq ölkəmizdə məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirməni əhatə edən yeni
qiymətləndirmə sisteminə keçilmişdir. Təhsil
tariximizdə ilk dəfə olaraq məktəbdaxili qiymətləndirmənin
diaqnostik (konkret bir mərhələdə təhsilalanın
nailiyyətlərinin səviyyəsinin müəyyən edilməsi),
formativ (təlim prosesinin hər hansı bir mərhələsi
üçün müəyyən olunmuş nəticələr
əsasında şagirdlərin bilik və
bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi)
və summativ (təhsilin hər hansı bir mərhələsində
(tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin
əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi)
qiymətləndirmə növlərinin tətbiqinə
başlanmışdır.
İlk dəfə olaraq
2008-2009-cu dərs ilində respublikanın bütün
ümumtəhsil məktəbləri və peşə liseylərində
orta təhsil kursu üzrə buraxılış imtahanları
mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Nəticədə
mərkəzləşdirilmiş buraxılış
imtahanlarında əla qiymətlər almış məzunların
51 faizi 2009-cu ildə ali məktəblərə qəbul
imtahanlarında 500-700 bal toplamışdır.
Əlbəttə, yeni qiymətləndirmə
sisteminin əleyhdarları da olmuşdur, lakin ümumilikdə
qiymətləndirmə sahəsində yeni sistemin tətbiqi,
müəllimlərin, məktəb rəhbərlərinin,
şagirdlərin, eləcə də valideynlərin məsuliyyətinin
artırılmasına zəmin yaratmaqla, cəmiyyət tərəfindən
rəğbətlə qarşılanmışdır. Bununla
belə biz yeni qiymətləndirmə sisteminin tədricən,
varislik gözlənilməklə tətbiqinə
üstünlük veririk.
Eyni zamanda Azərbaycan təhsilində
ilk dəfə olaraq milli (ölkə səviyyəsində təhsilalanların
nailiyyətlərinin səviyyəsinin qiymətləndirilməsi)
və beynəlxalq qiymətləndirmə (ölkədə təhsil
səviyyəsinin digər ölkələrlə müqayisəli
təhlilini aparmağa yönəlmiş qiymətləndirmə)
tədbirləri həyata keçirilmişdir və bu
addımlar davam etdirilməkdədir.
Dünya və beynəlxalq fənn
olimpiadalarında Azərbaycan məktəbliləri 11
qızıl, 28 gümüş, 60 bürünc olmaqla
ümumilikdə 99 medal qazanmışlar. Əhalisinin
sayının az olmasına baxmayaraq, medalların sayına
görə Azərbaycan dünya ölkələri arasında
ilk onluqda yerini qoruyub saxlamışdr.
2009-cu ildə Təhsil
Nazirliyi sistemində fəaliyyət göstərən
uşaq-gənclər idman məktəblərinin yetirmələri
respublika birinciliyi, çempionat və digər
yarışlarda 287 qızıl, 194 gümüş, 1181
bürünc olmaqla ümumilikdə 1662 medal, Avropa, dünya birinciliyi
və çempionatlarında və digər beynəlxalq
yarışlarda 57 qızıl, 51 gümüş, 60
bürünc olmaqla, ümumilikdə, 168 medal
qazanmışlar.
Təhsilin
informasiyalaşdırılması sahəsində əhəmiyyətli
nailiyyətlər əldə edilmişdir. Dövlət
Proqramları çərçivəsində ölkənin
ümumtəhsil məktəbləri İKT ilə təmin
edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin
olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə
bir kompüter düşürdü. 500 təhsil müəssisəsi
Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet)
və İnternet şəbəkəsinə qoşulmuş,
inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla 40 min
nəfər müvafiq treninqlərdən keçərək
İKT bacarıqlarına yiyələnmişdir. Təhsil
tariximizdə ilk dəfə olaraq fənlər üzrə
elektron tədris resursları hazırlanıb məktəblərə
verilmiş, 20 məktəbdə “elektron məktəb” layihəsi
həyata keçirilməyə başlanmışdır. I-X
siniflər üçün “İnformatika” dərslikləri
hazırlanmış, bütün siniflərdə
informatikanın tədrisinə başlanmışdır.
Təhsillə bağlı məlumat
və resursların toplanması, onların təhlükəsizliyinin
təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi,
ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə
operativ məlumatlandırmaq və elektron tədris
resurslarından istifadəni təmin etmək məqsədilə
Milli Təhsil Portalı, təhsil sahəsində çevik
idarəetmə sisteminin yaradılması məqsədilə
Milli Təhsil Məlumat Bazası yaradılmışdır.
Bir şagirdə bir
kompüter konsepsiyasının reallaşdırılması məqsədilə
İntel şirkəti ilə birlikdə 400 şagirdə
noutbuklar verilmişdir. “Xalq kompüteri” layihəsi çərçivəsində
5000 müəllim kompüterlə təmin olunmuşdur.
Kadr təminatı sahəsində
2005-2009-cu illəri əhatə edən Proqram başa
çatdırılmış, ümumilikdə 6179 müəllim
stimullaşdırıcı tədbirlər tətbiq edilməklə
respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir.
Beləliklə, ucqar kənd məktəblərində kadra olan
kəskin ehtiyac ödənilmişdir. Respublikanın ümumtəhsil
məktəblərinə müəllimlərin işə qəbulu
sahəsində yeni mexanizmlərin tətbiqinə
başlanmış, Bakı şəhərində müəllimlərin
işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli
müsabiqə mexanizmi tətbiq olunmaqla həyata
keçirilmişdir.
Modul-kredit sisteminə əsaslanan,
rəqabət mühitinin yaradılmasını,
proqramların akkreditasiyasını,
stimullaşdırıcı vasitələrin tətbiqini,
karyera inkişafını nəzərdə tutan yeni
ixtisasartırma təhsili modeli hazırlanmışdır.
De-institutlaşdırma
Proqramına əsasən Dövlət Uşaq Müəssisələrinin
Transformasiyası üzrə Baş Plan hazırlanmış və
2009-cu ilin aprelində Hökumət tərəfindən təsdiq
edilmişdir. Plana əsasən 9 ümumtəhsil internat məktəbi
ümumtəhsil məktəbinə çevrilmiş və
dövlət uşaq müəssisələrinin sayı 55-dən
46-ya enmişdir. Aparılmış tədqiqat nəticəsində
müəyyən edilmişdir ki, 46 dövlət uşaq
müəssisəsində təlim-tərbiyə alan 10054
uşaqdan 3960 nəfəri müəssisədə gecələyir,
6490 nəfər isə müəssisədə yalnız təhsil
alır. Tədqiqat əsasında yaradılmış məlumat
bazasında hər bir uşaq haqqında geniş məlumatlar
öz əksini tapmışdır. Təhsil tariximizdə ilk
dəfə olaraq Bərdə, Mingəçevir, Bakı şəhərinin
Suraxanı, Əzizbəyov və Sabunçu rayonlarında
günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzləri
yaradılmışdır. Mərkəzlərin binaları əsaslı
təmir edilmiş, inkişafetdirici təlim materialları,
reabilitasiya yönümlü avadanlıqlarla təmin
edilmişdir. UNİCEF-in Bişkek şəhərində
keçirilən Konfransında Azərbaycanda
de-institutlaşdrma sahəsində həyata keçirilən
Transformasiya planı digər ölkələr
üçün nümunə kimi qəbul edilmişdir.
Texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramına əsasən
Qəbələdə Turizm və Otelçilik üzrə
Peşə Tədris Mərkəzi yaradılmış, 8
texniki peşə təhsili müəssisəsi əsaslı
təmir edilmiş və müasir avadanlıqla təmin
olunmuşdur. İsmayıllı rayonunda Turizm və
Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
tikintisi aparlır. Son 20 ildə müxtəlif peşələr
üzrə ilk dəfə olaraq 8 adda dərslik
hazırlanmışdır. UNESCO, Avropa Komissiyası, Cənubi
Koreyanın DAEWOO şirkəti, Heydər Əliyev Fondu, Azərsun
Holdinq şirkəti, KÜR MMC ilə birgə layihələrin
icrasına başlanmışdır.
Ali təhsilin inkişafı
sahəsində mühüm nailiyyətlər əldə
olunmuş, Azərbaycan Boloniya prosesinə qoşulmuş,
Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli
addımlar atılmışdır. UNESCO və digər beynəlxalq
qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat
strukturuna uyğun olaraq ali təhsilin bakalavr səviyyəsi
ixtisaslarının (proqramlarının) yeni siyahısı
hazırlanmış və Hökumət tərəfindən
təsdiq edilmişdir. 19 ali təhsil müəssisəsi
akkreditasiyadan keçmiş, Təhsil Nazirliyi sistemində olan
29 təhsil müəssisəsində və bütün
özəl ali məktəblərdə kredit sistemi tətbiq
edilmişdir. Yeni konsepsiya və strategiya əsasında ibtidai
sinif müəllimlərinin hazırlığına
başlanmış, “Təhsilin əsasları” adlı yeni fənn
tətbiq edilmişdir.
Ali təhsil müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində əhəmiyyətli
işlər görülmüş, 5 universitet
üçün əlavə korpuslar inşa edilmiş, 21
universitet əsaslı təmir olunmuş, 3 ali məktəb
üçün yeni binalar tikilməkdədir.
“2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı”nın icrası
istiqamətində ölkə Prezidentinin 10 fevral 2010-cu il
tarixli “Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə” fərmanı
imzalanmışdır. Fərmanda qeyd edilmişdir ki, sürətli
dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin
sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı
insan kapitalının formalaşmasında, davamlı
inkişafa zəmin yaradan bilik iqtisadiyyatının
qurulmasında ali təhsilin müstəsna rolu vardır.
Qloballaşmanın geniş vüsət aldığı
müasir dövrdə hər bir ölkənin
iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi,
inkişaf etmiş ölkələr sırasına daxil olması
həmin ölkədə təhsilin səviyyəsi ilə
müəyyən olunur. Bu cəhətdən ölkənin
malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici
qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil
qarşısında duran müstəsna əhəmiyyətə
malik əsas vəzifədir. Bütün bu amillər
respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin
dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun
müəyyənləşdirilməsi zərurətini
qarşıya qoyur.
Həmin amillər nəzərə
alınaraq Fərmanda 2010/2011-ci tədris ilindən
başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində
büdcə vəsaiti hesabına maliyyələşdirmənin
dövlət sifarişi əsasında həyata keçirilməsi,
dövlət büdcəsinin vəsaiti hesabına dövlət
sifarişi ilə ali təhsil müəssisələrində
kadr hazırlığının adambaşına maliyyələşdirmə
prinsipinin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Hazırda Fərmanın icrası istiqamətində tədbirlər
görülməkdədir.
Hazırda dünyanın
aparıcı universitetlərində müxtəlif mənbələr
hesabına təhsil alan Azərbaycan gənclərinin sayı
10 mini ötmüşdür. “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində dünyanın 23
ölkəsinə 498 nəfər təhsil almağa göndərilmişdir.
Azərbaycanın ali təhsil müəssisələrində
təhsil alan əcnəbilərin sayı 7 minə
çatmışdır.
Dünya Bankı ilə son
10 ildə təhsil sahəsində səmərəli əməkdaşlıq
və həyata keçirilən uğurlu islahatlar nəzərə
alınaraq, Azərbaycan pilot ölkə kimi müəyyənləşdirilmiş,
Dünya Bankı tərəfindən digər ölkələr
üçün nümunə kimi qəbul edilmiş, bu sahədə
Azərbaycan təcrübəsinin öyrənilməsi
tövsiyə olunmuşdur. Əgər əvvəllər təhsil
islahatları sahəsində təcrübə öyrənmək
üçün xarici ölkələrə təlim səfərləri
edirdiksə, indi Dünya Bankının tövsiyəsinə əsasən
xarici ölkələrdən Azərbaycana təlim səfərləri
nəzərdə tutulmuşdur.
Ali məktəb elmi sahəsində
bir sıra uğurlar əldə edilmiş, ali məktəblərin
kafedralarında və elmi-tədqiqat müəssisələrində
çalışan alimlər tərəfindən müxtəlif
elm sahələrində alınmış nəticələrdən
170-i mühüm elmi nəticə kimi respublika üzrə
hesabata daxil edilmək məqsədilə AMEA-ya təqdim
edilmişdir. Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş siyahıya əsasən Təhsil Nazirliyi sistemindəki
ali məktəblərdə 68 elmi konfrans, o cümlədən
12 beynəlxalq və 56 respublika səviyyəli elmi konfrans
keçirilmişdir. 2009-cu ildə ali məktəb alimlərinin
ixtiralarına 69 patent alınmışdır.
Ali məktəb əməkdaşları
tərəfindən 2009-cu ildə 33 doktorluq, 145 namizədlik
dissertasiyası müdafiə olunmuşdur. Ali məktəblərdə
çalışan alimlər tərəfindən 323
monoqrafiya, 308 dərslik, 522 dərs vəsaiti, 1285 adda proqram və
metodik ədəbiyyat nəşr etdirilmişdir. İl ərzində
xarici jurnallarda alimlərimizin 1736 məqaləsi, beynəlxalq
konfransların materiallarında 1279 məruzə tezisi nəşr
edilmişdir. Elmi İnformasiya İnstitutu (İnstitute for
Scientific İnformation) tərəfindən tərtib
edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda ali
məktəb alimləri tərəfindən 116 elmi məqalə
çap edilmişdir.
Davamlı insan
inkişafı sahəsində ölkənin təhsil müəssisələrində
həyata keçirilən islahatlar BMT tərəfindən
yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi
bütün üzv ölkələrə nümunə kimi
tövsiyə olunmuşdur.
Əlamətdar haldır ki,
Azərbaycan təhsil sahəsində həyata keçirilən
islahatlar baxımından həm bir sıra postsovet, həm də
region ölkələrini hissolunacaq dərəcədə
qabaqlamışdır. Rusiya Federasiyasının Prezidenti
D.Medvedyevin 2009-cu il xalqa müraciətində Rusiya təhsil
sistemi qarşısında bir sıra vəzifələr, o
cümlədən şagirdlərin nailiyyətlərinin
kompleks qiymətləndirilməsi, yeni layihələr üzrə
məktəb binalarının tikintisi və rekonstruksiyası,
məktəblərin geniş zolaqlı internet şəbəkəsinə
qoşulması, əlverişli məktəb mühitinin
yaradılması, inkluziv təhsil üzrə beşillik
proqramın qəbul edilməsi, məktəblərin müstəqilliyinin
genişləndirilməsi, onlara maliyyə müstəqilliyinin
verilməsi, ixtisasartırma təhsilinin ən yaxşı məktəblərin
bazasında təşkil edilməsi, maliyyə vəsaitinin
ixtisasartırma təhsili proqramlarının seçimi əsasında
verilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir.
Qeyd etmək lazımdır ki, Rusiyada 2010-cu və sonrakı
illər üçün müəyyənləşdirilmiş
bu vəzifələr Azərbaycan təhsilində 1999-cu ildən
həyata keçirilməyə başlanmış, artıq
bu layihələrinin bəzilərinin həyata keçirilməsində
əhəmiyyətli nailiyyətlər də əldə
olunmuşdur.
Son illərin ən mühüm hadisələrindən biri, əlbəttə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atması ilə bağlı idi. Təbiidir ki, bütün bu proseslər təhsil qanunvericiliyində, ən vacibi isə “Təhsil haqqında” yeni Qanunda öz əksini tapmalı idi. Bu səbəbdən, düşünürəm ki, qəbul edilmiş Qanun, ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək, milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin edəcəkdir.
Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul zamanı məzunların əvvəlki təhsil pilləsindəki nəticələrinin nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin stimullaşdırılması, təhsil sistemində çalışanların yaş senzinin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin maliyyələşdirilməsinin hər təhsilalana düşən xərc normaları nəzərə alınmaqla həyata keçirilməsi, ali təhsilin üç pilləli strukturu və digər yeni məsələlər öz əksini tapmışdır. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 40-dək adda normativ sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir və artıq bir sıra sənədlər təsdiq edilmişdir.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 10 aprel.- S.10-11.