Yuğteatrının növbəti tamaşası

 

Bu bir oyun idi – görkəmli teatrşünas alim, professor Məryəm Əlizadənin doğum gününə hədiyyə olaraq onun həmkarı, “Yuğ” teatrının rejissoru, respublikamızın xalq artisti Vaqif İbrahimoğlunun hazırladığı oyun. Bu törənə dəvət olunanlar da, eləcə eşidib gələnlər isə qeyri-adi, “Yuğun dəst-xəttinə uyğun, ekstravaqant bir tamaşa göstəriləcəyini gözləyirdilər. Yuğa ilk dəfə olaraq təşrif gətirənlər isə çaşıb qalmışdılaryəni Azərbaycan tamaşaçılarını öz çıxışlarıyla hər dəfə ovsunlayan, hətta dünya teatr səhnələrində göstərilməyə layiq əsərləri Yuğ teatrı bu 20-30 kvadratmetrlik dar-darısqal, yarımqaranlıq məkanda araya-ərsəyə gətirir?! Yəni Azərbaycan teatrşünaslığının son onillərdəki flaqmanlarından birisinin yubileyi üçün daha geniş, işıqlı bir arena tapmaq olmazdımı? Tezliklə hər şey yoluna düşdü. Vaqif İbrahimoğluyla onun bir tələbəsi əllərində ucuz yanar şamlar yubilyarı zala gətirib şərti taxtda otuzdurdular istedadlı rejissor təmtəraqdan uzaq qısaca bir giriş sözü söyləyib, Məryəm ƏlizadəniAzərbaycan teatrşünaslığının kraliçasıelan etdi.

Gündəlik geyim-keçimində heç bir dəyişiklik etmədən, eləcə Mədəniyyət və İncəsənət Universitetində dərs dediyi tələbələrinin qənşərinə çıxdığı paltardaca Məryəm xanım nə az-nə çox, düz 2 saat lal-dinməz əyləşdi.

 Danışansa onu sevənlər, onun uzman yaradıcılığından xəbəri olanlar oldu. Quru, cansıxıcı, gözümüzü, qulağımızı yağır eləmiş sözlər, çıxışlar, epitetlərlə yox, ürəkdən, könüldən, sevərəkdən. Və bütün deyilənlərin, danışılanların tonunu, necə deyərlər, tratovkasını əzəl başdan Vaqif İbrahimoğlu o qısa giriş sözüylə, üslubuna xas olan şən, şux, çoxmənalı, sağlam yumora söykənən çıxışıyla təyin eləmişdi. Pir olmuş necə təyin eləmişdirsə o cür də sonacan davam elədi. İstər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timuçin Əfəndiyev, istər Mədəniyyət və Turizm Nazirinin müavini, teatrşünas Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadov, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, yazıçı Afaq Məsud, xalq artisti Yaşar Nuri və başqaları bu “xəttdən” kənara çıxmadılar, yubilyarı ən isti, səmimi, ürəkdən gələn sözlərlə ağırlayıb qutladılar. Çıxışlararası musiqi parçaları, gənc ifaçıların məxsusi olaraq Məryəm xanım üçün seçib oxuduqları mahnılarsa tamaşaya – bəli məhz tamaşaya bir həzin ovqat, təravət bəxş elədi. Sayı-hesabı bilinməyən məqalə və monoqrafiyalarından, dərsliklərindən, kitablarından bir kəlmə belə söhbət açılmayan (bilərəkdən) Məryəm Əlizadəyə – yubilyar kraliçaya ən sonda söz deməyə imkan verildi. Daim gülər çöhrəsindən, parlaq gözlərindən bilinirdi ki, bu oyun – tamaşadan hədsiz razı qalıb. Çox qısa danışdı. Dedi: – Qarabağda, Şuşada bəy babalarımın iri, daim qonaq-qara üzünə açıq mülkləri vardı. İri-iri otaqlarıyla. Əlbəttə, biz o yerlərdən əlimizi üzməmişik və tezliklə qayıdacağıq ora. Əsas odur ki, ürəyimizdən vətən, yurd sevgisi itməsin. Mən Vaqif müəllimin bir az da bilərəkdən qaranlıqlaşdırdığı tamaşaçı zalından mənə zillənən gözlərdən o sevgi işıqlarını gördüm neçə saatdır ki, o işığın, nurun içindəyəm. Sağ olun. Əgər Şuşada olsaydıq, mən sizləri o böyük salonlu baba mülkümüzün qonaq otağına yeyib-içməyə dəvət edərdim. İndiliksəYuğteatrının kiçik səhnəsinin böyründəki lap kiçik bir otaqdakı şirniyyat süfrəsinə buyurun. Qalanı qalsın Şuşaya qayıdacağımız günlərə...

Şirniyyat süfrəsindən şirni dadan, Məryəm Əlizadəni 60 illik yubileyi münasibətiylə təbrik edib dağılışan insanların üzündə bir rahatlıq, sevinc, fərəh izləri vardı. Onlar çox maraqlı, bənzərsiz bir tamaşanın şahidi olmuşdular. Bəli, bu bir oyun idi, Məryəm Əlizadənin istedadla müşayiət olunan ömürlüyünə həsr olunmuş istedadlı bir tamaşaydı.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2010.- 13 aprel.- S.7.