Müasir İncəsənət
Muzeyində “Uçuşları
seyr edənlər” sərgisi açılıb
Müasir İncəsənət Muzeyində “Uçuşları seyr edənlər” adlı sərginin açılışı keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva iştirak edib. Tədbirdə çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, professor Nərgiz Paşayeva sərginin əhəmiyyətindən söz açıb, onu mədəniyyət hadisəsi kimi qiymətləndirib: “Abstrakt təfəkkür nümunələrinin əks olunduğu sərgidə zərurətdən doğan böyük harmoniya ifadə olunub. Bu rəssamların hər biri öz sənətinin, peşəsinin bütün incəliklərinə dərindən yiyələnən sənətkarlardır. Sərgi özlüyündə maraqlı bir ideyanı təcəssüm etdirir, onun adı “Uçuşları seyr edənlər”dir. “Uçuşları seyr edənlər” bədii təcəssümdən, bədii durumdan göylərə tamaşa etmək, xəyala dalmaq həmişə sərbəst fikrin, azad ruhun, təxəyyülün, fantaziyanın, mürəkkəb obrazların, fərziyyələrin, duyğuların, iç aləmin təzahürü deməkdir”.
Sərginin kuratoru Altay Sadıqzadə sərginin ideyası haqqında toplaşanlara ətraflı məlumat verib: “Ekspozisiya bugünkü yaradıcılıq prosesini, Azərbaycan rəssamlarının müasir dünyagörüşünü əks etdirir və bu, diqqətəlayiqdir. “Uçuşları seyr edənlər” adı mənim rəsmlərimdən birindən götürülüb. Əsərin ideyası belədir: bizim vərdiş etdiyimiz dünya, Ay, kosmos yadplanetlilərlə birlikdə əslində böyük sürətlə uçur. Rəsmlərimizdə biz müasir kosmosun təhtəlşüurla qavranışını nümayiş etdirməyə çalışmışıq”.
Sərgidə çıxış edənlər sovet dövründə uzun illər diqqətdən kənarda qalmış müasir Azərbaycan təsviri sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıblar: “Bu mərhələ Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlanıb. Azərbaycan rəssamlarının Venesiyada keçirilmiş 2 biennalidə iştirakı və artıq 5 beynəlxalq müasir incəsənət festivalının keçirilməsi ölkəmizdə incəsənətin bu növünün inkişafına rəvac verib. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyinin açılışı isə bu sahədə böyük hadisə hesab oluna bilər”.
Sərgidə 8 müəllif – Altay Sadıqzadə, Ağa Hüseynov, Əli İbadullayev, Fuad Salayev, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Məmməd Mustafayev və Şamil Buksayevin müəllifi olduqları 80-dən çox əsər – abstraksionizm üslubunda boyakarlıq, heykəltəraşlıq, qrafika nümunəsi təqdim olunub.
Əsərlərin nümayişi mayın 10-dək davam etdiriləcək.
SARA
525-ci qəzet.- 2010.- 13 aprel.- S.7.