Polşa faciəsi

 

Polşa yas içərisindədir.

Polşadan belə ayrılmaq istəməzdim.

Həyatımın son altı ilini keçirdiyim bu ölkəni, onun insanlarını sevdim. Varşavada olanda daim Bakıdakı yaxınlarımı, doğmalarımı düşündüyüm kimi, Bakıda da Varşavadakı polyak dostlarım, həmkarlarım üçün darıxdım.

Yeni təyinatdan sonra, diplomatik protokola uyğun olaraq, görüşlər keçirirdim. Əməkdaşlıq şəraitində çalışdığım polyak həmkarlarımla bir daha, Bakıda, yaxud Varşavada, görüşmək ümidi ilə vidalaşmağa başlamışdım.

10 aprel səhəri öz dəhşətli düzəlişini etdi. Bu insanları bir daha heç zaman, heç yerdə görə bilməyəcəyəm.

Polşa yas içərisindədir.

Tarix özünü qorxunc şəkildə təkrarladı...

1940-cı ilin tutqun aprel günlərində sovet xüsusi xidmət orqanları Smolenskdəki Katın meşələrində Polşa hərbi elitasını-polyak ordusunun iyirmi mindən çox zabitini və hərbi mütəxəssisini məhv etmişdi.

Aradan 70 il keçəndən sonra Polşa siyasi və hərbi elitasının böyük bir dəstəsi eyni vaxtda, eyni yerdə faciəli surətdə həlak oldu.

Ölkə öz müasir tarixində ikinci Katın faciəsini yaşadı.

Burada dəhşətli bir mistika var.

Qəddarlıq və amansızlıq qurbanlarının xatirəsini anmağa yollananlar özləri taleyin, təbiətin qəddarlıq və amansızlığına düçar oldular.

Prezident Leh Kaçinski bu tədbirə getməyə də bilərdi.

Katın faciəsinin ildönümü münasibətilə rəsmi anma mərasimləri artıq başa çatmışdı. Rusiya və Polşanın baş nazirlərinin görüşü keçirilmişdi. Müvafiq qərarlar qəbul olunmuşdu.

Amma Prezident Leh Kaçinski getməyə bilməzdi.

Çünki o, həqiqi Polşa vətənpərvəri idi. Özünü Polşa xalqının, Polşa tarixinin ayrılmaz zərrəsi sayırdı.

2005-ci ilin dekabrında Polşa Respublikasının prezidenti kimi vəzifə səlahiyyətlərinin icrasına başlayanda ölkədə insani və mənəvi dəyərlərin hər vasitə ilə yüksəldilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri elan etmişdi.

Məşhur polyak kinorejissoru Ancey Vaydanın “Katın” filminin Polşa rəsmiləri və diplomatik korpus üçün nümayişi zamanı Prezidentin gözlərində yaş parladığını görmüşdüm.

O, xalqının faciəli tarixinə sahiblik hüququnu Rusiyaya və bütün dünyaya nümayiş etdirməyə bilməzdi.

Bu məsələdə Prezident Leh Kaçinski üçün alternativ yox idi.

Leh Kaçinskinin simasında Polşa öz həqiqi liderini, Azərbaycan isə sədaqətli dost və müttəfiqlərindən birini itirdi.

Son beş il ərzində o, rəsmi və qeyri-rəsmi səfərlərlə beş dəfə Azərbaycanda olmuşdu.

Təkcə Bakıda və Varşavada deyil, beynəlxalq miqyasda da Azərbaycanın haqq işini dəstəkləməyə çalışırdı.

 Ötən ilin iyulunda Prezident İlham Əliyevin dəvəti ilə Bakıda rəsmi səfərdə olduğu zaman Prezident Leh Kaçinski Polşanın hərbi təcavüz nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulmasını, yaxud bu ərazilərin Ermənistana birləşdirilməsini heç bir vəchlə tanımayacağını açıq şəkildə bəyan etmişdi.

İlk baxışdan beynəlxalq hüququn elementar tələblərindən biridir.

Lakin bu tələbə hörmətlə yanaşan, ən başlıcası isə onun haqqında uca səslə danışmağa özündə cəsarət tapan çoxmu Avropa lideri tanıyırıq?

Təəssüf ki, yox!

İki ölkə arasındakı münasibətlərin inkişafındakı cüzi fəaliyyətimi yüksək qiymətləndirən Leh Kaçinski məni “Polşa qarşısındakı xidmətlərə görə” ordeninin Komandor dərəcəsi ilə təltif etmişdi.

Bu, ilk növbədə Azərbaycana diqqət və ehtiramın ifadəsi idi.

Bir neçə gün əvvəl Prezident ofisindən mükafatın mayın 10-da Prezident Sarayında cənab Leh Kaçinski tərəfindən şəxsən təqdim ediləcəyini bildirmişdilər.

Tarix təsadüfi seçilməmişdi. Azərbaycanın ali mükafatına – “Heydər Əliyev ordeninə” layiq görülmüş ilk avropalı dövlət başçılarından olan Leh Kaçinski bu yolla həm də ümummilli liderimizə hörmət və ehtiramını ifadə etmək istəyirdi.

Polşanın birinci xanımı Mariya Kaçinskanın faciəli ölümünə yanmamaq mümkün deyil.

Yəqin ki, ona zahirən “gözəl qadın” demək çətin olardı. Lakin daxilindəki işıq, yüksək mədəniyyəti, nəcibliyi və xeyirxahlığı xanım Kaçinskanı Polşa Prezideninin çevrəsindəki ən cazibədar simalardan birinə çevirmişdi.

Yüzdən çox diplomatik nümayəndəliyin yerləşdiyi Varşavada Mariya Kaçinska bütün səfirlərə, səfir xanımlarına diqqət göstərməyə, xoş söz deməyə, məhəbbətlə gülümsəməyə imkan tapırdı.

O, nədənsə mənə həmişə ilk xristian əzabkeşlərini xatırladırdı. Təəssüf ki, taleyi də eyni dərəcədə acı və əzablı sonluqla başa çatdı.

10 aprel səhəri Smolensk səmasında baş verən qəza təkcə Polşa üçün deyil, Azərbaycan üçün də böyük itkidir.

Çağdaş dünya şərtləri daxilində Azərbaycana, xüsusən də ölkəmizin zorla cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsinə obyektiv, qərəzsiz, hüquq və ədalət müstəvisində yanaşmağı bacaran hər bir Avropa rəsmisi bizim üçün qiymətlidir.

Prezident təyyarəsində həlak olan bir sıra polyak siyasətçiləri və dövlət adamları bu mənada özlərinin digər Avropa ölkələrindəki həmkarlarına yaxşı örnək sayıla bilərdilər.

Məhz onların səyi nəticəsində 2008-ci ildə Polşa digər AB ölkəsi Rumıniya ilə birlikdə BMT-də, Azərbaycanın ərazi bütünlüyü ilə bağlı müzakirələrdə həmsədr ölkələrdən qat-qat ədalətli mövqe nümayiş etdirmiş. Avropa ölkələrinin nisbətən obyektiv mövqe tutmasına nail olmuşdu.

Tarix və ədalət qarşısında məsuliyyətlərini dərindən hiss edən bu insanları minnətdarlıq hissi ilə xatırlamamaq qeyri-mümkündür.

Vladislav Staşiak. Prezident Adminstrasiyasının rəhbəri. Daha əvvəl Milli Təhlükəsizlik Bürosuna rəhbərlik etmişdi. İstər hərbi, istərsə də mülki xidmət sahəsində yüksək peşəkarlığı heç bir şübhə doğurmurdu.

2008-ci ildə, eynilə aprel günlərində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri E.Mahmudovun Polşaya səfəri çərçivəsində iki gün Krakovda birlikdə olmuş, faşistlərin “ölüm fabriki”nə – Osvensimə getmişdik.

Krakovda Azərbaycan səfiri və xanımı üçün maşın ayrılmamışdı. Məhz səfiri tək qoymamaq üçün Vladislav Staşiak səfərin əvvəlindən sonuna qədər xidməti avtomobilində deyil, bizimlə birlikdə mikroavtobusda gəzməkdə özü və tutduğu mühüm vəzifə üçün heç bir əskiklik görməmişdi.

Həmin yaddaqalan səfər zamanı nə qədər yüksək intellekt sahibi və səmimi insan olduğunu dönə-dönə nümayiş etdirmişdi.

Bu ilin fevral ayında Azərbaycandan gəlmiş yüksək səviyyəli nümayəndə heyətini qəbul edərkən ölkələrimiz arasındakı münasibətlərin sözdə deyil, işdə strateji əməkdaşlıq səviyyəsinə qaldırılması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini demişdi.

Və o sözlər sadəcə qarşılayan tərəfin nəzakəti, yaxud protokol lütfkarlığı deyildi. Vladislav Staşiakın həqiqi istəyi, hədəfi idi.

Yerzi Şmaydinski. Polşa Seyminin vitse-marşalı, Sosialist Partiyasından prezidentliyə namizəd. Liderlik xüsusiyyətləri ilə seçilirdi.

İlk tanışlığımız 2005-ci ilin mart ayına təsadüf etmişdi. O zaman Yerzi Şmaydinski Polşanın müdafiə naziri idi. Bizim üçün biabırçı nəticə ilə başa çatan Azərbaycan-Polşa futbol matçında VİP-lojada yanaşı oturmuşduq.

Matçın sonunda mənim pərtliyimi görüb əlini çiynimə vurdu.

– Qanınızı qaraltmayın. Futbol boş şeydir. Əsas məsələ müharibəni uduzmamaqdır, – dedi.

– Uduzmaq həmişə pisdir.

– Uduzmamaq üçün mübarizə aparmaq lazımdır,-dedi.

Özünü haqlı saydığı məsələlərdə mübarizədən heç vaxt çəkinməmişdi.

Aleksandr Şçiqlo. Milli Təhlükəsizlik Bürosunun şefi idi. Eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edirdi.

Son görüşümüz bu ilin fevral ayında, Bakıya səfəri ərəfəsində olmuşdu. Tezliklə Polşadan getmək xəbərimi dostyana təəssüflə qarşılamışdı.

General rütbəsi daşısa da, bir müddət Polşa Müdafiə Nazirliyinə rəhbərlik etsə də, zərif təbiətli, hətta utancaq adam idi.

Qafqaz regionuna dərin bələdliyi ilə seçilirdi. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun-uzadı izahatlara ehtyac duymurdu. Azərbaycanın haqq mövqeyinə açıq və birmənalı dəstək verməkdən çəkinmirdi.

Ancey Kremer. Xarici İşlər nazirinin müavini. Nazirlikdə Şərq istiqamətinə rəhbərlik edirdi. Polşa və İsveçin təklifi ilə AB-də, Azərbaycan da daxil olmaqla, altı postsovet respublika üçün işlənib hazırlanan “Şərq tərəfdaşlığı” proqramının Polşa tərəfdən kuratoru idi.

Eyni zamanda ilk iclası bu il mayın ortalarında Bakıda keçiriləcək Azərbaycan və Polşa prezidentlərinin Məşvərət Şurasına üzv təyin olunmuşdu.

Mütəmadi görüşürdük. Mənə “Baharın on yeddi anı” filmindən məşhur Müllerin simasını xatırladan sifətində hər zaman daxili bir sakitlik oxunurdu, güclə seziləcək xoş təbəssüm nəzərə çarpırdı.

Həftənin birinci günü rəsmi vida görüşü barəsində vədələşmişdik.

Daha bu görüş heç zaman olmayacaq.

Mariuş Kazana. Polşa XİN-i Protokol Departamentinin direktoru. Təkcə tutduğu vəzifəyə deyil, eyni zamanda çox yüksək mədəniyyətinə və peşəkarlığına görə az vaxtda bütün diplomatik korpusun sevimlisinə çevrilmişdi.

Səfirlər üçün Xarici İşlər Nazirliyi xətti ilə ölkənin müxtəlif regionlarına təşkil edilən səfərlər zamanı özü də, xanımı da həqiqi ev sahibliyi edir, hamının dilini tapmağa, hamının könlünü oxşamağa çalışırdılar.

Ötən ilin iyulundakı ilk Bakı səfərindən sonra ölkəmizin, təbiətimizin, mədəniyyətimizin, mətbəximizin həqiqi vurğununa çevrilmişdi. Növbəti istirahətini Bakıda, Xəzər sahilində keçirməyi düşünürdü.

Veslav Voda. Polşa Seyminin üzvü. Seymin Polşa-Azərbaycan deputat qrupunun sədr müavini. 2009-cu ilin may ayında rəhbərlik etdiyi qrupun üzvləri ilə birlikdə ölkəmizə gəlmişdi.

Qubadakı kütləvi məzarlıqda olduqdan sonra ermənilərin Azərbaycanda törətdikləri soyqırım haqqında verdiyi bəyanat Yerevanda böyük əks-səda doğurmuşdu. Erməni tərəfinin hücumlarına hədəf olmuşdu.

Ən önəmlisi isə, Varşavaya qayıtdıqdan sonra da fikrini dəyişməməsi idi.

Mariuş Handzlik. Prezidentin Beynəlxalq Əlaqələr üzrə müşaviri, dövlət katibi-nazir.

Mariuş haqqında – Polşanın gələcək siyasi həyatında mühüm mövqe qazanacağı heç kimdə şübhə doğurmayan bu bacarıqlı diplomat və dövlət adamı barədə ayrıca danışmaq istəyirəm.

Yaşasaydı, iyunda 45 yaşı tamam olacaqdı. Polşa XİN-də bir sıra mühüm vəzifələr tutmuş, ölkəsinin ABŞ-dakı səfirliyində müşavir-elçi olmuşdu. Üç il idi ki, Prezident Administrasiyasında Beynəlxalq Əlaqələr kimi mühüm bir istiqamətə rəhbərlik edirdi.

Aprelin 10-da gecə saat 1 radələrində onunla vidalaşdıq, aprelin 10-da səhər 10 radələrində ölüm xəbərini eşitdim.

Son illərdə ilk dəfə göz yaşlarımı saxlaya bilmədim.

Cəmisi bir neçə saat bundan əvvəl birlikdə oturduğun, deyib-güldüyün, ürəyi həyat eşqi ilə dolu gənc, sağlam, güclü bir insanın əbədi yoxluğu fikri ilə barışmaq o qədər də asan deyil.

Aprelin 8-də Prezident sarayında rəsmi vida görüşümüz olmuşdu.

Ertəsi gün birlikdə şam etməyi qərara almışdıq. Axşam saat səkkizdə Varşava ətrafındakı Yuzefovo qəsəbəsində azərbaycanlı Rzayev qardaşlarının yeni açılmış “Bakı” restoranında görüşdük.

Bir neçə nəfər müştərək polyak tanışımız da burada idi.

Mariuşun səhərin erkən çağlarında Prezidentlə birlikdə Smolenskə uçacağını bildiyimdən məclisin o qədər də uzun çəkməyəcəyini düşünürdüm.

Polyaklar da, biz azərbaycanlılar kimi, “yeyib-içməyi” sevir və bacarırlar.

Saatlar bir-birini əvəz edir, heç kəs masadan qalxmağa tələsmirdi. Səhər şənbə günü idi. Mariuşdan başqa hamımızın ürəyimiz istəyən qədər istirahət etmək imkanı olacaqdı.

Amma dağılışmaq fikrini yaxın buraxmayan yeganə adam Mariuş idi.

Ciddi söhbətlər, gələcəklə bağlı planlar hazırcavab lətifələrlə, Zbiqnev Voytsexovskinin ustalıqla oxuduğu ulan (hərbi) mahnıları ilə əvəz olunurdu.

Həmin gün Prezident tərəfindən ordenlə təltif olunmuş Zbiqnev inadla növbəti şənbə günü məclis iştirakçılarını doğma şəhəri Lüblinə, bu mühüm hadisəni birlikdə qeyd etməyə çağırırdı.

Azərbaycandan yeni dönmüş iş adamı Stanislavek Çezari aqrar sahədə əməkdaşlıq imkanlarından ağızdolusu danışırdı.

Təxminən saat 23 radələrində xanım Mariya Kaçinska Mariuşun mobil telefonuna zəng vurdu. Səhərki səfərin hansısa detallarını dəqiqləşdirirdi. Mariuş “Bakı” restoranında, Azərbaycan səfiri ilə birlikdə olduğunu dedi.

Sonra hamımıza Prezident xanımının salamlarını çatdırdı.

Artıq çağdaş Polşa tarixinə ən qara gün kimi yazılan 10 aprel başlanmışdı. İndi həmin dəqiqələri göz önünə gətirəndə düşünürəm ki, həqiqətən də Mariuşa ölümü əyan olmuşdu.

O, sanki vida sözlərini deyirdi. Məni özünün “böyük qardaşı” adlandırır, hamıya xoş sözlər söyləyir, növbə ilə hamını qucaqlayıb öpür, səhər saat 5-qədər burada oturmağı, sonra birlikdə hava limanına getməyi təklif edirdi.

Mayın ortalarında baş tutacaq növbəti Bakı səfərinin sevinc və həyəcanını indidən yaşayırdı. Hamını xoş əhvali-ruhiyyə ilə, nikbinlik və enerji ilə “yoluxdurmağa” çalışırdı.

 Gecə saat bir radələrində, azacıq dumanlanmış beyinlərimizlə, gələn şənbə günü Lüblində görüşməyi qərarlaşıb səs-küylü şəkildə ayrıldıq.

  “Ölümün üstünə nəşəli getmək!” – Lermontovun bu misrası yəqin ki, həmin anlarda Mariuşun ruhi halətinin ən dəqiq ifadəsi ola bilərdi.

Həyatının son saatlarının xoş əhvali-ruhiyyə içərisində keçməsində kiçik bir xidmətimin olması son üç ildə yaxın dostluq və əməkdaşlıq şəraitində çalışdığım bu nadir, unudulmaz insanın indi yerini heç nə doldurmayacaq itkisi qarşısında ən böyük təsəllimdir.

Təyyarə qəzasında həlak olanların içərisində yaxından tanıdığım, dəfələrlə ölkəmizə səfər edən, özünü Azərbaycanın dostu sayan digər parlamentarilər, hərbçilər, dövlət qulluqçuları da vardır.

Ağır itkinin yerini doldurmaq çox çətin olacaq. Polşada indi hamı bunun fərqindədir.

Bu çətin sınaq günlərində polyak xalqı heyrətamiz mütəşəkkillik və birlik nümayiş etdirir.

Üç gündür ki, Prezident sarayına aparan Novıy Şviyat və Krakovskoe pşedmestye küçələrində insan seli səngimək bilmir. Kilsələr dolub-boşalır. Televiziya və mətbuatda çıxış edən siyasətçilər, ziyalılar, din xadimləri ağır faciədən ibrət dərsi götürməyə, siyasi həyatı merkantil maraqlar deyil, bəşəri və mənəvi dəyərlər üzərində qurmağa çağırırlar.

Tərk edəcəyim Polşa sarsıntı içərisindədir, kədərli və qayğılıdır.

Ürəkdən sevdiyim bu ölkədən heç vaxt belə ayrılmaq istəməzdim. Necə deyərlər, yazıya pozu yoxdur.

Amma bir də hər şeydən yüksək olan ümid və inam var.

Tarixin bir çox sınaq və keşməkeşlərindən çıxmış Polşa xalqının, Polşa dövlətçiliyinin bu ümummilli faciədən də şərəflə çıxacağına inanıram.

Yaşı əsrlərlə ölçülən Polşa-Azərbaycan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inanıram.

 

 

 Vilayət QULİYEV

 

525-ci qəzet.- 2010.- 13 aprel.- S.4.