Teatr Xadimləri İttifaqı Canəli Əkbərovun yubileyini keçirib
Aktyorlar Evində Teatr Xadimləri İttifaqının (TXİ) təşkilatçılığı ilə tanınmış muğam ustası, xalq artisti Canəli Əkbərovun anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib. TXİ-dən verilən məlumata görə, tanınmış sənət adamlarının, muğam ifaçılarının iştirak etdikləri gecədə yubilyarın həyat və yaradıcılığından bəhs olunan videofilm nümyiş etdirilib. Tədbirdə çıxış edən xalq artisti Azər Paşa Nemət görkəmli muğam ustasının ömür yolundan, yaradıcılığından söz açaraq onun muğam sənətinin inkişafındakı xidmətlərindən danışıb. Xalq artisti Ramiz Quliyev C. Əkbərovu muğam sənətində öz dəst-xətti ilə seçilən, yüksək xanəndəlik məharəti və səhnə mədəniyyəti ilə dinləyicilərin hörmətini qazanan xanəndə kimi səciyyələndirib. Yazıçı-publisist Mustafa Çəmənli, xalq artisti İlham Əsgərov və başqaları çıxışlarında C.Əkbərovun ifasında lentə alınmış milli muğam, təsnif və mahnıların dəyərini və önəmini vurğulayıblar. Mərasimdə çıxış edən yubilyar son illər ölkəmizdə muğam sənətinə, eləcə də onun yaradıcılığına göstərilən diqqət və qayğıdan söz açıb, bununla bağlı minnətdarlığını dilə gətirib. Tədbir geniş konsert proqramı ilə yekunlaşıb.
SARA
525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.