Muğam Teatrında “Ölməzliyə abidə”
təqdim edilib
Dövlət Muğam Teatrında şəhid Nazim Cəbrayılovun həyat və döyüş yoluna həsr edilən “Ölməzliyə abidə” kitabının təqdimatı olub. Millət vəkili Qənirə Paşayeva kitabda Vətənin ağır günlərində təcavüzkar erməni quldurlarına qarşı döyüşən N.Cəbrayılovun igidliyindən bəhs olunduğunu diqqətə çatdırıb: “Nazim Cəbrayılov şərəfli ömür yolu keçib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilsə də təəssüf ki, bu rütbəni daşımaq ona nəsib olmayıb. Cəmi beş gün sonra igid komandir və onun əsgərləri döyüşdə qəhrəmancasına həlak olublar”. Akademik Vasim Məmmədəliyev özündən sonra üç övlad qoyub getmiş N.Cəbrayılovdan bəhs edən sözügedən kitabın əslində bütün ölməz şəhidlərimizə ünvanlandığını deyib: “Belə tədbirlər igid oğullarımızın gənclər tərəfindən tanınmasına böyük dəstəkdir”. Teatrın direktoru Arif Qazıyev, əməkdar artist Ağalar Bayramov və başqaları çıxışlarında kitabın məziyyətlərindən söz açıblar. Kitabın müəllifi, şəhid Nazim Cəbrayılovun ömür-gün yoldaşı Rəhilə Orxan (Cəbrayılova) çıxışında tədbir iştirakçılarına minnətdarlığını bildirib: “Bu kitab heç nəyin Vətəndən uca olmadığını öz canı, qanı ilə təsdiq edərək düşmən qarşısında cəsarət simvolu kimi dayanmış və adını tariximizə qanı ilə yazmış bir azərbaycanlının qəhrəmanlıq dastanıdır. Kitabda Nazim Cəbrayılovu tanıyanların və onun döyüş yolunu izləyən insanların xatirələri yer alıb” .
SARA
525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.