Məryəm Əlizadənin
yubileyi “Yuğ” Teatrında qeyd olunub
“Yuğ” Dövlət Teatrında tanınmış teatrşünas, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyarı nazirlik adından təbrik edərək, M.Əlizadənin illərlə Azərbaycan milli teatr prosesini araşdırdığını, bu sahədə maraqlı kitablar yazdığını qeyd edib: “Məryəm Əlizadə teatr haqqında araşdırmalarını dəmir məntiqə əsaslanaraq aparır. Onun elmi təhlilləri paradoksallığa söykənir və beləliklə də poetiklik və esseçilikdən imtina olunur. Bu keyfiyyətləri Məryəm Əlizadənin “Teatr: Seyr və Sehr”, “Dördüncü ölçünün rəngləri” kitablarında da aydın şəkildə görmək mümkündür”.
“Yuğ”un baş rejissoru Vaqif İbrahimoğlu M.Əlizadənin milli teatrımızın problemlərini həmişə diqqətdə saxladığını, bununla bağlı dəyərli yazılar qələmə aldığını bildirib. V.İbrahimoğlu yubilyarın həm sənətkar, həm də insan kimi yüksək keyfiyyətlərindən də söz açıb.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev yubilyarın pedaqoq və alim məziyyətlərindən danışıb: “Məryəm xanım haqqında sözü istənilən məqamdan başlamaq və heç bir çətinlik çəkmədən onun haqqında saatlarla danışmaq olar. Məryəm Əlizadəyə bəslədiyim münasibətin səciyyələri onun Universitetimizin Elmi Şurasında mənalı, maraqlı, faydalı və hər dəfə yeniliklərlə zəngin çıxışlarında sintez halına gəlir: onu dinlədikcə mən, eyni zamanda, alim fikrini, dost niyyətini eşidirəm”.
Tədbirdə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.
SARA
525-ci qəzet.- 2010.- 14 aprel.- S.7.