Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Nəcəf çoban olsa da, dünyanın altını da bilirdi, üstünü də. Mikayıl Zərişi tərifləyəndə bir balaca qımışıb: – Yəqin əmim indi də Zəriş məsələsində başıma cəvərən hörmək istəyir. – Daxilən düşündü.
Mikayıl Zərişə o ki var, tərif vurandən sonra:
– Zərişi
elə o vaxtdan pəsənd eləmişəm. Qoyunları
sağ-salamat yaylağa apar, yayı sovandan sonra, payız
ağzı nişan taxarıq. Görək bu əsgərlik məsələsi
necə olur. Maa qalırsa, bəri başdan ad eləyərik,
toy qalar əsgərlikdən qayıdana. Onacan da qoyunlardan beş-onunu
satıb, ayrıca bir koma qaraldaram. Evlənəndə
yığışarsınız ora. Elə əvvəlki
qaydada sən qoyun-quzunu hərləyərsən, Zəriş
də sil-süpür işinə baxar. Süd sağar, pendir
vurar, xalasıynan köməkləşib motal tutar, baş-başa
verib dolanarsınız. Gözüm də üstünüzdə
olar. Belə ki, görürəm, gədələrdən mənə
haray yoxdur. Hamısı tənbəl-tünbəl şeydir. Nə
ölüyə hay verəndilər, nə diriyə pay.
Onlarınkı bir Allaha qalıb. Hamısını da xarab eləyib
o günə salan analarıdır. İş o yerə
çatıb ki, çarığı bəyənmirlər.
Anaları başımı dəlir ki, tay-tuşlarından əskikdirlər?
Xalxınkilər çəkmə geysin, mənimkilər
çarıq?! Mən də deyirəm, ay gorbagorun
qızı, mənim çəkmə fabrikim var?! Qanıb
başa düşürsən ki, dükanda çəkməni
od qiymətinə satırlar! Çox adam çarıq da
tapmır. Qonşuların uşağını görürəm
də, ayaqyalın gəzməkdən dabanları cadar olub.
İndi mənim sürüm var deyən, oğlanlarım
çəkmə geyməlidir?! Durduğum yerdə məni dilə-dişə
salmaq istəyirsən? Arvad olanda nə olar?! Oraları da fikirləş.
Kənardan baxanlar deməsinlər ki, Mikayılı
mal-dövlət qudurdub, oğlanları çarığı
bəyənmir, gündə bir çəkmə geyirlər.
Bir də ki, ay oğul, biz kənd adamıyıq. Hər
gün dağda-daşdayıq, dərə-təpəyə
çəkmə dözər?! O cəhətdən saa halal
olsun. Elə olur ki, ayda bir dəfə məndən gön istəmirsən.
Həmişə yamaqlı çarıq geyirsən.
Dağılan yerini də özün yamayıb düzəldirsən.
Düzünü də sən eləyirsən. Gərək
adam yorğanına görə ayağını uzatsın. Dədə-babadan
çarıq geyinirik. Yəni çarıq geyənlər səndən-məndən
əskik adamlardır? Beş-on qoyunumuz var deyə, mənimkilər
yerə-göyə sağmır. Özlərini elə
aparırlar ki, guya göydən zənbillə
düşüblər.
Mikayıl gündə bir təbə
düşürdü. Onun nə güləndə
üzünü gör, nə də ki, qanı qaralanda.
İndi də qoyun-quzunu gümrah görüb kefi
durulmuşdu. Dünənəcən adam yerinə qoyub, kəlmə
kəsmək istəmədiyi qardaşı oğlu ilə indi
tay-tuş kimi danışırdı.
Nəcəf əmisinin xasiyyətinə
öyrəşmişdi. Bilirdi ki, onun qardaşı oğluna
qarşı canıyananlığı da var, heç nəyin
üstündə elədiyini başına qaxıb, yediyini
burnundan gətirib, üzünə itin sözünü deməyi
də. Ona görə də əmisinin bir kəlməsini iki
eləmirdi. Başını aşağı salıb,
qabağında qolubağlı qul kimi dayanmaqdan başqa
çarəsi yox idi. O ki, qaldı Zəriş məsələsinə,
əmisinin məsləhətləri ağlına
batmırdı. O barədə əmisi uşaqları Nəcəfə
ucundan-qulağından danışmışdılar. Zərişin
hansı yuvanın quşu olduğundan xəbərdar idi. Zəriş
əmisinin dediyi kimi, əməlisaleh qız olsaydı, əvvəlcə
közü öz qabağına çəkərdi.
Oğlanları dura-dura yağlı əlini mənim
başıma çəkməzdi. Sən demə, ötən
il də belə bir söhbət olub. Mikayıl Qönçə
ilə diz-dizə oturub belə məsləhətə gəliblər
ki, Zərişi oğlanlarının birinə alsınlar.
Sonra qız barədə qulaqları nə çalıbsa, bu
söhbəti biryolluq yığışdırıblar.
Sözün yanlışı olar, yalanı yox. Zərişi əvvəlcə
qapıbir qonşusu olan Bayram adlı oğlan istəyirmiş.
Ancaq yalan-gerçək, kəndin poçtalyonu ilə adı
çıxdığına görə Bayramın Zərişdən
qəlbi sınıb. O gündən Bayram ata-anasına deyib
ki, iti görüm, qurdu görüm, Zərişi yox. Niyəsini
də açıb-ağartmayıb. El ağzı, sel
ağzı, Zərişin adı pisə
çıxdığına görə kənddəki
cahıl-cuhulun biri də ona yaxın durmurdu. Ona görə
Qönçə qurub-qoşub Mikayılın
başını doldurub ki, guya deyilənlərin hamısı
düşmən sözüdür. Zəriş aydan arı,
Mikayıl da qayıdıb
ki, əvvə
Nəcəf bu
söz-cöhbərləri eşitdikcə daxilən sarsılırdı.
Ancaq hələlik bu haqda heç kəsə heç nə
demirdi. Fikirləşirdi ki, bəri başdan darımı kola
tökməyim. Köç vaxtı yaxınlaşır.
Qoyunları yaylağa apararam, sağ-salamat arana qayıdandan
sonra nə bilmək olar. Əmim bəlkə Zəriş barədə
fikrini dəyişdi. Heç Zəriş də oturub gözləməz.
Ya özü kimisinin birinə qoşulub gedər, ya da
tanımayanın birinə verərlər. Mənim də yaxam
bu əskik işdən qurtarar. Bir də ki, hələ qabaqda əsgərlik
məsələsi var. Qismət ilahiynəndir. Bərkə
düşsə oralarda ilişib qalaram. Hara getsəm
çobanam. Dünya xali deyil. Bir insaflı adam tapıb onun
qoyun-quzusuna baxaram. Günüm xoş keçsə, oralarda
ömrümü başa vuraram. Düzdür, vətən
şirin şeydir. Ancaq neynəmək? Mənimki də belə
gətirib. Əmimin danlaqlı çörəyini yeyib,
üstəlik də pis ad çıxaran bir qızla evlənib
binamusluğu boynuma götürməkdənsə, yad ölkədə
ölüb qalmaq yaxşıdır. Məni ata-ana üzünə
həsrət qoyan ermənilərin balası ocağa
düşsün. Bu gen dünyanı mənə dar eləyib.
Bir canıyananım, qeydimə qalanım yoxdur. Ermənilər
ata-anamı əlimdən alıb. Qönçə xala da əmimi
qızışdırıb haqq-nahaq namus-qeyrətimi ayaq
altına salmaq istəyir.
Nəcəf əmisinin
sözlərini qəlbində saf-çürük eləyib,
gecə-gündüz xiffət çəkirdi. Lakin yüz
fikir bir borcu ödəmir. Artıq yaz yarıdan
keçmişdi, el-oba dağa hazırlaşırdı. Gilas
qızarmamış köç yola düşməli idi.
Mikayıl bağ-bostan dərdindən həmişəki kimi
aranda qalmalı oldu. Bağ-bostan o tərəfə qalsın,
ev-eşiyi da sahibsiz qoymaq olmazdı. Tərs kimi son günlər
havalar bürkülü keçirdi. İstidən nəfəs
almaq olmurdu. Axırda Mikayıl dilə gəlib dedi ki,
günü günə satıb yubanmaq olmaz, təcili dağa
çıxmaq lazımdır.
lll
...Axşam fərməşlər
qabqarıldı. Alaçıq çubuqlarını,
keçəni, paltar-palazı, qab-qacağı yükləmək
üçün iki öküz, bir qatır, iki ulaq
ayrıldı. Qönçə xala axta ata yüklənmiş
qoşa fərməşin arasında oturdu...
Oğlanlarından biri atın yedəyini çəkir, o biriləri
də əllərində çubuq yüklü ulaqları
sürürdülər. Nəcəf qoyun-quzunu təkbaşına
aparırdı. Qəzili yernən sürünən ala erkəc
sürünün qabağını çəkirdi. Nəcəf
arxada, itlər də ləhliyə-ləhliyə yan-yörədə
gedirdi.
Həsənli dərəsindən
düzə çıxanda hava işıqlandı. Artıq it
qurddan seçilirdi. Ətraf aydın görünürdü.
Köç yolunda mal-heyvanın əlindən tərpənmək
olmurdu. Qucağı uşaqlı bir qadın altındakı kəhər
atı sağa-sola səyirdir, qarışığa
düşüb, itən balalı inəyini
soraqlayırdı. İrəlidəki aşırımda,
kövşən qoruqçuları ilə tərəkəmə
çobanları arasında dava-dalaş qalxmışdı.
Qarovulçular qollarına bəlgə dolamışdı. Tərəkəmə
çobanları çomaqlarını başlarının
üstünə qaldırıb mənəm-mənəm
deyirdilər. Onlar bir-birinə hərbə-zorba gəlsə də,
hökumətin qorxusundan cəsarət eləyib dəyənəklərini
işə salmırdılar. Bilirdilər ki, dalda-qabaqda
köçə nəzarət eləyən milis
işçiləri var. Kim həddini aşsa, çiyni
paqonlulardan yaxa qurtara bilməz.
Səmənd atın belində
gedən nurani bir kişi köçdən ayrılıb
onlara yaxınlaşanda elə bil qurbağanın gölünə
daş atdılar. Kövşən qarovulçuları ilə
çobanların ağsaqqal atlını görən kimi
qolları yanlarına düşdü. Yaşlı kişi
onlara nə cür təpindisə, hər iki tərəf geri
çəkildi. Söz-söhbət bununla da bitdi. Nə ortada
qan töküldü, nə də ki, paqonluların bu işə
qarışmasına ehtiyac qaldı. Qönçə xala
abırlı, ağayana kişini tanıdı. Onu bir-iki dəfə
xeyirdə-şərdə uzaqdan-uzağa
görmüşdü. Qönçə xala üzünü
oğlanlarına tutub:
– Cəddinə qurban olum!
Seyiddi, – dedi, – nəfəsi ağırdı. O gedən yerdə
qan bağlanır. Bütün bu el-obada ağanı
tanımayan yoxdur. Hamı da yolunu saxlayır.
Taxıl zəmilərinin, hələ
kərənti dəyməmiş biçənəklərin
arasınca uzanıb gedən köç yolunda it sahibini
tanımırdı. Çoban-çoluq
çalışırdı ki, mal-heyvan
qarışığa düşməsin. Hərə öz
köçünün dal-qabağını kəsmişdi
ki, qoyun-quzu başqalarının naxırına qoşulub getməsin
və yoldan çıxıb, sünbülü təzə dən
tutan göy zəmilərə, biçənəklərə
ziyan vurmasın. Ac itlər də bir tərəfdən
boğuşub çobanların başını
qatırdı. Nəcəfin qurdbasan köpəyi bütün
itlərə dov gəlirdi. İtlərın
boğuşması, bir-birini əldən salması bəzən
sahibləri arasında söz-söhbətə səbəb
olurdu.
... Yaşıl düzlər
arxada qalmışdı. Gün batar-batmaz köç qum,
çınqıl döşənmiş maşın yoluna
çıxdı. Arxadan və qarşıdan gələn
yük və minik maşınları köç
adamlarının işini çətinləşdirirdi.
Çobanlar əllərindəki çubuqla mal-heyvanı
döyəcləyə-döyəcləyə aralayıb
avtomaşınlara bir təhər yol verirdilər. Mənzil
başına tələsən sürücülər deyinə-deyinə
maşının sürətini azaldıb, köç sahiblərinin
ünvanına latayır sözlər işlədirdilər.
Çobanlar da, saymazııq edib, maşını ilə
heyvanı zədələyən sürücüləri
söyüb-yamanlayırdılar.
Köç adamları
çətinliklə maşın yolunu keçib axırı
ki, genişliyə çıxdılar. Nəcəf əmisi
uşaqları ilə məsləhətləşib, öz
köçlərini irəlidəki dərədən axan
suyun kənarındakı sakitliyə döndərdi. Onlar bu
axşam burada dincəlib, yeyib-içib, gecələyib
sübh tezdən yollarına davam etməli idilər. Qönçə
xala yaxınlıqdakı bulağın başında palaz
açıb, yüngülvari süfrə düzəltdi. Dağarcıqdan
beş-altı büküm yuxa çörək
çıxardıb ortalığa qoydu. Qatıq
yığdığı tuluqdan mis badyaçaya, üzündə
dənəvər yağ olan ayran tökdü. Qaymaqlı
qatıq, yol boyu qatırın belindəki tuluqda
çalxalanıb ayran olmuşdu. Qönçə xala motaldan
dələmə pendir çıxartdı. Köçə
başları qarışdığından yeməyə macal
tapmayan ac yolçular iştahlarını öldürüb
ayağa qalxdılar. Hərəsi bir tərəfdə
altına paltar-palaz çəkib yorğun-arğın yuxuya
getdi. Dan ulduzu parlayanda ulaqlar təzədən yükləndi.
Nəcəf sürünü köç yoluna
çıxartdı. Yüklü at, qatır, öküz də
onun arxasınca. Onların getdiyi dağ yolu cərgə idə
tikilmiş üstü qırmızı taxtapuşlu
binaları, enli küçələri heyrət doğuran
Görus şəhərinin kənarından keçir. Tağyurd,
Qanlıca, Üçtəpə dağları sonradan-sonraya
Ermənistan ərazisi sayılsa da, Araz qırağından bəri
bütün Azərbaycan rayonlarının yurd yeri dədə-babadan
bu yaylaqlarda yerləşir. İstər azərbaycanlı
olsun, istər erməni, dağ adamları
alaçıqlarını eyni yaylaqda qururdular. Mal-qara da eyni
örüşdə otlayırdı. Bu ulu dağlar dini, dili
müxtəlif olan insanları bir-birindən ayrı tutmur,
arada ayrı-seçkilik qoymur, ögeylik-doğmalıq eləmir.
Saf ab-havasını, buz bulaqlarını, sərin mehini, bəyaz
qarını heç kimdən əsirgəmir. Görünür,
ona görədir ki, dağ ucalıq rəmzidir. Hamı onun saf,
sərin, ətirli qoynuna can atır. Burada ömür-gün
sürən məxluqat da o dağlar kimi bir-biri ilə mehriban
davranır. Qış qapını kəsəndə də
Ermənistanın heyvandarları arana üz tutur, Azərbaycan
torpaqlarında qışlayırdılar. Yüz illərdi bu
sadə insanlar bir-birinə əl tuturdu. Di gəl ki, lənətə
gəlmiş erməni xainləri suyu bulandırıb,
aranı qarışdırır, ortalığa düşmənçilik
toxumu səpməkdən usanmırdılar.
Nəcəfgilin
köçü hay-küylü Gorus şəhərini arxada
qoyub Üçtəpəni aşdı. Günün
axırında dədə-baba yurdları olan Qanlıca
yaylağına çatdılar. Hələ qarı getməmiş
təpələrin arasında bir-birindən aralı
alaçıqlar görünürdü. Nəcəf
sürünün qabağını bir qədər
aşağıdakı hər il düşdükləri
köhnə yurda döndərdi. Neçə il bundan qabaq
daş hasara alınmış ağılları ot
basmışdı. Ocaq daşlarının biri də yerindən
tərpənməmişdi. Qonşuluqda Ermənistanın
Muğancıq, Goru kəndlərindən olan erməni
heyvandarları alaçıq qurmuşdu. Onlar iki həftə
qabaq yaylağa çıxmışdılar. Çoxdan
ayrı düşən yurd qonşuları bir-biri ilə
xoş əhval-ruhiyyə ilə görüşdülər. Nəcəfin
çoban yoldaşları onu dövrəyə aldı. Həmişə
bir yerdə qoyun otardığı Armenak və Akop Nəcəfi
görəndə şad oldular. Burada yurd salan dini ayrı, dili
ayrı insanlar da, onların yırtıcı köpəkləri
də sanki demək istəyirdilər ki, aramıza ədavət
salan daşnak xislətli andraniklərin, nijdehlərin,
Hamazasların, droların nəsli kəsilsin. Bizi dinc
yaşamağa qoymurlar. Dağların başında qara duman
getdikcə sıxlaşırdı, tək-tük
yağış atırdı. Nəcəf əmisi
uşaqları ilə köməkləşib tez-tələsik
alaçıq qurmağa başladılar. Akopla Armenak əllərindəki
işi qoyub onlara köməyə gəldilər.
Alaçığın içi bir göz
qırpımında səliqə-sahmana salındı. Yerə
xalı-xalça döşəndi. Baş tərəfdə
yük qurub, üstünə naxışlı kilim çəkdilər.
Dana-buzov bağlamaq üçün alaçıqların
yan-yörəsinə mıx çalındı. İş
heyvanlarına axur düzəldildi. Armenakla Akopun anaları Nəcəfgilə
sacdan təzə çıxan isti çörək, təzə
pendir göndərdilər. Qönçə xala da əvəzində
aranın matahından onlara pay verdi.
(Ardı var.)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 14 aprel.- S.6.