Din xadimi: bu nə deməkdir?
SON 200 İLİN MƏHSULU OLAN BU SÖZ
BİRLƏŞMƏSİ ÖZÜNDƏ SABİT MƏNA
DAŞIMIR
Bu, həqiqətən
də belədirmi? Din adamları üçün dindən
vacib nə ola bilər? Əslində, “din xadimi” istilah (termin)
kimi yanlış ifadədir: din, prinsip etibarilə, heç
bir mömin insanı xadim etmir. Sadəcə möminlər və
özünü dinə xidmətə, yəni müəyyən
dini öz timsalında, sözü və əməlləri ilə
yaymağa həsr etmiş insanlar var. Biz hamımız başa
düşürük ki, siyasi fəaliyyətlə məşğul
olan siyasətçi hakimiyyətə can atır və bu da vətəndaşın,
siyasi proseslərin iştirakçısının konstitusiya
hüququndan istifadəsi kimi qəbul edilir. Siyasətçi
üçün bu cür fəaliyyət forması nəinki
qanuni, həmçinin tamamilə normal hesab edilir, başqa
cür, yəqin ki, ola da bilməz. Siyasət hakimiyyətlə
bağlı imtiyazlardan başqa, insana maddi rifah da gətirir.
Bir sözlə, mübarizə aparmaq üçün ciddi səbəb
var. Müqəddəs kitablarda yazılanlara görə, din
xadimlərinin belə perspektivləri yoxdur. İanələr
(bu, xristianlıqda və islamda geniş tətbiq edilir) kilsəni,
məscidi normal məişət səviyyəsində saxlamaq,
həddən artıq ehtiyacı olanları yeməklə təmin
etmək üçün istifadə olunmalıdır. Zənginlik
və israfçılıq aludəsi olmaq bütün dinlərdə
nöqsan sayılır. Deməli, dinin və siyasətin insan
və bütövlükdə cəmiyyət həyatının
maddi nemətlərinə münasibətləri bir-birinə
ziddir. Deməli, din xadimi dedikdə, biz əslində mənəviyyat,
ruhaniyyət aləmi ilə məşğul olan kəsləri
nəzərdə tuturuq. Yəni bu insan ruhanidir, onun
üçün maddi həyat keçici bir dövrü əhatə
edir və onu var-dövlətin xidmətçisinə
çevirməməlidir. Həqiqətən də ruhani
insanlar keçmişdə də və indi də yarı
zahidlik həyatı keçirir, ruhunu və qəlbini
qidalandırır. Məşğul olduğu sahə – ruhaniyyət
aləmi qazanc əldə etmək üçün vasitəyə
çevrilmir.
Bəs bu
günümüzün din xadimi öz səylərini nəyə
yönəltməlidir? Onun əsas, ali məqsədi nədir?
Əlbəttə, bu, heç də asan sual deyil. Qonşu
ölkələrin – Rusiya, İran, Türkiyə,
Gürcüstan, Ermənistanın timsalında
görürük ki, siyasət və din arasında ciddi sərhəd
ya yoxdur, ya da tezliklə o, ümumiyyətlə, mövcud
olmaya bilər. Bununla belə, hamıya təlqin etməyə
çalışırlar ki, guya onilliklərlə, bəlkə
də yüzilliklərlə mövcud olmuş sərhəd,
çox ehtimal ki, süni olub, imanlı vətəndaşın
azadlığını, onun siyasi hüquqlarını pozub.
Dini siyasətdən ayıran qanunların qəbul edilməsi
tarixi səhv, “ədalətsizlik” kimi qiymətləndirilir.
Yuxarıda adlarını sadaladığımız ölkələrdə,
xüsusi təbirlə desək, din və siyasət
arasındakı “viza rejimi” sadələşdirilib, yaxud da
tamamilə ləğv edilib. Avropa ölkələrində din
və hakimiyyətin bu cür qarşılıqlı
münasibətləri əzəldən mövcud olmayıb.
Bu gün Şərqdə bəzən, hətta, ucadan
danışırlar ki, siyasət və dinin zaman-zaman öz
yerləri və rollarını dəyişmələri pis
olmazdı. Bax bu, əla olardı! Nümunələr ki, var!
Uzağa getmək lazım deyil! Bununla belə, başqa
xarakterli misallar da mövcuddur və onlar üstünlük təşkil
edir. Hal-hazırda Avropa ölkələrində və
ABŞ-da başqa bir proses baş verir. Biz katoliklik və islama
qarşı get-gedə artan mənfi münasibətin
şahidi oluruq. Dinin ictimai-siyasi “qazanda” həllolma prosesi
dünyanın əksər ölkələrinin siyasətində,
demək olar ki, əsas yer tutur, müxtəlif növ beynəlxalq
forumların müzakirə mövzusuna çevrilir.
Lakin suallar
çoxdur və onlara cavab axtarmaq və qismən də olsa,
anlaşıqlı, məntiqli izah tapmaq üçün uzun
vaxt tələb olunur. “Din xadimi” istilahına gəlincə, o
bu gün dinin maraqları çərçivəsində fəaliyyət
göstərən insan kimi izah edilir. Yəqin ki, bu belədir.
Onun üçün din əsas məşğuliyyət
növüdür. Siyasətçi üçün siyasi fəaliyyət
vacib olduğu kimi. Din adamı dinin özündən
savayı, hər bir hadisə və hərəkəti dinə
uyğun olub-olmaması nöqteyi-nəzərindən qiymətləndirir.
Bu əsas meyar, zənnimcə, din adamının nəinki
fikirlərində, eləcə də əməllərində
özünü göstərməlidir.
Dinə xidmət
edənlərdən fərqli olaraq, siyasi xadimin geniş
manevretmə imkanı var: öz strategiya və
taktikasını dəyişməkdən başlayaraq, müvəqqəti
sükut və ya siyasətdən gedişə qədər.
Yaxud da o, ümumiyyətlə, siyasi fəaliyyəti iqtisadi fəaliyyətlə
əvəz edə bilər. Variantlar çoxdur.
Qoy həqiqi din
adamları və peşəkar siyasi xadimlər məni
bağışlasınlar. Onların sayı bu gün o qədər
də çox deyil. Məqalədəki söhbət
istisnalardan deyil, bu gün mövcud olan ümumi şəkildə
qəbul olunmuş “qaydalardan” gedir. Aydınlıq gətirmək
üçün tanıdığımız dünya
regionlarının hər biri üçün daha səciyyəvi
olan kiçik müqayisə aparmaq istərdim.
Yuxarıda deyilənlərdən
əlavə, siyasətçi və din adamı arasında digər
ciddi fərqlər də mövcuddur. Siyasətçi müvəqqəti
olaraq, yəni siyasi mübarizə tamaşası zamanı
ideoloji həyəcan vəziyyətində, emosiya, özünəməxsus
“məğrurluq” və eyforiyanın təsiri altında olur. Əksər
din adamları isə dərin xəyallar, hətta özünətəlqin
sistemində, demək olar ki, daim qalmaq məcburiyyətindədirlər,
onlar nadir hallarda, hansısa səbəbdən bu roldan çıxmağa
müvəffəq olurlar. Çünki siyasətçidən
fərqli olaraq, məsələn, keşişin
“tamaşadakı” əsas, daimi rolu onun şəxsi təbiətindən
daha doğma və yaxın olmalıdır. O, demək olar ki,
canlı, hissiyyatı olan insan kimi özünün təbii tələbatlarını
unutmaq təhlükəsi ilə üzləşir. Həyatdan
cismani zövq almaq, şəhvət hisslərinə
qapılmaq ruhani adam üçün məqbul hesab edilmir.
Xristian rahib üçün bu, böyük
günahlardandır.
Məsələn,
hansısa katolik keşişi dini rolundan çıxmağa
müvəffəq olanda isə özündən asılı
olmayaraq gündəlik dini öhdəliklərdən azad
olduğu qısa vaxt ərzində bütün geridə
qoyduqlarını tamamlamaq istəyir və onun dini mahiyyəti
və keşişlik vəzifəsi tez bir zamanda öz əsas
məğzini itirir. İnsanın təbiəti öz təbii
tələbatlarının təmin edilməsini tələb
edir (müxtəlif səmavi və dünyəvi dinlərin
nümayəndələri bu “qüsurdan” əziyyət çəkirlər.
Onların bəzilərində bəkarət andı, digərlərində
isə spirtli içkilərin qəbuluna və əxlaqsızlığa
qadağa mövcuddur). Öz rolundan çıxmış
keşişi tamamilə insani duyğu – dünyəvi həyatın
bütün “gözəlliklərindən” zövq almaq istəyi
ələ alır. Lakin o öz dini mənsəbinə görə
çox məhdudlaşdırılıb, məsələn,
olduqca böyük seçimə malik olan İtaliyanın
baş naziri və “iqtisadi maqnatı” S. Berluskonidən fərqli
mövqedədir. Təbii vəziyyətinə qayıdarkən
din xadiminin “yoldaşları” əksər hallarda ya onun
şagirdləri – uşaqlar, yaxud da dini təriqət,
ümumi xidmət üzrə “həmkarları” ola bilər.
Yeri gəlmişkən, qeyd edim ki, bütün katolik ordenlərində
qəribə də olsa, yüzilliklər boyunca rahiblik etmək
və cüt-cüt yaşamaq kimi ciddi qayda mövcuddur. Həmin
ordenlərin yaradıcılarının bu cür qərarına
dair iki variantın olduğunu deyirlər – hər bir kəs digərinə
nəzarət etməli, yaxud da eyni ordenin iki üzvü
arasında baş verənlər sirr kimi
saxlanılmalıdır. Belə daha etibarlıdır. Yeri gəlmişkən,
sonuncu bir növ ali məhkəmələrdə çoxlu
sayda katolik keşiş-pedofillərin “günahlarının”
açıldığı Avropa və Latın Amerikası
ölkələrindəki qalmaqallara verilən şərhdir.
Necə də ziddiyyətli, lakin müasirlərimizə olduqca
tanış, qulağa yatan və anlaşıqlı söz
birləşməsidir! Mənim həm qurbanlara, həm də
keşişlərin özlərinə belə
yazığım gəlir, onları insan təbiətinə
zidd yaşamağa məcbur edirlər. Bütün bunlar isə
böyük səxavətlə insana hissiyyat orqanlarını
bəxş etmiş Yaradana ibadət adlanır. Əsas
mövzudan məcburən kənara
çıxdığım üçün
bağışlayın...
Müasir
demokratik dünyada din adamının bizim
anladığımız şəkildə geniş
azadlığı yoxdur. Davranış sabitliyi, öz tələbatını
məhdudlaşdırma, asketizm, müsbət şəxsi
örnək hər şeydə din adamının fəaliyyətinin
xarakterini müəyyənləşdirir. Dini göstərişlər onun manevretmə
imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Yuxarıda göstərildiyi kimi, dünyəvi
demokratik dövlətdə din və siyasətin
qarşılıqlı münasibətləri bir çox
ölkələrin konstitusiyalarında öz əksini
tapmışdır. Cəmiyyətin və bütövlükdə
ölkənin həyatında dinin rolu və yeri dəqiq, birmənalı
və qəti şəkildə müəyyənləşdirilmişdir
(siyasət həm şaquli, həm də üfüqi istiqamətdə
müəyyənləşdirilir (yəni hakimiyyət və cəmiyyət),
din isə yalnız üfüqi müstəvidə yerləşir
– cəmiyyət). Əks təqdirdə, yəni siyasi xadim və
din adamı arasındakı fərqlər itdiyi halda, ilk
növbədə dinin özünün vaciblik, zərurilik səviyyəsi,
onun ilahi statusu aşağı düşür. Nəticə
etibarilə, o, dəyişməz əxlaqi dəyərlər
kateqoriyasından çıxır və belə vəziyyət
dinin özünə məhvedici təsir göstərir.
Müasir dünyada da buna aid misallar çoxdur. Terror və
antiterror din və siyasətin birləşdirilməsi cəhdlərinin
uğursuz nəticəsidir. Onlar, gördüyümüz kimi,
təbiətcə və xarici əlamətlərinə
görə bir araya sığmırlar. Onlar məsələni
bu cür kobud şəkildə, qan tökmək, heç bir
günahı olmayan insanları qətlə yetirmək
hesabına aydınlaşdırılmamalıdır. Dinin yeri əxlaq
və mənəvi dəyərlər məkanıdır,
burada dəyişkən siyasətə daimi
sığınacaq tapmaq çətindir və o, məmnuniyyətlə
bu yeri dinə verir. Qayğılar xeyli azalmış olur. Hesab
edirəm ki, istənilən cəmiyyətin ayrılmaz hissələri,
cəmiyyətdə sabitlik üçbucağı olan elm, incəsənət
və din dövlətdə ali hakimiyyətin həyata
keçirilməsinə istiqamətləndirilmiş praktik
siyasətdən kənar olmalıdır.
İlkin mənbənin müqəddəsliyi
isə dinin əsası olan imandadır. Əks halda, cəmiyyətdə
dinin, Ali şüurun qanun və ehkamlarına qarşı
haqlı olaraq şübhələr yaranar. O öz müstəsnalığını,
mütləqliyini itirər. Din və onunla bağlı olan hər
şey sudakı yağ damcıları kimi həmişə
göz qabağındadır. Hamımız yaxşı bilirik
ki, yağ suya qarışmır. Onlar arasında bizim görmədiyimiz
təcrid sahəsi var. Buna görə də dini siyasətə
qatmaq cəhdləri təsadüfən dinin strukturunun dəyişilməsinə
gətirib çıxara bilər: o, siyasətdə həll
olar və onu bu anlaşılmaz kimyəvi tərkibli “mayedən”
ayırmaq artıq mümkün olmaz.
Əslində, dini siyasətlə birləşdirmək
cəhdlərinin bu cür qiymətləndirilməsi
düzgündür. Tarixdə belə olub və bu gün də
dəyişməz olaraq qalır, yəni hər bir insan öz
fəaliyyət sahəsini – ya din, ya da siyasət – seçmək
məcburiyyətində qalır. Lakin onlardan hansının
su, hansının yağ olduğunu hər kəs özü
müəyyən etməlidir.
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.- 2010.- 15 aprel.- S.2.