“Bir məhəbbətin nisgili”ndən
yaranan düşüncələr
Yazıçı və həkim Nurəddin Qənbərin yaradıcılığı ilə bir neçə il bundan əvvəl tanış olmuşam. Tanınmış tənqidçi Vaqif Yusiflinin onunla bağlı yazdığı bir yazısında qeyd etdiyi kimi, o, Azərbaycan ədəbi aləminin “Doxtur”udur. Yəqin ki, bu onun ixtisasından da əlavə, yaradıcılığında həkimlik sənətinin sirlərini bədii sözün qüdrətilə oxucusuna açması ilə bağlıdır. Ümumiyyətlə, hər bir yazıçı müəyyən mənada özünü yazdığı üçün keçirdiyi həyat tərzi, sənəti yaradıcılığında öz əksini tapır və bu, təbii haldır. Çünki yazıçının əsas işi həyatda qarşılaşdıqları situasiya və hadisələri, gözlənilməzlikləri öz yaradıcılıq ələyindən keçirərək oxucusuna təqdim etməkdir. Bu mənada Nurəddin Qənbər həkimlik sənətinin möhürünü ədəbiyyata vurmağı bacaran bir yazıçıdır. Onun bütün yaradıcılığı (ayrı-ayrı mövzulara həsr olunmasına baxmayaraq) bütövlükdə sənətinə bağlı bir sənətkarın həyat, dünya, insan və onun əhatəsi ilə bağlı ümumiləşmiş düşüncələrindən ibarət bir tam təsiri bağışlayır. Bu tamın içərisində müxtəlif əksliklər, ziddiyyətlər də özünü təbii bir şəkildə göstərməkdədir. Ümumilikdə N.Qənbərin yaradıcılığında xüsusi qeyd olunası bir məqam dilimizin incəliklərinə dərindən bələd olması faktıdır. Onun əsərlərinin demək olar ki, hamısında dilimizin dialekt, ləhcə şirinliyi tiplərin daxili aləmini açılmasında mühüm rol oynayır. Dilə və onun qayda-qanunlarına bələd bir yazıçı kimi onun təhkiyə dili ilə obrazlarının daxili aləmini təsvir edən nəqletmə üsulunun fərqlənməsi onun yaradıcılığının əsas qayəsini təşkil edir. Müəllif təhkiyəsində nəqlin axıcılığı, şirinliyi oxucunu cəlb etdiyi kimi tipaj qalereyasındakı qəhrəmanların nitqi, ləhcəsi onların xarakterini açaraq yazılara özünəməxsus bir cazibə verir.
N.Qənbərin yaradıcılığında dilimizin “frazeoloji ehtiyat anbarı”ndan geninə-boluna istifadə edilir, xalq kəlam və məsəlləri, yalnız dilimizə xas idiomatik ifadələr obrazların ədəbi portretini dəqiq cizgilərlə oxucunun gözü önündə canlandırır. N.Qənbərin “Bir məhəbbətin nisgili” povestində də bu keyfiyyətlər özünü qabarıq göstərir.
Əsərin sadə süjet xətti var: Xəstəsini ölümün pəncəsindən qurtaran bir həkimin həmin pasientlə olan səmimi münasibətindən söz açılır. Şahmurad adlı xəstənin dilindən onun nəsil şəcərəsi, ömür yolu, bu yolun eniş-yoxuşları, həyatda həqiqətən baş verən hadisələr bədii şəkildə oxuculara təqdim olunur. Əsərin adında da olduğu kimi bütün ruhunda keçmişini kədərlə vərəqləyən bir insanın nisgili, ağrıları sezilir. Elə həmin nisgil, ağrı da oxucunu Şahmuradın timsalında dərdli bir insanın həyatı ilə tanış olmağa vadar edir.
“Bir məhəbbətin nisgili” sözün əsl mənasında xarakterlər sərgisidir. Bu qalereyada ilkin olaraq əsərin nağılçısı Şahmurad öndə gəlsə də, sonra onun nəqlində müxtəlif görkəmə, xasiyyətə, düşüncə tərzinə malik insanlarla qarşılaşırıq. Əsərdə insanın mənəvi aləminin, psixi yaşantılarının hər bir mübhəm guşəsini oxucu qarşısında açmağa xidmət edən Qotazlı Polkovnik-Mərkəz Mərkəzov, Nöysət Filinti oğlu, Avtaf xala, Karyer Qaraş, Gülsabah, Mücrü nənə, Əli kişi, Kəmfürsət Xoryət oğlu, Bayram qağa, Bəytəhər, Xantəhər, Almara xanım, Niqodnıy Cuqquş, Naxırçı Tağı, Xurmayı, Soltuş obrazlarının taleyinin fonunda Böyük Vətən müharibəsi illərinin ağrı-acıları, həmin dövrün insanlarının mənəvi-psixoloji durumu, həyata baxışları, dünyagörüşləri də ətraflı təsvir olunub. Ancaq təbii ki, bu təsvirlərin önündə Şahmuradla Xurmayının məhəbbət tarixçəsi gəlir. Bu məhəbbətin nisgili timsalında yazıçı həm də müharibənin qurbanı olmuş bir çox sevgilərin də taleyinə işıq tutur. Bu baxımdan Şahmuradın anası, cəmi bir həftənin gəlini olmuş, sonra da ömrünün son günlərinədək sevgili əri Səttarı gözləyən Gülsabahın nakam eşq hekayəti də oxucunu təsirləndirməyə bilmir.
Yetimliklə böyüyən Şahmuradın hər bir addımda yoluna daş dığırladan, onun sevgisinə, mövqeyinə, hətta həyatına şərik çıxmağa çalışan Nöysət Filinti oğlunun hərəkətləri oxucunu dərindən düşünməyə, insan xislətinin arzuolunmayan tərəfləri haqqında fikirləşməyə sövq edir. Lakin belələrinin həm insanlıq, həm də Tanrı tərəfindən cəzalandırılması haqlı nəticə kimi ortaya çıxır. Həmyerlisi Nöysət Filinti oğlunun pisliyinə ürcah olan Şahmurad bir müddət onun fitnəsi ilə sevgilisindən aralı düşür, üzdəniraq “yerli” gah onun vəzifəsini ələ keçirmək üçün dəridən-qabıqdan çıxır, sonda da həyatına qəsd etmək üçün maşınını qəsdən qəzaya uğradır. Şahmurad fiziki baxımdan şikəst olsa da, çanaq Nöysət Filinti oğlunun öz- başında çatlayır. Şahmuradın maşınını dərəyə salmaq istəyən Nöysət öz qazdığı quyuya düşür və avtomobilinin idarəetməsini itirib dərənin dibinə yuvarlanır. Bununla da haqq-ədalət öz yerini tapır. Bir müddət Nöysətin ucbatından sevgisindən uzaq düşən Şahmurad Xurmayının intihar cəhdindən sonra onun səhvini bağışlayır, sevgililər yenidən həyat yollarını əbədi olaraq birləşdirirlər.
“Bir məhəbbətin nisgili”ndə digər obrazlarla yanaşı, şahmuradın nənəsi Mücrü də xüsusilə diqqət çəkir. Üç oğlunu və kürəkənini “Hitlerin davasına” yola salan və daim gözü yollarda qalan Mücrü nənə əsərdə qadınlığın, mərdliyin və əzmin simvolu kimi yadda qalır. Onun yaşadıqları, faciəsi də həmin dövr qadınlarının ümumiləşmiş həyat tərzi kimi oxucunu gah kədərləndirir, gah da düşündürür.
Əsərdəki müsbət obrazlarla bərabər mənfi tiplər də ümumi olaraq müharibə acısının doğurduğu məqamlar kimi işlənib. Bu mənada Qotazlı Polkovnik, Nöysət Filinti oğlu, Almara xanım, Bayram qağa, Kəmfürsət Xoryət oğlu, Niqodnıy Cuqquş “meşə çaqqalsız olmaz” atalar məsəlini yada salır. Əsərdə müharibəyə getməyən, həmişə Biləcəridən qaytarılan Niqodnıy Cuqquşun taleyi ilə bağlı hissədə yazıçının xalq psixologiyasına, məişətinə, eyni zamanda Stalin dövrünün ab-havasına dərindən bələd olduğu üzə çıxır: “Deyirdilər ki, Cuqquşu Biləcəri kəmissiyyəsi “niqodnu” çıxarıb. Deyirlər ki, başının keçəlliyinə görə aparmırlar. Qorxublar ki, Cuqquş plen düşər, nemeslər görərlər ki, başı keçəldi, deyərlər, gör Stalin nə günə qalıb ki, keçəlləri də fronta göndərir... Hərə bir söz deyirdi”.
“Bir məhəbbətin nisgili”ndə yazıçı yuxarıda adı sadalanan, əsl insani sevgidən məhrum mənfi tiplərin taleyini ətraflı qələmə almaqla pisliyin, şərin daimi olmayacağına, xeyirin, sevginin, mənəvi zənginliyin gec-tez qalib gələcəyinə əminliyini ifadə edir. Əsərdə xüsusilə də Şahmuradın dilindən haqlı olaraq “mərdiməzar” kimi təqdim olunan Nöysət Filinti oğlu, həmçinin sovetlər dövründə vəzifə səlahiyyətlərini aşan, məsuliyyətsiz, cinayətkar məmur obrazı Qotazlı Polkovnikin taleyinin son məqamlarını yazmaqla yazıçı bu əminliyi qüvvətləndirir. Həm yüksək vəzifəsinə, adına qürrələnib özündən çıxan və nəticədə qanun tərəfindən “payını” alan qotazlı polkovniklərin sonunu, həm zəhmətkeş insanın yaşantılarını, müharibə dövrü qadınlarının mətanətini, səbrini, həm sevən gənclərin həyəcanını, həm qadınlıq adına ləkə gətirən almara xanımların aqibətini, heç bir zəhmət çəkmədən firavan yaşamaq istəyən tüfeylilərin ömür yolunu qələmə alan N.Qənbər bir neçə obrazla bütöv bir dövrün səciyyəsini verməyi bacarıb.
Əsərin epiloqunda yazıçı bir daha bütün pisliklərə, şərə baxmayaraq, əvvəl-axır böyük hərflərlə İNSANın və onun məhəbbətinin qalib gələcəyinə inamını ifadə edib və buna oxucunu da inandıra bilib.
S.Mürvətqızı
525-ci qəzet.- 2010.- 16 aprel.- S.7.