Daş yağan gün

 

Roman

 

(Əvvəli ötən saylarımızda)

 

Nəcəf çoban olsa da, dünyanın altını da bilirdi, üstünü də. Mikayıl Zərişi tərifləyəndə bir balaca qımışıb: – Yəqin əmim indi də Zəriş məsələsində başıma cəvərən hörmək istəyir. – Daxilən düşündü.

Mikayıl Zərişə o ki var, tərif vurandən sonra:

– Zərişi elə o vaxtdan pəsənd eləmişəm. Qoyunları sağ-salamat yaylağa apar, yayı sovandan sonra, payız ağzı nişan taxarıq. Görək bu əsgərlik məsələsi necə olur. Maa qalırsa, bəri başdan ad eləyərik, toy qalar əsgərlikdən qayıdana. Onacan da qoyunlardan beş-onunu satıb, ayrıca bir koma qaraldaram. Evlənəndə yığışarsınız ora. Elə əvvəlki qaydada sən qoyun-quzunu hərləyərsən, Zəriş də sil-süpür işinə baxar. Süd sağar, pendir vurar, xalasıynan köməkləşib motal tutar, baş-başa verib dolanarsınız. Gözüm də üstünüzdə olar. Belə ki, görürəm, gədələrdən mənə haray yoxdur. Hamısı tənbəl-tünbəl şeydir. Nə ölüyə hay verəndilər, nə diriyə pay. Onlarınkı bir Allaha qalıb. Hamısını da xarab eləyib o günə salan analarıdır. İş o yerə çatıb ki, çarığı bəyənmirlər. Anaları başımı dəlir ki, tay-tuşlarından əskikdirlər? Xalxınkilər çəkmə geysin, mənimkilər çarıq?! Mən də deyirəm, ay gorbagorun qızı, mənim çəkmə fabrikim var?! Qanıb başa düşürsən ki, dükanda çəkməni od qiymətinə satırlar! Çox adam çarıq da tapmır. Qonşuların uşağını görürəm də, ayaqyalın gəzməkdən dabanları cadar olub. İndi mənim sürüm var deyən, oğlanlarım çəkmə geyməlidir?! Durduğum yerdə məni dilə-dişə salmaq istəyirsən? Arvad olanda nə olar?! Oraları da fikirləş. Kənardan baxanlar deməsinlər ki, Mikayılı mal-dövlət qudurdub, oğlanları çarığı bəyənmir, gündə bir çəkmə geyirlər. Bir də ki, ay oğul, biz kənd adamıyıq. Hər gün dağda-daşdayıq, dərə-təpəyə çəkmə dözər?! O cəhətdən saa halal olsun. Elə olur ki, ayda bir dəfə məndən gön istəmirsən. Həmişə yamaqlı çarıq geyirsən. Dağılan yerini də özün yamayıb düzəldirsən. Düzünü də sən eləyirsən. Gərək adam yorğanına görə ayağını uzatsın. Dədə-babadan çarıq geyinirik. Yəni çarıq geyənlər səndən-məndən əskik adamlardır? Beş-on qoyunumuz var deyə, mənimkilər yerə-göyə sağmır. Özlərini elə aparırlar ki, guya göydən zənbillə düşüblər.

Mikayıl gündə bir təbə düşürdü. Onun nə güləndə üzünü gör, nə də ki, qanı qaralanda. İndi də qoyun-quzunu gümrah görüb kefi durulmuşdu. Dünənəcən adam yerinə qoyub, kəlmə kəsmək istəmədiyi qardaşı oğlu ilə indi tay-tuş kimi danışırdı. Sabah iki qotur keçinin qıçı qırılsa, Allah bilir, Mikayıl hansı havanı çalacaq?! Gözünü yumub, ağzını açıb Nəcəfə itin sözünü deyəcək. Yenə cin atına minib deyəcək ki, dava vaxtı başqaları doğma balasını qoyub qaçanda, səni gavurun əlindən qurtaran mən olmuşam.

Nəcəf əmisinin xasiyyətinə öyrəşmişdi. Bilirdi ki, onun qardaşı oğluna qarşı canıyananlığı da var, heç nəyin üstündə elədiyini başına qaxıb, yediyini burnundan gətirib, üzünə itin sözünü deməyi də. Ona görə də əmisinin bir kəlməsini iki eləmirdi. Başını aşağı salıb, qabağında qolubağlı qul kimi dayanmaqdan başqa çarəsi yox idi. O ki, qaldı Zəriş məsələsinə, əmisinin məsləhətləri ağlına batmırdı. O barədə əmisi uşaqları Nəcəfə ucundan-qulağından danışmışdılar. Zərişin hansı yuvanın quşu olduğundan xəbərdar idi. Zəriş əmisinin dediyi kimi, əməlisaleh qız olsaydı, əvvəlcə közü öz qabağına çəkərdi. Oğlanları dura-dura yağlı əlini mənim başıma çəkməzdi. Sən demə, ötən il də belə bir söhbət olub. Mikayıl Qönçə ilə diz-dizə oturub belə məsləhətə gəliblər ki, Zərişi oğlanlarının birinə alsınlar. Sonra qız barədə qulaqları nə çalıbsa, bu söhbəti biryolluq yığışdırıblar. Sözün yanlışı olar, yalanı yox. Zərişi əvvəlcə qapıbir qonşusu olan Bayram adlı oğlan istəyirmiş. Ancaq yalan-gerçək, kəndin poçtalyonu ilə adı çıxdığına görə Bayramın Zərişdən qəlbi sınıb. O gündən Bayram ata-anasına deyib ki, iti görüm, qurdu görüm, Zərişi yox. Niyəsini də açıb-ağartmayıb. El ağzı, sel ağzı, Zərişin adı pisə çıxdığına görə kənddəki cahıl-cuhulun biri də ona yaxın durmurdu. Ona görə Qönçə qurub-qoşub Mikayılın başını doldurub ki, guya deyilənlərin hamısı düşmən sözüdür. Zəriş aydan arı, sudan duru bir qızdır. Nəcəf də bizim sözümüzdən çıxmaz. Evlənəndən sonra ərli-arvadlı əlimizin altında işlədərik. Zəriş oralarda nə qələt eləyib-eləyib, burada gözümüzün qabağındadı, ayağını ayağının üstünə qoya bilməz. Bir də ki, Nəcəfin evi yox, eşiyi yox, lütün biridir. Ona qız verən kimdir? Əslində Zəriş Nəcəfin xörəyi deyil. İntəhası, qız evdə qalıb qarımaqdansa, yaxşı-pis, birinə getsə yaxşıdı. Bir də ki, Zəriş kimi boylu-buxunlu, gözəl-göyçək qız – hə- deyib, boyun olsa Nəcəf papağını göyə atsın.

Mikayıl da qayıdıb ki, əvvəla Zəriş namuslu qızdır. Onun barəsində deyilənlərə inanmıram. Bilsəm ki, doğrudan da Zəriş ayağını əyri qoyur, mən özüm onun ətini kəsərəm. Bir də ki, at mənim altımda büdrəməsin, Nəcəf onun ipini yığandan sonra Zərişin həddi nədir cızığından çıxsın.

Nəcəf bu söz-cöhbərləri eşitdikcə daxilən sarsılırdı. Ancaq hələlik bu haqda heç kəsə heç nə demirdi. Fikirləşirdi ki, bəri başdan darımı kola tökməyim. Köç vaxtı yaxınlaşır. Qoyunları yaylağa apararam, sağ-salamat arana qayıdandan sonra nə bilmək olar. Əmim bəlkə Zəriş barədə fikrini dəyişdi. Heç Zəriş də oturub gözləməz. Ya özü kimisinin birinə qoşulub gedər, ya da tanımayanın birinə verərlər. Mənim də yaxam bu əskik işdən qurtarar. Bir də ki, hələ qabaqda əsgərlik məsələsi var. Qismət ilahiynəndir. Bərkə düşsə oralarda ilişib qalaram. Hara getsəm çobanam. Dünya xali deyil. Bir insaflı adam tapıb onun qoyun-quzusuna baxaram. Günüm xoş keçsə, oralarda ömrümü başa vuraram. Düzdür, vətən şirin şeydir. Ancaq neynəmək? Mənimki də belə gətirib. Əmimin danlaqlı çörəyini yeyib, üstəlik də pis ad çıxaran bir qızla evlənib binamusluğu boynuma götürməkdənsə, yad ölkədə ölüb qalmaq yaxşıdır. Məni ata-ana üzünə həsrət qoyan ermənilərin balası ocağa düşsün. Bu gen dünyanı mənə dar eləyib. Bir canıyananım, qeydimə qalanım yoxdur. Ermənilər ata-anamı əlimdən alıb. Qönçə xala da əmimi qızışdırıb haqq-nahaq namus-qeyrətimi ayaq altına salmaq istəyir.

Nəcəf əmisinin sözlərini qəlbində saf-çürük eləyib, gecə-gündüz xiffət çəkirdi. Lakin yüz fikir bir borcu ödəmir. Artıq yaz yarıdan keçmişdi, el-oba dağa hazırlaşırdı. Gilas qızarmamış köç yola düşməli idi. Mikayıl bağ-bostan dərdindən həmişəki kimi aranda qalmalı oldu. Bağ-bostan o tərəfə qalsın, ev-eşiyi da sahibsiz qoymaq olmazdı. Tərs kimi son günlər havalar bürkülü keçirdi. İstidən nəfəs almaq olmurdu. Axırda Mikayıl dilə gəlib dedi ki, günü günə satıb yubanmaq olmaz, təcili dağa çıxmaq lazımdır.

 

lll

 

...Axşam fərməşlər qabqarıldı. Alaçıq çubuqlarını, keçəni, paltar-palazı, qab-qacağı yükləmək üçün iki öküz, bir qatır, iki ulaq ayrıldı. Qönçə xala axta ata yüklənmiş qoşa fərməşin arasında oturdu... Oğlanlarından biri atın yedəyini çəkir, o biriləri də əllərində çubuq yüklü ulaqları sürürdülər. Nəcəf qoyun-quzunu təkbaşına aparırdı. Qəzili yernən sürünən ala erkəc sürünün qabağını çəkirdi. Nəcəf arxada, itlər də ləhliyə-ləhliyə yan-yörədə gedirdi.

Həsənli dərəsindən düzə çıxanda hava işıqlandı. Artıq it qurddan seçilirdi. Ətraf aydın görünürdü. Köç yolunda mal-heyvanın əlindən tərpənmək olmurdu. Qucağı uşaqlı bir qadın altındakı kəhər atı sağa-sola səyirdir, qarışığa düşüb, itən balalı inəyini soraqlayırdı. İrəlidəki aşırımda, kövşən qoruqçuları ilə tərəkəmə çobanları arasında dava-dalaş qalxmışdı. Qarovulçular qollarına bəlgə dolamışdı. Tərəkəmə çobanları çomaqlarını başlarının üstünə qaldırıb mənəm-mənəm deyirdilər. Onlar bir-birinə hərbə-zorba gəlsə də, hökumətin qorxusundan cəsarət eləyib dəyənəklərini işə salmırdılar. Bilirdilər ki, dalda-qabaqda köçə nəzarət eləyən milis işçiləri var. Kim həddini aşsa, çiyni paqonlulardan yaxa qurtara bilməz.

Səmənd atın belində gedən nurani bir kişi köçdən ayrılıb onlara yaxınlaşanda elə bil qurbağanın gölünə daş atdılar. Kövşən qarovulçuları ilə çobanların ağsaqqal atlını görən kimi qolları yanlarına düşdü. Yaşlı kişi onlara nə cür təpindisə, hər iki tərəf geri çəkildi. Söz-söhbət bununla da bitdi. Nə ortada qan töküldü, nə də ki, paqonluların bu işə qarışmasına ehtiyac qaldı. Qönçə xala abırlı, ağayana kişini tanıdı. Onu bir-iki dəfə xeyirdə-şərdə uzaqdan-uzağa görmüşdü. Qönçə xala üzünü oğlanlarına tutub:

– Cəddinə qurban olum! Seyiddi, – dedi, – nəfəsi ağırdı. O gedən yerdə qan bağlanır. Bütün bu el-obada ağanı tanımayan yoxdur. Hamı da yolunu saxlayır.

Taxıl zəmilərinin, hələ kərənti dəyməmiş biçənəklərin arasınca uzanıb gedən köç yolunda it sahibini tanımırdı. Çoban-çoluq çalışırdı ki, mal-heyvan qarışığa düşməsin. Hərə öz köçünün dal-qabağını kəsmişdi ki, qoyun-quzu başqalarının naxırına qoşulub getməsin və yoldan çıxıb, sünbülü təzə dən tutan göy zəmilərə, biçənəklərə ziyan vurmasın. Ac itlər də bir tərəfdən boğuşub çobanların başını qatırdı. Nəcəfin qurdbasan köpəyi bütün itlərə dov gəlirdi. İtlərın boğuşması, bir-birini əldən salması bəzən sahibləri arasında söz-söhbətə səbəb olurdu.

... Yaşıl düzlər arxada qalmışdı. Gün batar-batmaz köç qum, çınqıl döşənmiş maşın yoluna çıxdı. Arxadan və qarşıdan gələn yük və minik maşınları köç adamlarının işini çətinləşdirirdi. Çobanlar əllərindəki çubuqla mal-heyvanı döyəcləyə-döyəcləyə aralayıb avtomaşınlara bir təhər yol verirdilər. Mənzil başına tələsən sürücülər deyinə-deyinə maşının sürətini azaldıb, köç sahiblərinin ünvanına latayır sözlər işlədirdilər. Çobanlar da, saymazııq edib, maşını ilə heyvanı zədələyən sürücüləri söyüb-yamanlayırdılar.

Köç adamları çətinliklə maşın yolunu keçib axırı ki, genişliyə çıxdılar. Nəcəf əmisi uşaqları ilə məsləhətləşib, öz köçlərini irəlidəki dərədən axan suyun kənarındakı sakitliyə döndərdi. Onlar bu axşam burada dincəlib, yeyib-içib, gecələyib sübh tezdən yollarına davam etməli idilər. Qönçə xala yaxınlıqdakı bulağın başında palaz açıb, yüngülvari süfrə düzəltdi. Dağarcıqdan beş-altı büküm yuxa çörək çıxardıb ortalığa qoydu. Qatıq yığdığı tuluqdan mis badyaçaya, üzündə dənəvər yağ olan ayran tökdü. Qaymaqlı qatıq, yol boyu qatırın belindəki tuluqda çalxalanıb ayran olmuşdu. Qönçə xala motaldan dələmə pendir çıxartdı. Köçə başları qarışdığından yeməyə macal tapmayan ac yolçular iştahlarını öldürüb ayağa qalxdılar. Hərəsi bir tərəfdə altına paltar-palaz çəkib yorğun-arğın yuxuya getdi. Dan ulduzu parlayanda ulaqlar təzədən yükləndi. Nəcəf sürünü köç yoluna çıxartdı. Yüklü at, qatır, öküz də onun arxasınca. Onların getdiyi dağ yolu cərgə idə tikilmiş üstü qırmızı taxtapuşlu binaları, enli küçələri heyrət doğuran Görus şəhərinin kənarından keçir. Tağyurd, Qanlıca, Üçtəpə dağları sonradan-sonraya Ermənistan ərazisi sayılsa da, Araz qırağından bəri bütün Azərbaycan rayonlarının yurd yeri dədə-babadan bu yaylaqlarda yerləşir. İstər azərbaycanlı olsun, istər erməni, dağ adamları alaçıqlarını eyni yaylaqda qururdular. Mal-qara da eyni örüşdə otlayırdı. Bu ulu dağlar dini, dili müxtəlif olan insanları bir-birindən ayrı tutmur, arada ayrı-seçkilik qoymur, ögeylik-doğmalıq eləmir. Saf ab-havasını, buz bulaqlarını, sərin mehini, bəyaz qarını heç kimdən əsirgəmir. Görünür, ona görədir ki, dağ ucalıq rəmzidir. Hamı onun saf, sərin, ətirli qoynuna can atır. Burada ömür-gün sürən məxluqat da o dağlar kimi bir-biri ilə mehriban davranır. Qış qapını kəsəndə də Ermənistanın heyvandarları arana üz tutur, Azərbaycan torpaqlarında qışlayırdılar. Yüz illərdi bu sadə insanlar bir-birinə əl tuturdu. Di gəl ki, lənətə gəlmiş erməni xainləri suyu bulandırıb, aranı qarışdırır, ortalığa düşmənçilik toxumu səpməkdən usanmırdılar.

Nəcəfgilin köçü hay-küylü Gorus şəhərini arxada qoyub Üçtəpəni aşdı. Günün axırında dədə-baba yurdları olan Qanlıca yaylağına çatdılar. Hələ qarı getməmiş təpələrin arasında bir-birindən aralı alaçıqlar görünürdü. Nəcəf sürünün qabağını bir qədər aşağıdakı hər il düşdükləri köhnə yurda döndərdi. Neçə il bundan qabaq daş hasara alınmış ağılları ot basmışdı. Ocaq daşlarının biri də yerindən tərpənməmişdi. Qonşuluqda Ermənistanın Muğancıq, Goru kəndlərindən olan erməni heyvandarları alaçıq qurmuşdu. Onlar iki həftə qabaq yaylağa çıxmışdılar. Çoxdan ayrı düşən yurd qonşuları bir-biri ilə xoş əhval-ruhiyyə ilə görüşdülər. Nəcəfin çoban yoldaşları onu dövrəyə aldı. Həmişə bir yerdə qoyun otardığı Armenak və Akop Nəcəfi görəndə şad oldular. Burada yurd salan dini ayrı, dili ayrı insanlar da, onların yırtıcı köpəkləri də sanki demək istəyirdilər ki, aramıza ədavət salan daşnak xislətli andraniklərin, nijdehlərin, Hamazasların, droların nəsli kəsilsin. Bizi dinc yaşamağa qoymurlar. Dağların başında qara duman getdikcə sıxlaşırdı, tək-tük yağış atırdı. Nəcəf əmisi uşaqları ilə köməkləşib tez-tələsik alaçıq qurmağa başladılar. Akopla Armenak əllərindəki işi qoyub onlara köməyə gəldilər. Alaçığın içi bir göz qırpımında səliqə-sahmana salındı. Yerə xalı-xalça döşəndi. Baş tərəfdə yük qurub, üstünə naxışlı kilim çəkdilər. Dana-buzov bağlamaq üçün alaçıqların yan-yörəsinə mıx çalındı. İş heyvanlarına axur düzəldildi. Armenakla Akopun anaları Nəcəfgilə sacdan təzə çıxan isti çörək, təzə pendir göndərdilər. Qönçə xala da əvəzində aranın matahından onlara pay verdi.

 

 

(Ardı var)

 

Əli İldırımoğlu

 

525-ci qəzet.- 2010.- 16 aprel.- S.6.