ORALARDA KİMLƏR VAR: RƏSUL
RZA
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL
RZA HAQQINDA
Əmək
kitabçasındakı dəqiq məlumata əsasən
1967-ci ildi.
Mən Komvol kombinatından usta köməkçisi işindən ayrılmışam və işsizəm.
O zamanın ən dəbdə olan ziyalısı və şairi Rəsul Rzanın şeirlərini oxuyub Nazim Hikmətə keçirəm,Nazimdən təzədən qayıdıram Rəsul Rzaya...
Və bunların heç biri ilə şəxsi tanışlığım da yoxdu.
Nazimi Hikmət heç ələ düşməz. O heç.
Amma Rəsul Rza ilə bir şəhərdə yaşayırıq və mən hər gün onların evlərinin qarşısından keçib İncəsənət İnstitutuna gedirəm və oradan geri qayıdıram.
Rəsul Rza indi adını daşıdığı və o zamanın Korqanov küçəsində Kitab pasajının üstündə yaşayırmış.Bunu təxmini bilirdim.Amma daha dəqiqini sonralar bildim.Bir dəfə təsadüfən unudulmaz İsa İsmayılzadə ilə onun evinə getmişdik.Vallah yuxu kimi xatırlayıram o gedişi. Və daha hansı gedişlər olub bilmirəm.Amma elə cəmi-cümlətanı o gediş olub yəqin ki.Dəqiq olmasa da ilğın kimi gözlərimin önündən keçir.Ədəbi camiədə əsl mübarizə var. Əsl ədəbi mübarizə. Mən şəxsən bu mübarizənin içində olmasam da, kənardan bəzi şeyləri görürəm. Təkrar edirəm: o vaxta qədər mənim Rəsul Rza və Anar adında yazar cəmiəsinin insanları ilə heç bir görüşüm olmayıb.Rəsul Rza ilə heç üz-üzə də gəlməmişəm. Heç bir məclisində olmamışam. Amma Anarı bu illərdən çox öncə görmüşəm,fəhmən onun Anar olduğunu bilmişəm və bu təsadüfü görüş barədə mən yazmışam.
Ədəbi
camiədə ədəbi mübarizə gedir.Danmayaq Rəsul
Rzaçılar və hecaçılar deyə bir iç
bölgüsü var. Boşuna deyil ki, daha sonralar mən “ Gəlin
tanış olaq,Tofiq Abdinəm” şeirində
aşağıdakıları yazacam :
Şairlik sevdası vardı başımda,
bilmirdim dünyanın Nazimi varmış.
Hardan biləydim ki, bu yol
başında
insan öz-özünə bədbəxt
olarmış –
Bəzən qoymadılar
danışam, dinəm,
Gəlin
Bəzən qaraladım tale
yazanı,
özüm gedirdimsə bəxtin
nə işi.
Sevdim şairlikdə Rəsul
Rzanı,
sən demə
başqaymış dövrün gərdişi –
İnanın, inanın
peşman deyiləm,
Gəlin
Hətta belə olduğu bir
təqdirdə, yenə də mənim Rəsul Rza ilə
heç bir görüşüm yox, ta ki, əmək
kitabçasındakı tarixin doğumuna qədər :
yəni 1967-ci ilin fevral
ayına qədər.
Mən o zamanın çox dəbdə
olan ədəbi dərnəklərinə gedirəm və həmin
dərnəklərə təzə-təzə hələ
isinişmişəm.Bir neçə nəfərlə
yaxın münasibətim var: onlardan birincisi İsa
İsmayılzadədi ki, mənim sonrakı taleyimdə onun
rolu danılmazdır.
Yeri gəlmişkən, indi
bizim yabançılaşmış “dostlarımız” var,
sorğularında həmişə yekə-yekə
yazıçıların adını çəkirlər ki,
biz onlardan öyrənmişik.Amma illər öncəsi üz-üzə
olanda deyirdilər ki, bəs sizdən öyrənmişik.İndi
unudulub o günlər.
Unutduqları kimi də
unudulacaqlar.
Dərnəklərə
gedib-gəlirəm və həmin dərnəkdəki məşğələlərin
birində İsa mənə yaxınlışar....
Uzun bir hekayət bu... Bunu mən
bir çox yazımda anlatmışam.
Bu arayışlar ona görədi
ki,heç nə göydən düşmə
olmasın.İndi çox insan cənublu olur, çox insan Ərdəbilli...
Bu arayışlar ona görədi
ki, mən Rəsul Rzayla necə üz-üzə dayandım,
qarşı-qarşıya durdum.
Dediyim kimi həmən o
komvol kombinatından ayrıldığım günlərdə
mən Rəsul Rzanın şeirlərini oxuyur və
İnstitutda təhsilimə davam edirəm. Heç bir art niyyət
güdmədən Rəsul Rzanın şeirlərini oxuyub bir
məqalə yazıram.Təxminən özüm
üçün.Çap kimi bir şey ağlıma gəlmir
hələ.Bir gün onu İsaya verirəm. İsa bəyənir.Bunu
Rəsul Rzaya deyir və Rəsul müəllim məqaləni
istəyir.
Demək İsa yazını
aparıb verir Rəsul Rzaya. Rəsul müəllim çox gənc
bir adamın yazısını oxuyur, güman ki, nisbətən
bəyənir və yenə güman ki, bəyənməyə
bilməzdi,çünki o zaman Rəsul Rza haqqında belə
yazılar yazmaq üçün cəsarət tələb eləyirdi.
Çünki qəti bir mübarizə gedirdi irəlidə
dediyim kimi və üstəlik də həmin dövrdə
bütün yazılanların bir art niyyət mütləq
güdülürdü.
Yazı məncə ( məncə
deyirəm, ona görə ki, mən Rəsul Rza haqqında bir
neçə dəfə yazmışam) Rəsul Rzanın
DÖZÜM kitabı haqqında idi və orda bir önəmli
məsələ vardı:
Nədən Rəsul Rza məhz
indi kitabının adını DÖZÜM qoyub?
Bu məsələ ətrafında
gəzişmələr idi.
Tam sərbəst.
Azad və heyranlıqla
yazılan bir yazı.
Belinski havasında yazılan
bir yazı.
...Mən komvol
kombinatından işdən
çıxmışam.İşsizəm və İsa
İsmayılzadə ilə yaxınlığımız davam
edir.Bir gün İsa mənə deyir: gəl səni aparım
Rəsul müəllimin yanına.İnstitutda
oxuyursan.Özü də teatrşünaslıq fakültəsində.Bəlkə
ensiklopediyada kiçik bir iş tapıldı.
Aha...burda qısa bir fasilə.Çünki
hər şey burdan başlanır.
Rəsul Rza ilə
üz-üzə dayanmaq da, bax buradan başlanacaq və ondan
sonra onunla olan bir neçə görüş
üçün də məhz ensiklopediya ilk pillə olaraq
keçəcək.
İsa məni Rəsul
Rzanın baş redaktoru olduğu ensiklopediyaya gətirir.
Sütül bir gənc, lap
sütül bir gənc. Amma öz qabağından yeməyən,
heç kimsəni də aldırmayan bir gəncəm.
Rəsul müəllim bizi qəbul
edir.
İsa İsmayılzadə
mənə heç bir şey deməyib.Daha doğrusu məni
təlimatlandırmayıb.Yəni mən özümü necə
aparmalıyam. Güman ki, o elə bilir ki,mən bütün
etik qaydaları bilirəm. Amma nə etik bazlıqdır,
qardaşım.
Və özü də harda?
Ən orijinal bir şairin qəbulunda.Ən orijianl təfəkkürə
malik bir gözəl ziyalının önündə. Mənə
elə gəlirdi ki,o şeirləri yazan yaradıcının
qarşısında heç bir sıxıntı olmaz.
İçəri giririk.
İsa stulu çəkib oturur.Güman ki, İsa oranın
işçisi olduğu üçün güman ki, belə
eləməliydi,- deyə düşünürəm.
Mən mıxlanıb
ayaqüstə qalmışam.
Görüşürlər.İsa
nəsə mızıldanır.Mən əllərimi arxamda
cütləyib “smirno” vəziyyətində dayanmışam.
Stop! Burada bir tale həll
olunur, yoldaşlar!!!!!! Heç içinizi çəkməyin.Həqiqətən
bir tale həll olunur.Özü də şəhərdə
heç kəsi olmayan bir gəncin taleyi həll olunur.
İsa təzədən
tanışlıq verir.Məqaləmin adını çəkir,Rəsul
müəllim bir şeylər deyir və harda oxuduğumu biləndən
sonra, güman ki o institutda oxumağım da onda bir simpatiya
yaradır.Sonradan biləcəyəm ki,Rəsul müəllimin
ən yaxın qohumlarından biri elə mənimlə birgə
oxuyur.Eyni fakültədə oxuyuruq.Fikrət Ağazadə.Gözəl
bir oğlan.Çox insan bir gənc.Gələcəkdə Azərbaycan
televiziyasının ən bacarıqlı işçilərindən
biri.
Rəsul müəllim : bax,
ay bala,İsa da bilir.Mənim o şöbəmdə bir redaktor
işçim var, o da oranı bitirib.Demaqoqun biridi.Elə
demaqoqdu ki, hətta məndən dostum Cəfər Cəfərova
yazır.Onu mən işdən çıxara bilmərəm.
“Bax ha, sən demə Rəsul
müəllim mənim haqqımda daha böyük fikirdə
imiş. Nədən ki, o adam redaktor işləyirdi,mənəsə
kiçik bir iş lazımdı”.
Və mən çox sakit
baxıram. Hələ də ayaqüstəyəm.
Nədənsə iş
çətinə düşür.Rəsul müəllim əllərim
arxamda şəkşək dayanmağı sanki indi
görür və :
“A bala, əllərini qoymusan
arxana, bir normal dayansana”.
İsa pörtür.
Vay dədəm
vay...Özümü itirirəm.Nə deyəcəyimi də
bilmirəm.
“İş işdən
keçib”- düşünürəm və yenə də Rəsul
Rzanın orijinal şeirlərinə arxalanıb:
“Vallah Rəsul müəllim,
bir neçə gün öncə Yazıçılar
İttifaqında ULDUZ jurnalına işə götürmək
istəyirdilər.Sədrin qəbulundaydıq. Əllərim də
cibimdə.Sədr dedi: a bala, əllərini cibindən
çıxarsana.
Mən o çıxan ordan
çıxdım.İndi bəs mən əllərimi neyləyim?”
Rəsul Rzanın
reaksiyasını tam xatırlamıram.Deyəsən
gülümsündü və İsaya dedi: bunu incəsənət
şöbəsinə yazdırın.
lll
Və beləliklə
Əmək
kitabçasından çıxarış :
7.16.02.1967.Azərbaysan sovet
Ensiklopediyasında korrektor, kiçik redaktor
8.16.11.1968. Öz xahişi ilə
azad edilir
9.6.11.1968. “Qobustan”
jurnalında redaksiya müdiri
Ensiklopediyada
çalışdığım günlərdə
böyük şairlə üz-üzə məqamlar çox
azdı.Birincisi ona görə ki,işim icabı mənim
onunla görüşüm və ya üz-üzə gəlməyim
qeyri-mümkün idi. Mən Vaqif Səmədoğlunun
başçılıq elədiyi İncəsənət
redaksiyasında idim və Rəsul Rza da ən
aşağısı redaksiya müdirləri ilə
görüşürdü bəzi məsələlərdə.
Amma hərdən bir dəhlizdə
rastlaşa bilərdik və belə uğursuz rastlaşmalardan
biri həqiqətən də oldu.
Mən buna uğursuz
rastlaşma da deyə bilmərəm.Çünki insan
xarakterini açmaq üçün sadəcə onunla
aylarla-illərlə yan-yana olmaq bir o qədər vacib deyil.O
anlamda Rəsul Rzanın məqamında sərt olduğunu dəfələrlə
eşitmişdim. Və düşünmürdüm ki, bunun
şahidi də ola bilərəm.
Bir dəfə və
ensiklopediyada sonuncu dəfə mən Rəsul müəllimin
yenidən qarşısında “peyda oldum”.Sözün əsl mənasında
peyda oldum.
lll
Burada cavanlığın da
bir günahı var. Rəsul müəllim çox nadir
hallarda otağından çıxardı. Və o nadir
halların biri mənim başımda “çatladı”.
Yaxşı mənada çatladı.O məqam olmasaydı
indi heç bu sətirləri də yaza bilməzdim və
düşünürəm ki, nə yaxşı ki, olub.
Ensiklopediyanın dəhlizində
bir qızla şirin-şirin söhbət edirəm.Qızın
arxası divara, mən isə arxası gedib-gələnlərə
bir məqamdı.Nə barədəsə
danışırıq. Güman ki, içində sevgi motivləri,ünsiyyəti
də var.Manken kimi nərmənazik bir qızdı.Bir şeylər
anladıram və bu vaxtı Rəsul müəllim
otağından çıxır. Baxıram ki,bizə tərəf
gəlir.Hansısa redaksiyaya gedəcək.Həqiqətən
yavaş-yavaş,bizə gözaltı baxa-baxa
yanımızdan keçir gedir.Mən söhbət etməkdə
davam edirəm. Və indi başa düşürəm ki, insan
nə qədər azad və sərbəst olmalıdı ki, o
boyda şairin qarşısında bu dərəcədə
yanlışlığa yol versin.Heç ağıla
alınası deyil.
Mən söhbətimə davam
edirəm. Rəsul müəllim gedib hansısa redaksiyaya dəyir
və qayıdır ki, bəs mən həyasızcasına
yenə də qızla söhbətimi davam etdirirəm.
Və birdən Rəsul
müəllim bizim tuşumuza çatanda ayaq saxlayır.Bunu
görürəm.Düzü içimdən bir
sızıltı keçir, amma özümü o yerə
qoymuram.
Rəsul müəllim bizə
yaxınlaşır və qız həmən
uzaqlaşır.Rəsul müəllim mənə:
–A bala,sən burda işləyirsən.
Bu işə
başladığım gündən çox soralar
olur.Yadından çıxmış oluram.
–Bəli,-deyirəm.
Rəsul müəllim:
–A bala, sən nə həyasız
uşaqsan.Görmürsənmi mən gəlirəm.
İş işdən
keçib. Geri çəkilməyə yer yox və bir də
yenə Rəsul müəllimin cəsarətli şeirləri
və azad yaradıcılığı gəlib
düşür yadıma.Güman eləyirəm ki, Rəsul
müəllim mənim bu elədiklərimə çox adi bir
şey kimi baxar.
Olmur.Və mən geri çəkilmədən.
–Rəsul müəllim, siz məni
artıq gördünüz.Qaçsaydım bu bir az
qorxaqlıq olardı.
–Hansı redaksiyada işləyirsən?
–Vaqif Səmədoğlunun
redaksiyasında.
Çevrilir.Ləngərli
yerişi ilə İncəsənət redaksiyasının
qapısına doğru gedir.Qapını açır.
–Vaqif gəlməyib?- soruşur.
İçəridən kimsə.
–Xeyr,-deyir.
–Elə şöbə
müdirinin belə də işçisi olar- deyir.Gələndə
məni görsün.
Çəkilib sakitcə
gedir.
Mən içəri
keçirəm...
Görüşdülərmi,görüşmədilərmi
bilmirəm.
Bir müddət sonra mən
bu tarixlərdə
8.16.11.1968. Öz xahişi ilə
azad edilir
9.19.11.1968. “Qobustan”
jurnalında redaksiya müdiri
İş yerimi dəyişirəm.
Və daha bir
görüş var ki, mən “Qobustan” toplusunun 40 illiyi ilə
bağlı yazımda anlatmışam.Ancaq Rəsul müəllimlə
olan duyğularımın bir yerə toplanması
baxımından onu da eynən bu yazı silsiləsinə daxil
etməyi düşündüm.
( DAVAM EDƏCƏK)
Tofiq Abdin
525-ci qəzet.- 2010.- 17 aprel.- S.27.