İşıqlı ideallar carçısı...

 

(Müdrik el ağsaqqalı Hacı Həbib haqqında düşüncələr)

 

Müdrik babalarımız “Dünya bir pəncərədir, hər keçən baxar gedər” demişlər. Dərin fəlsəfi mahiyyət daşıyan bu obrazlı deyimdə insan ömrünün müvəqqəti, dünyanın isə əbədiliyi barədə ilahi hökmü ehtiva edən həyat həqiqəti ifadə olunmuşdur. “Gəlimli-gedimli” dünyada “olum” və “ölüm” qütbləri arasında yaşanan həyatın mənası haqda ulularımızın düşüncələrini təcəssüm etdirən bu hikmətli fikir, bir qədər dərinliyə varsaq, həm də bəxş olunan ömrü dəyərləndirməyə, şərdən uzaq olmağa, xeyirli işlər görməyə əbədi çağırış kimi səslənir.

İnsanı Yer üzünün əşrəfi adlandırırlar. Fəqət bu şərəfə yaranmışların alisi hesab olunanların hamısımı layiqdir?! Bu ali məqamı hamı doğrulda bilirmi?!

Yaşamaq üçün doğulan insanların hər biri işıqlı dünyaya öz taleyi ilə gəlir. Kiminin qismətinə rahat, kimlərəsə narahat ömür nəsib olur. İnsanlar var ki, onlara ilahinin qüdrəti ilə dahilik zirvəsinə ucalıb dünyanın mənəvi, siyasi mənzərəsini dəyişmək, bütün qitələrdə tanınmaq, bəşər tarixində əbədiləşmək şöhrəti bəxş olunur. Allahın Yer üzündə elçiləri sayılan müqəddəs peyğəmbərlər kimi, hikmət sahibi olan imamlar, böyük alimlər, qüdrətli dövlət xadimləri, yenilməz sərkərdələr kimi....

Onlar nadir şəxsiyyətlərdir, insanların ən seçilmişləridir. Belə ali şəxslərin insanlıq və tarix qarşısında məsuliyyəti də böyük olur. Nahaq yerə deyilmir ki, dahilik dövrün, zamanın yükünü çiyinlərində daşımaqdır.

Bəşəriyyətə, insanlığa nümunə yaranmış şəxslər yalnız dahilər deyildir. Allahın hökmlərini, Peyğəmbər kəlamlarını insanlara çatdıranlar, onları düz yola, haqqa, ədalətə, fəzilətli, mərhəmətli və şəfqətli olmağa istiqamətləndirən, eldə, obada böyük nüfuz mərtəbəsinə yetişən, and yerinə çevrilən iman sahibləri də vardır ki, onların hər birinin varlığında mənəvi böyüklük, mütləq əxlaqi-mənəvi liderlik açıq-aydın hiss olunur. İlahinin belə şərəfli məqama çatdırdığı insanlar haqq, ədalət rəmzi, ümid yeri kimi qəbul olunurlar. Bu məqamda öz müqəddəsliyi ilə insan adını, uyuduğu torpağı şərəfləndirən, ocağı milyonların ziyarətgahına çevrilən Mir Mövsüm Ağanı necə xatırlamayasan?!

Həyatının mənasını xeyirxah işlərdə görən, ömrünü insanların Allah yoluna dəvət olunmasına sərf edən, ürəyində insanlara qarşı daim məhəbbət və şəfqət şamı yanan, hər sözü, kəlməsi ilə haqqı, ədaləti, düzgünlüyü təbliğ edənlər ilahinin xoşbəxt bəndələridir. Onların xoşbəxtliyi, ilk növbədə, sözləri ilə əməllərinin birliyində əks olunur. Dünya malında gözü olmayan, qarşılaşdıqları çətinlik və problemlərə belə şükranlıqla yanaşan həmin insanlar cəmiyyətdə məhz “söz-əməl” bütövlüyü sayəsində məşhurlaşmış, hörmət və ehtiram sahibi olmuşlar. Bu, müqəddəs Qurani-Kərimdən qaynaqlanan “Allah sizin xarici görünüşünüzə və sərvətinizə baxmaz. O ancaq sizin qəlbinizə və əməllərinizə baxar” ilahi müddəaya sadiqliyin parlaq təcəssümüdür. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin müdrik sözləri ilə desək:

 

Ürək dillə birləşəndə

Xarabalıq cənnət olur.

Söz əməllə birləşəndə

Tayfa dönüb millət olur.

 

...Bu fikirləri yazarkən gözlərim önündə mənalı və şərəfli həyat yolu keçmiş, yüksək mənəviyyat sahibi, ömrü boyu haqqın, düzgünlüyün, mənəvi idealların carçısı olmuş el ağsaqqalı Hacı Həbib Tağıyevin işıqlı siması canlanmaqdadır. Minlərlə həmvətəninin yaddaşında, müdriklərdən birinin təbirincə desək, “olduğu kimi görünən, göründüyü kimi olan”, sözü ilə əməli həmişə vəhdət təşkil edən, böyük yaradana inam və etiqadı dillər əzbəri olan kamil şəxsiyyət kimi əbədiləşmiş Hacı Həbib füsunkar və ecazkar təbiəti, yaşı əsrlərlə hesablanan tarixi abidələri, özünəməxsus xarakterə malik qürurlu insanları, tanınmış alim və dindar üləmaları, nadir peşələrin ustad sənətkarları ilə məşhur olan Basqal kəndində (İsmayıllı rayonu) dünyaya göz açmışdı. Ailəsində və ətrafında hökm sürən ruhani və sağlam mənəvi-psixoloji mühit onun təfəkküründə dərin iz buraxmışdı. Həmyaşıdlarının xatırlamalarına görə, Hacı Həbib hələ gənclik illərindən iti zəkası, sərrast və sərbəst düşüncələri, ədalətliliyi, humanist xarakteri və möhkəm etiqadı ilə fərqlənir, el-obada sayılıb seçilən nüfuzlu şəxs kimi qəbul olunurdu.

...Cəmiyyətdə, əhatə olunduğu insanlar arasında seçilmək səadəti hər kəsə nəsib olmur, bu xoşbəxtlik ilahinin bəxşişidir. Yaxşılıqları reklam xatirinə edənlərin, hörmət qazanmaq naminə hörmət göstərənlərin, oruc-namaza mömin görünmək üçün qurşananların cəhdləri həmişə uğursuzluqla nəticələnmiş, belə adamlar xalqın “məhək daşı”ndan heç vaxt keçə bilməmişlər. Nahaq yerə demirlər ki, xalqın gözü tərəzidir.

...Onu tanıyanların, mənəvi aləminə dərindən bələd olanların yekdil fikrinin ifadəsidir ki, Hacı Həbib camaat arasında nüfuzunu şəxsi mənafe güdməməsi, əksinə, insanların mənafeyini öz mənafeyindən daim üstün tutması və haqqı müdafiə etməsi, ədalətsiz hərəkətlərə qarşı barışmaz mövqedə durması, ulu Yaradanın buyurduqlarına sonsuz sədaqəti sayəsində qazanmışdır. Danışırlar ki, Allah-təalanın məhəbbəti onun qəlbinə elə hakim kəsilmişdi ki, hələ cavan yaşlarından çalışdığı hökumət işindən əl çəkərək həyatını mənəvi-əxlaqi idealların təbliğinə sərf etdi. Bu gün belə bir məlum həqiqət insanlara möcüzə kimi görünər ki, kommunist ideologiyasının tüğyan etdiyi, ateizmin az qala ali ideya səviyyəsində təbliğ olunduğu bir vaxtda Həbib Tağıyev Həcc ziyarətinə getməyə icazə verilmədiyi üçün nümayişkaranə şəkildə partiya biletindən imtina etdi.

Mən Hacı Həbib kişi haqqında əvvəl çox eşitsəm də, ilk dəfə onu ötən əsrin 70-ci illərinin sonunda görmüşəm. Şax qamətli, nurlu simalı, nüfuzedici baxışlı, mülayim təbiətli, adı bütün mahalda, el-obada böyük hörmət və ehtiramla çəkilən bu mötəbər şəxs elə ilk andaca məndə güclü təəssürat oyatdı. Sonrakı illərdə ta ömrünün sonunadək mənə dəfələrlə onun hüzurunda olmaq şərəfi nəsib olmuşdu. Adamlar onunla görüşməyə daim mənəvi ehtiyac hiss edirdilər. Şəxsən mən hər dəfə Hacı Həbib əminin ziyarətində olanda daxili bir həyəcan duyurdum. Onunla həmsöhbət olmaq adi məişət hadisəsi deyildi, hər şeydən əvvəl saf, duyğulu mənəvi aləmlə əhatə olunmaq demək idi. Şəxsiyyətinin yaratdığı aura o qədər ülvi idi ki, onun yanında insan öz problemlərindən, çətinliklərdən uzaqlaşaraq özünü qeyri-adi məkanda hiss edir, potensial imkanlarına, güc və qüdrətinə, həyata, insanlara inamı daha da artırdı.

Hacı Həbib kişinin ünvanı həm də onu tanıyan insanların məsləhət yeri idi. Çətinliyə düşən, problemi olan, mübahisəli məsələsi meydana çıxan adamlar böyük əminliklə Hacı Həbibə üz tutardılar. Həmişə ölçülü-biçici, məntiqli və tutarlı deyimləri, müddəaları ilə sonsuz etibar qazanmış Hacı Həbib xeyirli məsləhətlərini heç vaxt ona inam bəsləyənlərdən əsirgəməz, hər bir məsələni, xalq dili ilə desək, “Allah rizasına” həll edərdi. Məhz camaat arasında hədsiz nüfuzunun nəticəsi idi ki, o, bir kəlməsi, bir söhbəti ilə yolundan çıxmış, mənəviyyata zidd işlərə qurşanmış neçə-neçə gənci haqq yoluna qaytarmış, onların həyatda düzgün mövqe tutmalarına, cəmiyyət üçün faydalı insanlar kimi formalaşmasına səbəb olmuşdu.

... Hacı Həbib kişi təkcə öz el-obasında məşhur deyildi. Onun ziyarətinə ətraf rayonlardan, Bakı kəndlərindən çox adam gəlirdi. Heç kim deyə bilməz ki, Hacı Həbibin yaşadığı ev – istər Basqal kəndində olsun, istərsə də Bakıda, bir gün belə qonaq-qarasız olmuşdur. Hamısını da mehribanlıqla qarşılayar, hər birinə eyni diqqət və hörmət göstərərdi. Gələnlərin heç biri süfrəsində çörək kəsməmiş, təam dadmamış onun evini tərk edə bilməzdi. Qonaqlarına da özünün qulluq etməsindən böyük zövq alardı.

Qibtəolunası etiqad sahibiydi Hacı Həbib kişi. Belə güclü etiqad bəlkə də nadir şəxslərdə ola bilər. Müqəddəs Peyğəmbərimizin insanlara ərmağan etdiyi haqq yolunun sadiq yolçusu, İmam Əli, İmam Hüseyn aşiqi idi Hacı Həbib kişi! Məkkəni, Kərbəlanı, Məşhədi ziyarət etmişdi, lakin məscidə tək-tək hallarda gedirdi. Bir dəfə söhbət əsnasında bunun səbəbini soruşduqda onun nurani çöhrəsi daha da işıqlandı və vacib bir sirr açacağından sanki ehtiyatlanaraq astadan dilləndi ki, “bilirsən, mənimlə bizi Yaradan arasında elə bir saf mənəvi əlaqə yaranıb ki, harda oluramsa olum, bu qırılmaz bağlılığın hökmündəyəm və elə bilirəm sualına cavab verdim”. Daxili inamdan qaynaqlanan bu sözləri eşitdikdən sonra başqa nəsə deməyə ehtiyac duymadım. Fikirləşdim ki, ömrünü ədalətli, xeyirxah işlərə həsr edən, insanların nəzərində ləyaqət və fəzilət nümunəsi kimi ucalan bu mötəbər insanda yalnız seçilmişlərə nəsib olan bəzi əlahiddə keyfiyyətlərin mövcudluğu, həqiqətən, həmin mənəvi əlaqənin, mənəvi bağlılığın real təzahürüdür. Bəlkə də faktlarla sadalamağa lüzum yoxdur, lakin zəruri məqamlarla bağlı Hacı Həbib kişinin təxmin etdiyi proqnozların həyatda öz təsdiqini tapması heyrətlə qarşılanmaqla bərabər, onu insanların gözündə daha da ucaldırdı.

...Böyüklüyü qədər də sadə idi Hacı Həbib kişi. Xalq dili ilə desək “uşaqla uşaq, böyüklə böyük idi.” Bu sadəlik onun insanlarla ünsiyyətində, davranışında, məişət tərzində çox parlaq şəkildə büruzə verilirdi. Neçə dəfə bilavasitə onun haqqında çəkilişlər aparmaq, yazılar yazmaq istəmişdilər. Lakin Hacı Həbib bunların heç birinə razılıq verməmişdi. Ömrü boyu etdiyi saysız-hesabsız xeyirxah işləri, yaxşılıqları hələ heç kim bir dəfə də olsun onun öz dilindən eşitmədi.

Hacı Həbib ömrünün 80-ci ilində dünyasını dəyişdi, Haqq dərgahına qovuşdu. Bütün əməli-saleh adamlara xas olaraq heç kimə əziyyət vermədən quş kimi köçdü bu dünyadan....Vəfatı onu tanıyan hər bir kəsi dərindən sarsıtmışdı. O gün Basqal kəndində böyük qələbəlik hökm sürürdü, yaxından-uzaqdan yüzlərlə insan gəlmişdi. Hamı bu mötəbər şəxsiyyətin son mənzilə-haqq dünyasına yola salınmasında iştirak etməyi, ona Allah-təaladan sidq ürəklə rəhmət diləməyi özünün mənəvi borcu sayırdı.

....O günü yaxşı xatırlayıram... Qədim Basqal məzarlığına gedən yolda insan selinin ucu-bucağı yox idi. Çox hadisələrin şahidi olmuş bu kənd hələ belə izdihamlı dəfn mərasimi görməmişdi. Adamların maşından imtina edərək çiyinlərdə aparılan cənazənin arxasınca məzarlığa qədər piyada getmələri isə, həqiqətən, riqqət doğuran vəziyyət idi və bu olay Hacı Həbib kişinin işıqlı dünyada qazandığı intəhasız nüfuzu bir daha təsdiqləyirdi.

... Artıq neçə ildir ki, Basqal məzarlığında qəbirüstü abidə kimi ucaldılmış bir türbə adamların ziyarət yerinə çevrilmişdir. Bu türbənin hüdudları daxilindəki vətən torpağının bir parçasında Hacı Həbib kişi əbədiyyətə qovuşmuşdur. Məzarlığa yolu düşən hər bir insan ehtiramla türbəyə yaxınlaşıb Hacı Həbib kişinin ruhuna dualar oxuyur, onu hörmət-izzətlə yad edirlər. Çoxları namaz mərasimini pak və ülvi məkan hesab etdikləri türbə daxilində yerinə yetirməklə Ulu Yaradana daha yaxın olmağa çalışırlar.

... Çoxdan qəlbimdə yaşatdığım bu yazı unudulmaz Hacı Həbib əminin şəxsiyyətinə, mənəvi böyüklüyünə dərin hörmət və məhəbbətimin ürəkdən gələn ifadəsidir. Büllur kimi təmiz niyyətli bu mömin insanın pak ruhu, heç şübhəsiz, daim doğma kəndinin üzərində, onu tanıyanların arasındadır. Ruhun şad olsun, Həbib əmi! Sağlığında həmişə haqqın, düzgünlüyün, ədalətin carçısı oldun. Bu gün də başımız üstündə dolaşan ruhun günah işləri, nahaq əməlləri, mənəviyyatsızlığı lənətləməklə xeyirxahlıq adlanan insanlıq yoluna işıq saçmaqdadır.

 

 

Aydın ƏHMƏDOV

 

525-ci qəzet.- 2010.- 17 aprel.- S.26.