“Şeir məndən ötrü
ömürdü, gündü...”
ŞAİR MUSA ƏLƏKBƏRLİNİN
60 YAŞINA
Qırx ildir ki, onu
tanıyıram. Bizim dostluğumuzun tarixi də elə o
gündən başlayır – Musa Ələkbərlini
tanıdığım gündən. İki kurs ondan
yuxarıda oxuyurdum və tez-tez universitetin filologiya fakültəsində,
Bakının müxtəlif kitabxanalarında keçirilən
şeir gecələrində. Musanı o illərdə hamı
cavan şair kimi tanıyırdı. 14 yaşında
(1964-cü ildə) ilk şeirini rayon qəzetində (Gədəbəydə)
dərc etdirən Musa filologiya fakültəsində təhsil
alarkən artıq şairliyinin pöhrə dövründən
çıxmışdı. O, həm universitet qəzetində,
həm də digər qəzet və jurnallarda şeirləriylə
çıxış edir, müxtəlif ədəbi tədbirlərdə
şeir oxuyur və təbii ki...cavan qızlar, cavan oğlanlar
onun sevgi şeirlərini maraqla izləyirdilər.
Yetmişinci illərin əvvəlləriydi.
Nəinki Yerdən, Göydən də şeir havası gəlirdi.
Poeziya gecələrində sinəsini kürsüyə dirəyib
şeir deyənlərin sayı indiki kimi çox deyildi. Amma
şeir gecələri kiminsə tərifinə, boyundan
yuxarı tullanışına deyil, oxucuların, poeziya həvəskarlarının
ruhuna, könlünə, həyat sevgisinə köklənirdi.
Musa Ələkbərli də o şeir gecələrinin
iştirakçılarından biri idi, elə olurdu ki, ona da
bir-iki şeirini oxumağa imkan verirdilər. Və beləcə
illər keçdi, Musa Ələkbərli də poeziyada
öz sözünü deyə bildi və o şeir gecələrinin
qəhrəmanlarından birinə çevrildi. Universiteti bitirəndən
sonra isə uzun müddət “Gənclik” nəşriyyatında
çalışdı. Elə indi də nəşriyyat
işçisidir, “Şur” nəşriyyatının
direktorudur.
Musa bu ay ömrünün
altmışıncı baharına qədəm qoyur.
Doğrusu, mənə heç də təəccüblü gəlmir
, “şairin yaşını onun şeirlərinin yaşı
təyin edir” fikrilə mən də şərikəm.
Şair qocala bilər, lap ölə bilər –bu, Allahın
işidir, amma şairin neçə şeiri yaşayırsa,
yaşı da o qədərdir. Elə bilirəm ki, Musanın
şeirlərinin yaşı öz yaşından çoxdur.
Həm də bu şeirlərin bir çoxunun qocalmaq qorxusu da
yoxdu və bu səbəbdən də Musa elə şeirləri
kimi cavandır.
Musa Ələkbərli ənənədən
dördəlli yapışan, xalq şeirinə, heca şeirinə
möhkəm bağlı olan şairlərimizdəndir.
Heç kimi təqlid etməyən, poeziyada yalnız öz
cığırını tutub gedən Musa yaxşı bilir
ki, ondan qabaqda kimlər var və ustadların arxasınca
qoşmaq üçün o da öz sözünün,
özününkü olan misraların qədr-qiymətini bilməlidir.Şeirlərinin
birində yazıb:
Gecədir, ün
çatmır ulduza, aya,
Mənzilə
çatarmı bu cığır görən?!
Elə bil yad yerdə təkəm,
tənhayam,
Nə işıqgələn
var, nə də ithürən.
Sazaqlı bir külək əsir
canımda,
Gözümdə hər nə
var dərddir,
ələmdir.
Belə pis günümdə,
çətin anımda
Son ümid
işığım kağız-qələmdir.
Bu dərdsiz heç nəyəm
mən elə bil ki,
Ağrı da, acı da həyat
üçündü.
Şeir məndən
ötrü sənət deyil ki,
Şeir məndən
ötrü ömürdü, gündü.
Musanın bu qırx beş
illik şeir yaradıcılığına nəzər yetirəndə
baxıb görürsən ki, bütün şairlərimizi
düşündürən mövzulara o da müraciət
edib.Amma fərq orasındadır ki, Musa öz
sözünü deyə bilib. Öz kökünə-soyadına,
ocağına-suyuna bağlıdır Musa. Özü şəhərdə
yaşasa da, sir-sifətindən, yerişindən,
danışığından, hətta şeirlərindən
doğulduğu kəndin qoxusu gəlir. Mən Ağa Laçınlı
haqqında bir yazımda demişdim ki, Ağa
Laçınlı “şəhərdə yeriyən bir
parça kənddir”, bu sözləri Musa Ələkbərli
haqqında da deyə bilərəm. Bəli, Musa indi də
öz kəndçi təbiiliyindən sıyrılıb
çıxa bilmir. Keçən ilin dekabrında Gədəbəyə
– qocaman şairimiz İlyas Tapdığın 75
yaşını qeyd etməyə getmişdik. Musa da bizimlə
idi. Onda gördüm ki, Musa Ələkbərli bir anın
içində necə cavanlaşdı, lap azca əyilmiş
qaməti çinara döndü, torpaqlaşdı,
ağaclaşdı, bulaqlaşdı, çiçəkləşdi
Musa.
Bu yazıda təbii ki, mən
Musa Ələkbərlinin –artıq şeir kitablarının
sayı onu ötən bir şairin
yaradıcılığı barədə təfərrüatı
ilə söz aça bilmərəm. Ancaq onun daimi
oxucularından biri kimi könlümə, duyğuma yaxın
olan şeirləri barədə qısaca söz deyə bilərəm.
Musanın “Necə yazım, axı bahar şeirini” ...çox
sevirəm. Bu şeirdə bir həsrət var, elə bir həsrət
ki, kəndindən, o kəndin baharından, gülündən,
çiçəyindən ayrı düşən bir
insanın könül harayını duyursan: “Bu yol
ayrıcında bitən tək ağac” şeiri, o ağacla
insan ömrü arasında bir bənzəyiş görürəm.
“Ay işıqlı adam” şeirini oxuyuram, gözəl
insanlar, nurlu ürək sahibləri yada düşür.
“Yazıçı Şahmarın xatirəsinə”..bu
şeirdə isə həyatdan nakam gedən istedadlı qələm
dostumuz Şahmar Hüseynovu xatırlayıram. Və nəhayət,
neçə-neçə şeirdən sonra bu:
Dost, bu Qarabağdı, qara
baxt deyil,
Soruş ürəyindən:
vaxtdı,
vaxt deyil?!
Hər şeyin olsa da,
yaşamaq deyil
Dünyaya qeyrətsiz gəlib
yaşamaq.
Gözümdən,
könlümdən yağan
dolu var,
Yurdun Təbrizəcən
neçə qolu var?!
Torpağı gedənin bircə
yolu var:
Yaşayıb ölmək
yox, ölüb yaşamaq!
İllər gəlib
keçdi... Bu da doxsanıncı illər... Bu da yeni əsrin əvvəli.
İndi Musa dövrlə, zəmanə ilə, bu günlərin
ağrı-acıları, sevincləri-qəmləriylə
bağlı şeirlər yazır, içərisindəki dərdləri,
həyəcanı şeirlərinin ağrısına
çevirir... Narahat, qüssəli, sərt,
çılğın, ağrı-acılı şeirlər
yaranır.
Köhnə qəbir kimi
batır kənd, şəhər,
Hadilər gorsuzdu, məzarı
yoxdu.
Hamı matahını
satır birtəhər,
Təkcə şerin,
sözün bazarı yoxdu
“Dünya sevgidən
doğulub” Musa Ələkbərlinin sonuncu şeir
kitablarından birinin adıdır və kitabın adı da təsadüfi
qoyulmayıb. Musanı həm də sevgi şairi kimi
tanıyırlar. Yenə xatırlayıram yetmişinci-səksəninci
illərin o şeir gecələrini, elə bilirəm Musa yenə
kürsüyə qalxacaq və yenə sevgi şeirləri
oxuyacaq:
Ürəyimdə bir həsrətin
göynəyi,
Gecə-gündüz
göyüm-göyüm
göynəyir.
Biləmmədim heç yer
nədir,
göy nədir,
Həyat bildim mən bu dərdi,
ələmi,
Məhəbbətdən
çox yazıram, eləmi?!
Bu misralarla M.Ələkbərli
elə bil, bir çox oxucuları da düşündürən
bir mətləbə toxunmuş olur- bütün yaradıcılığın
boyu eyni mövzudan uğurlu şeirlər yazmaq olarmı? Bu
sual dahi Məhəmməd Füzuliyə aid olsaydı,
Musanın özü də buna belə cavab verərdi ki, bəli,
yazmaq olar. Özü də hər yeni şeirdə poetik
hünər göstərməklə. Bu mənada Füzuli
özündən sonrakı çox-çox şairi onun kimi
hünər göstərməyə şövq etdi, amma
heç kim o hünər zirvəsinə yüksələ
bilmədi və Füzulidən sonrakı bütün
şairlər üçün Füzuli sevgisi bir poetik meyar
rolunu oynadı. “Tərk eyləməzəm bəlayi-eşqi”
– bu misra sanki Azərbaycan poeziyasında sevgidən – bu ali hissdən
söz açan şairlərin şeirlərinin epiqrafına
çevrildi. O cümlədən Musa Ələkbərlinin də...
Bu kitabda M.Ələkbərlinin,
demək olar ki, bütün sevgi şeirləri toplanıb. Və
bunun özü də bir sevgi dastanını əvvəldən
axıra oxumağa və təbii ki,hamımıza məhrəm
olan duyğuları, hissləri bir də yaşamağa
sövq edir. Çünki Musanın sevgi şeirlərindəki
o hisslər təkcə onun özünə aid deyil,həm də
və bəlkə daha artıq içində əbədi
sevgi olanların hamısına aiddir.
Musanın gənclik illərində
yazdığı şeirlərinin əsas mövzusu bir kəndli
balasının romantik duyğularını əks etdirirdi. Hələ
həyatın keşməkeşləri və
üzüntüləri ilə rastlaşmamış bir gənc
şəhərdə bir qıza vurulur (çoxumuzun
başına gələn bir sevda!) . Çox zaman bu qız
şəhərli olurdu. Bu şəhərli qızı ilə
kəndli balasının sevgi macərası əksər
hallarda uğursuzluqla nəticələnirdi və əlbəttə...kimisə
burada günahkar saymaq doğru olmazdı. Müəyyən məişət
fərqləri, sevənlərin gələcək taleyi ilə
bağlı maneələr bəzən qarşıda bir sədd
kimi ucalırdı və o səddi aşmaq mümkün olmurdu.
Ortada nə qalırdı? Təmiz, pak bir sevgi.
M.Ələkbərlinin lirik
qəhrəmanının sevgi tarixçəsini bu məhdud
zaman daxilində arasaq, birtərəfliliyə yol vermiş
olarıq. Əsl məhəbbət ayrılıqdan
başlayır-Azərbaycan poeziyasının sevgi xəttini təyin
edən bu əbədi “marşrut” Musanın lirik qəhrəmanı
üçün də səciyyəvidir.
Şairlər qovuşmur ilk
sevgisinə,
Yollar haçalanır, yollar
uzanır.
Ay da bu həsrətdən pərişan
gəzir,
Günəş də hirsindən
od tutub yanır.
Özləri
sığışmır vaxta-vədəyə,
Təkcə sevgiləri
vaxtına düşür.
Nədənsə
qızların ən insafsızı,
Elə şairlərin
baxtına düşür..
Elə bilirəm, Musanın
sevgi şeirlərinin bütün məğzini, mahiyyətini
həmin bu üç bənd təşkil edir. Təkcə
Musanınmı? Mən Musadan yaşlı olan, Musa
yaşına gəlib çatan və ondan sonrakı ədəbi
nəslin də sevgi şeirlərində elə bu həsrəti,
bu yanğını görmüşəm: Şairlər
qovuşmur ilk sevgisinə. Amma bu ilk sevgidən gözəl
sevgi şeirləri də yaranır, sanki bir konveyer altından
çıxan bəsit şeirlər də... Paradoksdur, eləmi?
Məsələ burasındadır ki, çox zaman ilk sevgisinə
qovuşmayan şairlər o həsrəti, o yanğını
poeziya diliylə ifadə etməkdə acizlik göstərirlər,
yaxud standart, şablon, yüz dəfələrlə işlədilən
ifadələrə üz tuturlar.
Əlbəttə, Musanın
sevgi şeirlərində ənənədən gələn
motivlər də nəzərə çarpır və burada ənənəyə
itaətdən yox, onu yeni bədii çalarlarla zənginləşdirməkdən
söhbət açmaq olar.Baxırsan, klassik qoşmalardan, gəraylılardan
gələn bəzi ifadələr Musanın şeirlərində
də işlənir, yaxud şair həsrəti,
ayrılıqdan doğan kədəri Füzuli kimi incələmək
istəyir... burada ənənənin təsirini açıqca
görürsən. Amma Musanın sevgi şeirlərində
XX-XXI əsrin poetik təfəkkürü öz əksini
tapır. Klassik aşıq poeziyasında, həmçinin XX əsr
poeziyasında “Olmaz” rədifiylə neçə şeir
adı çəkə bilərik. Birisini də Musa yazıb.
Ötəri duyğular
ötədim, gözəl,
Bu incə hissim də ötəri
olmaz.
Ağappaq bir sevgi
döyür sinəmi,
Sən gəlsən,
könlümün
dərd-səri olmaz.
Demə kölgə kimi səni
izlərəm,
Dinsən, bir kəlməni mən
əzizlərəm.
Bu sirri sinəmdə elə
gizlərəm,
Allahın özünün xəbəri
olmaz.
Musa Ələkbərlinin 60
yaşına həsr elədiyim bu qeydlərimi də onun bir
şeirindən bu misralarla bitirmək istəyirəm. Elə
bilirəm,onun 60 yaşında da qocalmayan cavan ürəyi
bundan sonrakı şair ömrünə də işıq
saçacaq:
Hələ ölməyibsə
qəlbimdə heyrət,
Deməli, yaşayır hələ
bu sevgi.
Vaqif YUSİFLİ
525-ci qəzet.- 2010.- 17 aprel.- S.24.