Tofiq Abdinin “Dövlət
çevrilişi”ndən sonra
Şair, publisist Tofiq Abdin yaddaşımda həmişə İstanbulla birgə assosiasiya olunur. Onun “Ah İstanbul, İstanbul” və “Poeziya” kitablarındakı qürbət şeirlərini oxuduqdan sonra içində böyük TÜRK sevgisi daşıyan bir yazarı belə simvolizə etməyimi yəqin hər kəs təbii qarşılayar. Lakin bu yaxınlarda “Azərbaycan” jurnalının 2-ci sayında T.Abdinin “Dövlət çevrilişi” publisistik povestini oxuyandan sonra fikrimdə hər gün gördüyümdən daha fərqli, tanıdığım qədər də sanki heç tanımadığım inqilabçı Tofiq Məhərrəmoğlu peyda oldu. Və bu yeni “zühur” uzun zaman beynimi məşğul edən müxtəlif düşüncələrə rəvac verdi. Sözügedən povestdən sonra gözlərim önünə indiyədək daha çox “Qobustan”çı, şair, publisist kimi tanıdığım hövsələsiz, çevik və bəzən də qərar tutmadan gündə bir neçə dəfə eyni mərtəbələri ərinmədən çıxıb-düşən narahat bir adamın qaynar, qorxmaz və çılğın gəncliyi gəldi. Və bu təkcə Tofiq Abdinin gəncliyi deyildi. Bu 60-70-ci illərin Azərbaycan gəncliyinin ümumi bir mənzərəsiydi ki, T.Abdin “Dövlət çevrilişi”ndə xarakterlər qalereyası açmağı bacarıb. Əsərdən təsirləndiyim xüsusi məqam hərəsi Azərbaycanın bir bölgəsindən gəlmiş türk gənclərinin sovetlərin qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtı nəzərə almayaraq qarşılarına qoyduqları ali amalı, kirayədə yaşayan gənc tələbələrin hələ o illər tam çəkilməmiş 37-ci illərin qan qoxulu ab-havasından belə qorxmayaraq, “Güney və Quzey Azərbaycanın birləşdirilməsi, müstəqil Azərbaycana sahib olmaq” kimi bu günün özündə belə xülyaya bənzəyən bir ideyanı dəstəkləmələri idi. Gənclik sadəlövhlüyü ilə işə başlayan və sovetlərin tabeçiliyindəki xalqların başı üstündə asdığı amansız Domokl qılıncını – DTK-nı belə, qorxmadan göz önünə alan 60-cı illərin tələbələrinin hansı məqsədlərlə yaşaması əsəri oxuyan hər kəsi heyrətləndirər.
Məhz Tofiq Abdinə məxsus dağınıq, inversiyalı və osmanlı sintaksisinə uyğun publisistik bir dillə qələmə alınan povest ümumilikdə oxunaqlı yazılıb. Zənnimcə, bu oxunaqlılığı təmin edən amillər yaşanılan əhvalatların avtobioqrafik səciyyə daşıması və bu baxımdan baş verənlərin həqiqiliyinə inam, eyni zamanda insanlara təsir edəcək bir nisgillə, səmimiyyətlə yazılması və ümumilikdə əsərin hər bir cümləsində yazıçı iddiasızlığının sezilməsidir.
“Dövlət çevrilişi”nin bir-iki cümləyə sığışdıralacaq qədər qısa annotasiyası var: bir qrup millətçi gənc tələbə şimallı-cənublu Azərbaycanın vahid, müstəqil olması üçün gizli təşkilat yaradırlar. Lakin səmimiyyətlə aralarına buraxdıqları “dostlardan” kimsə bu təşkilat haqqında sovet DTK-sına məlumat verir, adıçəkilən qurum tərəfindən gənclərin “etiraz dalğası” heç nə olmamış kimi yatırılır. Bu qısa annotasiyanı isə yazıçının DTK əməkdaşları tərəfindən dindirilmə səhnələri zamanı keçirdiyi psixoloji yaşantılar, sarsıntılar, hər zaman xüsusi vurğu ilə əsərdə qabartdığı təbii qorxu hissi kədərli aurası ilə əhatə edir.
Əslində çox geniş olmayan “Dövlət çevrilişi” yığcam şəkildə qələmə alınsa da, əsərin alt qatında qəsdən gizlədilən çoxsaylı məqamlar, sənədli haşiyələrdə, qısa kənaraçıxmalarda bir neçə sadə cümlə ilə təqdim olunan fikir miqyasının genişliyi diqqəti çəkir. Povestdə problemi yaradan səbəblər və nəticələr də göstərilib. Çıxılmazlıq kimi görünən bu situasiyalar qarmaqarışıqlığında həmçinin yazıçı oxucusuna üstüörtülü şəkildə olsa da problemin həlli yolunu göstərib: bizim qurtuluşumuz dost düşmənimizi tanıyıb bir olmağı bacarmağımızdadır.
Tofiq Abdin povestdə 60-cı illərin gəncini millətçi edən sadə səbəbləri göstərib: Azərbaycanda hər addımda, ən strateji sahələrdə belə, milliyyətcə türk olmayanlar vəzifə başındadır, meydan sulayırlar. Bu millətin övladları isə hər addımda onların buyruq quluna çevrilməyə, onların dediklərini eləməyə, eləməyəcəkləri halda isə təzyiqlərə, təhqirlərə, səfalətə məhkumdurlar. Azərbaycan adlanan məmləkətdə rus, erməni və digər millətlərin nümayəndələri bir tərəfdən, rusbaşlı, rusdüşüncəli “milli intiligentlər” də bir tərəfdən haqsızlıqlar, ədalətsizliklərlə öncül gənclərin qarşısına sipər çəkirlər – bu millətin türk balalarına ölkənin prestijli fakültələrində oxumasına rus dilini bilməmək kimi süni əngəllər yaradılır, güc-bəla ilə qəbul olduqları ali məktəbləri qurtarandan sonra iş verilmir, bir sözlə, yersizlərin “yerli, qaç” siyasəti bu gəncləri millətini dəyərləndirməyə və beləliklə də zor-xoş “millətçi” damğası qazanmağa vadar edir.
Ən çox sevilən əsərlər nostalji duyğusu, keçmiş nisgili ilə qələmə alınan və oxucuda təəssürat yaratmağa qabil əsərlərdir. “Dövlət çevrilişi” də nisgilli bir aurayla yazılıb. Qəhrəmanın DTK binasında olarkən keçirdiyi qarışıq, təzadlı hisslər oxucunu təsirləndirməyə bilmir. Əbədiyyətin özü qədər uzun təsvir edilən həmin binanın yarımqaranlıq dəhlizində, dindirilmə otağında gənc tələbənin ağlından nələr keçmir: rayonda yaşayan kasıb valideynlərinin gətirilib onunla üzləşdirilməsindən başlamış, hadisələrin təsvir olunduğu dövrdən cəmi bir qərinə əvvəl elə həmin binanın zirzəmilərində, təcridxanalarında Azərbaycanın o vaxtkı ziyalı təbəqəsinin qaymaqlarının başına gətirilən əzab-əziyyətlər, işgəncələr, birtəhər qəbul olunduğu ali məktəbdən qovulma və fiziki olaraq məhv edilmə qorxusuna qədər hər şey... Dindirilmə zamanı cavabı artıq çoxdan sualı verənlər tərəfindən hazır olan sualları dinləyərkən “satqın” adlandırılacağından, eyni zamanda yuxarıda sadalanan gözlənilən nəticələrin hər birindən qorxması hissi son dərəcə səmimi qələmə alınıb. Sorğu-sual zamanı hansısa “dost, həmfikir” tərəfindən satılmasından duyduğu mənəvi AĞRI və yaşadığı QORXUnu T.Abdin oxucuya yaşatmağı yaxşı bilib. Bütün bunlardan başqa maraqlı bir məqam Heydər Əliyev portretinin olduqca maraqlı bir yönümdən təqdimatıdır. Müəllif tam səmimi bir Heydər Əliyev fenomeninin daha bir görünməyən tərəfini açıb. Həmin vaxtlar DTK-nın sədr müavini işləyən H.Əliyevin Azərbaycanın bir qrup çılğın gəncini yarızarafat-yarıciddi bir tonda dediyi “Sizsiniz bu hökuməti yıxmaq istəyənlər? Gedin ağlınızı başınıza yığın, öz işinizlə məşğul olun” cümləsi ilə imperiyanın cəngindən qurtarır və müəllifin “Düşündüyümüz qədər də qorxulu bir adam deyilmiş Heydər Əliyev” qənaəti özünü tamamən doğruldur.
Əsərin üslub, janr baxımından fərqliliyi də nəzərə çarpır. Publisistik povest kimi təqdim olunan “Dövlət çevrilişi” əslində bir janra aid ediləcək qədər konkret deyil. Çünki əsər konkret tarixi şəxsiyyətlərin adının çəkilməsi baxımından sənədli oçerki yaxud memuar ədəbiyyatını, insan psixologiyasının dərinliyinin açmaq cəhətdən fəlsəfi esseni, siyasi hadisələrə qiymət vermək tərəfindən köşə yazısını, adları çəkilən qəhrəmanları şərti hesab eləsək, həm də bədii əsəri xatırladır. Zənnimcə, burada janrların qarışıqlığı Tofiq Abdinin özünəxas yaradıcılıq stilindən daha çox, mövzunun əhatəliliyi, situasiyaların bir-birinə qarışmasından irəli gəlir.
Bir əsəri oxucuya sevdirəcək bütün bu müsbət keyfiyyətləri ilə bərabər povestdə məni qane eləməyən bir-iki məqamı da yuxarıda söylədiyim fikirlərimə qoşmaq istəyirəm. Zənnimcə, yazıçı əsəri daha geniş şəkildə işləyə bilərdi, baş verən hadisələrin gedişatı özü buna imkan verir. Bəlkə də əsəri oxuyub bitirəndən sonra hiss elədiyim oxucu doyulmazlığı hissi məni belə düşünməyə vadar edir. Amma yazıçı sanki qəsdən olmuşları xəsisliklə nəql edir, bəlkə də bu T.Abdinin müasir zamanla ayaqlaşaraq yığcam yazmaq cəhdindən başqa bir şey deyil. Ancaq fikrimcə, əsər sanki süni olaraq qısaldılmış təsir bağışlayır. Bundan başqa, əsərdə konkret adlar, şəxsiyyətlər məlum olduğuna, povestdəki zaman kəsiyi içində yaşadığımız çox da uzaq olmayan keçmişi əhatə etdiyinə və ümumiyyətlə, yazının ruhu buna imkan verdiyinə görə xüsusi maraq doğuran adların müəllif tərəfindən şifrələnməsi, gizli saxlanması oxucu kimi narazılığıma səbəb oldu. Ola bilsin ki, müəllif mənim kimi bir çox oxucuları da qane eləməyəcək bu gedişləri bir yazıçı priyomu olaraq seçib.
Povestin ədəbi cameə tərəfindən birmənalı qarşılanmadığı hələ heç kitab halında satışa çıxmadığı halda indidən bəllidir. Artıq əsər bir çox mübahisələrə, diskussiyalara, oxucu rəylərinə meydan verib və yəqin bundan sonra da verəcək. Bütün bunlar göstərir ki, Tofiq Abdin ortaya “Dövlət çevrilişi” kimi janr, məzmun və situasiyalara münasibət baxımından uğurlu bir əsər qoymağı bacarıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 17 aprel.- S.23.