Yaddaşda qalan səyahət

 

Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabında mənə ən çox xoş gələn, əsərin elmi dəyərindən də artıq məni razı salan Kamalın ərkanı, müəllimlərinə uca hörməti, dilçilik elmimizin sarayını quranların qədrini qiymətləndirməsi oldu. Kitabına belə bir epiqraf verib: “Görkəmli Azərbaycan dilçiləri Məmmədağa Şirəliyevin, Muxtar Hüseynzadənin, Əbdüləzəl Dəmirçizadənin xatirəsinə”. Bu, nəciblikdir, xalqın tarixinə hörmətdir. Bu həqiqəti görən, qiymətləndirən insan ədalət sahibidir. Kamal özü də, mən yaşda olanlar da onların yetirmələriyik. Bugünkü Azərbaycan dilçilərinin hamısı ya bu üç nəfərin birbaşa tələbələridir, ya da onların tələbələrinin tələbələridir.

Bu iş bir hadisəni yadıma saldı – mənə dostum rəhmətlik Yaşar Qarayev danışıb. Sovetlər zamanı Akademik Milli Dram teatrının “Antonio və Kleopatra” tamaşası Respublika Dövlət mükafatına təqdim olunur. Səsvermədə C.Cəfərov və M.Məmmədov qrupları üz-üzə dururlar. M.lbrahimovun sədrliyi və Y.Qarayevin elmi katibliyi ilə komissiyada bir neçə gün mübahisə gedir. Axır ki, tamaşa mükafata məsləhət görülür. Birdən təzə mübahisə qalxır ki, Antonio, ya Kleopatra (orasını unutmuşam) rollarından biri layiq bilinməsin. Yenə üç gün mübahisə gedir. Axırı mübahisədən bezən M.İbrahimov çarəsiz halda, elə belə, heç bir ümid gözləmədən, qeyri-ixtiyari qayıdır ki: “Yaşar, sən nə deyirsən?”. Yaşar da deyib ki: Mirzə müəllim, onsuz da onların ədəbi taleləri birləşməyib, barı burda biz onları bir-birindən ayırmayaq. Söz hamıya xoş gəlib, gülüşüblər və hər iki rol mükafat alıb. Eynən bu üç nəfərin taleyində ona bənzərlik var. Universitet və APİ dilçiləri həmişə Bəsrə və Kufə dilçilik məktəbləri kimi üz-üzə durublar: APİ “hə” deyənə Universitet “yox” deyib, Universitetin sözünə də APİ “yox” deyib. Beləliklə, M.Şirəliyevlə M.Hüseynzadə bir, Ə.Dəmirçizadə başqa mövqedə olublar. Ancaq hər üçü Azərbaycan dilçiliyinin böyük qurucularıdır. İndi Kamal Abdulla onları öz əsərində bir araya gətirib, hər üçünü müasir gənc dilçiliyimizin nəzərində mükafatlandırmışdır.

Kitab geniş oxucu kütləsi üçün yazılmışdır. Dil haqqında kütləvi üslubda yazılmış əsərlər var. Onlarda dil ilə bağlı ayrı-ayrı maraqlı hadisələr, oxucuları maraqlandıran etimologiyalar pərakəndə halda verilir və mütəxəssis olmayan oxucularda dil haqqında sistemli təsəvvür yaratmır. Ancaq bu kitabı oxuyan hər kəs dil haqqında bütöv məlumat ala bilir. Kitabın dili aydındır, fikirləri qavramaqda oxucu çətinlik çəkmir. Həm də elmi fikir obrazlarla, təşbehlərlə, Zalxa ilə Əhmədin sərgüzəştləri vasitəsilə əyaniləşir. Elmi anlayışlar məişət hadisələri ilə izah olunur. Buna görə də kitab maraqla, bədii əsər kimi oxunur.

Kitabda dil haqqında məlumat o dərəcədə sistemli verilir ki, elə bil dərslik proqramı ilə yazılıb. Hətta eynən umumi dilçilik dərsliklərində olan kimi, əvvəlcə dilin quruluşu, vahidləri, yarusları haqqında məlumat verdikdən sonra dilin mənşəyi haqqında nəzəriyyələrdən söhbət açılır. Halbuki adama elə gəlir ki, dilin yaranması haqqındakı fikirlərlə tanışlıq qeyri-mütəxəssis oxucuları daha çox maraqlandırardı və bu maraqla da kitab oxunmasında davam edərdi. Ancaq, görünür, dil haqqında biliyin bu sistemlə verilməsi əsrlərlə sınaqdan keçib daha münasib göründüyündən müəllif bu ənənədən çıxmayıb. Və deyim ki, obrazlı haşiyələr və Zalxa – Əhməd süjeti çıxsa, bu kitab ən asan qavranan mükəmməl bir dərslik kimi tədrisə girə bilər (və hesab edirəm ki, bu dilçilik biliyinin sahibi nə vaxtsa, bir ciddi ümumi dilçilik əsəri, ya dərsliyi yazacaqdır).

Ancaq ilk baxışda mənşə paraqrafının öndə olması kitabın daha artıq oxucu marağı ilə qarşılanması təəssüratını müəllifin kompozisiya və təhkiyə ustalığının özü dəf edir. Bu, Kamal Abdullanın yazıçılığı ilə, süjet sənətkarlığı ilə bağlıdır.

Belə ki, o, hansı mövzu ilə başlasa, maraqlı da başlanğıc olur. Şairin dediyi kimi: “Görəlim, Mövlam neylər, Neylərsə, gözəl eylər”.

Əsər məhz bədii ədəbiyyat cizgiləri ilə başlayır. Zalxa ilə Əhməd əhvalatı eynən Mehr və Müştəri, Vərqa və Gulşa dastanlarının komik əks-sədasını xatırladır – Dədə Qorqudun “Casus” versiyası kimi. Bu ədəbi rəmzlər əsər boyu, axıra qədər elmi təfəkkürü xəlqiləşdirə-xəlqiləşdirə gedir. Zalxanın doğulması ilə dilin mənşəyi, Zalxanın böyüməsi ilə dilin inkişafı, Zalxanın ətrafla ünsiyyəti, rəfiqələr mühiti ilə dillərin qarşılıqlı əlaqələri, bir-birinə təsiri kimi paralellərlə dilin yaranması, inkişafı haqqında elmi təsəvvür yaradılır. Məsələn, dilin quruluşunda sintaksis anlayışını, sintaksisin cümlədə sözləri bağlayıb nitqi, danışıq aktını təşkil etməsini müəllif ürəyin bütün bədən üzvləri ilə bağlı olması, orqanizmin yaşanışını təşkil etməsi ilə təşbehləndirməklə elmi mətləbini oxucusuna çatdırır. Qrammatika haqqında bütün orta məktəb təlimlərini unutmuş insanlara qrammatik quruluş haqqında əməlli-başlı bilik verir. Maraqlıdır ki, müəllifin dil kursu təlimində eynən ali dil ilə bir analogiya var: bu fəsildəki bəzi anlayışlar (məsələn, dilin mənşəyi, metodlar və s.) birinci fəsildə “Dilçiliyə giriş” səviyyəsində açılır. Növbəti fəsillərdə bu biliklər “Ümumi dilçilik” qədərinə qaldırılır. Yəni müəllif xalis pedaqoji ölçüdə sadədən mürəkkəbə prinsipi ilə işini qurmaqla oxucusunun qavrayışına qarşı zor işlətmir – oxucu əvvəl öyrəndiyinin zəminində sonrakını asanlıqla qəbul edir.

Növbəti fəsildə də həmin qaydada təbiətin tərkib hissələri ilə dil vahidləri qarşı-qarşıya durur, təbiətin güzgüsündə ictimai hadisə dərk olunur. “Efemerida”da bir günlük ömür yaşayan kəpənəkdən tutmuş ucsuz-bucaqsız qalaktikalara qədər bütün təbiət bir-birinə bağlandığı və bir-birinin vasitəsilə qavrandığı kimi, dil də bir səsdən tutmuş tutumlu cümləyə qədər böyüyür və bir varlığa çevrilir, bir ictimai qalaktika olur. Və təsəvvür edin, qeyri-professional oxucu mürəkkəb dil təşkilatını, mənalanma prosesini sadə bir asanlıqla başa düşür və elmi tərəfi anlayandan sonra təəccüblənir ki, heç demə insanın dili-danışığı onun tənəffüsündən-ciyərinə çəkdiyi adi təbiət havasından yaranıb. Dili təşkil edən səs belə bir poetik-emosional haşiyənin bazasında qavranır, təbiəti dolduran sonsuz səslərdən fərqlənən dil səsləri dünyadakı bütün insanların nitqini, bütün xalqların dilini, dil ailələrini, dillərin qohumluğunu və yadlığını (qeyri-qohumluğunu) müəyyən edir: bu müəyyənlik bütün kainatı dolduran havanın ciyərə dolmasından yaranır – heç demə, dil oksigen imiş. Heç demə ki, “söz vardır kəsər savaşı, söz var ki, kəsdirər başı” şerindəki sözün mənası onun oksigen tərkibi ilə izah olunurmuş. Baxır ki, bu oksigen saf təbiətdən udulub, yoxsa çirkli atmosferdən. Budur müəllifin həmin haşiyəsi:

 

Tək əldən səs çıxmaz.

Çıxar!

???... O nə səsdir elə?

Sükutun səsi.

 

Bu emosional mükalimədən sonra fonem, fonologiya anlayışları açılır, niyə filan dildə filan səs söz başında gəlmir, niyə, məsələn, “türk dilində “h” səsi var, rus dilində yoxdur” sualı üstündə düşünürsən, sonra səs tembri, niyə Rübabə Muradovanın Rübabə Muradova, Müslim Maqomayevin məhz Müslim Maqomayev olduğunu bilirik. Hamı eyni hava ilə, eyni fizioloji tipdə tənəffüs etdiyi halda, necə olur ki, üzlərini görmədən kənardan eşitdiyimiz səslə – danışıqla, radiodan dinlədiklərimizlə insanları bir-birindən ayırırıq. Yaxud heç dil açmamış körpə qapının o tayından atasını, anasını necə tanıyır? Bütün bunlar bədii əsərlərdəki dramatizm, konfliktin açılması kimi psixoloji-fəlsəfi yaradıcılıq işidir. Ona görə “Dilçiliyə səyahət” fəsildən-fəsilə səyahətlə daha da dramatikləşir və özünü maraqla oxutdurur.

Bu da maraqlıdır ki, Kamalın elmi təşbehləri tipinə görə həmişə eyni olmur. Bəzən intellektual səviyyədə olduğu halda, bəzən məişətlə bağlanır. Gördük ki, səsdən cümləyə, mətnə inkişaf efemerdən qalaktikaya izah olundu, ancaq dillərin ayrılması, qohum dillərin bir kökdən törəməsi ayrıca insan qohumluğunun, insan ailələrinin timsalında şərh edilir. Oğuzların niyə oğuz sayılması, filan tayfanın, filan millətin, dövlətin niyə elə adlanması sadə şəkildə məişət və yaxud məlum tarix bazasında aydınlaşdırılır. Bir dil ailəsinin tərkibindəki dil qruplarının bəzən bir-birinə yaxın, bəzən bir birindən uzaq olması insan qohumluqlarının yaxınlığı-uzaqlığı ilə təşbehləndirilir. Bütün hallarda anlayış eyni mənanın, eyni kökün üstündə durur. Bu müqayisəni hər səviyyədə olan oxucu rahatlıqla qavraya bilər: “Türkiyəli türklərin Respublikaya qədərki adlarını xatırlayırsanmı? Onlara bəzi yaşlılarımız indiyənə qədər “osmanlılar” deyir. Niyə? Çünki Osmanlı türkləri şəcərələrini özlərinin ilk patriarxı Osmanın adı ilə bağlayırdılar, özlərini Osmanın törəmələri sayırdılar. Məxəz Osman idi”. Burada elmi aydınlıqla yanaşı, müəllif “Türkiyə türkləri” deyəndə öz etnik qürurunu, Türk dünyasının birliyi ideyasını da ifadə etmiş olur. Dil faktının şərhində milli qürurun ifadəsi başqa məqamlarda da görünür. Dildə etnik özünəməxsusluğun, milli psixologiyanın əks olunmasını müəllif çox uğurlu bir misalla çatdırır.

Rusca “jenitsa” sözünün türkcəyə tərcüməsi “evlənmək”dir. Rusca sözün kökündə “jena” (arvad), türkcə sözün əsasında “ev” dayanır. Burada millətin ailə quruculuğuna etnik kökdən gələn münasibət ifadə olunur: rus üçün ailə qurmaq “arvad almaq”, hərfən desək, “arvadlanmaq” deməkdir; türk isə ailəyə “evlənmək”, yə’ni “ev qurmaq” düşüncəsi ilə yanaşır. Ona görə “Dədə Qorqud kitabı”nda Burlaxatun ana oğlu Uruzun ətindən qovurma yeməyi əri Qazan xana xəyanətə tərcih edir. Bu müqayisə V.Humboltun “dil və milli psixologiya” konsepsiyasının oxucu kütləsinə çatdırılmasına son dərəcə tipik nümunədir. Bu müqayisə, necə deyərlər, müəllifin misal kəşfidir. Bu kəşfin içində türkün ailə şərəfi Azərbaycan oxucusuna elm şəklində təlqin olunur.

Dedik ki, bu elmi fikirlərin rahat qavranmasında dilin obrazlılığı mühüm rol oynayır və təbii ki, bu da müəllifin yazıçılığından gəlir. Əsərdə tez-tez rast gəlirik ki, elmi məsələnin təlimində bədii ədəbiyyat faktı iştirak edir. Hansı bir aliminsə elmi fikri, hansı bir filosofunsa fəlsəfi düsturu bədii ədəbiyyatda bildiyimiz faktla açılır. Məsələn, sözlə məna, sözlə əşya arasındakı əlaqənin şərtiliyini əyani, asan anlatmaq üçün Füzulinin məşhur beytini açır: “Gər dersə Füzuli ki, gözəllərdə vəfa var, Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Füzulinin bu sözünün bədii mahiyyətihi, nominativ yox, məhz bədii içini göstərmək üçün Bertran Rasselin bir düsturundan çıxış edir: bir yalançı haqqında “mən yalançıyam” deyirsə və doğrudan da onun dediklərinin hamısı yalandırsa, onda öz dedikləri də yalandır, yəni o, yalançı deyil. Füzulinin başqa dedikləri axı yalan deyil, onda onun “gözəllərdə vəfa var” fıkri doğrudur. Bu halda Kamal Abdullanın rus liriki Tutçevdən gətirdiyi səsləşmə bu məsələni açmağa kömək edir. Tutçev deyir: “fikir əgər deyildisə yalandır” (İ mısl izreçennaya est loj). Burada diqqəti ilk çəkən fərqli millətlər və fərqli zamanlar (Füzuli və Tutçev) arasındaki səsləşmədir. Kamal Abdulla Tutçevi bura qoşmasaydı, Rassel – Füzuli əlaqəsi (koordinasiyası) sxematik olardı. Tutçev Füzulini açır. Tutçevin dediyi bədii həqiqətdir. Yəni bədii həqiqət gerçək həyat, gerçək həqiqət deyil. Yəni şairin sözü real yox, bədii obrazdır, həyatın həqiqi yox, məcazi ifadəsidir, mübaliğədir, mübaliğə isə məhz yalandır. Və bu qarşılaşdırmada diqqəti çəkən bir də müəllifin geniş mütaliəsi, dünya fəlsəfi fikrinə, dünya ədəbiyyatına bələdliyidir, yüksək intellektidir. Bu, bütün əsər boyu, bütün fəsillərdə, bütün fikirlərin təlimində özünü göstərir. Bu əsər bütövlükdə Kamal Abdullanın dünya görüşüdür. Antik ədəbiyyatın məşhur bədii qəhrəmanları onun fikrinin təşbehləridir. Dünyanın Aristoteldən, Platondan bəri müxtəlif əsrlərdəki məşhur filosofları onun həmsöhbətləridir. Kitab öz oxucusuna ensiklopedik bilik verir. Dilçi olmayanlar bu kitabı oxumaqla həm dil haqqında ümumi, ən mühüm məlumatlar alar, həm də dilçiliyə vurularlar. Kitabın üstündə belə bir replika verilir: “Dilçi olmayanlar üçün dilçilik”. Mən hesab edirəm ki, bu kitabı oxuyan ümumi və müqayisəli dilçilik müəllimləri öz dərslərini, mühazirə və məşğələlərini daha maraqlı, daha cazibəli apararlar. Mövzuları tələbələrə daha asan çatdırmaq üçün buradakı müqayisə-təşbehlərdən istifadə edə bilərlər. Məsələn, mən bilirəm ki, tələbələr dildə işarələr sistemi və struktur əlaqə anlayışlarını qavramaqda çətinlik çəkirlər. Kamal Abdullanın işarələr sistemi – üfüqi, struktur əlaqə – şaquli təşbehləri qavrayışda əyanilik yaradar. Yaxud dilçiliyimizin ən cavan tədqiqat sahəsi olan aktual üzvlənməni müəllif bir cümlənin təhlili ilə bir içim suya çevirir. Yaxud dilin mənşəyi, məlum olduğu kimi, sovet dilçiliyində əmək nəzəriyyəsinin üstündə dururdu. Kitabda Kamal ilahi nəzəriyyəni cəsarətlə irəli çəkir və deyir ki: Hər şeyin yaradıcısı həm də dilin yaradıcısıdır. Və doğrudan da, əgər bunu qəbul etmirsənsə, deməli, Allahı qəbul etmirsən. Hər halda təkamül nəzəriyyəsində birhüceyrəlidən canlı aləmin inkişafa başlaması və sonra filə və insana çevrilməsi heç bir ağıllının ağlına batmaz. Yaradılış işində Allahın işinə qarışmaq mümkün deyil.

“Dilçiliyə səyahət” kitabı maraqla oxunan və yaddaqalan əsərdir. Bu kitab dilçiliyimizdə yeni sözdür. Kütləvi oxucu auditoriyası üçün yazılsa da, yüksək elmi dəyərə malikdir.

 

 

Tofıq HACIYEV

 

525-ci qəzet.- 2010.- 17 aprel.- S.20.