Sehirli qutudan səslər
(“Bu gün dünəndən
başlayır” silsiləsindən)
1973-cü ilin martında Azərbaycan radiosunda işə düzəldiyim ilk günlərdə papağımı qabağıma qoyub fikrə getdim ki, görəsən bu təzə iş yerim taleyimdə nə sayaq rol oynayacaq. Fikirləşə-fikirləşə “Radio mənim taleyimdə” adlı bir veriliş hazırlamaq qərarına gəldim. Bununçün məndən öncə talelərini radioyla bağlamış kimlərisə axtarıb tapmaq lazım idi. İstəyirdim biləm ki, görən radionun onların taleyində oynadığı roldan razıdırlarmı. Onlar da kim olasıydı, əlbəttə radiomuzun səs ulduzları – aktyorlar, diktorlar. Deməli çox uzağa getməyəcəkdim, onlar mənim həndəvərimdə yaşayıb-yaratmaqdaydılar. Fikrimi açıqladım, həvəslə razılaşdılar.
Beləcə, “Radio mənim taleyimdə” adlı verilişin bəxtinə gün doğdu və nə qədər ki, radionun İncəsənət və radio teatrı şöbəsində işləyirdim vaxtaşırı həmin verilişin işığında radioyla əlbir-dilbir işləyən sənətçilərin qapısını döyür, onları mikrofona dəvət edirdim. Təbii ki, tək bircə sualla üz tuturdum onlara: Azərbaycan radiosunun taleyinizdəki rolu nədən ibarət olub? Və hərəsi öz səviyyəsi, intellekti baxımından danışır, başlıcası isə bu təklifimə böyük həvəslə razılıq verirdilər. Bu gün hədsiz qürur duyduğum, eyni zamanda həm də məni kədərləndirən məqam odur ki, o sənətçilərin bir çoxu artıq həyatda yoxdurlar. Amma çox da uzun sürməyən fasilələrlə biri-birinin ardınca dünyalarını dəyişsələr də səs yadigarları bizimlədir, lentlərə həkk olunan fikir və düşüncələrini, arzu və ideyalarını bizlərə, bizdən sonra gələnlərə əmanət verib gediblər və bu işdə az da olsa mənim payım var. Bax, radionun üstünlüyü də bundadır- keçmişi əyani olaraq gələcəyə daşımağında. Bu bizim qazancımızdır. Əziz oxucular, həmin sənətkarların nə zamansa mənə verdikləri müsahibə mətnlərindən nələri isə götürsəniz, özünüzə örnək etsəniz, bu da sizin qazancınız olar.
İlk həmsöhbətim zaman-zaman Azərbaycan radiosunun məşhur “Biləyən” verilişinin çağırışıyla yuxudan oyanan uşaqların sevimlisi olmuş Savalan baba – respublikanın əməkdar artisti Sadıq Hüseynov olmuşdu.
S.Hüseynov:
“Mənə elə gəlir ki, radionun taleyimdə
oynadığı rolun dəyərini, qədərini ifadə
eləmək üçün söz tapa bilmərəm.
Bununçün lap obyektiv olaraq kənardan özümə
baxmaq, radionun mənə bəxş etdiyi imkanları da
seyr eləmək mənə çətin gəlir. Ona görə
çətin gəlir ki, 30 ildən artıqdır ki,
özümü radiosuz hiss eləməmişəm. Radio, efir mənim sənət
inkişafımda daim bir ehtiyat mənbəyi olub.
İnstitut illərindən başlamış bu günə kimi
əgər radio arxivlərini qaldırıb
dalğalarda özümü axtarsam böyük bir sənət
yolu nəzərə çarpar. Radio mənə sərbəstlik
verib, diksiya, səliqəli danışmaq öyrədib, səhnə
üçün də geniş imkanlar açıb. 50-ci illərdən bəri
radioda ifa etdiyim rolları saymaqla qurtaran deyil. Onların bir
çoxu qızıl fonda daxil olub,
indi də səslənməkdədir.
Gün o
gün oldu ki, böyük Füzulimizin yubileyində onun bir
çox qəzəllərini oxumaq, “Leyli və Məcnun”
poeması əsasında hazırlanmış radio
tamaşada Məcnun surətini yaratmaq mənə nəsib
oldu. Gənc idim, əruzun sirlərindən o qədər
hali deyildim. O zamankı radio rəhbərliyi, rejissorlar
meydana atılıb mənə ürək-dirək verdilər,
bu şərəfli işə həvəsləndirdilər.
Repertuarımda kimlər olmayıb! Mirzə Fətəli
Axundov, Mirzə Cəlil, Nəcəf bəy Vəzirov, Səməd
Vurğun, Maksim Qorki, Ostrovski, Tvardovski, Şekspir... Bunların əsərlərinin hər birisi mənim
üçün böyük bir məktəb olub. Müxtəlif xarakterli keyfiyyətlər, tiplər
qalereyası və bütün bunların efir təcəssümü.
Radio bir aktyor kimi məni yüksəldib,
xalqın gözündə ucaldıb. Mən
radionu taleyimin ən mənalı, ən tutarlı, ən
xoşbəxt amili hesab edirəm.
Radio mənə
daha nə verib? Savalan baba! Bəli, uşaq verilişi “Biləyən”
dəki Savalan baba. Uşaqların sevimlisi
olmaq. Bundan artıq səadət mənim
heç yuxuma da girməzdi. Bu ad ilə respublikanı
dolaşanda kiçik yaşlıların mənə olan
sevgisini görüb, açığı doluxsunurdum. Bu, əlbəttə radionun sayəsində idi.
Bəzən uşaqlar sual verirdilər ki, baba
hey, bundan sonra daha nə etmək, nələri yaratmaq istərdin?
Hər yerdə, hər zaman bircə cavabım olurdu: Savalan
baba mənim yaradıcılığımın zirvəsidir.
Radio isə həm
yaradıcılığımın, həm həyatımın
ən yüksək şəhadət zirvəsidir”.
Şahmar Ələkbərov
sənət aləminə atıldığı ilk illərdə
aktyor taleyini kinoya bağladı. Ancaq kinosuz
keçirdiyi günlər, aylar olsa da radiodan heç zaman
ayrı düşmədi. Bu gün Azərbaycan
milli radiosunda nə zamansa tamaşaya qoyulmuş neçə-neçə
radio pyesdə, bədii verilişlərdə Şahmarın səsi,
sözü, ovqatı, verdiyi müsahibələr,
çıxışlar saxlanır. Bir də
“Radio mənim taleyimdə” adlı verilişdə mənimlə
olan söhbəti. 1985-ci ildə lentə alınmış
o çıxışının mətnini sizə yetirirəm,
əziz oxucular.
Ş.Ələkbərov:
“1963-cü ilin yaz aylarıydı. 3-cü kursda
oxuyurdum. Tələbənin
böyük arzularla yaşadığı hamıya məlumdur.
Mənim də arzularımın həddi-hüdudu
yox idi. Qəribədir ki, kinodan daha
çox məni televiziya, radio cəlb edirdi. Xüsusən radio tamaşalarına böyük məmnuniyyətlə
qulaq asır, onlardan hədsiz zövq alırdım. Ələsgər Ələkbərovun, Əli
Zeynalovun, Həsənağa Salayevin səsləri adamı
valeh edirdi. Mən ümumiyyətlə
radioya qulaq asmağı xoşlayıram. Onda
nə isə izah olunmaz bir sehr var. Efirdə dinlədiyim
şeiri, poemanı, hər hansı bir bədii
parçanı həmən özümünküləşdirir,
onu öz həllimdə görür, öz aləmimdə
canlandırıram. Radio hər bir dinləyiciyə
diqqətlə qulaq asmaq, özünə intim şərait
yaratmaq imkanı verir. Maşında yol gedə-gedə,
evdə rahat kresloda əyləşərək, lap
uzandığı yerdəcə. Belə şəraitdə
dinləyici əsəri daha yaxşı qavraya bilir, aktyorla
daha çox yaradıcılıq əlaqəsi yaradır,
dolayısıyla, hətta dinlədiyinin
tamaşaçısına çevrilir, ətrafdan heç
bir maneə, reaksiya hiss etmədən, qavrama qabiliyyəti,
fantaziyası daha da güclənir. Bəlkə
də bu mənə belə gəlir, mən belə qulaq
asıram, deyə bilmərəm. Ancaq 50-ci
illərdə yazılan “Məşədi İbad”, “Durna” və
bir çox radio-tamaşalar indiyə kimi gözümün
qabağında canlanır. 60-cı illərdə lentə alınan
“Hamlet”, “Ölülər”, “Dəli
yığıncağı” və başqa sənət
əsərlərini bəzən mənə elə gəlir
ki, görmüşəm. Bəli, məhz
görmüşəm. Səsin təsir
edici qüvvəsi ilə bu və ya digər əsərin
özlüyündə, öz gözünə görünən
variantını yaradırsan. Mübaliğəli
görünsə də mən radioya mütaliə kimi insana
zövq aşılayan, onun fərdi
yaradıcılığını gücləndirən,
fantaziyasına qol-qanad verən sənət növü kimi
baxıram.
Mənim
radiodakı ilk çıxışım uğurlu olub. Respublika
radiosu efirində böyük bir verilişin aparıcısı
olmaq hər bir aktyor üçün fəxrdir. Uzun illər respublika radiosunun seçilən
proqramlarından olmuş “Ulduz” radiostansiyasının ilk
sayını mən oxumuşam. Özü
də o zaman respublikamızda tanınıb sevilən Əminə
Yusifqızıyla birgə. Sınaq
oxunuşları gedirdi. Bir sıra
tanınmış sənətkarla birlikdə həmin
sınaq oxunuşuna məni də dəvət eləmişdilər.
Mənim üzərimdə dayanası oldular.
Əlbəttə redaksiya əməkdaşlarının
bu işdə “təqsiri” çox oldu. Rejissorun
bütün şübhələrini bir dəqiqədə
alt-üst elədilər, çoxdankı arzularımın həyata
keçməsinə yol açdılar. Digəl
burada bir əngəl ortaya çıxdı. Məsələ burasındaydı ki, verilişin mətnini
yaxşı oxusam da başlığın öhdəsindən
gələ bilmirdim. Lenti nə qədər
geri fırladırdılarsa başlığı (radio dilində
şapkanı) yaxşı oxumur, bir növ “xoruz”
buraxırdım. Nəhayət
ki, rejissorun, operator və redaktorların ciddi-cəhdi
ilə ilk baxışda sadə görünən, əslindəsə professional
radio işçisi üçün qəbul edilməz
olan o çətin vəziyyətdən məni
çıxarda bildilər. Ancaq boynuma
alıram ki, mən o başlığı yetərincə
oxuya bilmədim ki, bilmədim. Bu da radionun
unikal özəlliklərindən biridir. O vaxtdan illər
keçib. Hər dəfə
çıxış üçün radioya dəvət
olunanda böyük məmnunluqla razılıq verir və hələ
o zaman öhdəsindən gələ bilmədiyim
o qüsurumu xatırlayaraq mənə tapşırılan
mətnin oxunuşuna böyük gərginlik sərf edir, hədsiz
məsuliyyətlə yanaşıram”.
Davamı var
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2010.- 17 aprel.- S.21.