Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

ÜZEYİR HACIBƏYLİ – 125

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904 –1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Ordan–burdan

 

Rus dilində “Yakor” deyilən “Ləngər” şəkli xristiyanlar arasında “Nicat” əlaməti hesab olunur. Şəhərimizdə nəşr edilən “Yakor” qəzetəsi dəxi deməli, bəzi firqələrdən ötrü bir nicatdır. Amma çifayda, bu “Nicat” öz tərəfdarlarını bir-bir həlakətə uğradıyor. Silahlanmış tərəfdarlarından bir neçəsini barlarda tapança atmaqlarına görə tutub həbsxanaya salıbdırlar... Yəqin ki, binəvalər həbsxanədə əllərini “Yakor”un idarəsi olan səmtə tutub hardasan ay “Nicat” diyorlar. “Nicat” isə öz başı həşirinə qalıb özü də bir “Nicat”a möhtacdır ki, bu “Nicat”ın şəkli qara pula bənziyor.

“Yakor”un ulu babası “Novoye vremya” “Məlun bir il” ünvanında Qafqaza dair öz təsəvvürünü yazıyor. Görünür ki, Qafqaz adı çəkəndə “Novoye vremya”çıların ovqatı təlx olub ürəkləri bulanır.-Yox! Diyorlar Qafqaz əldən getdi! Bu gün-sabah Qafqazda bir nəfər də rus qalmaz... Altmış ilin zərfində Qafqazda tökülən rus qanı bihudə yerə axıbmış... Qafqazı dövlət əlindən buraxdı... Məgər Rusiyada bir Finlanda az idi? Qafqaz da gərək ikinci Finlanda olsun? Heyf rusların əməyi... Bunun da hamısına səbəb Qafqaz hökumət sahiblərinin bişüurluğudur, boşluğudur, karkənsizliyidir. Məgər Rusiyanın Qafqazda hökm sürəcək adamları yoxdur? Məgər Qafqaza göndərməli “layiq” adam yoxdur?... Böylə-böylə sözlər-deyərək “Novoye vremya”çılar söylənirlər. Məgər Qafqaza nə olubdur?

–Necə nə olubdur: gürcülər istiqlal tələb ediyorlar, ermənilər padşahlıq istiyorlar, müsəlmanların da içində “panislamizmə” artmaqdadır. Bundan artıq Qafqazda nə olacaqdır?

“Panislamizm!”... tanış sözdür: bir az bundan əqdəm (elə şimdi də) bu söz kürreyi–ərzin hər guşəsində eşidilirdi. Daldan, qabaqdan, sağdan-soldan... Bir “panislamizm” deyənin ağzından on “panislamizm” çıxırdı. Avropalılar bunu əhəmiyyətsiz buraxmadılar... Bunu təftişə başladılar. Görək-dedilər-bu “panislamizm”in mənbəyi hardadır. Əvvəl Osmanlıya əl uzatdılar. Gördülər Osmanlıda “panislamizm” flan əlaməti görünmüyor. Və Osmanlının özünə “panislamizm” ariz olmaqdadır. Sonra İrana yügürdülər, ora-burasına baxdılar. Gördülər İran-iki səyyadın təmi-oxuna hədəf olan bir seyyiddən ibarətdir... Yügürdülər Misirə, Fas məmləkətinə, burada gendən bir nəzər atıb gördülər ki, öz avropalıları bunların üstündə boğuşmaqdadırlar: biri diyor bura mənimdir! O biri rədd ediyor ki: bağışla, hamısı sənə düşməz... Sonra Rusiyaya, Hindistana, Cavəyə, Əfqana göz yetirdilər, buralarda da bir müsəlman və iki misyoner görüb çox təəccüb etdilər və bu “panislamizm” sözü hardan meydana çıxdı-deyə mütəəccib bir-birinə baxdılar. Bu halda xatirələrinə erməni güruhi gəldi... Yaraqların mənidar bir vəziyyətlə yuxarı qalxızıb-hə!-elədilər: bu erməni taifəsi qəribə bicdir!-deyə gülüşdülər.

Genə bomba, genə dinamit! Rus polisəsi lap osmanlı polisəsinə dönübdür. Dəryada da bomba tuturlar! Görəsən o bombaları dəryanın o tərəfində qayırırlar, yoxsa bu tərəfində? Yəqin bunu “Qafqaz merkuri”dən sorsan, dürüst xəbər verər. Əhəmiyyətli burasıdır ki, çoxdan bəri bomba sədasi Qafqazda yox idi. İndi bu bombanın meydana çıxmağı adamı gələcəkdən bir az şübhəyə salır.

Yazıq gürcülər! Heç işləri düz gətirmiyor... “Vozrojdeniye” adında bir qəzetə çıxartdılar-hökumət qapadı. “Vozrojdeniye”ni tazədən çıxartdılar-hökumət tazədən qapadı. Sonra “Qafqazskoye utro” çıxartdılar-hökumət onu da qapadı. Axırda “Sovremennik” adında digər bir qəzetə çıxartdılar-hökumət onun qapanmasını təxirə salmadı. Şəkk yoxdur, gürcülər sabah digər bir qəzetə çıxartsalar, o biri gün hökumət onu da qapayacaqdır.

Filankəs

“İrşad” qəzeti, 15 mart 1906, ¹ 68

səyyad-ovçu

 

NİYƏ MÜƏLLİMLƏR KƏNDLƏRDƏN QAÇIRLAR?

 

Bu günlərdə Köçərli əfəndinin “İrşad” cəridəsində təəssüfamiz bir məqaləsi görsəndi. Köçərli həzrətləri müəllimlərin kəndlərdən şəhərlərə daşınmağını xəbər verir. Bəli! Bu axır vaxtlarda müəllimlər hər bir vasitə ilə çalışıb özlərini şəhərlərə salırlar!! Hüznavər bu macərayə hər bir əhli-xibrə öz fəhmincə bir don geydirib, bir məna verirsə, bizlərə: bizlərə gəldikdə- şu əhvali- müəssifəni ələlhadə cərəyan edən hadisələrdən hesab etmiyib, ruzgarın ən şədid müşkülatından görürüz. Kəmali-cürətilə demək olur ki, müəllimlərin “mühacirət” məsələsində özləri əsla və qətən günahkar degillər, bəlkə hal-hazirənin çətinləşmiş məişəti və “ağaların” insaniyyətə bərəks vəsvəsələridir. Bu barədə çox deyib, çox yazmaq mümkündürsə də, müxtəsərən bir neçə bəndlərə iktifa etməgi özümə rəva və səza gördüm. Mənim təsəvvürümcə müəllimi dəhat əhlindən uzaqlaşdıran üç səbəb vardır: biri-darülmüəllimlər (seminariyalar); o biri-maarif məmurları (direktorlar və inspektorlar) və biri də-kəndin pərişan və məşəqqətli güzəranı. Məzkur maddələri ayrı-ayrı nəzərdən keçirməgi öhdəmizə alırız:

1) Əlan Mavərayi-Qafqazda 3 darülmüəllimin bulunur: biri gürcü üçün Xuni qəsəbəsində, biri erməni üçün İrəvan şəhərində və biri (guya!) müsəlman üçün Qori şəhərində.-Bu bir aşkar mətləbdir ki, müəllim dehkan üçündür, nəinki, bərəks dehkan müəllim üçün. Böylə olan surətdə müəllim baba gərək məktəbdə olan gündən çol işlərinə göz yetirib əkinçinin hər bir məişətinə layiqincə bələd olsun. Müəllim nadanlıq təbibidir: necə ki, təbib mərəzin mənbəini tapıb azarı kökündən qət etməgə vadardır, həmçinin müəllim əfəndi də cəhalət mərəzlərinə fürsət günlərində diqqət ilə aşina olub müəllimlik əyamında da millətin bəzi dərdlərinə əlac etməgə borcludur. Qafqaz “malyariyasını” (yəni təblərzə) sağaltmaq üçün Firəngistan məmləkətinə təhsil etməgə getmək lazım degil; ancaq təcrübə axtaran təbiblər Gəncə və Kutais quberniyalarında “çəltik” mənbələrinə və su duran “çuxur” yerlərə müraciət etməlidirlər. Pəs-müəllim Ala dağda təhsil edərkən və dehkan Qara dağda əkin əkərkən bir-birlərinin dərdlərindən xəbərdar ola bilirlərmi? Seminariya Gürcüstanda və oxucu Maralyanda Aras çayının kənarında; müəllimə qaldısa o da qövm kögərəndə millət ehtiyacatına bələd olar... Keçək seminariyanın daxili işlərinə: Qoridə bulunan darülmüəlliminin iki şöbəsi vardır, biri ətfali-müslimin üçün və o biri xiristiyan uşaqları üçün. Bu iki şöbənin arasında demək olar ki, “musavat” qətən nabüddür. Müdirin nəzərində şöbənin biri doğma və o biri ögək qardaşdır: biri 7 həftə pəhriz tutur, o biri 3 gün də oruc tutmiyor; biri hər həftə ibadət üçün kəlisayə cəmləşir, o biri nəinki, məscidin qapısını tanımıyor, hətta beş ilin ərzində biçarə məscidin qapısını da yadından fəramuş ediyor. Biri hər sübh və axşam İncili-Şərifi əldən yerə qoymuyub köhnə slavyan lisanı ilə yazılmış səhifələri müdam təlavət ediyor; o biri Qurani-Məcidin üzünü də görə bilmiyor. Xeyr əfv ediniz-yanıldım, rus lisanına tərcümə olunmuş Quranı həmişə əzbərləyib ayrı-ayrı surələri dillərində virdi-zəban ediyorlar. Hərgah xahiş etsəniz, rusca sual ediniz cənabınıza şəriət məsələlərini mükəmməl nəql etsinlər...! Biri ana dilini ətraflıca biliyor; o birisə əksər övqat öz adını da yaza bilmiyor...

Türk lisanı darülmüəllimində əhəmiyyətli bir elm ədd olunmuyor. Bu lisanın həqarətligi o mərtəbəyə çatmışdır ki, guya ərəb əlifbası məyub olduğundan naşi, 1896-cı ildə seminariya mütəəllimləri darülülum tərəfindən icad edilmiş “akademiya əlifbasilə” bir müddət yazı-pozu ögrənirdilər... Hətta müdir həzrətləri məzkur latın əlifbasını ibtidai işkollarında intişar etməsini öz dəstpərvərdələrindən təmənna edib, gözlüyordu böylə bir fəna və biməni tərzilə tərbitlənmiş bir “millət” müəllimi ki, Quranı ancaq tərcümə vasitəsilə qiraət edə* və kitabatı da əcnəbi əlifbası ilə istemal edə, böylə cənab millət məhəbbətinə layiq ola biliyormi? Gün-gündən bu nöqsan müəllimi millətdən uzaqlaşdırıb, axırda ondan bilmərrə kənar olmağa vadar edəcəkdir ...

Həmçinin, bu cürə qeyri tədrisat da müəllimin istəkli millətdən ayrılmağına səbəb olur.

*Bir vəqt “Tarixi-müqəddəs” də rus lisanında oxunurdu!

1) Əvvəl götürək “pedağoyqa” elmini. Pedağoyqa-yəni (yəni üsuli-tərbiyət) ən müqəddəs və ən mühüm bir elmdir. Mürəbbilər isə çefaidə əksər ovqat misyonerlərdən təyin olunur. Bunlar dini-mübinin ziddinə yazılmış necə bir təlifatlar ilə məşhur şəxslərdir. Hərçənd əyyami-tədrisatda o cənablar “irtidad”i təsnifatlarını mütəəllimlərdən gizlin saxlıyorlar. Və lakin hər bir qədəmdə öz məsləklərini müdam büruzə veriyorlar. Məsəla: onların birisi “aşuranın” müzurr olmağını öz dəstpərvərdəsi bir müsəlman balasına dərk etdiribdir. O birisi “çərkəzi” libasının Qafqazda məhv olmaq eşqinə düşmüşdü. Üçümcüsü könül bulandırıcı və rişxəndanə sözlər ilə hissiyati-milliyyəyə müdam toxunurdu ki, “türk qövmi” şəhvətəngizlikdən naşi həlviyyatxor olur” və qeyrə...

2) Rus lisanı-demək olur ki, bu elmi və həmçinin bununla bahəm qeyri elmləri ətfali-müslimin öz rəqiblərindən artıcaq dərəcədə mükəmməl oxuyurlar. Bununla belə yenə də “həsədçilər” bir bəhanə tapıb müsəlmanları məyublaşdırırlar. Bunların ümdə bəhanələri “qiraət naqisligi”dir ki, guya müsəlman uşaqları sair miləli-müxtəlifə kibi rus əlifbasını məxsusi məxrəclərindən götürə bilmiyorlar və əksər övqat hürufi-sövtiyyəni öz məqamında yetirmiyorlar. Məzkur nöqsan ümumən təbui bir eyibdir ki, kürreyi-ərzin sair millətləri əzon cümlə ruslar da bu bəlaya mübtəladırlar. Hər millət öz ana dilində mövcud olan sövtlər ilə əcnəbi kəlmələrini tələffüz ediyor. Məsələn: ruslar “Cabbar” ləfzini “Djabbar” vasitəsilə təqrir ediyorlar və yaxud “Hüseyn” ləfzini “Quseyn” tərzilə diyorlar. Çünki ruslarda “c” və “h” hürufları əsla yoxdur. Bu təbii qanundan naşi ümumi bir xristiyan ismini hər bir xristiyan qövmi ayrı-ayrı şiyvələr ilə tələffüz edirlər. Məsəla: “Jorj”, “Georgi”, “Qriqori”, “Kenikur”- həpsi bir müəyyən ismi-xasdır ki, hər millət öz ləhcəsinin qanununa müvafiq tələffüz ediyor. Türklərin də həmçinin özlərinə məxsus qanunları vardır ki, onları ancaq əsrlər və tarixlər poza bilərlər. Onlardan birisi budur ki, hərgah iki hüruf samit bir yerə cəmləşsə, onların ibtidasında bir hüruf sövtiyə bilatəxir tələffüz edilir. Məsəla: “storoj” kəlməsini türklər “istoroj” kibi təqrir edirlər. Böylə bir təbii nöqsan “irtidad” sahiblərinə korş bir alət olubdur ki, rişxənd və şəmatət vasitəsilə türk müəllimlərini öz ana dillərindən ürkütsünlər! Vəli mümkündürmü? Firənglər Mərakeş uşaqlarını əyyami-tüfuliyyətdən Firəngistana aparıb müddətlərcə saxladılarsa da, onların mavr qiraəti əbədən təğyir tapmadı. Seminariyada türk dilində danışmaq qadağandırsa da (!) böylə məcburiyyətlərə ehtiyac yoxdur. Çünki, köhnə idarədən naşi oradan mükəmməl bir türk dili bilən cavanımız olmaz!

3) Tarix və coğrafiya elmləri də “irtidad” məsələsindən uzaq degildir: şübhəamiz macəralar (Ryuriklər), (Peronlar) mükəmməl oxunmaqdadır. Amma vətən tarixi əsla yada düşmüyor, düşsə də ayrı bir nöqteyi-nəzərlə. Coğrafiyaya gəldikdə müəllim əfəndi Avstraliya cəzirələrindən artıcaq məlumat verir, nəinki, biçarə vətənin keçən əsrlərdə laləzar və imdiki halda məxrub qalmış yerlərindən. Yaxşı halətdir: ayağımızın altındaki quyuları görmiyoruq, amma göydəki yulduzları sayıb Amerikada da quyruqlu yulduzun nümayan olmağını xəbər veririk. Əlbəttə dar gözlərin səva bədidilə bəzi vətən istilahati qeyri bir kəlmələr ilə təbdil olunur. Məsəla: Gəncə-Yelizavetpol ləfzi ilə, Cəbrail-Qaryağin sözü ilə, Ağbulaq-Beyli Külyüc sözü ilə, Qümri-Aleksandropol ləfzilə və bəzi kəndlərə mütəşəxslərin öz adları keçmişdi. Məsəla: “Ğulisinu”, “Frazpnu”, “Lutsavqa” ...

–Müəllimin kənddən fərar etməginə “üsuli-tərbiyətin” və ya “coğrafiyanın” nə dəxli-təsrifi var?-deyib sorsalar, bəndənin bu barədə deməgə bir cavabım var: bədniyət misyonerlər müqəddəs elmləri murdarlıyıb “cavanları” hissiyyati-milliyyədən uzaqlaşdırmağa əllərində bir alət və ədavət ediblər ki, irtidad zəlalətinə düçar olmuş biçarə müəllimlər (cavanlar) bu bəd məsləklərin puç əqidələrini dəhat əhlinin arasında həm intişar etsinlər. Vəlakin müəllim kəndə gəlməmiş qabaqca əkinçilərə “xoruzun quyruğu” nümayan olur... Bu sözlərdən dəxi təəccüb yeri qalmıyor ki, niyə müəllimlər kəndlərdə otura bilmiyorlar, bəli! Seminariyalarda əkilən ağacların “nübarları” yavaş-yavaş yetişməkdədir: bəzi müəllimlər familiyalarının axırında bulunan “lu” ləfzini nagüvara və nalayiq ədd edib “ski” ləfzinə mübəddəl ediblər. Məsəla: Şıxlı-Şıxlınski, Şaxtaxtlı-Şaxtaxtinski, .... Hərgah böylə zahirpərəstligə biz bir məna vermiyoruqsa da, amma (çe fayda!) işlərimizi batinən həm fəna görürüz. Uzaq getmək lazım degil ... Böylə qövlini felə mütabiq etmiyən bir müəllim cəmaət nəzərində sadiq əlqövl ədd olunub etibar kəsb etməgə qadir olarmı? Və etibardan düşmüş müəllim gərəkdir cəmaətdən fərar etsin...

Əlavə əz in, hər müdirin kəndisinə məxsus bir məsləki var: biri əşədd surətdə zahirpərəst olub, “zurna” və ya “kamança” çalanlara müsaidət göstəriyordi! (Burada bir rus ədibinin sözləri yadıma düşdü: “imdi darülmüəllimin, pedağoq əvəzinə donuz otaran buraxır”). O biri- ana dilində dərs verməgi bacarmıyıb “lal oyunu” çıxardanlara müavinət göstərib, şəhərlərə təyin olmalarını rica ediyordu! (insaf ediniz-kəndlərə getmiyən müəllimlərdə nə günah var?). Neçə il bundan əqdəm müəllim əfəndi cəmaət ilə müqarinət edib, xeyir və şərrə qarışıyordu: o vəqt müəllim çinovnik hesab olunmuyordi. Amma imdi o cənab “yədi-bəyza” sahibi olub bürokrat cərgəsində bulunur-buna da səbəb-müəllimlər üçün rəsmi libas, parlaq pülklər kənəflərə yapışan bir çift “qurbağa”lardır ki, keçən maarif vəziri mürəbbilərə əta buyurubdur. Verilən tərbiyətin nöqsanı məmuriyyət sifətinin artmağına başlıca səbəb olur. Mütəəllimlər üçün cəridə oxumaq caiz degil (?!) Yer yüzündə tufan dübarə zühur edə, yenə də “siyasi” mətləblərdən biçarələrin islahatı olamaz. Qaldı ki, məşhur Yevropa ədiblərinin təsnifatına, onlar da kütübxanədə zinət üçün yer tuturlar-onları oxumaq hər mütəəllimə müyəssər degil ... O səbəbdəndir ki, ikmali-təhsil etmiş müəllimlərin əksərində iki namünasib hərəkət görünür: biri avam cəmaət üçün təkbir göstərmək və o biri müdirlər üçün təməllüqçü olmaq...

2) İştə müəllim əfəndi oxumağı tamam edib yer almaq üçün cənab direktora ricu ediyor. Bu isə şifahən müxtəsər bir məramnamə ifadə edib, böylə xətmi-kəlam ediyor: “Cəmaət adətinə istehza etmə, uşaqları rus lisanına təşviq et və verdigin məlumatı türk lisanına tərcümə etmə...!”. Bu sözlərdən sonra bir kitab əta edib, onunla dərs verməgi təmənna ediyor... Bu kitab lal oyunu və tapmaca məcmuəsidir. Bu nöqsanlardan öz vaxtında çox yazılıbdır, burası ilə işim yoxdur. Ancaq məzkur kitabın əvvəlinci səhifəsində İsa (4) surəti və zeyldə “bu Allahdır” (İkona) sözləri dərc olunub və o biri səhifədə: “mən su ilə şərab içmiyoram” kəlmələri bulunur! Əcəba bundan artıqmı cəmaət adətinə istehza olunacaq! Nasıl böylə kitab ilə müəllim kənd cəmaətinə görünsün?

3) İstər-istəməz müəllim kəndə rəvan olur. Burada kəmtale mürəbbiyə nə məkan, nə çırağ, hətta yemək-içmək azuqə də pul ilə satmıyorlar. Müəllim qomşulardan böylə məlumat cəmliyor ki, yüzbaşı və ya direktorun müavini və yaxud pristav ağa cəmaəti aldadıb hiylə və təzvir ilə bir saxta əhdnamə meydanə çıxardıblar ki, onun dövlətindən biçarə müəllim neçə-neçə böyük məzəllətlərə düçar olur.

Bu yol uzun yoldur və həm tikanlı yoldur. Bu yolu axıracan nə gedən var və nə tikanlardan təmizləyən var. Amma ikimcisi olsa, əvvəlimcisi də, ümidvaram tapılar ... Yolu təmizləyin, yolu: vəqt əldən gedir, başlıyın işin əslindən, fəri sonra da mümkündür. Seminariyanı müsəlman kəndlərinə yaxınlaşdırın. Bu mətləb asan vəchlə əmələ gəliyor. Çünki, məzkur məsələni müsəlman-erməni vəkillərinin şurası qəti bir surətdə həll edibdir. İmdi böylə əhəm bu məsələnin nəticəpəzir olması bağlıdır müsəlman karkənlərinin iş görməginə.

Bir şəxs

“İrşad” qəz., ¹ 69, 72, 78; 16, 20, 27 mart 1906.

 

əhli-xibrə-ekspert

iktifa-kifayətlənmə

səza-layiq

dəhat-kənd, kəndistan

təblərzə-qızdırma-titrəmə

təlavət-avazla oxuma

məyub-nöqsanlı

təlifat-əsərlər

irtidad-dindən çıxma, dönmə

həlviyyat-şirin şeylər

şəmatət-bədxahlıq

tüfuliyyət-uşaqlıq

məxrub-xaraba qalmış

naguvara-ürəkbulandırıcı

müqarinə-yaxınlaşma

yədi-bəyza-ağ əl

 

Ordan-burdan

 

“Bir-birinizi seviniz və sülh ediniz!” İştə bu iki sözü “Baku” qəzetəsi (nömrə 59) erməni və müsəlman cəmaətinə təklif ediyor. Biz bunu çoxdan demişdik. Deyib də yorulmuşduq. Yenə deməyə başlamışdıq. İmdi də qoy “Baku” desin. Lakin “Baku”dan bircə təvəqqemiz var: təklifindən bir hüsn nəticə gözliyorsa, yazdığının içinə bir az duz qoysun. Duzlu yaxşıdır. Duzdan muradımız- “səmimiyyət”dir. Lakin duzun pisi-yaxşısı olan kibi, “səmimiyyətin” də xalisi və qəlpi olur ha, amma... Baku” özü arifdir.

Firənglər də arifdirlər. O! ... Buna söz yox ki, ... “elə bil firəngdir”. Bu müsəlmanlarda bir məsəldir. Doğrudan da “Fas” müsəlmanları kibi öylə bir azad və heç bir kimsəyə baş əymək istəməyən biyaban balalarını Avropa qaradavoyuna tabe etmək üçün firənglik lazımdır.

Amma yox... Müsəlman başında dəlləklik öyrənmək üçün heç firəng olmaq lazım deyil. Məgər “Kerç” mollalarını misyoner edən hərif firəngdir? Firəng deyil. Və firəng olmaya-olmaya Kerç mollalarını (molla ha!!) misyoner edibdir. Odur ki, Kerçin binəva müsəlmanları bar-bar bağırırlar ki, “Ay müsəlmanlar, qoymayın, mollalar bizi islamiyyətdən qaçırdır! İraq ediyor!” Qoçaq mollalar! Cəhd ediniz! Nəlbəki boyda medal alacaqsınız!

 “Ruskaya qazeta”da bir lətifə (?) göründü: Liğof uyezdində Dövlət Dumasına üzv seçməyə hazırlanmaq üçün kəndçilərə qoz (girdəkan) paylayıbdırlar ki, aralarında qürə atsınlar. Lakin sadədil mujiklər əhvaldan xəbərdar olmadıqlarından aldıqları qozları oturub məsumanə bir tərzilə yeyibdirlər. Ona görə seçki işi təxirə düşübdür... Müsəlmanlara tənbih: qoz alsalar, ehtiyatlı olub yeməsinlər, yoxsa deyərlər ki, siz Dövlət Dumasından payınızı alıbsınız!

Şəhərimizdə qəribə işlər törəməkdədir. Xuliqanlar polisə paltarına geyinib polisəçilik ediyorlar. Yəni cib axtarırlar, dükan yarırlar, padşahlıq xəzinədə zərb edilmiş pulları “qəlpdir”-deyə oğurluyorlar və ilaxır... Lakin xuliqanların bu hərəkəti “həqiqi” polisəçilərin başına bir bəla oldu. İmdi hər bir polisəçi gərək öz “həqiqiliyini” isbat etsin və ondan sonra cib axtarmaq üçün əl uzatsın, bu isə bəd deyil!

Filankəs

“İrşad” qəzeti, 20 mart

1906, ¹ 72

 

qürə- püşk

tənbih-oyatma, oyandırma

 

Ordan-burdan

 

Bir neçə il bundan iləri erməni güruhi Rusiya ədəbiyyatına şiddətli bir “zərbə vurmuşdu”. Məsələn, mütəvəffa Veliçkonun* “Əfi ilanlar” adlı əsərini içində doğru sözlər olduğuna görə xoşlamıyıb kökündən yox etmək istəmişdilər. Və bu niyyətlə məzkur əsərdən minlərcə cildlər alıb cırırdılar, yandırırdılar, yerə basdırırdılar. “Məlum” yerlərdə tələf edirdilər. Bir kəlmə “doğru söz göz çıxardar” zərbulməsəlinin acı bir həqiqətdən ibarət olduğunu aydın bir surətdə izah və aşkar ediyordular. Lakin bu yaxınlarda, yəni Quriya dağıldıqdan sonra erməni güruhi Rusiya ilə dostlaşdı. Və bu dostluğu möhkəmləndirmək üçün, daimi adətlərinə görə təməlluqçu libasına girib Rusiya üçün neçə-neçə “xidmət”lər göstərdilər. Əzoncümlə keçmiş “zərbə”ni təsviyə etmək qəsdilə rus ədəbiyyatını zənginləndirməyə qeyrət etdilər. Bir neçə kitab yazdılar. Onlardan “məşhur”u- “Cihad” və “Gəncə qanlı günləri”dir. Əvvəlinci kitabın məzmunu ilə qarelərimizi aşina etmişdik. İkinci kitab isə Gəncədə vaqe olan erməni-müsəlman davasından bəhs ediyor. Lakin bu kitabı yazan erməni Gəncə hadisatını tərsinə nəql edibdir. Yəni müsəlmanlar edən işləri ermənilərə isnad veribdir. Ermənilər edən vəhşilikləri müsəlmanların üstünə yıxıbdır. Və bu bihəyalıqla iktifa etmiyib müsəlmanın pişrovlarını sögübdür. Amma çifayda, mərqum erməninin bu kitabı ruslara xoş gəlmiyibdir. “Malades” əvəzinə rusun bol söyüşlərindən birisini alıbdırlar. Lakin sögüşdən rəncidəxatir olmuyub (çünki imdi yeri deyil!) öz kitablarını özləri tərif və tövsifə başlıyıbdırlar. Böylə ki, erməni “daşnaksüyun” firqəsinin vasiteyi-nəşriyyatı (orqan) “Araç” qəzetəsi yazıyor ki, daha bundan gözəl bir kitab tapılmaz: içində yazılanlar doğru, bir sözündə yalan yox və sairə, sairə ... Lakin ... “Araç”a nə var? Arı yeyib, namusu qurşağına bağlıyıbdır. Yalançıya diyor-peyğəmbərsən. Doğruçuya diyor-bizə düşmənsən. Böylə qəzetənin özü nə, sözü nə?

Veliçko “Qafqaz” qəzetəsinin sabiq baş mühərriri olub, rus ədiblərindəndir.

Qəzetə dedim, yadıma rəhmətlik “Şərqi-rus” düşdü... Heç bilirsinizmi bu Bakı, nə Bakıdır! Yazıq “Şərqi-rus”u batırdı. Əvəzində guya yanıq vermək üçün iki qəzetə çıxartdı! Odur ki, “Şərqi-rus” baş mühərririnin acığı tutub imdi “Şərqi-rus”u diriltmək qəsdilə rus və müsəlman dilində “rəsmi” bir qəzetə vermək istiyor. Özü də diyor ki, müsəlmanların içində pis-pis fikirlər törəməkdədir. O fikirləri dağıtmaq üçün rəsmi qəzetə lazımdır. Və bundan sonra müsəlmanları ruslara bitişdirmək lazımdır ki, bu da rəsmi qəzetə vasitəsilə mümkündür...

Bəd degil: qoy cənab Şaxtaxtinski bizləri ruslara bitişdirsin ki, görək bu təcrübədən nə çıxacaqdır!

Mühüm suallar, vəhim cavablar:

Sual: erməni-müsəlman məsələsi nə vəqt qurtaracaqdır?

Cavab: ermənilərin əqli başlarına gəlib, ürəkləri təmizləndikdən sonra. Bunun da nə vəqt olacağını mən bilmiyoram, “daşnaksüyun” firqəsindən xəbər al desin.

Sual: Biz nə üçün geridə qalmışıq?

Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıbdırlar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmiyoram. “Vısşi kurs” qurtarmışlarımızdan xəbər al desin.

Sual: İdareyi-ruhaniyyələrimiz nə vəqt düzələcəkdirlər?

Cavab: İdareyi-ruhaniyyələrimizin düzəlməsi “Stanislav” və “Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlar ilə təzyin edildikcə idareyi-ruhaniyyələrimiz də müzəyyən olub düzələcəkdir. Nişan almağın da yolunu mən bilmiyoram, “Molla Nəsrəddin”in əvvəlinci səhifəsilə bərabər “Tərcüman”ın 36-cı nömrəsindən xəbər al desin.

Sual: Məktəblərimiz nə vəqt islah olunacaqdır?

Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yolunu da mən bilmiyoram. Zaqafqaz seminariyası müəllimlərindən xəbər al desin.

Sual: Bizə nə lazımdır?

Cavab: Dinc dinməz oturub öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək, qanlılıq salmaq. Amma “heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”: bunun da hikmətini mən bilmiyoram. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al desin.

Sual: Biz nə vaxt qəflət yuxusundan oyanacağız?

Cavab: “Mədəniyyət” sübhi açılıb “mərifət” günəşi çıxandan sonra. Bunun da nə vəqt olacağını mən bilmiyorum. Bizi ruslara bitişdirmək istəyən Şaxtaxtinski kibi müəzzinlərdən xəbər al desin.

Sual: Biz nə etməliyiz?

Cavab: Sözün doğrusu, heç nə! Çünki bir işə iqdam etdikdə onu başa aparmaq lazımdır. Biz isə-hər bir işimizi daim yarımçıq qoyuruz, bunun da səbəbini mən bilmiyoram. “Bütün” adamlarımızdan xəbər al desin.

Sual: Nə üçün bizim elmimiz yoxdur?

Cavab: Hanı elm??

Filankəs

“İrşad” qəzeti, 17 aprel 1906, ¹ 91

 

mütəvəffa-vəfat etmiş

iktifa-kifayətlənmə

mərqum- adıçəkilən

 

 

525-ci qəzet.- 2010.- 17 aprel.- S.18-19.