Dorian Qreyin portreti
Uzun illər bu
örtüyü qaldırmaqdan qorxursan. Qorxursan demək də
yüngül çıxır. Nəsə başqa
sözdü, tapa bilsən... Fəhminlə örtük qalxan
kimi bütün illüziyaların alt-üst
olacağını da bilirsən. Axı sən neçə
vaxtdı bu portretin lap yaxınlığında
fırlanırsan. Yaxınlaşırsan, əlini uzadırsan,
elə bil cərəyan vurur, geri çəkilirsən. Qəribədir,
axı bu portretin həmmüəlliflərindən biri də
sənsən. Və bir gün... Lənət olsun... Çox
qorxuncdu, çox...
... Oskar Uayld tarixə parlaq
dendi, estet, gözəllik bilicisi və həm də öz
kaprizlərindən başqa nəyə desən dözə
bilən bir adam kimi daxil olub. Böyük ədəbi
istedadı və orijinal hərəkətləri ilə hər
zaman şıltaq Britaniya publikasını cəzb edə
bilib. Əslində o, cəmiyyətin özünə
baxıb zövq almaq istədiyi güzgü idi. Amma bu, bir
gün cəmiyyətə ondan üz döndərməyə
mane olmadı...
Cəmi 46 il ömür
sürən bu yazıçının əsərləri
yüz ildən çoxdur ki, yaşamaqdadı. Və həm də
sənətkarın şəxsiyyəti, bioqrafiyası indi də
birmənalı qiymətləndirilmir. Hətta onu da deyim ki,
ailəsi onun familiyasından imtina edib. Və bu gün
yaşamaqda olan nəvə-nəticəsi də onun adından
uzaq durmaqdadı. Qəribə taleyi var Uayldın. Yeganə
romanının qəhrəmanına bənzəyir – Dorian
Qreyin portretinə. Özünün yaratdığı portretə.
... Romanın süjeti ənənəvidi.
Və o dövrlər Avropa ədəbiyyatında çox
yayılmış bir mövzunu əhatə edir. İblislə
sazişə girən, ruhunu satan və bununla öz istəklərinə
çatdığını zənn edən qəhrəmanın
həyat hekayəsidi. Yəni anlayacağınız yeni
Faust-Mefistofel hekayəsi. Roman çap olunandan sonra qalmaqala səbəb
olmuşdu. Tənqid bu əsəri əxlaqsız əsər
kimi qiymətləndirmiş, bəziləri
yazıçını cəzalandırmağı,
kitablarını yığıb yandırmağı da tələb
etmişdi. Uayld ictimai əxlaqı təhqir etməkdə
ittiham olunurdu. Amma əslində Dorian Qreyin portreti Viktorian cəmiyyətinin
portreti idi. Məsum, saf gənc – hamını sevməyə
hazır olan gənc elə həmin cəmiyyətin
yalançı dəyərləri ilə qorxunc, mənhus
varlığa çevrilir.
“Dorian Qreyin portreti” unikal ədəbi
nümunədi, fəlsəfi romandı. Burda bəşəriyyətin
özünə verdiyi əbədi suallar var – həyatın mənası,
əməllərə görə məsuliyyət, gözəlliyin
cazibəsi, sevgi və həm də günahların
dağıdıcı hakimiyyəti. Romanın əsas
ideyalarından biri budur ki, estetizm sadəcə mücərrəd
hadisədi. Gözəlliyin vəsfinə yox, xəyal
qırıqlığına gətirib çıxarır.
... Dorian – parlaq və
soyuqqanlı bir gəncdi. Günlərin bir günü rəssam
Bezil Holluord gənc və gözəl Dorianın portretini
çəkir. Gənc öz portretinə aşiq olur və
düşünür ki, qocalıb öz gözəlliyini
itirsə də, portret hər zaman eyni yaşda və gözəl
qalacaq. “Əksinə olsaydı, portret dəyişsəydi, mənsə
hər zaman indiki kimi qala bilsəydim, bunun naminə ruhumu
İblisə də satardım”-deyir. Və onun ricası
eşidilir. İblis lord Henrinin simasında təcəlla edir və
bir vaxtlar rəssamın çəkdiyi saf, məsum Dorian
öz istəklərinə çatmaq uğrunda hər bir
cinayətə əl atır. Mərhəmət-zülm,
yaxşı-pis anlayışlarını itirir, bəşəri
dəyərlərdən tamam uzaqlaşır. Dorian həyatını
kefə, əyyaşlığa xərcləyir. Amma onun
içində iki adam var: romantik və realist, aşiq və
cani. Bu iki adam daim mübarizədədi, lakin İblis qələbə
çalır. Özünü kefə qapdıran gənc
bataqlıqdan çıxa bilmir. İllər keçir, amma o,
gəncliyini, gözəlliyini itirmir. Əksinə,
üzündə şeytani cazibə yaranır. Ancaq portret dəyişir,
eybəcərləşir, qocalır. Portret onun vicdanıdı.
Hər cinayət onun cizgilərini artırır, rənglərini
qatılaşdırır. Və Dorian portreti hər kəsdən
gizlətməyə məcbur olur. Portreti görən
adamları öldürür, hətta müəllifi olan rəssam
Bezil Holluordu da. Vicdanıyla üz-üzə gəlmək onun
üçün əzablıdı. Və bir gün dözə
bilmir. Çöküşünün bu dəhşətli
şahidini yerli-dibli itirmək qərarına gəlir. Vaxtilə
Bezili öldürdüyü bıçağı portretə
sancır. Dəhşətli çığırtıya gələn
nökərlər otaqda gənc oğlanın gözəl
portretini və yerdə iyrənc, murdar qoca meyidini
görürlər. Qocanın barmağındakı
üzüklərdən onun Dorian olduğu
anlaşılır.
Romanı oxuduqca fikirləşirsən
ki, cəmi üç həftəyə belə əsəri
necə yazmaq olar? Amma ritorik sual alınır. Bəşəriyyətin
məsumiyyət tarixi də, alçaqlıq tarixi də
çox qədimdi. İlk günahdan bu günə qədər
neçə min illər keçib. Hər birimiz həyatın
gerçək axarında üzürük, hər birimiz ondan
asılıyıq və gerçəkliyə uyğun dəyişirik
də... Mənəvi-etik seçimlərimizi isə məsuliyyət
hissimiz müəyyən edir. Kim gerçəkliyi xülya ilə
əvəzləyirsə, təbii ki, ümumbəşəri
dəyərlərə də tüpürəcək.
Görünən isə budur ki, çirkab içində
boğuluruq. Dediklərimiz və əməllərimiz tam
başqa-başqa şeylərdi. Hər birimizin hardasa gizli bir
guşədə gizlətdiyi portreti var. Və hər dəfə
öz vicdanımıza tüpürdükcə o portret bir az
da eybəcərləşir.
“Hər bir sənət
növündə onun üstdən görünən səthi
tərəfi və rəmzləri var.
Kim səthi yarıb içəri
nüfuz etmək istəyirsə risqə gedir.
Kim rəmzləri
açmağa cəhd edirsə risqə gedir.
Mahiyyət etibarilə sənət
həyatın yox, ona tamaşa edənlərin
güzgüsüdü.
Əgər sənət əsəri
mübahisə doğurursa, deməli, orda yeni, mürəkkəb,
əhəmiyyətli nəsə var.
Qoy tənqidçilərin
fikirləri haçalansın. Sənətkar özünə
sadiq qalacaq.
Öz yaratdığına səcdə
etmirsə, xeyirli nəsə yaradan insana çox şeyi
bağışlamaq olar.
Lazımsız nəsə
yaradanın bəraəti isə onun öz
yaratdığına dəhşətli sevgisidi.
Bütünlükdə isə
sənət lazımsızdı”.
Bu Oskar Uayldın “Dorian Qreyin
portreti” əsərinə yazdığı ön sözdən
parçalardı.
Qəribə, unikal
romandı. Birinci dəfə 15 yaşımda oxumuşdum. O
vaxt düşünməmişdim ki, insan həyatı boyu
seçim eləmək məcburiyyətində qalır. Bir
vaxt mən də bütün dünyanı sevməyə
hazır idim. Sonra o qədər zəhərləndim ki...
Saxtakarlıqdan, riyalardan... Zərrə-zərrə hopdu
içimə. Amma yenə də hardasa hər kəsdən
gizlətdiyim bir guşə var. Var. Var. Var... Portretin o hissəsi
dəyişməz qalır. Özüm ora rahatlıqla baxa
bilirəm. Öz vicdanımla görüşməkdən
qorxmuram. Gülüncdü?
Romanda janrın tələblərinə
cavab verən bütün atributlar mövcuddu. Ən əsası
parlaq obrazlar qalereyası var. Dorianı bir azacıq xarakterizə
elədik. Onun portretini çəkən Bezil Holluord başqa qəhrəmanlardan
onunla fərqlənir ki, hər zaman Dorianı ideal kimi
görür və ona çox sadiqdi.
Dorianı bataqlığa
sürükləyən insan cəmiyyətinin, İblisin təcəssümü
lord Henridi. Təzadlar şahzadəsi.
Sibila Veyn – Dorianın bir vaxt
aşiq olduğu aktrisa, maraqlı obrazlardan biri. Dorianla
görüşənə qədər o, öz uydurduğu aləmdə
yaşayır. Teatr aləmində. Və istedadlı aktrisa
kimi yalançı rollarını uğurla oynaya bilir. Həyatına
məhəbbət gələn an anlayır ki, əslində
bu həyat çox saxtaymış, o heç yaşamayıb,
yalnızca oynayıb. İllüziyalar aləmindən
çıxıb gerçəkliyə can atır və
yaşadığı sevginin sarsıntıları içindəki
istedadını söndürür. Sonuc – intihar...
Hər birimizin içində
bu obrazlardan nəsə var. Kimdə “kim” daha çoxdu,
özümüz yaxşı bilirik. Uayld deyirdi ki, hər kəs
onun qəhrəmanlarında özünün günah və
naqisliklərini görür. Uaylda görə, insan cəmiyyəti
özünün gizlində sevdiyi bütün naqislikləri
yalançı əxlaq pərdəsi ilə örtür.
Uayld insan cəmiyyətinin dekadansını yazırdı.
Amma bitdimi bu çökmə?
Yalançı əxlaq
normalarından qaçmaq istəməsi onun lord Alfredlə
münasibətlərində də görünür. O, bu əlaqələri
gizlətmirdi. Bu münasibətlər sonra səs-küylü
məhkəmə prosesi və məhkumluqla bitmişdi. Lord
Alfredin atası Uayldı əxlaqsızlıqda, oğlunu
yoldan çıxarmaqda ittiham edən məktub göndərəndə
yazıçı dostlarının təhriki ilə onu məhkəməyə
vermişdi. Nəticə isə Oskar Uayld üçün
acınacaqlı olmuşdu. Onun özünü mənəviyyatsız,
pozğun hərəkətlərdə ittiham edərək həbsə
atmışdılar. İki illik məhkumluqdan sonra həbsxana
həyatının sonuncu aylarında Uayld “Zindan etirafnaməsi”
adlı başqa bir məşhur əsərini
yazmışdı. Həbsxanadan çıxandan sonra Londonda
qala bilməmiş, Parisə köçmüş və elə
orda da vəfat etmişdi. Uayldın məzarı məşhur
Per Laşez qəbiristanlığındadı.
Parlaq Oskar... Özünü
məhv edən Oskar... Şöhrətin zirvəsindən məhbəs
divarları arasına düşən Oskar... O, həyata bəsit
nəsnə kimi baxıb fantaziyaları ilə onu gözəlləşdirməyə
çalışırkən, həyat onunla ən dəhşətli
dramını oynadı. Uayldın həyata zəfər
çalmağına fantaziyası çatmadı. Əslində
o, elədiklərinə görə yox, eləyə bilmədiklərinə
görə uduzdu. Çox illər sonra, lap bizim günlərdə
Londondakı evinin divarına onun şəkli olan barelyef
vurdular. Adını yazmadılar. Ancaq bu söz yazıldı:
ZƏKA.
Sənət və gerçəklik.
Sənət və əxlaq – əbədiyaşar mövzu. Həyat
adlı material... Və biz – bu qalereyanın portretləri: kimi
gənc, gözəl, kimi eybəcər. Bizə elə gəlir
ki, keçmiş arxada qalır. Qalmır, vallah. Hər zaman
bizimlə yanaşı addımlayır keçmişimiz.
Vaxtilə elədiyimiz günahların cavabını verməli
oluruq. Lap övladlarımızın taleyində.
Hamımız “Dorian Qrey” sindromundan əziyyət çəkirik.
... Əslində adi, banal əhvalatdı.
Günlərin bir günü əyalətdən gəlmiş
saf, məsum gənc böyük şəhəri fəth etmək
istəyir. Böyük şəhərin parlaq
işıqları gözlərini qamaşdırır. O qərarlıdı.
Bu işıqlar onun yeni obrazına xidmət edəcək. Ona
xor baxanlar ona təzim edəcək. Nəyin bahasına olursa,
olsun. Qorxulu olan da budur – nəyin bahasına olursa, olsun...
Ətrafda lordhenrilər cövlan edir. Hətta ledihenriettalar da şeytani rəqslərini oynamaqdadırlar. Onlar bir vaxtlar bu gəncə xor baxırdılar. Amma indi o dəyişib, onun şöhrəti var, o daha əyalətdən gələn heç kimin bəyənmədiyi gənc deyil. Ətrafdakılar onun qanını sorub yerinə şeytan möhtəviyyatı doldururlar. İflas başlayır – ruhun hakimi artıq İblisdi. Amma artıq o, qorxu hissini də, başqa hissləri də itirib. Ən dəhşətlisi haqq-ədalət hissini itirib. Zövq yox, həzz var. Gözəllik yox, şəhvət var. Düzlük yox, tüstünü düz çıxarmaq cəhdləri var. Bir vaxtlar həyat dolu, sevgi dolu gözlər artıq heç nə ifadə eləmir, boş və anlamsız baxışlarla baxır. Danışdığı hər sözün yalan olduğunu bilsə də, yenə deyir, deyir. Utanc hissi də qalmayıb. Hərdən bu sərməstlikdən ayılmaq istəyi gəlir, ancaq ağırlığına dözə bilmir. Öz içində boğulur... Amma gizli otaqda bir portret var. Gizli otaqdakı portretin varlığından xəbərdar olan da var – örtüyü qaldırmağa qüdrəti olan... Qalır bıçağı sancmaq...
İradə TUNCAY
525-ci qəzet.- 2010.- 17 aprel.- S.15.