Rəngsiz kinonun qəhrəmanları
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar
şəhərindən biridir
“Ruhlar şəhəri” – 8
Yusiflə qətiləşdirmişdik
ki, sənədlərimizi jurnalistikaya, bəd ayaqda filologiya
fakültəsinə verək. Evdəkilərin “yurfak”,
heç olmasa “narxoz” tələblərinə qarşı
jurnalist olmaq arzusuyla çıxmağım çox ciddi və
sərt olan atama üsyan etmək kimi də başa
düşülə bilər. Sonra atamla müqayisədə
İntibah dövrünün humanistlərini xatırladan
atası Məmməd əminin tələbinə “boyun əyərək”
sənədlərini könülsüz “narxoza” verib və
coğrafiyadan aldığı “2”nin sevincini boynuma
sarılmaqla bölüşən Yusifin qarşımda sanki
günahını yuyurmuş kimi bəxtəvərçiliyi
o qədər də ürəyimcə deyildi. Məni indi onun
hansı institutda oxumağı yox, Bakıda
qalıb-qalmamağı maraqlandırırdı. Bu vəziyyətdə
biz ayrılacaqdıq. O, Ağdama qayıdacaqdı.
Düzdür o, Bakıya da qayıtdı, jurnalistikaya da girdi,
amma bir il sonra, mən artıq əsgərlikdə olanda. Bunlar
sonra olacaqdı...
Jurnalistikaya iki il staj tələb
olunduğundan atası şəhər kinoteatrının
direktoru Fazil Qasımovdan – “kino Fazil”dən xahiş eləmişdi
ki, adını işə yazdırsın. Yusif də məktəbdə
oxuya-oxuya kinomexanik olub axşamlar kino göstərməyə
başladı ki, bununla da bizim ağdamlı uşaqlıq
dövrümüzün yeni səhifəsi açıldı.
Artıq kitablarla yanaşı kino da həyatımızın
bir parçası olmuşdu. Ümumiyyətlə,
Ağdamın bir neçə nəsil gəncliyinin yetişməsində
adı “Dostluq” olan bu kinoteatr, onun direktoru Fazil müəllimin
müstəsna xidmətləri var. Hər iki başından məni
tutduğu üçün bu rolun müsbət, yaxud mənfi
tərəflərini təhlil etmək mənə düşməz.
Sovet əyalətlərində
“gənc nəslin formalaşmasında”, həmçinin ictimai
dünyagörüşün inkişafında azsaylı vasitələrdən
birinin də kinoteatr olduğu fikrini qəbul eləsək,
Ağdamdakı kino mühitinin qonşu rayonlar, hətta
dağ şəhərləri, qəsəbə və kəndlərlə
müqayisədə xeyli mühafizəkar olduğunu qeyd etməsəm,
tam təsəvvür yarada bilməyəcəyimdən
ehtiyatlanıram. Bircə onu deyim ki, günorta saatlarında məktəblilər
üçün ayrılan seanslardan başqa mən burada
heç vaxt qadın tamaşaçıya rast gəlmədim.
Əlbəttə, göz xəstəxanasının
yanındakı hərbi hissəyə yenicə gələn gənc
və naşı zabitin arvadını qoltuğuna vurub,
Moskvanın Arbatında gəzirmiş kimi Məşədi
Abbas küçəsiylə üzüaşağı bəxtəvər-bəxtəvər
kinoya ilk və son gəlişini nəzərə almıram.
Zalın yeganə zənən xeylağı kimi ehtiras dolu gənclərin
kollektiv ac baxışlarının obyektinə çevrilmək,
hətta rus qadınlarını belə sıxırdı,
yanılmıramsa.
Amma bu o demək deyildi ki,
şəhərin qadınları kinoya baxmırdılar.
Baxırdılar, özü də kişilərdən daha həvəslə.
Bunun üçün evin kişisinə sifariş vermək bəs
edirdi. Məhəllənin bütün kişilərinin fikri
yekdil olsun deyə qadınlar sözü bir yerə qoyub
arzularını eyni vaxtda onlara bildirirdilər. Razılıq
veriləndə, əgər növbə böyük deyilsə,
həmin gün, yox, növbə varsa, bir-iki günə kino gəlirdi.
Bəzən bir neçə məhəllədə eyni film
göstərirdilər. Velosipedli kinoçular yarım saat fərqlə
başlayan filmin yumru dəmir kasetlərini bir məhəllədən
digərinə vaxtında çatdırırdılar. Məhəllə
kinoları böyük bir proses idi. Tədbirə erkəndən
hazırlıq gedirdi. Tum satanlar səhərdən öz
ehtiyatlarını tuturdu. Ənənəvi “ekran” ya
ağardılır, ya da kimsə ağ döşəküzü
gətirəcəyinə söz verirdi. Qadınların kimi
samovar qaynadır, kimi şirniyyat bişirirdi. Meyvəsi olan
meyvə yuyurdu. Axşam da hərə öz
taburetkasını götürüb, ekran başına gəlirdi.
Şəhərin kişi
tamaşaçıları ilə qadın seyrçiləri
arasında fərq vardı. Birincisi, tamaşaçısı
yalnız özlərindən ibarət olan kişilər filmin
ayrı-ayrı nüanslarına, məsələn, bir az
çılpaq qız görəndə “bu nədi, əəə...”,
yaxud yaramaz qəhrəman növbəti naqis iş tutanda “ay
oğraşşşş” sayaq reaksiyalarla kifayətlənirdilərsə,
məhəllə seanslarında arvad-uşaq səsindən
kino deyəni qulaq eşitmirdi. İkincisi, xüsusilə
maraqlı yerində film kəsiləndə, kişilərin
bağırtısı kinoteatrın damındakı
quşları perik salırdı, amma qadınlar bu cür fasilələrdə
daha dözümlü olurdular; ya filmin bura qədərki hissəsinin
müzakirəsinə başlayır, ya da səhərdən
qalan söhbətlərini davam etdirirdilər.
Hind filmləri Azərbaycana
ayaq basıb, Bakıda nəfəs dərməmiş Fazil
müəllimin sehrli çubuğuyla Ağdamda peyda olurdu – mətn
tərcümə olunan kimi, səsləndirilməsinə aman
verilmədən Ağdama çatdırılırdı. ...
Arıq, balacaboy kişiydi Fazil müəllim. Əsəbi və
söyüşcül olmasına baxma, hamının ona
hörmət vardı. Haqqında o qədər rəvayət
və lətifələr var ki, oğul lazımdı bir kitab
bağlaya. 1960-70-ci illərin məşhur sevgi
yazıçısı Əlfi Qasımovun
qardaşıydı. Tək rayon yox, yeri gəlsə, ölkə
miqyasında işini keçirə bilirdi... “Dublyaj” işinə
məşhur aktyor Tofiq Qarayev və teatrdan başqaları dəvət
edilirdi. Onlar yuxarı, kinomexaniklərin yanına qalxıb əllərindəki
mətni oxuyurdular. Hind filmi ola, itoynadan Tofiq ola. Heç hind
filminə Ağdam ləhcəsində baxmısanmı? Məsələn,
“Qabbar Sinq, bu qolları sən kəsdin, amma mən səni bu əyaxlarla
öldürəjəm”. Fazil müəllim yerində olmayanda
aktyorların istedadı pik zirvəyə çatırdı,
elə bilirdin ki, filmdəkilər Hindistanda yox, məsələn,
məscidin dalındakı məşhur Bombey məhəlləsində
baş verir.
Budur, filmin ən həyəcanlı
yeridi, səssiz kadrlar qorxunc hadisənin olacağından xəbər
verir. Zal donub. Hamının nəfəsi içindədi.
Milçək uçsa eşidərdin, amma o uçmurdu, ona
görə ki, sadəcə, yoxuydu. Fazil müəllim
qorxusundan nəinki qapıdan “yoxlama”, bacadan quş, heç pəncərədən
milçək də girə bilməzdi. Odur ki, zalda qəbir
sükutu vardı. Tək-tək yerlərdən qorxa-qorxa
burulan papiros tüstüsü yeganə həyat nişanəsiydi.
Yox, az qala unutmuşdum. Əsl həyat nişanəsi bu
deyildi, zalın qara dərinliyinə bir səs hakimiydi. İlk
diqqət anında qulaqiçi xışıltıya oxşayırdı.
Diqqəti cəmləyəndə çoxsəsli “xor”u
tanıyırdın. Çırt, çırt,
çırt.... Bu, afişanın altında Bəndinin
satdığı tumun zalda eyni vaxtda
çıxardığı yüzlərlə
çırtıltı səsiydi.
Yeri gəlmişkən, Bəndi
və onun əzəli rəqibi Nejidən də deyim, sonra
kinomuza davam edərik. Ağdamın bu iki məşhur
“semiçka”satanını ölkəmizdə bazar
iqtisadiyyatının ilk qaranquşlarından hesab etmək
olar. Demək, bu iki qardaş uzunmüddətli ərazi
davasından sonra sərhədlərini müəyyənləşdirib
sülh bağlamışdılar və bu müqaviləyə
çox vaxt kişi kimi əməl edirdilər. “Dostluq”un
arxası, yəni Zeynalın çayxanası olan ərazi
Nejinin, qabaq tərəfi isə Bəndinin nüfuz dairəsindəydi.
Dəfələrlə qan-su axıdandan sonra sərhədin
müqəddəsliyini başa düşüb onu qoruyurdular.
“Kaş biz də sərhədlərimizi elə Nejilə Bəndi
kimi qoruyaydıq”. Kinoteatrın arxasındakı bulvarın
müdiri olmuş Surxay Əlibəyli deyir bunu.
Məktəbdə kinoya
biletləri nəğmə müəllimi Seyid Sabir
satırdı (Gənc müğənni Azər Qasımovun
babasıdı.). Onun səsi kimi şirin
danışığı da vardı. Ən duzsuz filmləri
elə anons edirdi ki, deyirdin bəs, söhbət bazarın girəcəyində
Vaqifin satdığı şirin və qazlı sudan, yaxud
Elxanın “Dostluq”un qabağındakı budkasındakı
vafli stəkandakı ağ-çəhrayı “süzmə”
dondurmadan gedir – tamahlanırdın. Bərkgedən filmlərisə
heç televiziyadakı qəşəng qız – Həmidə
Ömərova da onun kimi tərifləyə bilməzdi. Sabir
müəllim Ayaz Salayev sayaq film haqda qəliz
danışmırdı, elə deyirdi ki, hamımız
başa düşürdük, ömründə kinoya getməyən
qızlar da yerində qurcalanırdı: “Bobbi! Kino yox ey,
şokoladdı, “Qaraqum” şokoladı. Ağlamalı,
gülməli, sevməli, sevilməli, əsl həyat dərsidir.
Bütün dünya həsrətdir bu kinoya. Bakıda cəmi
bir həftə göstəriblər, birinci Ağdama gəlib.
Üçüncü gün saat 3-də hamı “Dostluq”a gəlsin.
Qiyməti də cəmi 40 qəpik”. Kinoya gedənləri
sayırdı. Tərəddüd edənlər
üçün əlavə bir neçə söz deyəndən
sonra sinfin əksəriyyəti gedəsi olurdu. Biletləri
satıb pulunu yığmaq üçün “sinifkom”
Şahruna verir, sonra da ehtiramla müəllimə təşəkkür
edib çıxırdı. Allah rəhmət eləsin, əsl
seyidlərdə olan nurdan onunda da sifətinə
düşmüşdü.
Şəhərin əsasən
gənc və orta nəsildən ibarət sabit kino əhli
vardı. Fransız filmlərinə də elə hind filmlərinə
baxanlar gəlirdi. Kolxoz sədrləri, idarə rəisləri,
zavod direktorları, bazarkom, restoran və “zapravka” işlədənlər,
iri mağaza müdirləri, bir sözlə, şəhər
ictimaiyyətinin üst qatı belə filmlərə, məsələn,
Kislovodskda, Soçidə, Truskovetsdə və başqa bu sayaq
yerlərdə baxdığından “Dostluq”a gəlmirdilər.
Kinoya “aradabir gələnlər” kateqoriyasında bu
yazılarda adına bir də rast gələcəyin,
çoxtərəfli istedad sahibi, “Makan” ayamalı
dayıoğlu Vaqif də vardı. Toyların klarnet kralı
olmaqla yanaşı gözəl çikanka ustası kimi də
ad çıxarmışdı. Deyilənə görə,
onun əsərlərini alan Stepanakert erməniləri sonra
Yerevanda bahasına satırmışlar. Çəkməçi
kimi də bütün çəkməçilərdən fərqlənirdi.
Universitetə girəndə mənə tikdiyi ayaqqabını
son kursacan birnəfəsə geyindim, dağılmadı. Bax,
həmin Vaqif yalnız fransız, bir də hərdən
göstərilən italyan filmlərinə baxmağa gəlirdi.
Bilirsən niyə? Ona görə ki, yalnız bu filmlərdə
Avropanın son dəb ayaqqabılarına rast gəlmək
olurdu. Bir dəfə görməklə səhər həmin
çəkmə hazır idi. Dükanlardakı onsuz da öz
qiymətindən xeyli baha olan ayaqqabılardan bir neçə
dəfə baha qiymətə pullu müştərilərə
təklif edirdi. Az çəkmə tikirdi, amma
gördüyü işin söhbəti tikdiyi ayaqqabı kimi
bütün şəhəri gəzirdi: “Belmandonun əyəqqavısınnandı,
Makana tikdirmişəm”.
Bax belə, dostum oxucu!
İndi baxdığın mənim ağdamlı günlərimin
ağ-qara retro filmiydi. Gülürsən, xoşuna gəldi
deyəsən! Amma sonra Fələk başqa film çəkdi
burda. Heç birrəngli film görmüsənmi? Bax, bu filmin
bir rəngi var, özü də şəffaf rəngində.
Onun qəhrəmanları da görünmür, şəffafdırlar,
ruh kimi...
İncimə, dostum oxucu, onu
sənə göstərməyəcəm, çox qorxuludur!
Özüm tək baxacam!
Özüm tək baxıram
elə, hər gecə...
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 17 aprel.- S.9.