Ana dili, yaxud qürbətdə
insana söz vətən olur...
Ana dilimiz dünyaya qədəm basdığımız zaman ilk eşitdiyimiz, beşiyimizin başında oxunan ana laylasıdı, şirin, əziz, doğma olan və bizim bir insan kimi formalaşmamıza, cəmiyyətə, dünyaya alışmamıza zəmin yaradan güclü bir bağdır. Milli kimliyimizi müəyyənləşdirən ilk bağ! Bu seçim Allahdan gəldiyindən hər cür dindən və təriqətdən üstündür. Dil hər bir xalqın zəngin mənəvi sərvətidir, onun tarixinə, mədəniyyətinə aparan yoldur. İnsan topluluğunu xalqa, millətə çevirən ən vacib ünsürlərdən biridir dil. İnsanın doğuluşundan ölümünə qədər – ana laylasından ağıya qədər onu bütün həyatı boyu müşayiət edən Ana dili, Anamızın dilidir. Ana dili doğulduğu, böyüdüyü torpaqlardan uzaq diyarlarda ömür sürənlər üçün yaralı mövzudur. Gündəlik həyatda onu əhatə edən insanlarla ona yad olan bir dildə ünsiyyət qurmağa çalışınca, bal kimi şirin ana dilini eşitməyə qəribsədikcə, qəlbində yığılıb həmsöhbət axtaran fikirlərini, sözlərini öz dilində bölüşməyə adam tapmayınca, qulaqlarında, könül dünyasında yeri doldurulmaz bir boşluq yaranınca ana dilinin dəyərini daha çox dərk edir insan. Bunu öz təcrübəmdən yaxşı bilirəm...
“...Gedərsən, məchula yol gedər gedən,
Qürbət, bir açılmaz sirdən başlayar.
Burnunun ucunu göynədən vətən
Yadına düşdüyü yerdən başlayar.
Gedərsən, vətənin qalar vətəndə,
İçinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar...”
Vətəndə yaşayanlar bunu bəlkə də bir o qədər hiss etmirlər. Etsəydilər, hazırda Bakıda addımbaşı hər yerdə rus dilində danışılmazdı. O qaranlıq sovet illərində, Bakının “beynəlmiləl” şəhər adlandırıldığı dönəmlərdə buna bəlkə də haqq qazandırmaq olardı. Bəs müstəqillik dövründə də bu pis ənənənin davam etdiyinə, ya da etdirildiyinə nə ad vermək olar? Ən gülməlisi isə rus dilində elementar savadı olmayan adamların belə, yarıazərbaycan-yarırus dilində cümlələr quraraq danışmalarıdır. Atalar demişkən, dad yarımçıq əlindən. Ya tam ana dilində danışın, ya da tam rus dilində. Məni ən çox təəccübləndirən isə Bakıda mağazalarda ana dilində verdiyim suala azərbaycanlı satıcıların rusca cavab vermələridir. Mən bilərəkdən Azərbaycan türkcəsində danışmağa davam edəndə isə məni başdan ayağa qədər kinayəli bir şəkildə süzərək “dəvə nalbəndə baxan kimi baxırlar”. Bu baxışların arxasında duran fikri oxumaq üçün psixoloq olmaq lazım deyil. Mənim rus dilini bilmədiyimi düşünürlər sözsüz ki. Dəfələrlə o anda “təkcə rus dilində yox, istəsəniz, ingilis və ya fin dilində də danışa bilərik” deməkdən özümü güclə saxlamışam. Amma qarşındakının “Əli aşından da, Vəli aşından da” olduğunu bilə-bilə bunları deməyin mənasız olduğunu bilib susmuşam. Əlbəttə, mən çox dil bilməyin tərəfdarıyam. Volterin dediyi kimi, “çox dil bilmək eyni qıfıla çoxlu sayda açarın olmaq deməkdir”. İnsan müxtəlif xalqların dillərini mənimsədikcə onların mədəni irsi, tarixi, ədəbiyyatı, adət-ənənəsi ilə tərcümədən yox, birbaşa orijinal mənbələrdən tanış olaraq öz bilik üfüqlərini genişləndirmək imkanı əldə edir. Lakin öz məmləkətində öz millətinin insanları ilə başqa dildə danışılması ancaq acı təəssüf doğurur. Yalnız mənsub olduğu millətin keçdiyi şərəfli yoldan xəbərsiz olanlar öz dilinə və mədəniyyətinə qarşı bu qədər laqeydlik göstərərək onu, bunu yamsılamaqla baş girləyərlər.
TARİXİ SÜSLƏMƏYƏ
DƏYMƏZ, O, BİZSİZ DƏ SÜSLƏNMƏYİ
SEVİR
Biz böyük bir millətin – mübarək TÜRK millətinin övladlarıyıq. Bu millət əsrlər boyunca uscuz-bucaqsız torpaqlara hökmranlıq edərək neçə-neçə millətin və xalqın etnik soy-kökündə, mədəniyyətində, tarixində silinməz izlər buraxmışdır. Belə xalqlardan biri də indi bir çoxlarının kor-koranə dillərini yamsıladıqları ruslardır. Milliyyətcə kumık türkü olan tarixçi və tədqiqatçı Murad Acı “Polın polovetskoqo polya”(“Polovets çölünün yovşanı”) əsərində rusların soy-kökü ilə bağlı tarixin qaranlıq səhifələrinə işıq salmağa cəhd edir. Onun fikirlərinə görə Rus xalqının bu ada hansı şəkildə sahib olduğunun özü müəmmalıdır. Çünki rusların ilk qədim dövlətləri kimi bəyan etdikləri Kiyev dövlətinin Skandinaviyadan gələn varyaqlar tərəfindən qurulduğu bilinməkdədir. Varyaqlar özlərini ruslar adlandırırdılar. Tanınmış rus tarıxçisi V.O.Klyuçevski qeyd edirdi ki,”ilk rus insanlarının-varyaqların adları skandinav mənşəlidir”. Lakin tarixi mənbələr sonralar saxtalaşdırılaraq Helqa-Olqa, İnqvar-İqor, Valdemar-Vladimir və s. adlandırılmışdır. Slavyanlar, başqa adı ilə desək venedlər, Kiyevdə hakimiyyətdə olmamışlar. Finlər əsrlərdən bəridir Rusiyanı Venəyə, İsveçi isə Ruotsi adlandırırlar. Murad Acı slavyanların adı ilə bağlı maraqlı bir tezis irəli sürür. Onun fikrincə, slavyan (qədim adı ilə slavinlər) rus dilindəki “slovlennıy” yəni “tutulmuş, ələ keçirilmiş” sözündən yaranmışdır. Qədim Kiyev dövlətinin və Bizans imperatorluğunun qonşuluğunda tarixi mənbələrin inadla gizlədikləri, ərəblərin “Dəşt-i-Qıpçaq”, avropalıların isə “Velikaya step- Böyük çöl” adlandırdıqları nəhəng bir türk dövləti yerləşirdi. Bu, qıpçaq türklərinin məmləkəti idi. Yunanların hun adlandırdıqları qıpçaq türkləri əfsanəvi sərkərdə Attilanın başçılığı altında slavyanların yaşadıqları torpaqlara sahib olmuş və bütün Avrasiya qitəsinə türkün imzasını həkk etmişdilər. Onların əsir aldıqları venedlər sonradan slovlennıy, slavyan adlanmağa başladılar. “Slaven” alman mənşəli dillərdə “qul, kölə” deməkdir. İngilis dilindəki “slave”(qul) da bu sözdən törəmədir. Venedlər (slavyanlar) türkləri “polovtsı” adlandırırdılar. İngilis tarixçisi C.Fletçerə görə, “po” qədim zamanlarda “xalq” demək idi. Deməli, slavyanların dilində türklər –”po”- “lovets”, yəni ovlayan, ələ keçirən xalq idi. Slavyanlar türklərin hakimiyyətinə tabe olan bir xalq olmuşlar. Bu yerdə Əli bəy Hüseynzadənin sözləri yada düşür: “Türklər ya ölər, ya hicrət edərlər, fəqət qul olmazlar”. Tarix boyu türklər başqa xalqlara hökm edərək onları idarə etmişlər, o cümlədən slavyanları. Belə çıxır ki, slavyanlar heç də tarix kitablarında bizə tədris edildiyi kimi öz dövləti, şanlı tarixi olan bir xalq yox, qənimət kimi ələ keçirilib vassal vəziyyətində yaşamağa məcbur olan xalq olmuşdur. Bir fikirləşin, rusların qürurla ədəbiyyatlarının başlanğıc nöqtəsi kimi göstərdikləri “İqor polku haqqında dastan” əslində rusların düşündüyü kimi bir qəhrəmanlıq dastanı deyil, rus knyazı İqorun polovetslərə, yəni türklərə məğlub olaraq əsir düşməsindən bəhs edən bir dastandır. Hələ mən o dastandakı türkizmlərdən söz açmıram. Onu demək yerinə düşər ki, sovet dövründən fərqli olaraq son vaxtlarda bir çox vicdanlı tarixçilər Rusiyanın bir dövlət kimi mövcud olmasında türklərin önəmli bir yerə sahib olduqlarını etiraf edirlər. Buna misal olaraq Vadim Kojinovun bir çox məqalələrindəki tezislərini göstərmək olar...
Slavyan tarixi və mədəniyyəti üzrə mütəxəssis olan R.Payps “Rossiya pri starom rejime” kitabında qeyd edir ki, “VII-IX əsrlərdə əsasən meşə zolaqlarında məskən salan şərqi slavyanlar tayfa şəklində yaşayaraq primitiv həyat tərzi sürürdülər. Bu mərhələdə onlarda dövlətçiliyin ən adi rudimentar formasını təcəssüm etdirən institutlar, məhkəmə və ya hərbi finksiya daşıya biləcək məmurlar yox idi”. Şərqi slavyanların qədim dövlətləri hesab etdikləri Kiyevin adı da maraq doğurur. M.Acıya görə bu ad “kıyı” sözündən götürülüb və türkcədən tərcümədə sahil, sərhəd mənasını verir. Bu şəhər V əsrdən etibarən çay kənarında yerləşərək sərhəd, gömrük funksiyasını yerinə yetirirdi. O, türklərin məmləkətinə – Dəşt-i-Qıpçağa açılan şimal qapısı idi. Qərbdə Dəşt-i-Qıpçaq İngiltərədən başlanır, Alp dağlarını(Avropanın ən hündür dağları türkcə Alp adını almışdır), Dunay çayı sahillərini əhatə edərək minlərlə kilometrlərlə şərqə- Altay çöllərinə uzanırdı.
Məşhur qazax şairi, tədqiqatçısı və diplomatı Oljas Süleymanov “AZiYA” əsərində yazır ki, “Yeniseydə tapılan daş abidədə həkk olunan Soyun-Çura xaqanın(VIII əsr) hökmranlığı xronikasında IV sətr belə başlanır “turk kıpçak eliq yıl olupmıs” – qıpçaq türkləri 50 il olmuşlar (yaşamışlar) (Orhun çayı sahillərində)”. Elə Oljas Süleymanova göre, Kiyev də adını iki ev türk söz birləşməsindən almışdır. XI əsrdə yaşamış tarixçi Mahmud Qaşqarlının lüğətində deyilir: “Qıpçaqlar öz torpaqlarını qərbdə Rus və Ruma (Bizans) qədər genişləndirmişdilər”. Qıpçaqların İrtış çayından Qara dənizə qədər uzanan ucu-bucağı görünməyən bir məmləkətə sahib olmaları təsadüfi deyildi. Altayda yaşayan türklər hazırda da dünya ölkələrində tətbiq olunan dəmirin xüsusi əridilməsi texnologiyasına sahib idilər. Onlar dəmiri böyük çənlərdə əritməklə çuqun və polad əldə edirdilər. Çuqun və bulat(polad) sözləri də türk sözləridir. Dəmir silahlarla silahlanaraq dəmir zirehli geyim geyinən atlı türk ordularının qarşısında bürünc silahlarla silahlanmış piyada Avropa orduları diz çökməyə bilməzdi. Lakin nə yazıq ki, əsrlər boyunca qədim dünyanın ən qüdrətli dövlətlərindən biri olan Dəşt-i-Qıpçaq məqsədyönlü şəkildə tarixi mənbələrdən silinmişdir. Türklərin fəth etdikləri Avropa, Rusiya öz zəifliklərini onlara bağışlaya bilərdilərmi? Təbii ki, yox. Ona görə bu böyük dövlətin varlığı tarixi mənbələrdən silinərək türklər köçəri, varvar tayfalar kimi dünyaya təqdim edilmişlər. Ancaq günəşi palçıqla suvamaq mümkün deyil. Bu, unudulmağa məhkum edilən sirli məmləkət danimarkalı alim Vilhelm Tomsenin sayəsində öz ikinci doğuluşunu yaşadı. Bu tarixi hadisə 15 dekabr 1893-cü ilə təsadüf edir.V.Tomsen Altay çöllərində kəşf etdiyi qədim daş abidələrə qədim türk əlifbası ilə həkk edilən mətnləri deşifrə edərək oxumağa nail oldu.
Beləcə daş abidələr sanki dil açaraq II əsrdə Altaydan Avropaya köç etməklə tarixdə xalqların böyük köç prosesini başladan qədim türklərin səsini XIX əsrdə dünyaya duyurdu. Onun qarşısına çıxan ilk iki söz “Tanrı”və “Türk” kəlmələri idi. Elə bu sözlərdən də göründüyü kimi Tanrı Türkü sevir. Kimə aid olduğu bilinməyən abidələrin mənsubiyyəti Tanrı lütfü və Tomsenin çalışmaları ilə on iki əsrdən sonra gün işığına çıxarıldı. Müdrik Bilgə xaqan əsrlərin dərinliklərindən bütün türk xalqlarına səsləndi: “Göydən gələn ....xaqan, indi mənim xaqanlığım başladı. Məndən sonra gələnlər, qohumlarım, gənclər, qonşu tayfalar və xalqlar – sözümü dinləyin. Mavi göyün və torpağın meydana gəlişindən sonra insan oğulları yaradıldı.
Onları əcdadlarım Bumın xaqan və İstemi xaqan idarə edirdilər. Onlar tayfaları bir yerə topladılar, beləcə türk xalqı yarandı. Dünyanın 4 TƏRƏFİ DƏ BİZƏ DÜŞMƏN İDİ. Lakin onlar dünyanın 4 tərəfində yaşayan xalqlara hakim olaraq onları sülhə, başı olanları baş əyməyə, dizi olanları diz çökməyə məcbur etdilər. Kiçik qardaşım Gül-Tegin vəfat etdi, mənim isə görən gözlərim sanki tutuldu, şüurum sanki söndü. Bizim həyatımızı səma müəyyən edir, insan oğulları getmək üçün doğulmuşlar”.
Bu mətn qədim
türk əlifbasında yazılmışdır. Əlifbanın yaranması
prosesi isə 1 illik, 10 illik proses deyil. Bunun üçün əsrlər
tələb olunur. Ona qədər xalqın min illər boyu
formalaşan şifahi dil mədəniyyəti yaranır. Bu
kiçik mətn əslində nə qədər
böyük bir tarixi gizlədir özündə. Bilgə
xaqan əcdadları olan xaqanların dünyanın 4 tərəfində
yaşayan xalqlara hakim olduqlarından, onları öz iradələri
önündə baş əydirərək diz
çökdürdüklərindən gələcək nəsilləri
agah edir. Türklərin nə qədər qədim tarixə
malik olduğuna bundan daha tutarlı isbat lazımdırmı Həm
də bu daş kitabələr, bəngü daşları
yazılarkən bu gün dünyaya meydan oxuyan Avropa cəhalət
içində idi...
Orxon-Yenisey abidələri
indiki Monqolustanın ərazisindədir. Lakin türklər bu
torpaqların ilkin sakinləri olmamışlar. Bəs onlar bu
torpaqlara haradan gəlmişlər? Altay bir variantdır. Ancaq
Altay onların əzəli vətənidirmi? Dünyanın ən
qədim dillərindən sayılan şumer dilində onlarla
türkcə söz mövcuddur. O.Süleymanov “Yazık pisma” əsərində,
məşhur türk şumerşünası Osman Tuna isə
bir çox elmi məqalələrində şumer dilində
mövcud olan türk sözlərini geniş təhlil
etmişlər. “Şumer nə mə?” cümləsi şumercədən
tərcümədə “şumer nədir?” deməkdir. Şəxsən
mən özüm kəndimiz Əsrikdə şümer dilindəki
bu “nə mə” söz birləşməsini “nə mənə”
şəklində eşitmişəm. Digər türk dillərində
qazaxcada “nə mənə”, özbəkcədə “nə mənə”
və türkməncədə “nə mən” şəklində
işlənməkdədir. Şumercə “me” bizim türkcədə
mən, osmanlı türkcəsində ben, şumercə “ze”-sən,
“meze”-biz, “zeze”-siz, “u”-on, “uşu”-otuz və s. Bun bənzərliklər
təsadüf ola bilərmi sadəcə?
“ÖZ QÖVMÜMÜZÜN BAŞINA ƏNGƏL-KƏLƏFİZ
BİZ”
VII-XII əsrlərdə Qərbi
Avropanın, Rus dövlətinin tarixində türklərin
oynadığı rol hələ də tarixçilər tərəfindən
layiqli qiymətini almamışdır. İstər
qıpçaq, istərsə oğuz türklərinin keşməkeşli
və şanlı tarixi əsrlər boyunca unudulmağa məhkum
edilmişdir. Nə qədər paradoksal olsa da Avropanı səksəkədə
saxlayan qıpçaq türklərinin hegemonluğuna yenə
elə başqa bir türk gücü son qoymuşdur. Belə
demək mümkünsə, türk güclərinin bir-biri ilə
savaşları onların enişinə, kənar güclərin
– rus və avropalıların yüksəlişinə səbəb
olmuşdur... 1240-cı ildə Batı xan Kiyevi ələ
keçirmiş, daha sonra isə rus tarixinə monqol-tatar
istilası adı ilə daxil olan dövr
başlanmışdır. XIII əsrə qədər tatar
adlı xalq mövcud olmamışdır. XI əsr tarixçisi
Mahmud Qaşqarlı lüğətində tatar
sözünü yadelli, yabançı kimi izah edir.
Çingizxan 1206-cı ildə Mərkəzi Asiyada yaşayan
bütün türkləri keke-monqol (göydən gələn
səadət) adlandırmağı əmr etmişdi. Tarixdə
ən qüdrətli dövlətlərdən biri olan
Qızıl Orda xanlığı Sibirdə Ob çayı
sahillərindən qərbdə Dunay çayına, cənubda
Azərbaycana və Xarəzmə qədər uzanan
böyük bir əraziyə sahib olmuşdur. Avropanın
tanınmış kralları, Roma papaları, Bizans imperatorlari
xan sarayı ilə dostluq əlaqələri qurmağa can
atırdılar.. Nevzat Kösoğlunun “Kürəsəlləşmə
və milli həyat” kitabında yazdığı kimi
“Türk-monqol saraylarında xristiyan rahiplərlə, Hintli
Buddistlər, Bizanslı tüccarlar, Parisli və İtalyan
çini ustaları İranlı astronomlar və
riyaziyatçılarla birliktə toplanıp sohbət edirdilər.
Bütün bu təsirlər Avrupanı, təməli təcrübəyə
dayanan yeni bir zehniyətə sövq edirdi ki, bu da Türk
kültürünün təsiri ilə Avropanın gəlişməsinə
səbəb olurdu”.
Ruslar 200 ildən artıq
monqol türklərinin hökmranlığı altında
yaşamış və heç bir təzyiqə məruz
qalmadan öz mədəniyyətlərini, din və
etiqadlarını qoruyub yaşatmaq imkanına sahib
olmuşlar.Türk mədəniyyəti ruslara o qədər
güclü sirayət etmişdir ki, artıq ruslar əxz edilən
mədəniyyətin özlərinə aid olduğunu zənn
edirlər. Halbuki türklər ruslara vahid mərkəzləşdirilmiş
hakimiyyəti qurmağı öyrətdilər, bu da Rus
imperatorluğunun zəminini hazırladı. Qızıl Orda
xanlığında 100-dən artıq şəhər
mövcud olmuşdur. Rusiyanın Tula, Tümen, Azov, Həştərxan,
Taqanka, Ordınka, Balçuq, Kadasi, Polyanka, Arbat, Dolmaçı
kimi şəhərləri vaxtilə Qızıl Orda
xanlığı zamanı qurulan şəhərlərdir.
Qızıl Ordanın paytaxtı Saray-Verkedə ruslara Krım
və İranla ticarət əlaqələri qurmaq
üçün koloniya yaratmağa icazə verilmişdi. Beləcə
Rusiyada yeni bir sinif-tacirlər meydana gəlmişdir.
Professor R.Payps yazır: “Beləcə,
demək olar ki, hiss etdirmədən Moskva çox sayda monqol
institutlarını qəbul etmişdir. Ruslar təbii ki,
özlərində olmayanları, məs., vergi, gömrük,
rabitə idarələrini, müqaviməti qırma vasitələrini
(türmə, qandal, kabala və s.) rahatlıqla qəbul edirdilər”.
Ruslar türklərdən hərbi əməliyyatların
taktiki gedişlərini, hərbi döyüş
qaydalarını, iqtisadi sahədə bir çox vacib məfhumları
əxz etmişlər. Nümunə üçün, rus dilindəki
“tamojnya” Qızıl Orda xanlığında olan ticarət
vergisindən “tamqa”dan gəlmədir. “Dengi”- pul sözü də
həmçinin rus dilinə sonradan keçmə
sözdür. Türk dilindən rus dilinə keçən
sözlər həddindən artıq çoxdur. Burada
onları bir-bir saysaq uzun bir siyahı alınar. Bunu heç
rusların özləri də gizlətmirlər. Hardasa rus
dilinin otuz faizini türk mənşəli sözlər təşkil
edir. Qızıl Orda xanlığı zamanı ruslar və
xanlığın mötəbər ailələrinin
qızları ilə bağlanan nikahlar Rusiyanın tarixi və
mədəniyyətində əvəzsiz xidmətləri olan
görkəmli şəxsiyyətləri meydana gətirmişdir.
Suvorov, Kutuzov, Derjavin, Saltıkov, Turgenev, Karamzin, Aksakov, Bunin,
Kuprin, Tuxaçevski və Axmatova, daha neçə- neçə
tanınmış şəxsiyyətlərin nəsli
Qızıl Orda xanlığına gedib çatır.
N.A.Baskakov “Russkie familii turkskoqo proisxojdeniya” adlı kitabında
Rusiyanın tarixində əhəmiyyətli xidmətləri
olan tanınmış şəxsiyyətlərin
soyadlarının türk mənşəyini ətraflı
şəkildə tədqiq etmişdir. Misal olaraq: Adaşev –
“adaş”, Aksakov – “axsaq”, Arakçeyev – “araq içən”,
Artsıbaşev – “baş”, Axmatov – Əhməd, Baxmetyev –
Bahmet/Mehmet – Məhəmməd, Beklemişev – “bekleyen”,
“gözləyən”, Berdiyev – “vermək”, Karamzin –
“qarayanız”, Koçubeyev – “kiçik bəy”, Kudaşev –
“qardaş”, Kurakin – “quraq”, “quru”, Kutuzov – “quduz”, Tiliçeyev-
“dilənçi”, Timiryazev – “dəmir”+ Riyaz, Tütçev –
”tütək”, Şarapov – “şərəf”, Şaxmatov –
“şah”+ Əhməd, Şeremetyev – “şir”+ Əhməd,
Buturlin – “budur” və s. Müəllif onlarla rus nəslinin əsasını
türklərin qoyduğunu qeyd edir: zadəgan Yermolovların nəsli
1506-cı ildə Qızıl Ordadan gələn Arslan Mirzə
Ermoladan, knyaz Kurakinlər Bulqak xanın nəslindən olan
Ondrey Kurakdan, Qalitsınlar, Bulqakovlar Bulqak xandan, admiral
Uşakov Redeq xandan, knyaz Çerkaskilər İnal xanın nəslindən,
Tuxaçevskilər İndrisin nəslindən, Kojevnikovlar Mirzə
Kojaydan, Timiryazevlər İbrahim Timiryazev, Puşkin Radşi
xanın nəslindəndir.
Rusluğu ilə fəxr edən
və türklərin rus ədəbiyyatı və mədəniyyətinə
təsir etdiyinə dair fikirlərin hər zaman əleyhinə
çıxan şair Yuri Kuznetsov “Sərsəmlik poeziyanın
əbədi mövzusudur” adlı məruzəsində yazıçı
D.Yazıkovun bu sözlərinə yer verəcəkdi “...Bu nə
dildir ortaya çıxdı başdan-başa
tatarçılıqla doludur, rusca bir kəlmə də
eşitmək mümkün deyil, hansı yazarın əsərinə
əl uzadırsan, içindən türklük
çıxır”. Fikrimcə, bu etiraf həqiqətin ortaya
çıxmasında önəmli bir yerə sahibdir.
“BAR VERƏN AĞACIN KÖKÜ GÖRÜNMƏZ”
Rus xalqının etnosuna, mədəniyyətinə
türk təsiri barədə uzun-uzadı yazmaq olar. Lakin bu,
geniş və fundamental bir tədqiqatın mövzusudur.
Acı həqiqət ondan ibarətdir ki, vahid türk ulusunu parçalayıb
xırda-para xalqlara, etnik qruplara bölməklə tarixdəki
izlərini itirməyə çalışıblar. Avropa və
Rusiya türklərin qüdrəti qarşısında
gücsüz olduqları zamanları unuda bilməzdilər və
unutmadılar da. Belə olmasaydı 200 il öncə Azərbaycan
Rusiya ilə İran arasında bölünməzdi, XX əsrin
əvvəllərində Osmanlı İmperatorluğunu
parçalamaq məqsədilə birləşmiş dövlətlər
ona hücum edib müharibəyə cəlb etməzdilər,
Azərbaycanı Türkiyəyə bağlayan bütün
torpaqlar ermənilərə peşkəş verilməzdi, Azərbaycan
və Orta Asiyada yaşayan türklərin əlifbası zorla
dəyişdirilməz, soyadları
ruslaşdırılmazdı, XX əsrin 60-cı illərində
Qazaxıstanda xam torpaqları məskunlaşdırmaq adı
ilə ruslar kütləvi şəkildə ora
köçürülməklə qazaxların gen fonduna
ağır zərbə vurulmazdı, Azərbaycan türklərini
manqurtlaşdırmaq üçün Bakı “beynəlmiləl”şəhərə
çevrilməzdi, Krım, qaqauz, ahıska türkləri, tərəkəmələr
öz əzəli yurdlarından sürgün edilməzdilər,
Türkiyəni zəiflətmək üçün kürdlərdən
bir alət kimi istifadə olunmaz, saysız-hesabsız təriqətlər
məqsədli şəkildə təşviqləndirilməzdi,
Azərbaycan türk dünyasının strateji qovuşma mərkəzi
olduğundan Ermənistanın əli ilə zəiflədilməyə
çalışılmaz, öz haqq mübarizəsində təklənməzdi
və bu gün Türkiyə absurd və əsilsiz bir erməni
soyqırımı iddialarının hədəfi olmazdı.
Sizcə, nədir bunların səbəbi? Tanınmış
rus filosofu, dinşünası, yazıçısı və
səyyahı Y.P.Blavatskaya “Taynaya doktrina” əsərində
türk xalqlarının əcdadları olan turanlıların
bir zamanlar dünyada mövcud olan, lakin sirli bir şəkildə
qeybə çəkilən Atlantida qitəsinin sakinlərindən-atlantlardan
törəmə irq olduğunu qeyd edir. Atlantların öz
fenomenal və kosmik biliklərini maya xalqına və misirlilərə
ötürdükləri ehtimal olunur. Mayalıların və qədim
misirlilərin dünyanın başqa xalqlarında təsadüf
edilməyən fenomenal inkişafı bununla izah olunur.
N.S.Trubetskoy 1925-ci ildə dərc olunan “O turanskom elemente v
russkoy kulture” adlı məqaləsində yazırdı:
“Şərqi slavyan tayfaları müasir Rusiyanın yalnız
kiçik bir hissəsində məskunlaşmışdılar.
Onlar yalnız Baltik dənizi ilə Qara dənizi birləşdirən
çay hövzələrində yaşayırdılar.
Müasir Rusiyanın yerdə qalan ucsuz-bucaqsız ərazilərində
isə “Turan” tayfaları yaşayırdılar. Bu coğrafi ərazinin
tarixində “turan” tayfaları şərqi slavyanlardan, yəni
ruslardan daha artıq rol oynamışlar. Müasir Rusiyanın
demək olar ki, bütün ərazisinin ilk dəfə vahid
bir dövlət şəklində birləşdirilməsi də
rusların deyil turan-monqolların xidmətidir. Əgər
şərqi slavyanlığın turançılıqla
qovuşması rus tarixinin əsas faktıdırsa, əgər
damarlarında turan qanı axmayan rus tapmaq müşkül məsələdirsə,
onda biz rusların düzgün milli özünüdərki
üçün bizdə turan elementinin mövcud olduğunu qəbul
etməliyik”. Zənnimcə, əlavə şərhə
ehtiyac yoxdur. Bir zamanlar “pantürkçü” damğası elə-belə
vurulmamışdı ki!
Bu yazını yazmaqda məqsədimiz
bəzilərimizin dilində danışmağı
ziyalılıq, yüksək təhsilə, zövqə
sahiblik kimi qiymətləndirdikləri rus xalqının
türk millətinin necə inkarolunmaz təsirinə məruz
qalaraq, bu təsir sayəsində bir xalq kimi
formalaşmasını xatırlatmaq idi. Biz 70 il Sovet rejiminin əsarətində
olmuşuq. Müstəmləkəçi bir dövlətin
dilini müstəmləkə altında olan xalqa qəbul etdirməsi
normal hal olsaydı, onda Hindistanda əhali kütləvi şəkildə
vaxtilə müstəmləkəsi olduğu Böyük
Britaniyanın rəsmi dövlət dili olan ingilis dilində, Mərakeş,
Əlcəzair kimi dövlətlərin xalqları
fransızca, vaxtilə Osmanlı İmperatorluğunun tərkibində
olan bütün cənub-şərqi Avropa dövlətlərinin
xalqları isə osmanlı türkcəsində
danışardı. Hind xalqı nəinki müstəmləkəçiyə
boyun əymədi, hətta öz adət-ənənəsini,
mədəniyyətini ona qəbul etdirdi. Hətta bu gün
hansı hindli ziyalısı ilə elmi söhbət etsən
o, ingilislərlə müqayisədə “bizim türk
padişahları kimi ədalətli padişah olmadı” deyir,
onlar bizim dilimizə, adət-ənənələrimizə hər
zaman diqqətlə yanaşdılar... Hind fəlsəfəsi
Avropa fəlsəfi fikrinin mayasını təşkil etdi,
istiqamətini müəyyən etdi... İbrət
götürüləsi nümunədir bizim üçün.
Sevindirici haldır ki, əsrlər boyu davam edən
düşmənçiliyə və bölücü siyasətə
baxmayaraq türk dünyası getdikcə birləşməyə
və əzəli vəhdətinə doğru gedir. Hər səhər
İctimai Televiziyada Türkiyənin TRT-Avaz kanalı ilə
ortaq telekörpü şəklində canlı olaraq
yayınlanan “Yeni gün” proqramı buna ən gözəl
nümunələrdən biridir. Lakin indi bizə normal bir hadisə
kimi görünən belə layihələrin zəmini uzun
illər öncə, hələ türk kəlməsinin
özü belə yasaq olduğu illərdə
hazırlanmışdır. Bütün həyatını,
karyerasını türkçülük və milliyyətçilik
uğruna sərf edən türk dünyasının Ozanı,
ustad Məmməd İsmayıl Azərbaycan Televiziyasında sədr
olarkən TRT ilə səhər proqramlarının
müştərək hazırlanmasına
başlamışdı. Bundan əlavə, 1983-cü ildə
yazdığı “Savalanda yatan igid” şerində şair
öngörüsüylə:
Kimi gözləyirsən, ay
atam oğlu,
Gözləyib fürsəti
fövtə verərsən,
Gözləyib qoyunu qurda verərsən.
Di yatma, dur gəl.
Ümid qıranların
belini qır gəl.
Min yel atına,
Arazı qınından
çəkib sıyır gəl:
Cənublar, Şimallar bir ola
bəlkə,
Ayrılan mahallar bir ola bəlkə,
Məqsədlər, amallar
bir ola bəlkə!
– deyəndə, 1991-ci ildə
“Türkün sevgisi” şerində:
Tarixə səpilən izi
böyükdür,
Orda da, burda da Türk
oğlu türkdür,
Elə türklüyü də
dünyaya görkdür,-
Görkün
sevgisidir-Türkün sevgisi.
Tanrı dağlarından
enib gəlibdir,
Bozqırda, boz qurda
dönüb gəlibdir,
O yurddan bu yurda dönüb gəlibdir,
Bir yurd sevgisidir,
Türkün sevgisi
Boz qurd sevgisidir,
Türkün sevgisi,
Qorqud sevgisidir , Türkün sevgisi!
– deyəndə, baş redaktoru olduğu ötən əsrin 80-ci illərində nəşr edilən“Gənclik” jurnalında müstəqillik, azadlıq, türkçülük, turançılıq ideyalarını təbliğ edəndə indiki müstəqil Azərbaycanın varlığını, Azərbaycan-Türkiyə birliyini heç xəyala gətirmək belə mümkün deyildi. Amma heç kəsin cəsarət etmədiyi bu addımları atan, buzqıran gəmi dənizdə keçilməz buzları yaya-yara irəlilədiyi kimi bütün əzablara, müqavimətlərə sinə gərən insanlar gərək idi. Çox şükür ki, Məmməd Əmin Rəsulzadələrin, Əli bəy Hüseynzadələrin, İsmayıl Qaspıralıların, Yusif Akçuraların davamçıları bizim günlərdə də vardı. Belə vətənpərvər insanlara bizim həmişə ehtiyacımız olacaqdır. Azərbaycanın çox mühüm geosiyasi məkanda yerləşməsi uzun əsrlər boyunca müxtəlif dövlətlərin iştahını qabartmışdır. Azərbaycan çox işğalçılar görmüş, çox talanıb yağmalanmışdır. Bu acı tarixi tale bu gün də bizi qarabaqara izləməkdədir. Lakin yenə də xalqımız əcdadlarından miras qalan dilini, mədəniyyətini qoruyaraq bu günlərə qədər tarix səhnəsində öz yerini qoruya bilmişdir. Ulu əcdadımızdan bizə qalan əmanəti- saf, şirin azərbaycan türkçəmizi- milli mədəni sərvətimizi qorumaq hamımızın borcudur. Türkçəni rəsmi dövlət dili elan edən Karamanoğlu Mehmet bəyin XIII əsrdə verdiyi fərmanı xatırlamaq yerinə düşər: “Bu gündən sonra divanda, dərgahda və bargahda, məclisdə və meydanda Türkcədən başqa dil işlədilməyəcəkdir”. Bazarda, dükanda deyil, hətta dövlət vəzifələrində mövqe tutanların bir çoxunun öz dilini zorla danışdığını görəndə adamı heyrət bürüyür. Axı o tarixi fərmanın verilməsindən nə az-nə çox, 7 əsr keçir...
Gülzar İSMAYIL
525-ci qəzet.- 2010.- 20 aprel.- S.2.