İsmayıllı xalçalarının
albom-kataloqu hazırlanıb
İsmayıllı rayonunda istehsal olunan xalçaların albom-kataloqu tərtib edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, albom-kataloqun hazırlanıb yayılması, əslində bir neçə zərurətdən irəli gəlib: “Birincisi, İsmayıllı xalçaları barədə Bakı və respublikamızın digər ərazilərində ətraflı bilgilərin verilməsidir ki, verilən sifarişlər artsın. İkincisi və ən əsası isə, bu xalçaların xarici ölkələrdə də daha geniş tanıdılması və ixracının təşkili, beynəlxalq sərgilərə çıxarılmasıdır. Albom-kataloq həm də ermənilərin digər maddi-mədəniyyət nümunələrimiz kimi, Azərbaycan xaçalarını da xarici ölkələrdə öz məhsulları kimi təqdim etməsinin qarşısını almağa kömək edəcək”. Xalçaçılıq sahəsində qədim və zəngin ənənələri olan İsmayıllıda son illər bu sahəyə maraq xeyli artıb. Rayonda fəaliyyət göstərən “Gülüstan” xalça sexində və “Xoşbəxt-X” kiçik müəssisəsində hər il 350-400 kvadratmetr xalça toxunur. “Şirvan”, “Qollu çiçək”, “Pərvan”, “Dağlı çiçəyi”, “Pərvəndi” adlı xalçalar həm Azərbaycan, həm də dünya bazarında yüksək qiymətləndirilir.
SARA
525-ci qəzet.- 2010.- 21 aprel.- S.7.