Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Akop Armenakın sözünü təsdiq etdi:
– Milçək şirəyə gələn kimi harda olsa, həyasız oğlu həyasız, hərlənib, fırlanıb bizi tapacaq. Dilinə içki dəyən kimi ipin ucunu itirib basıb-bağlayacaq. Andranikin ordusunda nə oyunlardən çıxıb, hamısını açıb-danışacaq. Onda sən səsini çıxartma. Guya ki, nə dediyini başa düşmürsən. Bu da bizim meymunumuzdur. Araqdan içirdib, qoltuğuna verib, oynadırıq. Qoy nə qədər qırıldadır, qırıldatsın. İstəyirsən, o gələndə bir bəhanə elə, aradan çıx. Bizdən aralaşanda da qazdan ayıq köpəkoğludur, o dəqiqə şübhələnəcək. Deyəcək, yəqin türk olduğu üçün bizdən qaçır. Bunları deməkdə məqsədim odur ki, bəri başdan işini biləsən. Onun çərənləməsini vecinə almayasan.
Nəcəfin gözləri intiqam hissi ilə alovlandı. Bütün dağlar başına hərləndi. Hirsindən sifəti qaraldı. Andranikin – başımın tükü qədər türk qırmışam – deməsi onun bütün varlığını sarsıtmışdı. Daxilən düşündü ki, bəlkə Köhnə Həsənlini yandırıb, uşaqdan böyüyə adamları qıranların biri elə bu əclaf olub?! Məni ata-ana üzünə həsrət qoyan bu cəlladı nahaq buraxdım. Gərək o kəlməni işlədən kimi dəyənəyimi onun başında sındıraydım.
Nəcəf
tək özü olsaydı, girəvəni əldən verməzdi.
Bu özündən müştəbeh əclafı
parça-parça eləyərdi. Onun qabağını bir
şey kəsdi və öz-özünə: – Yaxşı, Nəcəf,
tutaq ki, bu erməni dığalarının gözü
qabağında açıq-aşkar Andranikin
baş-gözünü əzib o dünyalıq elədin. Özün də bir cana
borclusan. Tutub beş-on il qəzəmətə salarlar. Bəs
Qönçə xala, əmin uşaqları?! Axı,
onların da başı ağrıyar. Başa düş ki,
burada ermənilər ağalıq eləyir. Gəmidə
oturub gəmiçi ilə dalaşmaq olmaz. Ermənilərin
qırmızıpapaqlıları səni qəzəmətə
soxandan sonra haqq-nahaq sübut eləyərlər ki, Nəcəf
bu işdə əmisi arvadı ilə, əmisi
uşaqları ilə əlbir olub. Dağbəyinin
ölümündə onların da əli var. Əmin
uşaqları o tərəfə qalsın, oğlan
xeylağıdırlar. Qönçə xalanı gavurun əlinə
versən, el-obanın töhmət-tənəsindən qurtara
bilmərsən. Eşidib-bilənlərin hamısı deyəcək
ki, Nəcəf çiy iş tutub. Qaşını
qayırdığı yerdə gözünü də vurub
çıxardıb. Bir piyaniska erməninin iki kəlmə səfeh
sözüynən neçə adamı güdaza verib.
Hamı səni daş-qalaq eləyər. Ona görə də
ağlını başına topla. Hövsələni cilovla,
səbrin olsun. Motal yeyən it suya gələyən olar. Andranik
hara hərlənib fırlansa, arağın iyinə buralardan əl
çəkən deyil. Girəvəyə salıb, elə bir
yerdə haqq-hesabını çürüdərsən, nə
dil bilər, nə dodaq.
Nəcəf bütün
bunları daxilən götür-qoy eləyəndən sonra
özünü ələ alıb, Akopun sözünün
qabağında:
– Düzü, Andranik
danışanda fikrim ayrı yerdəydi, – dedi. – Onun nə barədə
danışdığını başa düşə bilmədim.
Bir də ki, öyrənmiş canam. Qoy nə deyir-desin. Həm
də onun dedikləri zarafata oxşayırdı. Zarafatdan niyə
inciyim!.
Nəcəfin sözləri
Armenakla Akopu nigarançılıqdan xilas etdi. Çoban
yoldaşları xeyli yüngülləşdilər. Onlarda
inam yarandı ki, Andranikin köntöy sözlərini Nəcəf
zarafat kimi başa düşürmüş.
Armenak:
– Bundan əvvəlki dağbəyi
fağırın biriydi, – dedi. – Sergeyi deyirəm. Heç kəsin
qəlbinə dəymirdi. Mərdiməzarlıqla da arası
yox idi. Andranikə baxanda, Sergey toya getməliydi. Bu əclaf nə
yollasa onun yerinə su caladı. Kiminsə vasitəsilə
qurdu-qoşdu, Sergeyi çıxardıb bunu onun yerinə
qoydular. Gələndən bəri də bizə gün-dirrik
vermir. İstəyirsən başın salamat olsun, gərək
qoyun-quzudan, yağ-pendirdən verib ağzını yumasan.
Başdan-ayağa qan çanağıdır. Dinsiz-məssəbsiz
oğraş! Keçmişdə nə olub-olub, onu təzədən
közərdib aranı qızışdırmaq, çal
saqqalına yaraşır? Di gəl ki, bu adı batmış
Andranik oturub-durub erməni-müsəlman davasındakı
şücaətindən dəm vurur. Nədi-nədi, o vaxt
Andranikin ordusunda komandir olub. Onu da Allah bilir, komandir olub, yoxsa
adi əsgər. Hər yerdə də fəxrlə
özünü öyür ki, Andraniklə
çiyin-çiyinə vuruşmuşam. Müsəlman kəndlərini
belə yandırdıq, belə qarət elədik,
arvad-uşağı belə qırdıq... Guya ki,
yaxşı iş görüb?! Mən savadsız çoban
olsam da, ona qulaq asanda ölüb yerə girirəm. O Andranikin
törətdikləri yadıma düşəndə, xəcalətimdən
başımı qaldırıb azərbaycanlı
dostlarımın üzünə baxa bilmirəm. Allah lənət
eləsin dağbəyiyə. Hər dəfə gələndə
axmaq-axmaq çərənləyib adamın baş-beynini
aparır.
Akop Armenakın
sözünü kəsdi:
– Səfeh söz-söhbətləri
yığışdır getsin, – dedi. – Andranikə baş
qoşan da elə onun tayıdır. Qoy rədd olsun cəhənnəmə,
qoca həpəndi. Gəlin, öz işimizlə məşğul
olaq. Qoyunların qabağını qaytarın, endirək dərəyə.
Bu gün heyvanları suvarmamışıq. Biz də Dəvə
daşın altındakı bulağın üstündə
bir loxma çörək kəsək. Yəqin Nəcəf də
acdır. Sizi bilmirəm, mən bu gün vaxt tapıb səhər
çörəyimi yeyə bilməmişəm. Acından
ürəyim bulanır.
Yurd yerindən xeyli
yuxarıda, günbatan tərəfdə dikələn boz
qayalar dağların qarına, sazağına tab gətirmirmiş
kimi baş-başa verib bir-birinə qısılıb. Nəcəf
hər dəfə bu boz qayaları görəndə əmisi
Mikayılın dedikləri yadına düşür: –
Oğul, Tağ yurdu, Qanlıca, Üçtəpə...yaylaqları
adından bəlli olduğu kimi qədimdən azərbaycanlıların
olub. Bunlar Zəngəzur torpaqlarıdır. Bu həndəvərdə
yüzlərcə Azərbaycan kəndi var idi. Di gəl ki, erməni
daşnakları müsəlmanların
başısoyuqluğundan istifadə edib elə bir hiylə
işlədiblər ki, qədimdən bizim olan Zəngəzur,
ermənilərin caynağına keçib. Elə həmən
gün göydən daş yağıb. Bu dərdə dağ
da dözməz. Ancaq biz dözürük. Çünki
üzümüz bərkdir. Amma Allah bu
haqsızlığı götürmədi. Göydən
daş yağdırdı. Bax, bizim alaçıqlardan
yuxarıda, günbatan tərəfdə görünən həmin
daşlardır. Gərək o daşlar bizim
başımıza düşəydi. Allahın bəndələrinə
yazığı gəldiyindən, daşları bu dağlara
töküb.
Bütün dağları
başdan-başa gəzəsən, o rəngdə, o görkəmdə
daş tapılmaz. Nəcəf kənddə də bir
adamın ağzından eşitmişdi ki, – ə, adam
insafsız danışmaz. Allah göydən daş
yağdırar. Zəngəzur el-obasının ermənilərin
əlinə keçdiyi gün, bax, o cür daş-qaya
yağıb.
Həmin qayaların
arasından süzülüb gələn gur su baldırqan, əvəlik,
zəyərək kollarının arasından keçib,
özünü göydən yağan daşlara
çırpır, coşur, çiliklənir, sabun kimi
köpüklənir və dərə aşağı axıb
düzənlikdəki gölməçələrə
qovuşur. Günün duran vaxtı çamıra batan
camışlar tənbəl-tənbəl kövşək
vurur və gölməçələrin
qırağındakı bataqlıqlardan çıxmaq bilmirlər.
Boz alaçıqlar cərgələnən yaxın-uzaq
yurdların mal-heyvanı, qoyun-quzu sürüləri bu
gölməçələrdə suvarılır.
Çoban-çoluq günorta fasiləsi gölməçələri
əhatə edən güllü-çiçəkli çəmənliklərdə
dincəlib, gün əyiləndə sürüləri
döşlərə qaldırırdılar.
Armenakın sözündən
sonra onların üçü də bir-birinə qoşulub
sürülərin ağzını həmin dərəyə
tərəf döndərdilər. Qoyunları gölməçələrdə
suvarıb, özləri də günorta çörəyini
yeyib, doyduqdan sonra qoyunların arxasınca yuxarıdakı
qayalardan axıb gələn Şır-Şır bulağa tərəf
dikəldilər. Kənardan baxanda qızmış dəvəni
xatırladan qayanın dibindən sısqa su
çıxır. Buranı qar, yağış tutmur. Dəvənin
qarnının altından çıxan suyun həzin
pıçıltısı adamı heyrətə gətirir.
Bu çeşmənin xəfif, bir qədər də niskilli səsində
torpağın dərin-dərin qatlarındanmı,
başımızın üstündəki intəhasız
göylərdənmi, yer üzünün bir-birinə qənim
kəsilən məxluqatındanmı, incə bir
giley-güzar hiss olunur. Bəlkə bulaq da dil açıb
dünyanın miskin, bədbəxt bəndəsi Nəcəfin
acı taleyini car çəkmək istəyir. Armenakla Akop
Andranikin boşboğazlığından danışıb məzələnsələr
də, Nəcəfin eyni açılmırdı. Onun
fikri-zikri ermənilərin alt-üst etdiyi, ata-anasını,
bacı-qardaşlarını yandırıb külə
döndərdiyi Köhnə Həsənlinin
xarabalıqlarında qalmışdı. Üzü üzlər
görmüş qoca dağbəyinin bayaq – başımın
tükü qədər müsəlman qırmışam – deməsindən
sonra qaysaqlanmaqda olan köhnə yarası təzədən
qanayıb qövr eləmişdi. Ona görə də
çoban yoldaşları deyib-gülsələr də, Nəcəfin
eyni açılmırdı. Onlar Dəvə daşın
dibindən çıxan dupduru bulağın suyundan içib əl-üzlərini
yudular. Çeşmənin ətrafında erməni dilində
yazılmış qəzet qırıntıları, üfunət
saçan sür-sümük, konserv qutuları, boş araq,
çaxır, konyak butılkaları baş alıb gedirdi.
Qarışqalar kolbasa qırıntılarını ora-bura
dartışdırırdılar. Milçək əlindən
tərpənmək olmurdu. Bulaq bəlkə də demək istəyirdi
ki, bir vaxtlar möminlər burada təmiz dəstərxan
açıb, namaz qılıb, üzünü
Tanrının dərgahına tutub Allaha dua eləyirdilər.
Yerə düşən çörəyi – Qurandan qabaq gəlib,
tapdalamaq günahdır- deyib, yerdən götürür, sonra
da kənardakı təmiz daşların üstünə
qoyurdular ki, bu dağların qanadlı sakinlərini yemləyib
savab qazansınlar. Bulağın gözü
murdarlanmırdı, ətrafı tərtəmiz olurdu. Məhəmməd
hümmətinin ayağı bu yerlərdən çəkiləndən,
ermənilər bura qədəm basandan bəri durna
gözlü çeşmənin dəfi
dönmüşdü. Ona görə də Mikayıl
demişkən, göydən daş yağıb. Bu, əfsanədən
çox həqiqət təsiri bağışlayır. Bəlkə
də dibindən su çıxan bu qaya da elə həmin
anlarda Mildən, Muğandan bu dağlara köç eləyənlərin
dəvəsi imiş. O da bu ağır dərdə tab gətirməyib,
daşa dönüb.
Nəcəfin qərq
olduğu üzücü fikirləri çözələnə-çözələnə
çox yerlərə gedib çıxırdı. Əmisi
ona pasiban dursa da, bu ailəyə yad kimi idi. Düzdür,
körpə vaxtı Qönçə xala ona
döşündən süd vermişdi. Həmyaşıd
olan ortancıl oğlunun boğazına şərik eləmişdi.
Ona görə də Qönçə xalanın
haqq-sayını itirmirdi. Əmisi də Nəcini odun-alovun
içindən çıxartmışdı. Bütün
bunlara baxmayaraq, Nəcəf əmi evində yad kimi
davranırdı. Çünki əmisi oğlanları ilə
onun arasında ayrı-seçkilik qoyulurdu. Əmisi molla tutub
böyük oğluna şəriət dərsi öyrətdirmişdi.
Nəci ilə həmyaşıd olan oğlunu da yaxin kənddəki
məktəbdə oxudurdu. Mikayil məktəb, dərs məsələsində
Nəcəfin üstünə gəlmirdi. Mikayılla
Qönçə xala üzdə Nəcəfə can-can deyə-deyə
onu çoban eləmişdilər. Nəcəf getdikcə
anlayıb başa düşürdü ki, onun gələcəyi
puçdur. Odur ki, çomaqdan yapışmaqdan başqa yolu
yoxdu.
Çay-çörək
vaxtı Qönçə xala alaçıqda süfrə
açıb oğlanlarını başına
yığırdı. Nəciyə isə çöldə,
ağılın yanında, alaçığın böyründə
mis qabda pay qoyurdu. Nəci bunu ürəyinə salıb xiffət
eləyirdi. Ancaq özünü o yerə qoymurdu.
Ata-anasını düşünür, gizlicə gözlərinə
dəm verərək xısın-xısın yaş
töküb ürəyini boşaldırdı. Səhər-axşam
onu yetim qoyan ermənilərə qarğıyıb, Andranikin
yeddi arxa dönəninə söyürdü. Daşa
dönmüş dəvənin də, bulağın da, Nəcəfin
də dərdi bir idi. Bulağın suyu da, elə Nəci ilə
daşa dönmüş dəvənin göz yaşlarına
bənzəyirdi. Mikayılın sözü düz
çıxırdı. Elə ona görə də bura
göydən daş yağıb.
Armenak bulağın ətrafındakı
murdarçalıqlara baxıb ikrahla sifətini turşutdu: –
Belə nalayiq işlərin hamısı əclaf dağbəyinin
əməlləridir. Bura ən çox Andranik gəlir.
Naxırçı konyak, kolbasa, konserv tanıyır?!
Andranikin ayağı düşən yerdə ot da bitməz.
Günəş
dağların arxasına çəkilirdi. Daş dəvənin
kölgəsi uzandıqca uzanırdı. Bir tərəfdən
də duman-çən gəlirdi. Çobanlar
yağışa düşməmək üçün
Daş dəvənin altından çıxıb yuxarı
yamaclarda doyunca yeyib, yatışan qoyun-quzunun üzünü
alaçıqlara tərəf döndərdilər. Qoyunlar
örüşdə qarışıq düşsə də,
ağıllara çatanda bir-birindən ayrılıb hərəsi
öz yerinə döndü.
Ana qoyunlar sağıldı,
quzular əmizdirilib yerbəyer edildi. Duman-çən gecənin
qaranlığını getdikcə
qatılaşdırırdı. Qönçə xala
sağılan südü tələm-tələsik
mayalayıb pendir vurandan sonra oğlanları ilə
alaçığa keçdi. Çətənədən
hörülmüş qapını bağlayıb, yerə
xalı-xalça sərdi. Nəcəf yağışdan
qorunmaq üçün ağılın ağzında
haça ağaclardan, kol-kosdan çardaq düzəldib,
üstünə ot döşədiyi darısqal komasına
sığındı. Gözlərini yuman kimi şirin yuxu onu
kəndlərinə apardı. Şad-şalayın Köhnə
Həsənlidəki evlərinin həyətinə daxil oldu.
Sevinclə ata-anasına qovuşan kimi top-tüfəng səsi
eşidildi. Silaha sarılmış ermənilər bir göz
qırpımında kəndi mühasirəyə aldılar.
Bütün evləri tüstü qarışıq alov
bürüdü. Həyətlərdə qan su yerinə
axdı. Nəcəfin anası ağzından can
çıxana qədər – Nəcəf! Nəcəf! Gavur,
balama dəymə! Balama dəymə! – deyə-deyə
qışqırırdı. Nəcəf yuxudan dik
atıldı. Onu qan-tər basmışdı. O, yuxulu gözlərini
ovuşdura-ovuşdura balaca komasından çıxdı. Hava
çiskinləyirdi. Heyvanlar sakit-sakit kövşək vururdu.
İtlər nəmli gecənin dərinliklərindən gələn
hənirtini alıb ara vermədən
hürüşürdülər.
lll
Dağbəyi rayon mərkəzində
işlərini qurtarıb idarə yoldaşları ilə
xudahafizləşəndə, ona Moskvadan gələn bir teleqram
verdilər. Andranik teleqramı oxuyanda onun çal
bığları aşağı sallandı. Alnının
qırışları sıxlaşdı, gözləri
qıyıldı, əhvalı korlandı. Teleqramda qısaca
olaraq yazılmışdı ki, qızınız ağır
xəstədir, təcili gəlin...
Andranik tələsik evə
baş çəkib, Moskvaya getməsinin səbəbini ailə
üzvlərinə qısaca izah edib, vaxtı itirmədən
yol maşınlarının birinə əyləşdi. Və
özünü Yerevan dəmiryol vağzalına
çatdırdı. Moskva qatarına bilet alıb orta
vaqondakı yumşaq kupelərin birində əyləşdi. Tələsik
olduğuna görə özünə yol azuqəsi
götürməmişdi. Odur ki, vaqon-restorana keçib
yüngülvari çörək yeyib, bir-iki qədəh rus
arağı gillətdi. İçkinin təsirindən onun
başı dumanlanmışdı. İndi Andranikin yadına nə
qızı düşürdü, nə də ki, onun xəstəliyi.
Səntirləyə-səntirləyə kupesinə qayıdıb,
bir siqaret tüstülətdi. Kupedə ondan başqa heç
kəs yox idi. Həmsöhbəti olmadığından onu qərəmət
basır, mürgü vurur, başı tez-tez sinəsinə
enib-qalxırdı. Andranik əsnəyə-əsnəyə
yerindən qalxıb kupenin qapısını örtdü və
soyunub yorğanı başına çəkməklə, yuxuya
getməyi bir oldu.
Yerevan-Moskva qatarı
Gürcüstanın ərazisindən keçəndə
yarımstansiyaların birində dayandı. Əllərində
kiçik bayraq olan xüsusi geyimli yol bələdçiləri,
təzə sərnişinlərin biletlərinə
yoxlayıcı nəzər yetirib, yan tərəfdən
içəri buraxırdılar. Andranikin başı
dumanlı olduğundan yatdığı kupenin qapısı
yarıaçıq qalmışdı. Səliqə ilə
geyinib-kecinmiş və əlində qara rəngli kiçik
çemodan olan orta yaşlı sərnişin yatanın kim
olduğunu bilməsə də, ona mane olmamaq üçün
ehtiyatla soyunub başını yastığa qoydu.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 21 aprel.- S.7.