Daş yağan gün
Roman
(Əvvəli ötən
saylarımızda)
Akop Armenakın sözünü təsdiq etdi:
– Milçək şirəyə gələn kimi harda olsa, həyasız oğlu həyasız, hərlənib, fırlanıb bizi tapacaq. Dilinə içki dəyən kimi ipin ucunu itirib basıb-bağlayacaq. Andranikin ordusunda nə oyunlardən çıxıb, hamısını açıb-danışacaq. Onda sən səsini çıxartma. Guya ki, nə dediyini başa düşmürsən. Bu da bizim meymunumuzdur. Araqdan içirdib, qoltuğuna verib, oynadırıq. Qoy nə qədər qırıldadır, qırıldatsın. İstəyirsən, o gələndə bir bəhanə elə, aradan çıx. Bizdən aralaşanda da qazdan ayıq köpəkoğludur, o dəqiqə şübhələnəcək. Deyəcək, yəqin türk olduğu üçün bizdən qaçır. Bunları deməkdə məqsədim odur ki, bəri başdan işini biləsən. Onun çərənləməsini vecinə almayasan.
Nəcəfin gözləri intiqam hissi ilə alovlandı. Bütün dağlar başına hərləndi. Hirsindən sifəti qaraldı. Andranikin – başımın tükü qədər türk qırmışam – deməsi onun bütün varlığını sarsıtmışdı. Daxilən düşündü ki, bəlkə Köhnə Həsənlini yandırıb, uşaqdan böyüyə adamları qıranların biri elə bu əclaf olub?! Məni ata-ana üzünə həsrət qoyan bu cəlladı nahaq buraxdım. Gərək o kəlməni işlədən kimi dəyənəyimi onun başında sındıraydım.
Nəcəf
tək özü olsaydı, girəvəni əldən verməzdi.
Bu özündən müştəbeh əclafı
parça-parça eləyərdi. Onun qabağını bir
şey kəsdi və öz-özünə: – Yaxşı, Nəcəf,
tutaq ki, bu erməni dığalarının gözü
qabağında açıq-aşkar Andranikin
baş-gözünü əzib o dünyalıq elədin. Özün də bir cana
borclusan. Tutub beş-on il qəzəmətə
salarlar. Bəs Qönçə xala, əmin
uşaqları?! Axı, onların da
başı ağrıyar. Başa
düş ki, burada ermənilər ağalıq eləyir.
Gəmidə oturub gəmiçi ilə
dalaşmaq olmaz. Ermənilərin
qırmızıpapaqlıları səni qəzəmətə
soxandan sonra haqq-nahaq sübut eləyərlər ki, Nəcəf
bu işdə əmisi arvadı ilə, əmisi
uşaqları ilə əlbir olub. Dağbəyinin
ölümündə onların da əli var. Əmin
uşaqları o tərəfə qalsın, oğlan
xeylağıdırlar. Qönçə
xalanı gavurun əlinə versən, el-obanın töhmət-tənəsindən
qurtara bilmərsən. Eşidib-bilənlərin
hamısı deyəcək ki, Nəcəf çiy iş tutub.
Qaşını qayırdığı yerdə
gözünü də vurub çıxardıb. Bir piyaniska erməninin iki kəlmə səfeh
sözüynən neçə adamı güdaza verib. Hamı səni daş-qalaq eləyər. Ona görə də ağlını başına
topla. Hövsələni cilovla, səbrin
olsun. Motal yeyən it suya gələyən
olar. Andranik hara hərlənib fırlansa,
arağın iyinə buralardan əl çəkən deyil.
Girəvəyə salıb, elə bir yerdə
haqq-hesabını çürüdərsən, nə dil bilər,
nə dodaq.
Nəcəf bütün
bunları daxilən götür-qoy eləyəndən sonra
özünü ələ alıb, Akopun sözünün
qabağında:
– Düzü, Andranik
danışanda fikrim ayrı yerdəydi, – dedi. – Onun nə barədə
danışdığını başa düşə bilmədim.
Bir də ki, öyrənmiş canam. Qoy nə
deyir-desin. Həm də onun dedikləri zarafata
oxşayırdı. Zarafatdan niyə inciyim!.
Nəcəfin
sözləri Armenakla Akopu nigarançılıqdan xilas etdi. Çoban
yoldaşları xeyli yüngülləşdilər. Onlarda inam yarandı ki, Andranikin köntöy sözlərini
Nəcəf zarafat kimi başa düşürmüş.
Armenak:
– Bundan əvvəlki dağbəyi
fağırın biriydi, – dedi. – Sergeyi deyirəm. Heç kəsin qəlbinə dəymirdi. Mərdiməzarlıqla da arası yox idi. Andranikə baxanda, Sergey toya getməliydi. Bu əclaf nə yollasa onun yerinə su caladı.
Kiminsə vasitəsilə qurdu-qoşdu, Sergeyi
çıxardıb bunu onun yerinə qoydular. Gələndən bəri də bizə gün-dirrik
vermir. İstəyirsən başın
salamat olsun, gərək qoyun-quzudan, yağ-pendirdən verib
ağzını yumasan. Başdan-ayağa
qan çanağıdır. Dinsiz-məssəbsiz
oğraş! Keçmişdə nə olub-olub,
onu təzədən közərdib aranı
qızışdırmaq, çal saqqalına yaraşır?
Di gəl ki, bu adı batmış Andranik
oturub-durub erməni-müsəlman davasındakı
şücaətindən dəm vurur. Nədi-nədi,
o vaxt Andranikin ordusunda komandir olub. Onu da
Allah bilir, komandir olub, yoxsa adi əsgər. Hər yerdə də fəxrlə özünü
öyür ki, Andraniklə çiyin-çiyinə
vuruşmuşam. Müsəlman kəndlərini belə
yandırdıq, belə qarət elədik,
arvad-uşağı belə qırdıq... Guya ki,
yaxşı iş görüb?! Mən
savadsız çoban olsam da, ona qulaq asanda ölüb yerə
girirəm. O Andranikin törətdikləri
yadıma düşəndə, xəcalətimdən
başımı qaldırıb azərbaycanlı
dostlarımın üzünə baxa bilmirəm. Allah lənət eləsin dağbəyiyə. Hər dəfə gələndə axmaq-axmaq çərənləyib
adamın baş-beynini aparır.
Akop Armenakın
sözünü kəsdi:
– Səfeh söz-söhbətləri
yığışdır getsin, – dedi. – Andranikə baş
qoşan da elə onun tayıdır. Qoy rədd
olsun cəhənnəmə, qoca həpəndi. Gəlin, öz işimizlə məşğul olaq.
Qoyunların qabağını qaytarın, endirək
dərəyə. Bu gün heyvanları
suvarmamışıq. Biz də Dəvə
daşın altındakı bulağın üstündə
bir loxma çörək kəsək. Yəqin
Nəcəf də acdır. Sizi bilmirəm,
mən bu gün vaxt tapıb səhər çörəyimi
yeyə bilməmişəm. Acından
ürəyim bulanır.
Yurd yerindən
xeyli yuxarıda, günbatan tərəfdə dikələn boz
qayalar dağların qarına, sazağına tab gətirmirmiş
kimi baş-başa verib bir-birinə qısılıb. Nəcəf hər dəfə
bu boz qayaları görəndə əmisi Mikayılın
dedikləri yadına düşür: – Oğul, Tağ yurdu,
Qanlıca, Üçtəpə...yaylaqları adından bəlli
olduğu kimi qədimdən azərbaycanlıların olub. Bunlar Zəngəzur torpaqlarıdır. Bu həndəvərdə yüzlərcə Azərbaycan
kəndi var idi. Di gəl ki, erməni
daşnakları müsəlmanların
başısoyuqluğundan istifadə edib elə bir hiylə
işlədiblər ki, qədimdən bizim olan Zəngəzur,
ermənilərin caynağına keçib. Elə həmən gün göydən daş
yağıb. Bu dərdə dağ da
dözməz. Ancaq biz dözürük.
Çünki üzümüz bərkdir. Amma Allah bu haqsızlığı götürmədi.
Göydən daş yağdırdı. Bax, bizim alaçıqlardan yuxarıda, günbatan tərəfdə
görünən həmin daşlardır. Gərək o daşlar bizim başımıza
düşəydi. Allahın bəndələrinə
yazığı gəldiyindən, daşları bu dağlara
töküb.
Bütün
dağları başdan-başa gəzəsən, o rəngdə,
o görkəmdə daş tapılmaz. Nəcəf kənddə də
bir adamın ağzından eşitmişdi ki, – ə, adam insafsız danışmaz. Allah
göydən daş yağdırar. Zəngəzur
el-obasının ermənilərin əlinə keçdiyi
gün, bax, o cür daş-qaya yağıb.
Həmin
qayaların arasından süzülüb gələn gur su
baldırqan, əvəlik, zəyərək kollarının
arasından keçib, özünü göydən yağan
daşlara çırpır, coşur, çiliklənir, sabun
kimi köpüklənir və dərə aşağı
axıb düzənlikdəki gölməçələrə
qovuşur. Günün duran vaxtı çamıra batan
camışlar tənbəl-tənbəl kövşək
vurur və gölməçələrin
qırağındakı bataqlıqlardan çıxmaq bilmirlər.
Boz alaçıqlar cərgələnən
yaxın-uzaq yurdların mal-heyvanı, qoyun-quzu sürüləri
bu gölməçələrdə suvarılır. Çoban-çoluq günorta fasiləsi gölməçələri
əhatə edən güllü-çiçəkli çəmənliklərdə
dincəlib, gün əyiləndə sürüləri
döşlərə qaldırırdılar.
Armenakın
sözündən sonra onların üçü də
bir-birinə qoşulub sürülərin ağzını həmin
dərəyə tərəf döndərdilər. Qoyunları
gölməçələrdə suvarıb, özləri də
günorta çörəyini yeyib, doyduqdan sonra qoyunların
arxasınca yuxarıdakı qayalardan axıb gələn Şır-Şır
bulağa tərəf dikəldilər. Kənardan
baxanda qızmış dəvəni xatırladan qayanın
dibindən sısqa su çıxır. Buranı
qar, yağış tutmur. Dəvənin
qarnının altından çıxan suyun həzin
pıçıltısı adamı heyrətə gətirir.
Bu çeşmənin xəfif, bir qədər
də niskilli səsində torpağın dərin-dərin
qatlarındanmı, başımızın üstündəki
intəhasız göylərdənmi, yer üzünün
bir-birinə qənim kəsilən məxluqatındanmı,
incə bir giley-güzar hiss olunur. Bəlkə
bulaq da dil açıb dünyanın miskin, bədbəxt bəndəsi
Nəcəfin acı taleyini car çəkmək istəyir.
Armenakla Akop Andranikin
boşboğazlığından danışıb məzələnsələr
də, Nəcəfin eyni açılmırdı. Onun fikri-zikri ermənilərin alt-üst etdiyi,
ata-anasını, bacı-qardaşlarını yandırıb
külə döndərdiyi Köhnə Həsənlinin
xarabalıqlarında qalmışdı. Üzü
üzlər görmüş qoca dağbəyinin bayaq –
başımın tükü qədər müsəlman
qırmışam – deməsindən sonra qaysaqlanmaqda olan
köhnə yarası təzədən qanayıb qövr eləmişdi.
Ona görə də çoban yoldaşları
deyib-gülsələr də, Nəcəfin eyni
açılmırdı. Onlar Dəvə
daşın dibindən çıxan dupduru bulağın
suyundan içib əl-üzlərini yudular. Çeşmənin ətrafında erməni dilində
yazılmış qəzet qırıntıları, üfunət
saçan sür-sümük, konserv qutuları, boş araq,
çaxır, konyak butılkaları baş alıb gedirdi.
Qarışqalar kolbasa
qırıntılarını ora-bura dartışdırırdılar.
Milçək əlindən tərpənmək
olmurdu. Bulaq bəlkə də demək istəyirdi
ki, bir vaxtlar möminlər burada təmiz dəstərxan
açıb, namaz qılıb, üzünü
Tanrının dərgahına tutub Allaha dua eləyirdilər.
Yerə düşən çörəyi –
Qurandan qabaq gəlib, tapdalamaq günahdır- deyib, yerdən
götürür, sonra da kənardakı təmiz
daşların üstünə qoyurdular ki, bu dağların
qanadlı sakinlərini yemləyib savab qazansınlar. Bulağın gözü murdarlanmırdı, ətrafı
tərtəmiz olurdu. Məhəmməd
hümmətinin ayağı bu yerlərdən çəkiləndən,
ermənilər bura qədəm basandan bəri durna
gözlü çeşmənin dəfi
dönmüşdü. Ona görə də
Mikayıl demişkən, göydən daş yağıb.
Bu, əfsanədən çox həqiqət təsiri
bağışlayır. Bəlkə də
dibindən su çıxan bu qaya da elə həmin anlarda Mildən,
Muğandan bu dağlara köç eləyənlərin dəvəsi
imiş. O da bu ağır dərdə tab gətirməyib,
daşa dönüb.
Nəcəfin
qərq olduğu üzücü fikirləri çözələnə-çözələnə
çox yerlərə gedib çıxırdı. Əmisi ona
pasiban dursa da, bu ailəyə yad kimi idi. Düzdür,
körpə vaxtı Qönçə xala ona
döşündən süd vermişdi. Həmyaşıd
olan ortancıl oğlunun boğazına şərik eləmişdi.
Ona görə də Qönçə
xalanın haqq-sayını itirmirdi. Əmisi
də Nəcini odun-alovun içindən
çıxartmışdı. Bütün
bunlara baxmayaraq, Nəcəf əmi evində yad kimi
davranırdı. Çünki əmisi
oğlanları ilə onun arasında ayrı-seçkilik
qoyulurdu. Əmisi molla tutub böyük
oğluna şəriət dərsi öyrətdirmişdi.
Nəci ilə həmyaşıd olan oğlunu
da yaxin kənddəki məktəbdə oxudurdu. Mikayil məktəb, dərs məsələsində
Nəcəfin üstünə gəlmirdi. Mikayılla Qönçə xala üzdə Nəcəfə
can-can deyə-deyə onu çoban eləmişdilər.
Nəcəf getdikcə anlayıb başa
düşürdü ki, onun gələcəyi puçdur.
Odur ki, çomaqdan yapışmaqdan başqa
yolu yoxdu.
Çay-çörək
vaxtı Qönçə xala alaçıqda süfrə
açıb oğlanlarını başına
yığırdı. Nəciyə isə çöldə,
ağılın yanında, alaçığın böyründə
mis qabda pay qoyurdu. Nəci bunu ürəyinə
salıb xiffət eləyirdi. Ancaq
özünü o yerə qoymurdu. Ata-anasını
düşünür, gizlicə gözlərinə dəm verərək
xısın-xısın yaş töküb ürəyini
boşaldırdı. Səhər-axşam
onu yetim qoyan ermənilərə qarğıyıb, Andranikin
yeddi arxa dönəninə söyürdü. Daşa dönmüş dəvənin də,
bulağın da, Nəcəfin də dərdi bir idi. Bulağın suyu da, elə Nəci ilə daşa
dönmüş dəvənin göz yaşlarına bənzəyirdi.
Mikayılın sözü düz
çıxırdı. Elə ona görə
də bura göydən daş yağıb.
Armenak bulağın ətrafındakı
murdarçalıqlara baxıb ikrahla sifətini turşutdu: –
Belə nalayiq işlərin hamısı əclaf dağbəyinin
əməlləridir. Bura ən çox Andranik
gəlir. Naxırçı konyak, kolbasa,
konserv tanıyır?! Andranikin ayağı düşən
yerdə ot da bitməz.
Günəş
dağların arxasına çəkilirdi. Daş dəvənin
kölgəsi uzandıqca uzanırdı. Bir
tərəfdən də duman-çən gəlirdi. Çobanlar yağışa düşməmək
üçün Daş dəvənin altından
çıxıb yuxarı yamaclarda doyunca yeyib, yatışan
qoyun-quzunun üzünü alaçıqlara tərəf
döndərdilər. Qoyunlar
örüşdə qarışıq düşsə də,
ağıllara çatanda bir-birindən ayrılıb hərəsi
öz yerinə döndü.
Ana qoyunlar
sağıldı, quzular əmizdirilib yerbəyer edildi. Duman-çən
gecənin qaranlığını getdikcə
qatılaşdırırdı. Qönçə
xala sağılan südü tələm-tələsik
mayalayıb pendir vurandan sonra oğlanları ilə
alaçığa keçdi. Çətənədən
hörülmüş qapını bağlayıb, yerə
xalı-xalça sərdi. Nəcəf
yağışdan qorunmaq üçün ağılın
ağzında haça ağaclardan, kol-kosdan çardaq
düzəldib, üstünə ot
döşədiyi darısqal komasına
sığındı. Gözlərini yuman
kimi şirin yuxu onu kəndlərinə apardı. Şad-şalayın Köhnə Həsənlidəki
evlərinin həyətinə daxil oldu. Sevinclə
ata-anasına qovuşan kimi top-tüfəng səsi
eşidildi. Silaha sarılmış ermənilər
bir göz qırpımında kəndi mühasirəyə
aldılar. Bütün evləri
tüstü qarışıq alov bürüdü. Həyətlərdə qan su yerinə axdı.
Nəcəfin anası ağzından can çıxana qədər
– Nəcəf! Nəcəf! Gavur, balama dəymə! Balama dəymə!
– deyə-deyə
qışqırırdı. Nəcəf yuxudan
dik atıldı. Onu qan-tər
basmışdı. O, yuxulu gözlərini
ovuşdura-ovuşdura balaca komasından çıxdı. Hava çiskinləyirdi. Heyvanlar
sakit-sakit kövşək vururdu. İtlər nəmli
gecənin dərinliklərindən gələn hənirtini
alıb ara vermədən
hürüşürdülər.
lll
Dağbəyi
rayon mərkəzində işlərini qurtarıb idarə
yoldaşları ilə xudahafizləşəndə, ona
Moskvadan gələn bir teleqram verdilər. Andranik
teleqramı oxuyanda onun çal bığları
aşağı sallandı. Alnının
qırışları sıxlaşdı, gözləri
qıyıldı, əhvalı korlandı. Teleqramda
qısaca olaraq yazılmışdı ki, qızınız
ağır xəstədir, təcili gəlin...
Andranik tələsik
evə baş çəkib, Moskvaya getməsinin səbəbini
ailə üzvlərinə qısaca izah edib, vaxtı itirmədən
yol maşınlarının birinə əyləşdi. Və
özünü
Yerevan-Moskva qatarı Gürcüstanın ərazisindən keçəndə yarımstansiyaların birində dayandı. Əllərində kiçik bayraq olan xüsusi geyimli yol bələdçiləri, təzə sərnişinlərin biletlərinə yoxlayıcı nəzər yetirib, yan tərəfdən içəri buraxırdılar. Andranikin başı dumanlı olduğundan yatdığı kupenin qapısı yarıaçıq qalmışdı. Səliqə ilə geyinib-kecinmiş və əlində qara rəngli kiçik çemodan olan orta yaşlı sərnişin yatanın kim olduğunu bilməsə də, ona mane olmamaq üçün ehtiyatla soyunub başını yastığa qoydu.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 23 aprel.- S.7.