ORALARDA KİMLƏR VAR: RƏSUL RZA-2
RƏSUL RZA İLƏ ÜZ-ÜZƏ və RƏSUL
RZA HAQQINDA
“Qobustan” toplusunda 1968-ci ilin
son aylarında işə başladıq.
İlk nömrəmiz
çıxdı 1969-cu ilin ortalarında...
USTAD RƏSUL RZANIN BAĞINDA TƏQDİMAT MƏRASİMİ
İlk nömrəmiz
çıxdı və...
Böyük şairimiz Rəsul
Rza ilk nömrəmizin çıxması münasibətiylə
bizə bir qonaqlıq verdi...O zaman mən bir az
tanımırdım oraları. Deyəsən Buzovnadakı
bağında...Mərdəkanı keçdik gedəndə...
Vidadi Paşayev,Yusif Əliyev,bizə
təzə işə gələn fotoqrafçı Tofiq Xanməmmədov
və mən...
Kimi unutdum, allahım! Azər
Abdulla vardı deyəsən!
Və təbii ki... Anar
müəllim...
Və bu qonaqlıqda Rəsul
Rza Ustadın bağ qonşusu böyük və unudulmaz
yazarımız Ənvər Məmmədxanlı...
Rəsul Ustad o zaman bir az xəstə
idi...Ustadın “döyüldüyü” günlər idi o
günlər və mənə elə gəlirdi ki, bu
qonaqlıq da bir bəhanə idi...Rəsul Ustad heç
şübhəsiz bütün ağrılarını unutmaq
üçün oğlunun və bizim zəhmətimizlə
başa gələn yeni bir toplunun işıq üzü
görməsiylə bir təsəlli yaşayırdı...
Hər birimizi ayrı-ayrılıqda
bir çox yerlərdə görsə də (İRƏLİDƏ
YAZDĞIM KİMİ MƏN O ZAMAN ENSİKLOPEDİYADAN GƏLDİM
“QOBUSTAN”a VƏ RƏSUL USTAD MƏNİ ORADAN UZAQDAN-UZAĞA
TANIYIRDI,ÇÜNKİ MƏN O ZAMAN ENSİKLOPEDİYADA
MİNİNCİ DƏRƏCƏLİ BİR
İŞÇİ OLSAM DA, ARAMIZDA HEÇ VAXT UNUDULMAYAN İKİ
EPİZOD OLMUŞDU Kİ, ONLARI OXUDUNUZ.) daha yaxından
Rəsul Rza son dərəcə
incə bir adam idi və otuz yeddinci ilin dəhşətlərini
görmüş bir ziyalı idi və oğlunun da elə belə,
yoldan keçən kimsələrlə işləyəcəyini
istəməzdi məncə.
Dediyim kimi bizi uzaqdan
tanısa da, daha yaxından kim olduğumuzu görmək də
istəmiş bəlkə ...
Haqqı da vardı...
Ustad o qonaqlığı nə
zaman düşünmüşdü, mən bunu deyə bilmərəm,
amma “Qobustan” incəsənət toplusunun ( hətta bu adı
keçirmək üçün belə Anar müəllim
minbir əziyyət çəkmişdi və mən bundan
sonra daha belə detallara müraciət etməyəcəyəm,çünki
bunlar bir deyil,iki deyil və mən bəzi şeyləri “525-ci
qəzet”də və “Ədalət” qəzetində “NƏ
XÖŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH”
adlı yazımda anlatmışam) ilk nömrəsi bizim
heç bir günahımız olmadan çox uzun bir müddət
ərzində çıxdı ki, bunun da ən başlıca
səbəbi güman ki, Rəsul Rzaya olan qısqanclıq və
haqsız münasibət idi.Ona gücləri çatmayanda
,necə ki, onun sevdiyi və müdafiə etdiyi Əli Kərim,Fikrət
Qoca,Fikrət Sadıq,İsa İsmayılzadə,Abbas Abdulla,Ələkbər
Salahzadə kimi şairlər tənqid olunduğu kimi Anara
hücum edirdilər,Anar çəkirdi bu ağrıları və
bir də toplunun rəngli şəkilləri Moskvada çap
olunduğundan gecikmə labüd idi.İlk nömrə
çox gözəl çıxdı, gözəl
çıxsa da, yeddi-səkkiz ay çəkdi bu nömrənin
çıxması və inanıram ki, bizim keyfimizə olmasa
da Rəsul Ustad olmazın əziyyətlər çəkirdi
və o bizdən daha çox tələsirdi,bəzən də
qeyri-qanuni yollara da baş vururdu.Məsələn:
Ensiklopediyanın maşınlarından birini bizə verirdi
ki,toplunun kağızlarını bir yerdən başqa yerə
daşıyaq.
İndi düşünmək
bir az asan gələr. Rəsul Ustadın o zamankı həyəcanını
yalnız indi başa düşmək daha asandır, ona
görə ki,Anar Azərbaycan mətbuat tarixində yeni bir səhifə
açırdı və mətbuat tarixində bu vaxta qədər
görünməmiş bir işin altına girmişdi ki,rəngli
şəkillər də daxil (buna ruscada vısokiy peçat
deyilir) rəngli səhifələr və QURAMA deyilən bir
bölüm var idi ki, bunlar həqiqətən mətbuat və
çap tariximizdə əvəzsiz şeylər idi. Və ən
vacibi belə bir toplunun çap olunma icazəsini almaq və
onu Azərbaycan xalqının malı etmək həqiqətən
Rəsul Ustad kimi bir ziyalının işiydi ki,Van Qoqun
“Günəbaxanları” rəsminin adı olan bir şeirinə
görə onu topa tuturdular və ya “Barmaqların dil
açır, qızım” misrasına görə gecəsini-
gündüzünü haram eləyirdilər.Və
açıq deyirəm yalnız belə düşüncənin
sahibi bilərdi ki, bu toplu nə qədər lazımdır
bizim millətə...
Və heç şübhəsiz
toplunun belə geç çıxması Rəsul Ustadı əsəbləşdirməyə
və həyəcanlandırmaya bilməzdi və mən bir
vaxtlar bir yazımda belə yazmışdım: ƏYƏR RƏSUL
RZA CAVAN ŞAİRLƏRƏ ƏL TUTDUĞU ZAMANI VƏ
ONLARIN QABAĞINA DÜŞÜB MÜDAFİYƏ ELƏDİYİ
GÜNLƏRİ, ÖMRÜNƏ RƏVA BİLMƏSƏYDİ
BÜTÜN BUNLAR ÜÇÜN HƏYATININ BİR HİSSƏSİNİ
QURBAN VERMƏSƏYDİ BİR AZ DAHA ÇOX YAŞAYARDI və
indi mənə aydın olur ki, əgər “Qobustan” toplusu bir
neçə ay tez çıxsaydı, Rəsul Ustadın
ömrünün uzanmasına bir neçə gün əlavə
oluna bilərdi.
Amma Rəsul Ustad səbrlə
gözləmişdi və bizi “mənim oğlum baxım
görüm kimlərlə işləyir”- deyə
düşüncə altında olmasa da, mənə elə gəlir
ki, elə bu düşüncəylə də
bağındakı qonağlığa
çağırmışdı.
İKİNCİ BÖLÜM: RƏSUL RZA HAQQINDA
“...Əgər “Bir gün də
insan ömrüdür” poeması yüksək ideallara malik
müasirlərimizin obrazını yaratmaq işində Rəsul
Rzanın prinsipal yaradıcılıq qələbəsi idisə,
“RƏNGLƏR” silsiləsi poyeziyamızda yeni bir səhifə
oldu. Və sosialist sənətin ifadə və təsvir
imkanlarının tükənməzliyini göstərdi.
Lakin “Rənglər”
respublikamızda bir sıra mübahisələrə səbəb
oldu.Şairin poetik niyyəti, estetik fikri başa
düşülmədi.Anlaşılmazlığın real əsası
bundan ibarət idi ki, “Rənglər” müstəqim və səthi
başa düşülür və qəbul edilmiş ədəbi
qanunlara sığmadığına görə rədd
edilirdi.Tənqidlərin əsas zərbə nöqtəsi bu
idi ki, xalq bu cür poeziyanı dərk etmir,guya belə
şeirlər xalqın ruhuna yaddır və qavrayış
üçün çox mürəkkəbdir.
Belə fikirlərə kənddən
göndərilmiş (Diqqət : burda kiçik parantez
açım – mən o zaman artıq Bakıda idim.Gülrux
xanım sitatın daha təsirli olması üçün məncə
kənd məsələsini yazmağa məcbur olub.Hər
halda o dövrdə kənd və fəhləlik çox dəbdə
idi- fəhlə şair ifadəsi meydan sulayırdı) bir məktubun
müəllifi T. Məhərrəmoğlu çox
inandırıcı cavab verir.O deyir ki, Sezanın “Mənzərələri”,
Deqanın “Rəqqasələri” və Van Qoqun “Günəbaxanı”
mənə tanış və aydın deyil.
Sonra məktub müəllifi
soruşur: “Onlar kimdir? Məgər onlar mənə məlum
olmadığı üçün mən müəllifə
irad tutmalıyam.Bunu etmərəm və bacarmaram.Əksinə
gəlin onlardan xəbərdar olaq,yoldaşlar!
Belə misralar “Rənglər”də
çoxdur.Mən onlar barədə oxucuların rəyini deyirəm.
Müəllif sonra davam edir : “Buna görə də şairi
qınamağa haqqımız varmı? Bu sətirlər bizim məhdudluğumuzu,
dünyadakı çox şeyləri,hadisələri bilmədiyimizin,dünya
görüşümüzün darlığını və
bir çox başqa şeyləri bizə xatırladır. Gəlin
öyrənək,oxuyaq,bilək”.
Məktub bu
çağırışla bitir”.
Gülrux Əlibəyova.
“Axtarışlar,kəşflər” kitabından.Azərbaycan
Dövlət Nəşriyyatı.1970.
Not: Eynən bu fikirlər həmin
müəllifin 1972-ci ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında
çap olunmuş Rəsul Rzaya həsr olunan “ Vseqda v puti”
kitabına da daxil edilmişdir.
lll
(Tofiq Abdinin səhnə
üçün işlədiyi Rəsul Rzanın)
Naxçıvan Cavid Poeziya teatrında tamaşaya qoyulan
“BİR GÜN DƏ İNSAN ÖMRÜDÜR”
tamaşasının quruluşçu rejissoru Azərbaycan SSR əməkdar
artisti Vəli Babayev müəllifdən gələn,günün
aktual və son dərəcə müasir səslənən
problemlərini ön plana çəkmiş və maraqlı
bir tamaşa hazırlamışdır. Rejissor
tamaşaçı nəzərini mənalı bir istiqamətə
sosial-ədalət prinsiplərinin sözdə yox,məhz əməldə
təzahür problemlərinə yönəltmişdir. Rejissor
poetik teatrın tələblərindən və
imkanlarından ustalıqla istifadə edərək faciəni
törədən səbəbləri ön planda səciyyələndirir.Qeyd
etmək lazımdır ki,rejissor-rəssam dueti tamaşada məzmunlu
bir harmoniya yaradır ( qeyd edək ki,Vəli Babayev bu
tamaşada həm də rəssamdır)...
Teatrşünas Cəlil Vəzirov.
“Ədəbiyyat və incəsənət” qəzeti,1988
lll
“Hər bir vətəndaşın
cəmiyyət qarşısında məsuliyət hissi,mənəvi
təmizlik və xeyirxah mövqeyi əsərin ana xəttini təşkil
edir.Quruluşçu rejissor,Azərbaycan SSR əməkdar
artisti Vəli Babayev ( o həm də quruluşçu rəssam
idi) əsərin səhnə həllində məhz bu problemlərin
açılmasına çalışmış və məqsədinə
nail olmuşdur.O tamaşada poetik teatrın tələb və
imkanlarına düzgün riayət etməklə müəllifin
fəlsəfi qayəsini tutarlı rejissor təsirilə
açmışdır.”
Fəsahət Hüseynov
“Kommunist” qəzeti ( 6 yanvar 1988-ci il)
lll
Altmış altıncı
ildir. Pasportumdakı doğum günü qeydiyyatını
doğru sansaq, iyirmi beş yaşım var. Bu iyirmi beş
yaşın on yeddisini Bakıdan çox uzaq bir kənddə
keçirmişəm: orta məktəbdə oxumuşam,
çilingağac oynamışam... pambıq
yığmışam və məktəbimizdə keçirilən
bədii gecələrdə şeir söyləmişəm.
Orta məktəb
kitablarını oxuyurdum. Və bədii ədəbiyyat deyilən
sıradan ancaq Ana dilimizdə olan kitablardan xəbərim
vardı. Xəbərim vardı deyəndə ki, məktəbdə
ancaq belə kitablar öyrədirdilər uşaqlara. Mən də
onlardan biriydim. Yox, deyəsən çoxlarından fərqliydi
bu. Ona görə ki, nə atamın, nə anamın savadı
vardı. Evdə ilk oxuyan uşaq mən idim.
Bütün bunları ona
görə təkidlə yazıram ki, başqa cür də
ola bilərdi. Ancaq ona sevinirəm ki, gec də olsa dünyada
çox şeylərin olduğunu gördüm. Eşitdim,
öyrəndim. Və gec də olsa (bəlkə də
heç gec olmayıb) mən həqiqi, bədii Ədəbiyyatın
nə olduğunu anlaya bildim.
Anlaya bildim ki, Nazim Hikmət
var, Fet olub, Tutçev olub, Pasternak olub, Erenburq olub...
Bir də Rəsul Rza var! Və
xatırlaya bilmirəm ki, ilk dəfə Rəsul Rzanın
hansı şeiri məni sehirləyib (sehrsiz təqlid çətindir).
Və mən bu şairin yaradıcılığına üz
tutmuşam. Uzun və qısa Bakı gecələrində,
gözəl Bakının gözəl və qəşəng
imarətlərində yox, səliqəsiz tikilmiş
“naxalastoy” deyilən (türkcəsi belədi: gecəqondu)
komalarda İŞIQLI günlər ümidiylə
işığı tez-tez sönən əyri-üyrü evlərdə
bu şairin şeirlərini oxumuşam, oxumaq bir yana, öyrənmişəm,
sonra Bakı çayxanalarında bu şair a
Udmuşam.
Uduzmuşam .
Mübahisələr
üçün mübahisələrə girişmişəm
yanğımı təntitməyib, soyutmayıb və həmin
o əyri-üyrü evlərdə bu şairrin
yaradıcılığı barədə
başlamışam məqalələr yazmağa. Vallah,
özüm üçün. Öz içimin səsiylə.
Həmin mübahisələrdə olan adamlarla davayla. Əslində
bu yazılar CAVABDI.
Kimə! Bilmirəm.
Bəlkə elə
özümə cavab olub.
Yazmışam. Vallah,
heç vaxt da çap eləmək niyyətində
olmamışam. Olsam da imkansızlıq ucbatından
özümü beləcə çap olunmaq iştahından
qorumuşam. Yəqin elə düz eləmişəm. Ona
görə ki, o zaman “böyük tənqidçilər” belə
onu bəyənmirdi.
Mən indi bilirəm:
hansı ümidlə, hansı inamla yazmışam. Heç
tanımırdım da Rəsul Rzanı. Çox təəssüf
eləyirdim ki, o vaxtkı sehrlənmək, heyranlıq, ovsun,
vurğunluq indi məndə yoxdu. Təkcə sənət barədə
yox. Elə həyatın bütün sahələrində.
Bəlkə yorulmuşam!
Bəlkə hər şey mənim
üçün əhəmiyyətini itirib!
Bəlkə haqsızlıq
məni bu kökə salıb!
Bəlkə! Bəlkə!
Qayıtmaq istəyirəm o
günlərə. Vallah, qayıtmaq istəyirəm. Yenə də
ALTMIŞINCI illər olaydı. Yenə də Rəsul Rza
sağ olaydı. Mübariz şeirlərini yazaydı...
Yazaydı...
keçəydi “RƏNGLƏR”ə.
Tənqid olunaydı. Mən də içimin bütün
bicliklərini qırağa qoyub ŞƏXSƏN
TANIMADIĞIM, heç nəyə dəxli olmayan, onu Müdafiə
eləyən (indi bu söz nə qədər sadəlöhv səslənir,
mən kim idim axı) bax, bu ola bilər, bir az naşı, bir
az səliqəsiz, bir az diqqətsiz, ancaq səmimi qeydləri
yazaydım.
Nə olaydı qayıda biləydim
o günlərə.
Altmışıncı illərə.
Ancaq təəssüflənməyə
dəyməz.
Əlli dörd yaşlı
CAVAN bir şairin şeirləri haqqında İYİRMİ
BEŞ yaşlı kəndçi balasının (belə deyək)
düşüncələri, yaxşı ki, sonralar
işıq üzü görür.
Bunun üçün mən
bu günkü ədəbi mühitimizin yaxşı, mərd
kişilərinə və yaradıcılığına minnətdaram.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 24 aprel.- S.27.