Özünüdərk məqamı

 

Hər bir ədəbi cərəyanın məşğul olduğu və həll etməyə çalışdığı ən mühüm problemlərdən biri məhz insana baxış məsələsinin araşdırılmasıdır. Ədəbiyyat tarixində yeni cərəyan və istiqamətlərin meydana çıxması, adətən, ədəbiyyatda yeni İnsan konsepsiyasının yaranması ilə bağlı olur. Dəyişən ictimai-mədəni mühit, təbii olaraq, insanla bağlı yeni təsəvvürlər və baxışlar formalaşdırır.

Sovet dövrü ədəbiyyatının ilk bir neçə onilliyi ərzində sosialist realizminin, inqilabi romantikanın təsiri ilə ədəbiyyatın əsas qəhrəmanları, adətən, qeyri-adi adamlar, inqilabçılar, az qala fövqəladə vəziyyətə malik xüsusi adamlar idilər. Mövzular da, adətən, ya inqilabi keçmişdən, yaxud da müharibə dövründən götürülürdü. Lakin 1950-60-cı illərdə formalaşmağa başlayan ədəbiyyat, o cümlədən, yeni nəsr artıq öz qəhrəmanını adi, siravi adamlar arasında axtarmağa, onların həyat və düşüncələrini qələmə almağa başladı.

Yeni nəsr haqqında danışarkən tədqiqatçılar bir qayda olaraq, onun ən ümdə keyfiyyətlərindən biri kimi ədəbiyyatımızda insana yeni baxışın formalaşmasından bəhs edirlər. Məlum olduğu kimi sovet ədəbiyyatının müəyyən dövrləri üçün vahid qəhrəman tipi mövcud olub. Bunlar, adətən, yeni cəmiyyət quruculuğunda fəal iştirak edən, mənfiliklərə qarşı “cəsarətlə mübarizə aparan müsbət qəhrəman” hesab olunmalıdır. Lakin, 60-70-ci illər ədəbiyyatında, xüsusilə nəsrdə heç bir “müstəsnalığı” ilə seçilməyən “sıravi” insanlar yeni qəhrəman tipi olaraq bədii düşüncə müstəvisində yer almağa başladı.

Sözügedən dövrdə Azərbaycan ədəbiyyatında insana yeni baxışın formalaşması Elçinin yaradıcılığında özünü daha qabarıq şəkildə göstərirdi. Daha doğrusu, təbii insan obrazının yaradılmasına önəm vermək istəyi Elçinin hələ ilk hekayə və povestlərində aydın nəzərə çarpırdı. Elçinin 16 yaşında olarkən yazdığı və “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “O inanırdı” adlı ilk hekayəsində özünəməxsus fərdi üslubu, yazı manerası diqqəti çəkmişdi.

Elçinin yaradıcılığının ilk dövrünə aid olan “Sos” və “Açıq pəncərə” povestlərində qoyulan problemlərin sonralar yazdığı povest və hekayələrində daha möhtəşəm şəkildə öz əksini tapması təbii qəbul edilməlidir. O, 60-70-ci illərdə yazdığı “Qatar. Pikasso. Latur. 1968”, “Dəyişmə”, “Beş qəpiklik motosikl”, “Zireh”, “Qırmızı ayı balası”, “Şuşaya duman gəlib”, “Qış nağılı”, “Talvar”, “Ayaqqabı”, “Hönkürtü”, “Ömrün son səhifələri”, “Toyuğun diri qalması” kimi hekayə və povestlərində milli-mənəvi dəyərləri təmsil edəcək şəxsiyyətləri bədii nəsrimizə gətirdi. Onun bu hekayə və povestləri bu çağların Azərbaycan ədəbiyyatında psixoloji nəsrin formalaşmasında mühüm rol oynayıb. Adları yuxarıda sıralanan hekayə və povestlərdə təqdim olunan qəhrəmanlar özünü daha çox kənardan müşahidə edir, özünü təhlil edir, hərəkətlərini qiymətləndirirdilər. Bu, bir növ, insanın özünün özünə yeni baxışı idi. Bədii konsepsiyasını ortaya qoyan müəllif həm də özünəməxsus təhkiyə tərzi ilə personajlarını qiymətləndirir, onların daxili aləmini oxucusu üçün açır.

Əlbəttə, Elçinin yaratdığı qəhrəmanlar sosrealizm, yaxud inqilabi romantika qəhrəmanları kimi, az qala “bütün bəşəriyyəti xilas etmək” missiyasını qarşılarına məqsəd qoymurlar. Bu qəhrəmanlar səmimi, özünəqapanmış, özünü təhlil edən və bir növ, ictimai ideallardan uzaq insanlardır. Yazıçının hekayə və povestlərində insanın bəşəriyyət, xalq, millət, ictimaiyyət üçün etmək istədikləri və ya edəcəkləri deyil, onu məhz özünün özünə münasibəti, öz xoşbəxtliyi naminə edəcəkləri, daxili aləmi ön plana çəkilmələri önəm daşıyır. Bu da oxucuda öz qəhrəmanına yeni baxış formalaşdırır.

Yazıçı Yusif Səmədoğlu Elçinin 70-ci illərdə çap etdirdiyi bədii örnəklərini nəzərdə tutaraq yazırdı: “Elçin yaradıcılığının əsas xüsusiyyətlərindən biri obrazların “açıq pəncərədən” gerçəklik hadisələrini seyr etməyə, bu hadisələrə aydın yazıçı mövqeyi ilə qiymət verməyə can atmasıdır”.

Yusif Səmədoğlunun 1980-ci ildə yazdığı bu məqalə həm də isbat edir ki, Elçin nəinki 70-80-ci illərdə qələmə aldığı hekayə və povestlərdə, eyni zamanda, bütün yaradıcılığı boyu öz kredosuna sadiq qalan yazıçıdır.

Belə ki, Elçin hələ ilk “Sos” və “Açıq pəncərə” povestlərində mənəvi aşınmanı tənqid hədəfinə çevirmişdi. Onun “Qatar. Pikasso. Latur. 1968”, “Dəyişmə”, “Beş qəpiklik motosikl”, “Zireh”, “Qırmızı ayı balası”, “Şuşaya duman gəlib”, “Qış nağılı”, “Talvar”, “Ayaqqabı”, “Hönkürtü”, “Ömrün son səhifələri”, “Toyuğun diri qalması” və s. kimi hekayə və povestlərində bu ovqatın ifadəsi uğurla davam etdirildiyini görürük. Bu hekayələr bədii şərtilik prinsiplərinə istinadən qələmə alınıb. Azərbaycan nəsrində bu tipli hekayələr həm forma, həm də bədii mündəricə etibarilə tamamilə yeni idi. Burada real həyat hadisələri ilə irreallıq qovuşur, lirik-fantastik ünsür və məqamlar hekayədə ifadə olunan əsas qayəni reallaşdırırdı. Məsələn:

“C.Səlimov isə bilirdi ki, ayı balası qırmızı olar...

Qırmızı ayı balası öz yöndəmsiz pəncələri ilə C.Səlimovun qolundan yapışıb çıxış qapısına tərəf çəkirdi, qabağında dombalaq aşırdı, dilini çıxarıb onun əllərini yalayırdı, zingildəyirdi, sonra yenə də ehmalca onun qolundan yapışıb qapıya tərəf çəkirdi...”

“Qırmızı ayı balası” hekayəsindən götürülən bu parçada yuxarıda deyildiyi kimi real hadisə irreallıqla qovuşur. Bütün süjet boyu əsərin qəhrəmanı, gəmi-təmiri zavodunda mühəndis işləyən C.Səlimov özü ilə mübarizə aparır. Və boşandıqdan sonra qızı Leylanı da götürüb atasıgilə getmiş həyat yoldaşı Şəfiqəyə zəng etmək istəyini xeyli götür-qoy etməli olur. Hekayənin əvvəlindən sonuna kimi özünü bu kimi fikirlər axarında üzən, qəti qərar qəbul etməkdə acizlik göstərən və hər verdiyi qərarda yeni bir məna axtaran bu qəhrəman həm də belə hesab edir ki, insani münasibətlər, xüsusən də ailə münasibətləri aydın və səmimi olmalıdır. Belə bir ailə arzusu ilə yaşayan, lakin istəyinə nail ola bilməyən qəhrəman, nəhayət, hər şeyə birdəfəlik son qoymaq qərarına gəlir. Lakin yaşadığı şəhərdən və hətta özü-özündən uzaqlaşmaq qərarına gəldiyi zaman qızının sevimli oyuncağı onun dadına çatır. Belə ki, dəmiryol vağzalında çox uzaq bir şəhərə bilet alıb qatara minmək istədikdə qızının sevimli oyuncağını görən C.Səlimov uşaq kimi sevincək olub ayının əlində tutaraq evinə qayıdır. Və dərhal da öz həyat yoldaşına zəng edir. Hekayənin süjet axarından göründüyü kimi, nəhayət, C.Səlimov psixoloji sarsıntılardan və onun yaratdığı qəmli nostalgiyadan xilas olur və telefonun dəstəyini götürüb əsər boyu beynində fırlatdığı 22-76-84 nömrəsinə zəng edir. Düşüncələr sona yetir və qəhrəmanın bu ailə dramı ən sonda onun qəti hərəkəti nəticəsində xoşbəxtlikdən faciəyə çevrilmir.

Bu hekayədə Elçin ifadə olunan əsas qayəni reallaşdırmaq üçün yuxarıda deyildiyi kimi lirik-fantastik atribut qismində səciyyələnən qırmızı ayı balası obrazından istifadə edərək bu kontekstdə C.Səlimovun şəxsində övladını və ailəsini dərin məhəbbətlə sevən ata obrazı yaradır. C.Səlimova bənzər qayğıkeş ata obrazlarına “Beş qəpiklik motosikl” povestində Sabiri, “Zireh” povestində yaratdığı qəhrəmanı misal göstərmək olar.

Təklik, tənhalıq problemini yaşayan obrazlar da Elçinin bədii nəsrində müəyyən yer tutur. Lakin, burada da yazıçının insana yeni baxışı aydın özünü göstərir.

“Qatar. Pikasso. Latur. 1968” hekayəsində də başlıca mövzu tənhalıqdır. Bu hekayə də bədii şərtilik prinsipi əsasında yazılıb. Bu hekayədə təklik və tənhalığın mənəvi ünsiyyətə çevrilməsi prosesi izlənilir.

Hekayənin əvvəlində aparıcı qəhrəmanın dilindən səsləndirilən “Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir, insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür” kimi qənaətlər, əlbəttə ki, tənhalığı yaşamış şəxsin eyni zamanda özünüdərk məqamına yüksəldiyindən soraq verir. Beləliklə, əsəri oxuduqca bir daha düşünürsən ki, “ən doğma müsahibimiz özümüzük”, “ən yaxın adamımız özümüzük” fikirləri heç də hər zaman gərəkli olmur.

Bir yerdə işləyən Məleykə xanım və hekayənin kişi qəhrəmanı müəyyən zaman kəsiyində bir-birilə yad adamlar kimi davranıb həyatlarını “tənhalıq fəlsəfəsi” üzərində qursalar da, təsadüfi yol yoldaşlığı əsasında heç vaxt düşünmədikləri bir hadisə ilə üzləşir, “yadlar” ilgilənir və sonunda heç kimə ürək qızdırıb demədikləri sirlərini açmalı olurlar. Daha doğrusu, tənhalığı az qala həyatlarının ayrılmaz bir parçasına çevirən bu adamlar bir-birlərinə açdıqları sirlə öz aralarındakı oxşarlığı aşkar edirlər. Maraqlısı odur ki, qəhrəmanların tənhalıqdan yaxa qurtara bilib-bilməyəcəkləri sualı oxucunu düşünməyə vadar edir. Və nə yaxşı ki, Elçin əsərdə bu suala cavab verməyi oxucunun öhdəsinə buraxır.

Elçinin yaradıcılığının tədqiqatçısı prof. N.A.Paşayeva “Yeniləşən ədəbiyyatın yeni insanı” kitabında sözügedən məqamı səciyyələndirərək yazır: “Elçinin yaradıcılığını səciyyələndirən, onu tamam fərdiləşdirən cəhət də məhz burasındadır ki, belə bir “cavabsızlıq”, əslində, bu çox orijinal əsərin yüksək bədiiliyinin nəticəsidir. Burada yazıçı hökmü, ideologiya yoxdur”.

Həqiqətən də, Elçinin əsərin sonunda oxucunun sualına cavab verməmək onun hekayələrinin özəl bədiilik məqamıdır. “Poçt şöbəsində xəyal” əsərində Ədilənin, “Günlərin bir günündə” hekayəsində Səmayənin daxili tənhalıqdan yaxa qurtara bilib-bilməməkləri sualına cavabı da ən sonda oxucu özü düşünüb tapmalı olur.

Açıqlamalardan aydın görünür ki, Elçin yaradıcılığının elə ilk və sonrakı çağlarında yaratdığı hekayə və povestlərində insanın qəlb və həyatını, əxlaqi-mənəvi aləmini, psixoloji sarsıntılarını bədii tədqiq obyektinə çevirməyi önəmli hesab etmişdir.

 

 

Pərvin NURƏLİYEVA

 

525-ci qəzet.- 2010.- 24 aprel.- S.24.