Sehirli qutudan səslər

 

(“Bu gün dünəndən başlayır” silsiləsindən)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mən onları səhnədən, kinodan daha çox radioda gördüm. Hərəsinin öz şəsti, qüruru, sənətə baxışı, ətrafına münasibəti. Kimisi həlim, mehriban, kimisi küsəyən, dəymədüşər, kimisi ciddi, qaraqabaq, kimisi deyən-gülən, zarafatcıl. Bəzən aralarında narazılıq da baş verirdi, sözləşir, biri-birilərini acılayırdılar da. Amma sənətə gələndə sözləri, əməlləri bir olardı. Onları sənət birləşdirərdi, doğma xalqa xidmət eləmək hissi ən ali qayəsi idi onların. Bir də səsləri vardı və Azərbaycan radiosunun başbilənləri – rejissorlar, redaktorlar, operator, musiqi bəzəkçiləri onları elə o səslərinə görə, o səsdən sənətkaranə, gərəyincə istifadə etdiklərinə görə seçib ayırmışdılar. Əliağa Ağayev idi, Həsən Turabov idi, Rafiq Əzimov, Kamal Xudaverdiyev, Telman Adıgözəlov, Zərnigar Ağakişiyeva, Səfurə İbrahimova, Şahmar Ələkbərov, Səyavuş Aslan idi... Demək olar hər gün ya mənim çalışdığım İncəsənət və Radio teatrı şöbəsinin, yaxud qonşuluqdakı Satira və Yumor şöbəsinin verilişlərində çıxış etmək üçün radio studiyalarına gələrdilər. Ələbbas Qədirovun, Yaşar Nurinin, Telmanın, Səməndərin yamsılamaları, onların bir yerə toplaşarkən teatr aləmindən, onun bizlərə məlum olmayan işləklərindən danışıb gülməkləri həyatımın ən şirin, işıqlı anları kimi yaddaşıma həkk olunub. Və bir də mikrofona olan münasibətləri. Ona quruca metal parçası, plasmast əşya kimi yox, adam, tamaşaçı qismində baxar, bütün problemlərini, giley-güzarlarını, incikliklərini bir qırağa qoyub, özlərini yığışdırar, istənilən rola girər, güldürər, ağladardılar. Aralarında xırda umu-küsü olardısa da mikrofon onları barışdırar, verilişi oxuyub qurtarandan sonra qolboyun olub radiostudiyanı tərk edərdilər. Və hər dəfəsində də kənardan bu istedadlı qrupu seyr edəndə qəribə bir təəssüf hissi keçirərdim. Nədənsə mənə elə gələrdi ki, onlar öz iç dünyalarına, bacarıq və istedadlarına uyar rollarını nə səhnəmizdə, nə kinomuzda hələ də tam şəkildə ortaya qoya bilməyiblər. Və mən bu gün də həmin fikrimdə israrlıyam.

Azərbaycan radiosu isə sənətkarların istedadının bir sıra tərəflərini açıb nümayiş etdirə, efir vasitəsilə milyonların malı edə bildi. Bu gün Azərbaycan radiosunun səs xəzinəsində, qızıl fondunda Hökumə Qurbanova, Əli Zeynalov, Kazım Ziya, Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Əminə Yusifqızı, Aydın Qaradağlı, Səməndər Rzayev, Leyla Bədirbəyli, Məhluqə Sadıqova, Amaliya Pənahova, Ətayə Əliyeva kimi səs krallarının və kraliçalarının sənət abidələri uyumaqda, zamanı yetişəndə isə bütün dünyanın olan efir boşluqlarında pərvazlanmaqdadır...

Bir də bu səslər arasında Həsən Əbluçun səsi vardı ki, onsuz Azərbaycan radiosunu, onun ədəbi-bədii proqramlarını təsəvvür eləmək çətin idi. Sözün yerini, çəkisini, səsdən yerli-yerində istifadənin nə demək olduğunu, nəinki sözün, hətta cümlənin, ümumilikdə ifadə elədiyi bədii parçanın, bir az da geniş götürsək mövzunun vurğusunu dəqiq tapmağın mahir ustası idi. Və Həsən Əbluç bir ömür boyu digər sənət növlərində deyə bilmədiklərini, sadəcə gənc ikən dünyasını dəyişdiyindən deməyə macal tapmadıqlarını uzun illər boyu geninə-boluna doğma radiosunun efiriylə xalqına yetirə bildi. “Radio mənim taleyimdə” verilişində də bu sehirli qutunun əsrarından söhbət açmışdı. 1985-ci ildə.

H.ƏBLUÇ: “Radio uzağı yaxın eləyib həmişə, insanları doğmalaşdırıb, mehribanlaşdırıb. Xalqımızın kədərli günlərini, qələbələrini yada salaq. Ürək açan musiqimiz radio vasitəsilə pərvazlanıb, poeziyamızın ən gözəl töhfələri könülləri oxşayıb. Radio neçə-neçə sənətkarımızın səslərini əziz eləyib, məhrəm eləyib. Ələsgər Ələkbərovun, Hökumə Qurbanovanın, Barat Şəkinskayanın, Müxlis Cənizadənin, Mirzəağa Əliyevin səslərini bir sıra nəsillər özlərini, üzlərini görməzdən əvvəl eşidiblər. Bu səslərin istisinə qızınıb neçə insan ürəyi, bu səslər sevməyi, ləyaqətlə yaşamağı öyrədib. Bu səslər haqqın, ədalətin səsi olub. Belə də yaddaşlarda yaşayır. İndiyəcən də uşaqkən eşitdiyim radio verilişləri, səhnələşdirmələr yaddaşımdan silinmir. “Bir gəncin manifesti”, “Gikor”, “Cəbhədən cəbhəyə”, “Uzaq sahillərdə”, “Arı” satirik radio jurnalı, “Ulduz” verilişləri... Sənət aləminə gəlməyimə də deyəsən elə radio səbəb olub. Sadaladığım verilişləri dinləyə-dinləyə, aktyorları eşidə-eşidə, poeziya nümunələrinə qulaq asa-asa bu yolun yolçusuna çevrilmişəm. İlk rolum uşaq verilişndə olub. Aktyor Lütfi Məmmədbəyov bir nağıl-tamaşada zalım padşah rolunu tapşırmışdı mənə. O necə dedi, göstərdi, mən də o cür oxudum. Bundan sonra elə hey istəyirdim məni bir də radioya çağırsınlar. Bir də yolum radioya İncəsənət İnstitutunu bitirəndən sonra düşdü. Uzun müddət mikrofonla dil tapa bilmirdim. Neçə dəfə aparıcı kimi sınamaq istədilər. Alınmadı. Səsim düşmürdü. Mənə belə deyirdilər. Pərt olsam da inad göstərirdim, “səsi düşənlərə” qulaq asırdım. Aydın Qaradağlıya, Soltan Nəcəfova, Ramiz Mustafayevə... Qulaq asır, irili-xırdalı nə rol verirdilərsə həvəslə oxuyurdum. Həm də çalışırdım etimadı doğruldum. Bir də istəyirdim bu səslər içində mənim də səsim öz yerini tutsun. Sonralar mənə böyük rollar, məsul verilişlər tapşıranda içimdə bir boy artırdım. Bu yolnan da bir aktyor kimi, daha doğrusu səsim dinləyicilərə məhrəm oldu. Üzdən məni tanımayanlar səsimə çevrilir, sonra “siz Həsən Əbluç deyilsiz ki?” deyə soruşurdular. İndi də harda oluramsa olum, nə iş görürəmsə görüm, birinci tərif səsimə görə olur ki, onu da mənə radio qazandırıb. Sonra daha da yaxın oldum radioyla. Rejissorluğa da burdan başladım. Gənclik redaksiyasının xəttiylə “Firuzə” tələbə teatrını yaratdım. Radioyla yazılarım, tərcümələrim, səhnələşdirmələrim, pyeslərim, quruluşlarım səslənib, haqqımda dəfələrlə verilişlər efirə çıxıb. Bütün bunlar qarşılıqlı məhəbbətin sayəsində baş tutub. 20 il əvvəl olduğu kimi indi də radioya sevgim tükənməyib, yaxşı ki, radio da hələ məndən üz çevirməyib”.

Aktyorlar sırasında iki nəfər də vardı ki, kənardan baxana elə gələrdi başqa bir sahənin adamıdırlar. Davranışları, geyim-kecimləri, deyib-danışıqlarıyla birgə sanki başqa bir dünyadan gəlmişdilər. İlk baxışda deyib-gülən, lətifələri biri-birinə calayan, şən-şaqraq aktyorlar dairəsində ciddi, bir az da qərib görüksələr də sənəti ortaya qoymaq məqamı gələndə onları tanımaq olmazdı, hətta aktyor dostlarını belə heyrətləndirərdilər. Hamlet Xanızadə ilə Fuad Poladovu nəzərdə tuturam. Özləri də möhkəm dost idilər. Səslərində bir qəribə oxşarlıq vardı. Odur ki, Yusif Səmədoğlunun “Qətl günü” əsəri əsasında çəkilən filmdə baş rolu oynayan Hamlet Xanızadə dünyasını dəyişdiyindən dublyaja onu səsləndirmək üçün Fuadı dəvət etdilər və tamaşaçıların çoxusu bilmədi ki, danışan Hamlet deyil.

Azərbaycan radiosu üçünsə Hamlet çox danışmış, saysız-hesabsız rollar oynamış, müxtəlif amplualı, hətta çoxları üçün təəccüblü görünən sırf komik planlı obrazlar yaratmışdı. Azərbaycan radiosunun daimi fondunda Hamlet Xanızadənin vəfatından bir az əvvəl onunla apardığım bir saata yaxın çox dəyərli müsahibə saxlanır. Ona görə dəyərli sayıram ki, o lentdə Hamletin dərin, mənalı fikirləriylə yanaşı həm də təkrarsız səsi qorunur. Ancaq “Radio mənim taleyimdə” verilişi üçün ondan müsahibə alarkən Hamletin ölümünə hələ beş il qalırdı.

H.XANIZADƏ: “Mənim bir aktyor və dinləyici kimi formalaşmamda, dünya görüşümün artmasında radio əhəmiyyətli rol oynamışdır. Ona görə aktyor kimi deyirəm ki, mən radioda diktor kimi yox, radio teatrının aktyoru kimi çıxış edirəm. Bu isə o deməkdir ki, dinləyici mənim yaratdığım obrazı görməsə də səsim və intonasiyam vasitəsilə oynadığım rolu təsəvvür edə bilir. Beləliklə sənətin digər bədii dilində olduğu kimi dinləyici və aktyor arasında tamaşanın yaranma, inkişafı prosesi gedir. Radio teatrı aktyordan daha artıq səfərbər olmağı, işinə böyük məsuliyyətlə yanaşmağı, səsinin, nəfəsinin müdam yerində olmasını tələb edir. O həm də aktyoru daxilən mədəni, səviyyəli olmağa sövq edir. Yuxarıda söylədim ki, radio məni həm də bir dinləyici kimi hazırlayıb. Bir dinləyici kimi iştirak etdiyim tamaşalara qulaq asdıqca öz səhvlərimi görür, növbəti çıxışlarımda onlardan qaçıram. Radio teatrına mən çox borcluyam. Ona görə borcluyam ki, bəzən elə olur aktyor doğma səhnədə arzu elədiyi rolları oynaya bilmir, günlərlə boş –bekar gəzir, qalır içindən qırıla-qırıla. Belədə köməyə radio teatrı gəlir. Burası isə əsrarəngiz bir meydandır. Fiziki hərəkətlərini də, tez-tez dəyişən üz cizgilərini də, mətndən doğan ovqatını, hətta rəqsini də yalnız səsinlə ifadə eləməlisən. Bir sözlə əsil yaradıcılıq. Mən radioya çox sonralar gəlmişəm. O vaxtacansa teatrda yaratdığım obrazlara görə azdan-çoxdan tanınırdım. Ancaq radioda elə ilk çıxışlarımdan dərhal sonra mən bu sənət sahəsinin hər bir aktyor üçün nə qədər vacib olduğunu anladım. Ona görə də mən radionu da səhnə qədər özümə doğma bilirəm”.

 

 

Davamı var

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2010.- 24 aprel.- S.23.