Publisistikanın yeni uğuru
“Dünya sözlə
yaranıb, sözlə yaşayır, sözlə idarə
olunur. Söz ürəyin açarı, düşüncənin
gerçəkliyidir. Elə ki, sözün yerinə silahlar
danışır, onda fəlakət başlayır. Bu, həm
də sözün qüdrətinin və sülh təbiətli
olmasının təsdiqidir.
İnsan dil açandan əbədi
susanadək saysız-hesabsız söz işlədir.
Onların qərəzlisi, şirini də olur, xoşagəlməzi,
acısı da! Amma yadda qiymətlisi, təəssüf ki, hərdən
də yaralayanı qalır. Hansı yaxşıdır – yəqin
belə bir mübahisə açmaq da mənasızdır. Bəs,
söz demək üçün insana nə lazımdır? Təbii
ki, əvvəlcə söz söyləmək istedadı.
Sonra dediyinin eşidilməsi üçün
ağıllı mühakimə yürütmək
bacarığı və bir də mənəvi haqq! Daha sonra
sözün deyilmə tribunası. Ən nəhayət söz
deməyə cəsarət və bəlkə də ondan vacib
sayılan sözü deyə bilmək məharəti! Bunlar
olmasa, deyilən sözlər mənasız yığına
çevrilir. Onu nə dinləyən olur, nə də oxuyan.
İşdir, kimsə təsadüfən və yaxud məcburən
belə sözlə rastlaşarsa, bir şey deməsə də,
başını bulamaqla münasibətini ifadə edir.
Az qala ən vacib şərti
unutmuşduq. Tutarlı söz demək üçün həm
də insana ömür gərəkdir. Çətinlik,
sınaqlarla dolu, dostlar əhatəsində keçən bir
ömür...
Müdrik o kəsdir ki, dediyi
söz eşidilib.
O kəslər xoşbəxtdir
ki, dedikləri söz yadigara çevrilib.
Zamanın sınaqlarından
keçib gəlmək isə sözün xoşbəxtliyidir.
Möhtərəm oxucu! Bu
kitaba müxtəlif vaxtlarda yazılan sözlər-məqalələr
toplanıb. Hərəsi bir məqam, bir münasibətlə
bağlıdır. Bütövlükdə isə XXI əsrin
əvvəllərində Azərbaycanda baş verən bir
sıra ictimai-siyasi proseslərə jurnalist reaksiyadır.
Şahid sözü gərəkli olur. Daim hadisələrin
qaynağında olan jurnalist də gördüklərinin sahibi
sayılır. Nə vaxtsa sözümüz kiməsə gərək
olsa, oxucu marağını təmin etsə, sanarıq ki, zəhmətimiz
hədər getməyib. Bu gün isə müxtəlif illərdə
“Azərbaycan” qəzetində yazdıqlarımızın bir
qismini diqqətinizə təqdim edirik”.
Müasir dövr Azərbaycan
publisistikasının inkişafında özünə məxsus
sözü, dəsti-xətti, aydın ictimai-siyasi mövqeyi,
cəmiyyət həyatında baş verən pozitiv və
neqativ hadisələrə yüksək vətəndaş
mövqeyi ilə daim seçilən, milli dövlətçilik
ənənələri və milli-mənəvi əxlaqi dəyərlərimizin
keşiyində ləyaqətlə dayanan, xalqımızın
müstəqillik dövrünün önəmli yüksəlişini
məzmunlu publisistik yaradıcılığında yüksək
peşəkarlıqla əks etdirən tanınmış qələm
sahibi, respublikanın Əməkdar jurnalisti Bəxtiyar
Sadıqovun “Ömrün söz yadigarı” adlı yeni
publisistik əsərlər toplusu bu yaxınlarda çap edilib
oxucuların ixtiyarına verilib. Əsasən 2001-2008-ci illər
arasında qələmə alınan və müxtəlif
vaxtlarda “Azərbaycan” qəzeti səhifələrində
çap edilmiş günümüz üçün akutal
publisistik yazıların cəmləşdiyi toplu müəllifin
oxucuya ünvanladığı yuxarıda nümunə
verdiymiz söz haqqında “Müəllifdən”
başlıqlı yığcam və maraqlı bir xitabı
ilə açılır.
Məlumdur ki, müxtəlif
dövrlərdə ayrı-ayrı söz ustaları söz
haqqında dəyərli fikirlər söyləmişlər.
Onlardan bu gün bizi nə qədər uzun zaman ayırsa da,
heç biri dəyərdən düşməmiş, milli sərvət
kimi şifahi və yazılı qaynaqlarda yaşamış və
günümüzə gəlib çatmışdır.
Onların sabah bizdən sonrakı nəsillər tərəfindən
də məhəbbətlə yaşadılıb sonrakı nəsillərə
ötürüləcəyinə, əbədiyaşar bir həyat
yaşayacağına şübhə yoxdur. Təki dünən
və bu gün olduğu kimi, sabah da, bizdən sonrakı
zamanlarda da düz sözün, ədalətli sözün, haqq
sözün qədrini bilənlərin sırası seyrəlməsin,
səfi pozulmasın, sözün qədrini bilək,
doğrunu nahaqdan, həqiqəti yalandan seçə bilək...
Elə bu təəssüratla da dörd fəsildən ibarət
yüksək poliqrafik səliqə ilə nəşr
edilmiş toplunu vərəqləməyə başladım.
“Tarixi yaradanlar və yaşadanlar” adlı birinci fəsil ən
yeni dövr Azərbaycan tarixində baş verən bir
çox mühüm, təzadlı, ziddiyyətli, müstəqilliyi
qoruyub saxlamaq uğrunda gedən hadisələrdən bəhs
edir. Bu həyəcanlı səhifələri oxuduqca bir daha
inandım ki, tarixdə şəxsiyyətin rolu böyük
imiş. Son zamanlarda özümüz üçün
böyük vətən hesab etdiyimiz postsovet məkanında
tarixdə şəxsiyyətin rolunun inkar edilməsi
xalqımızın da nə qədər
böyüklü-kiçikli haqqının, hüququnun
tapdalanmasına gətirib çıxarmışdır.
Ölkəmizin ən yeni dövr tarixi göstərdi ki, tarix
şəxsiyyətlər yaratdığı kimi, şəxsiyyətlər
də tarixin yaranması və idarə edilməsində
böyük və nüfuzedici rola malikdir. Azərbaycan
tarixinin müxtəlif dövr və mərhələlərində
şəxsiyyətlərin rolu böyük və istiqamətverici
olduğu kimi, müstəqilliyimizi qoruyub saxlamaq, onun daimi və
əbədi olmasının təmin edilməsində də
onların rolu inkaredilməzdir. 1918-ci ildən başlayaraq
müstəqillik təcrübəmizdə gördük ki,
tarixdə şəxsiyyətin böyük rolu olduğu kimi,
onların tarix səhnəsindən getməsi müstəqilliyimizin
əldən verilməsi və bolşevik işğalı ilə
yekunlaşdı. Tarixin yenidən təkrarı ərəfəsində
azadlıqsevər qüvvələrin özündə güc
tapıb yenidən səfərbər olunması, vahid bir
qüvvə kimi müstəqilliyi uğrunda mübarizəyə
qalxması ilə əlamətdar oldu. Ona görə də bu
tarixi həqiqətin olduğu kimi yazılması və gələcək
nəsillərə ötürülməsi bugünkü
ziyalı nəslinin ən müqəddəs borcudur. Elə
buna görə də yazarlar qarşısında duran
böyük vəzifələrdən biri ötən 90-cı
illərdən başlayan demokratik inkişaf və müstəqillik
tariximizi sovet dövrünün ideoloji illüziyalarından
uzaqlaşaraq bütün ziddiyyət və təzadlardan azad, ədalətli
və həqiqətləri əks etdirən bütün hərəkətverici
qüvvələri və taixi şəxsiyyətləri ilə
birlikdə əks etdirilməsi isə təbii ki, çox vacibdir.
Bu dövr müstəqilliyimizin
qorunub saxlanması və möhkəmləndirilməsində
mühüm xidmətləri olan tarixi şəxsiyyətlərdən
biri də Heydər Əliyevdir. Tarix və şəxsiyyət
probleminin öyrənilməsində onun mübarizələrlə
zəngin həyatı və fəaliyyəti şübhəsiz
ki, ən yaxşı nümunədir. Əslində bu nəhəng
siyasi xadimin çoxcəhətli fəaliyyəti tarixdə
şəxsiyyətin rolunu kiçildən müddəaların
əsassızlığını təsdiqləyən ən
mükəmməl göstəricidir. Ona görə də bu
gün həmin siyasi fəaliyyətin xalqımızın
tarixi taleyindəki yerini və əhəmiyyətini
bütün genişliyi ilə həm elmi-nəzəri, həm
də praktiki aspektdə konkret siyasi təcrübə kimi əsaslı
şəkildə öyrənilməsinin vacibliyini gündəmə
gətirir. Bu baxımdan Bəxtiyar Sadıqovun oxucuların
geniş dairəsinin marağına səbəb olan
“Ömrün söz yadigarı” toplusunun “Tarixi yaradanlar və
yaşadanlar” başlıqlı birinci bölməsində
toplanan publisistik yazılar yazıldığı zamanın –
90-cı illər dövrünün həqiqətlərini əks
etdirmək, xalqı bu mübarizələrə səfərbər
etmək baxımından nə qədər əhəmiyyətli
idisə, bu gün həmin dövr tariximizin şanlı səhifələri
kimi bir o qədər dəyərlidir. Onu da qeyd etmək gərəkdir
ki, müəllifin 90-cı illər dövrünün tarixi
hadisələrini yazarkən onu bütövlükdə öz
həqiqi məcmuunda – ümumxalq mənafeyi, ziyalı dəstəyi,
Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və
onun uğrunda səfərbər olmaq, eləcə də
xalqın müstəqillik uğrunda ölüm-dirim
mübarizəsinin milli mətbuatda əxlaqi dəyərlərin
qorunub saxlanması kontekstində təqdim etməsi nəşrin
başlıca məğzini təşkil edir. Nəşrdə
qabarıq şəkildə özünü göstərən
bu cəhət “Milyonların taleyi həyatında əks olunan
insan”, “Ən böyük azərbaycanlı”, “Söz və mətbuat
azadlığının təminatçısı”,
“Böyük qurucu”, “Azərbaycan tarixində vətəndaş,
şəxsiyyət və lider amili”, “Niyə məhz Heydər
Əliyev gəlməli idi”, “Oxşar talelər”, “Xalq-rəhbər
birliyinin ən parlaq nümunələri”, “15 iyun
qiyamının 15 oktyabr zəfəri” və başqa publisistik
yazıları Heydər Əliyevin yeni dövlət
quruculuğunun ağır illərində tarix və şəxsiyyət
problemi ətrafındakı fəaliyyətinə baxış
kimi diqqəti cəlb edir. Bu yazılarda milli öndərin
ölkənin müstəqilliyini qoruyub saxlamaq, daxili və
xarici siyasət strategiyasının başlıca istiqamətlərini
müəyyənləşdirmək sahəsindəki fəaliyyətinin
aparıcı istiqamətləri barədə ətraflı
danışılır və onun çoxcəhətli tarixi qətiyyətinin
bu mühüm istiqamətlərdə öyrənilməsinin
vacibliyi göstərilir. Müəllif haqlı olaraq yazır:
“Heydər Əliyev bu dövləti böyük fədakarlıq
və əziyyətlər bahasına qurub, amma bu dövləti
möhkəmləndirmək və inkişaf etdirmək
üçün daha böyük fədakarlıqlara hazır
olduğunu da dəflərlə sübuta yetirib. Bu dövlət
onundur, ona görə ki, Heydər Əliyev Azərbaycan
adlı məmləkətin müstəqil və azad ölkə
olaraq dünya siyasi səhnəsində özünü təsdiqləməsinə
bütün həyatını həsr edib. Lakin bu dövlət
həm də hər birimizə məxsusdur. Çünki onun
yaşamasına təhlükə yaradan bütün ekstremal
situasiyalarda Heydər Əliyevin güvəndiyi yeganə amil
Azərbaycan xalqının öz liderinə sonsuz inamı və
sevgisi olub. Bu inam isə Azərbaycan dövlətinin əbədi
müstəqilliyinin sarsılmaz təməl daşıdır”.
Birinci bölmədə verilən
yazıların başqa bir cəhətini də qeyd etməmək
olmur. Bu da müstəqillik uğrunda keşməkeşli
mübarizələr dövründə ölkəmizin
mühüm strateji inkişafının başlıca istiqamətlərinin
müəyyənləşdirildiyi tarixi kəsimdə həmin
siyasi xəttə başçılıq edən tarixi şəxsiyyətin
uzaqgörənliyi, dövlətçiliyin ümumi inkişaf
istiqamətlərini tənzimləyən idarəçilik səriştəsi
və ona göstərilən ümumxalq dəstəyidir. Dövlətçiliyin
müqəddəratının həll edildiyi məqamda
ümumxalq mənafeyinə xidmət edən siyasi xəttin
yeridilməsi, daim xalqla birlikdə olması Heydər Əliyev
uğurlarının başlıca istiqaməti və ana xətti
idi. Kitabda toplanan publisistik yazılarda bütövlükdə
götürüldükdə Azərbaycan xalqının haqq
işinə inam, dövlətçilik sahəsində
90-cı illərdə yürüdülən düzgün
siyasətin bu gün insanların həyatında, məişətində,
əxlaqında yaratdığı dəyişikliklərdən
iftixar hissi ilə bəhs olunması oxucu qəlbini fərəhləndirir.
Onlardan çıxan başlıca məntiqi nəticə isə
gələcəyə inamı artırır, dövlətçiliyin
idarə edilməsinin etibarlı əllərdə olması,
Azərbaycanın dünya ölkələri tərəfindən
tanınması, onun humanist, sülhsevər siyasətinin dəstəklənməsi
oxucunu sevindirir, onları öz prezidentləri ətrafında
daha sıx birləşdirir. “Yeni tribunanın tribunu”, “Hər
bir Azərbaycan vətəndaşının prezidenti”
yazıları bu cəhətdən xüsusilə diqqəti cəlb
edir.
Azərbaycanın beynəlxalq
nüfuzunun yüksəlməsi onun dünya dövlətləri
tərəfindən daha ardıcıl şəkildə dəstəklənməsi
nəşrin birinci bölməsində verilmiş yazılarda
haqlı olaraq önə çəkilir. Müəllif
göstərir ki, müstəqil Azərbaycanın beynəlxalq
aləmdə ən böyük uğurlarından biri dövlət
müstəqilliyinə nail olduqdan sonra ümumbəşəri
inkişaf yolunu tutması oldu. Hüquqi, demokratik dünyəvi
dövlət quruculuğu yoluna qədəm qoyan ölkəmiz
həmin ideyanın baş müəllifi olan Heydər Əliyev
yeni Konstitusiyada bəyan etdiyi məqsədə nail olmaq
üçün mötəbər Beynəlxalq quruma – Avropa
Şurasına üzv olmaq üçün düz dörd il
mübarizə apardı. Azərbaycanın bu dövrdəki
uğurları ilə yanaşı, şübhəsiz ki,
problemləri də var idi. Xüsusilə, Ermənistan tərəfindən
ərazimizin iyirmi faizinin işğalı, qaçqın vəziyyətə
salınmış bir milyondan artıq azərbaycanlının
hüquqlarının tapdalanması bu probemlərin ən
mühümü idi. İlk sessiyada iştirak edən
deputatlarımız verilmiş imkandan səmərəli şəkildə
bəhrələnməyə nail oldular, Azərbaycan həqiqətləri
barədə dünya ölkələrinə ətraflı məlumat
verdilər. Məcmuədəki publisistik yazılarda bu
dövrdə İlham Əliyevin başçılıq etdiyi
Azərbaycan Parlamenti nümayəndə heyətinin Avropa
Şurası Parlament Assambleyasındakı uğurlu fəaliyyəti
ölkəmizin dünyaya tanıdılması sahəsində
görülən böyük işlərin ilk startı kimi təqdim
edilir. Müəllifin haqlı olaraq yazdığı kimi,
bununla biz öz səsimizi dünyaya çatdırmaq
üçün çox mühüm və nüfuzlu bir
tribuna əldə etmiş olduq və sonrakı dövrlərdə
də bu tribunadan yetərincə istifadə edə bildik.
Kitabın fəsiləri
arasındakı güclü məntiqi əlaqə təqdim
edilən publisistik yazılarda 90-cı illərdən
sonrakı onillikdə ölkədə idarəçiliyin
yüksəlişi və inkişafının milli dövlətçiliyin
mökəmləndirilməsindəki böyük rolu və əhəmiyyəti
ilə sıx bağlılığını izləməyə
imkan verir. Bəxtiyar Sadıqov göstərir ki, bu illərdə
ölkənin başlıca idarəçilik sisteminin,
ziyalı elitasının vahid məqsəd uğrunda – Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsinə
səfərbər edilməsi mühüm təşkilati
işin nəticəsi idi. Bu baxımdan “Ziyalı sözü,
vətəndaş mövqeyi” başlığı altında
toplanan müəllifin cəmiyyət üçün əhəmiyyətli
və aktual olan mövzu ilə bağlı müxtəlif illərdə
yazdığı publisistik yazıları yüksək vətəndaş
mövqeyi ilə diqqəti cəlb edir. Bölmə “Fəxr
elə, Azərbaycan” səfərbəredici məqaləsi ilə
başlayır. Müəllif böyük iftixar hissi ilə
yazır: “Fəxr elə, Azərbaycan, müstəqil
yaşadığın on il ilə! Fəxr elə, Azərbaycan,
qovğalardan salamat çıxmağınla,
başını üzərini almış bəlalardan
sovuşmağınla!”
Müstəqillik
yollarında irəliyə doğru addımlayan xalqın birliyə,
ziyalı sözünə ehtiyacı olduğunu vurğulayan
müəllif bu bölmədəki məqalələrində
müstəqil dövlət quruculuğu prosesini tarixin
yaddaşına təhrifsiz yazmağın vacibliyini, xalqa həqiqəti
söyləmək, onu doğru və düzgün inkişaf
yoluna istiqamətləndirmək zərurətini əxlaqi dəyər
kimi qiymətləndirir, həmin tarixi təcrübədən
istifadənin vacibliyini təsdiq edir.
Kitabın sonrakı
üçüncü bölməsində ölkənin
taleyinin həlledici məqamında daha vacib bir problem – cəmiyyətdə
vətəndaş mövqeyi yüksəlişinin zəruriliyi
önə çəkilir. Burada ölkənin iyirmi faizdən
artıq bir ərazisinin mənfur qonşular tərəfindən
işğalı, bir milyondan artıq həmvətənlərimizin
dədə-baba torpaqlarından deportasiyası, vətən dərdi,
Qarabağ həsrəti, ağır köçkünlük
və qaçqınlıq həyatı, Azərbaycan həqiqəti
və erməni yalanı, ordumuzun gücü, qaçqın
şəhərciklərinin siyasət meydanına çevirmək
istəklərinin xalqın müstəqilliyinə zərbə
vurduğunu bildirən yazılarda məkrli düşmənə
qarşı bütün cəbhələrdə birləşmək
çağırışı güclüdür.
“Ömrün söz
yadigarı”nda mətbuatın və mənəvi dəyərlərin
cəmiyyət həyatındakı yeri və mövqeyi
ayrıca bölmədə toplanmış yazılarda öz
geniş şərhini tapır. Müəllif yazır ki,
taleyinə didərginlik və qaçqınlıq düşən
xalqın mətbuatı bir an belə öz mübariz
mövqeyini əldən verməməli, xalqı vətənpərvərlik,
birlik və düşmənə qarşı səfərbər
etməyi özünün başlıca vəzifəsi hesab
etməldir. “Müstəqillik”, “Milli mətbuat və milli mənafe”,
“Xalqa xidmət edən jurnalistika” məqalələrində
müstəqillik dövrü mətbuatının
qarşısında duran vəzifələr, jurnalistikanın
problemləri barədə geniş söz açılır. Bu
məqalələrdə jurnalist şəxsiyyətinin müqəddəsliyi,
onun obyektivliyinin dəyərdən salınmasının cəmiyyət
üçün verdiyi acı nəticələr maraqlı
faktlarla açıqlanır. Müəllif haqlı olaraq
yazır ki, “jurnalistlərin peşəkarlıq səviyyəsinin
yüksəlməsinə, onların milli mənafeyi qorumaq
ruhunda yetişdirilməsinə xüsusi fikir verməliyik. Siyasi
əqidəsindən və cəmiyyətdəki mövqeyindən
asılı olmayaraq hamının dövləti və milli mənafeləri
qoruyub müdafiə etməsi son dərəcə vacib və zəruridir”.
Jurnalistikanın və milli mətbuatın xalqın mənafeyi
naminə fəaliyyəti onun ən başlıca borcudur. Siyasi
vəziyyətdən və şəraitdən asılı
olmayaraq jurnalist bu mövqeyi heç vaxt əldən verməməli,
jurnalist adını uca tutmalıdır. Milli adət və ənənələrimizin,
təmiz Azərbaycan dilinin qornunub saxlanmasına səy
göstərməlidir. Burada “Məsuliyyətsiz sözün sərhədsiz
azadlığı” publisistik yazısında Bəxtiyar
Sadıqov mətbuat sahəsində gözə dəyən
neqativ halları tənqid etməklə yanaşı, eyni
zamanda mətbuatın üzərinə düşən məsuliyyətdən
söz açır. Kitabda bir neçə il bundan qabaq
yazılmasına baxmayaraq bu gün də
aktuallığını itirməyən iki publisistik yazı
barədə də danışmağa ehtiyac vardır. Bunlardan
biri “Böyük şəxsiyyətlər haqqında hamı
kitab yaza bilərmi?”, digəri isə “Ağıl vermək səlahiyyəti”
adlanır.
Məlumdur ki, son illərdə böyük şəxsiyyətlər haqqında kitab yazmaq, bildi-bilmədi, yerli-yersiz müxtəlif problemlərlə bağlı öyüd-nəsihət vermək, ağıl öyrətmək hallarına tez-tez təsadüf edilr. Bəxtiyar Sadıqov haqlı olaraq göstərir ki, ilk növbədə belə müəlliflər özləri-özlərinə hesabat verməlidirlər ki, görəsən bunlara onların mənəvi-əxlaqi və elmi haqları çatırmı? Əgər çatmırsa gərək özləri ilk öncə belə səlahiyyətə sahib olmadıqlarını dərk etsinlər, dərk edə bilməyəndə isə onlara rəy verənlər, üzərində adını redaktor yazıb belə yazıları geniş ön sözlərlə nəşr edənlər bu məsuliyyəti dərk etməlidirlər. Şübhəsiz ki, dünən olduğu kimi, bu gün də belə nəşrlərin işıq üzü görməsinin tənzimlənməsinə ehtiyac hələ qalmaqdadır.
Kitabda müəllifin müsahibələrində, eləcə də “Müharibənin yazılmamış qanunları” və “Deməsək olmur: şoular vasitəsilə qurulan biznes” publisistik yazılarında toxunulan problemlər də günümüz üçün aktuallığını qoruyub saxlamaqla bu gün də cəmiyyətin diqqət mərkəzində qalmaqda davam edən və həllini gözləyən problemlərdəndir.
Kitabda toplanmış 90-cı illərdə müstəqilliyimizin qorunub saxlanması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi,uğurlu sabaha qətiyyətlə addımlayan yeni Azərbaycanın yaranması uğrunda mübarizələrin şanlı tarixini yaradanların fədakarlığından bəhs edən publisistik yazılarda cəmiyyət həyatının bir sıra aktual problemlərinə aydınlıq gətirilir. Tarix və şəxsiyyət, vətən və vətəndaş, təcrübə və uzaqgörənlik, sədaqət və xəyanət, jurnalist və mətbuat mövqeyi və s. dövrün hadisələri kontekstində dəyərləndirilir və onların son illərdəki fəaliyyətinə düzgün, ədalətli qiymət verilir. Müəllifin söz demək səlahiyyəti, sözün ədalətli deyimi, yaddaqalanlığı barədəki mülahizələri əlinə yeni qələm alan gənc jurnalist nəsli, milli mətbuatımızın cərgəsinə qoşulan yeni qəzet, jurnal naşirləri üçün dəyərli örnək təsiri bağışlayır.
Bütövlükdə isə Bəxtiyar Sadıqovun “Ömrün söz yadigarı”nda verilmiş ən yeni tariximizin solmaz səhifələrini əks etdirən dolğun məzmunlu publisistik yazıları təkcə müəllifin son dövrlərdəki yaradıcılıq nailiyyətləri deyil, eləcə də Azərbaycan publisistikasında yeni uğurlu hadisədir.
Azad NƏBİYEV,
professor
525-ci qəzet.- 2010.- 24 aprel.- S.20.