Aşıq Nəcəfin 110 illiyi
Gənc Tamaşaçılar Teatrında qeyd olunub
Gənc
Tamaşaçılar Teatrında tovuzlu Aşıq Nəcəfin
anadan olmasının 110 illik yubileyi keçirilib. Tədbir
çərçivsəində həmçinin
“Düşdüm eşqin sevdasına” adlı şeirlər
kitabının təqdimatı da olub. Yubiley tədbirinin
aparıcısı, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev cəmi 46 il yaşamış Aşıq Nəcəfin
qısa ömür sürməsinə baxmayaraq, böyük
yaradıcılıq irsi qoyduğunu bildirib.
Azərbaycan Aşıqlar
Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Nəcəfin
şeirlərini ustadların dilindən öyrəndiyini
bildirib.
Tədbirdə
çıxış edən millət vəkili Qənirə
Paşayeva Aşıq Nəcəfin həyat və
yaradıcılığı barədə söz
açıb.
Gecədə şairlər
aşığın yaradıcılığından nümunələr
səsləndiriblər, aşıqlar və müğənnilər
onun qoşma, təcnis və gəraylılarına
yazılmış mahnıları, aşıq
havalarını ifa ediblər.
Qeyd edək ki, Aşıq Nəcəfin
gecədə təqdim olunan “Düşdüm eşqin
sevdasına” kitabında şairin ustadnamə, gəraylı,
qoşma, təcnis, divani, müxəmməs, deyişmələri
yer alıb. Nəşrə həmçinin sənətkara
ithaf olunmuş şeirlər də daxil edilib.
Aşığın ayrı-ayrı vaxtlarda iki kitabı
işıq üzü görüb. Kitabın ön
sözünün müəllifi millət vəkili Qənirə
Paşayeva, toplayıb tərtib edəni Bağman Baba, rəyçi
filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayevdir.
SARA
525-ci qəzet.- 2010.- 24 aprel.- S.16.