Soyqırımın” soyuq
üzü
İspan kraliçası
İzabella İspaniyada və bütün Avropada müsəlmanların
axırına çıxandan sonra keçmiş ərəb məscidinin
yerində dəfn olunmasını və məzarı üzərində
müqəddəs “La İlahə İllallah” sözlərinin
yazılmasını vəsiyyət edib.
Təqribən 100 il əvvəl “günəş altında yer axtaran”, “dünyanı yenidən bölmək istəyən” qərb dövlətləri Avropanı qan çanağına çevirdilər. Ordular üz-üzə durdu, xalqlar qarşı-qarşıya gəldi, insanlar min əzaba düçar oldu – I Dünya savaşı başladı.
İsti okeanlara can atanlar da, İstanbulu xristianlığın paytaxtına çevirmək istəyənlər də, şərqə səlib yürüşü edən cəngavərlərin nəvələri də, top-tüfəngini, silah-sursatını bazara çıxaran pulagir kapitalistlər də, inqilab etmək, çar hakimiyyətdən qisas almaq istəyən bolşeviklər də, heçliyini dərk edən milli qruplar da hərəkətə keçdi.
Atillanın atının dırnaqlarının ovub tökdüyü Bizans oyunbazlığı dirçəldi, Sultan Mehmet Fatehin qılıncı ilə Avropaya gətirilmiş düzən qarışdı. Xristian dünyasının təhriki, Rusiyanın vədi, bolşeviklərin ideoloji təbliğatı və Fransa yalanlarının təsiri altına düşən ermənilər də bu qarışmış dünya bazarında öz “mal”ını satmaq, erməni kurnazlığı ilə “az xərclə çox qazanmaq” iddiasına düşdülər. Qərbin Osmanlı dövlətinə qurduğu tələyə qoyulmuş yem rolunu oynadılar. Heç vaxt basqıya, milli mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmadıqları tolerant Osmanlı İmperiyasında hakimiyyətin yüksək postlarına gətirilən, orduda general rütbəsinə qədər qaldırılan, dünyanın heç bir ölkəsində və dövlətində görmədikləri firavanlıqda yaşayan ermənilər dövlətə və yüz illərlə qonşu olduqları sadə insanlara xəyanət etdilər. Milli və dini ayrı-seçkiliyə və türk düşmənçiliyinə yönəldilmiş daşnak ideoloji konsepsiyasını həyata keçirməyə başladılar.
Müstəmləkələr hesabına sürətlə inkişaf edən, güclənən və qəsbkarlıq siyasəti yeridən Rusiya və Avropa onun qarşısında möhtəşəm qalaya çevrilmiş Osmanlı İmperiyasını daxildən sarsıtmaq, birliyini pozmaq və parçalamaq üçün xristian təəssübkeşliyindən və klassik erməni xəyanətkarlığından istifadə etməyə çalışdı, Türkiyədə, İranda, Gürcüstanda və Azərbaycanda yaşayan erməniləri ayağa qaldırdı, dünyanın bir çox mənfur ünsürlərini hərəkətə gətirdi.
Qafqazda və Türkiyədə milli zəmində qırğınlar törədildi, dünənə qədər mehriban yaşayan, bir tikə çörəyini bölən, dərd-sərləri, ağrı-acıları, əzab və iztirabları eyni olan insanlar bir-birinə düşmən kəsildilər. Bir tikə çörəyini daşdan çıxaran sadə adamlar bu düşmənçiliyin səbəbini nə o zaman anladılar, nə də indi anlaya bilirlər.
Qərb dövlətləri və Rusiya tərəfindən silahlandırılmış ermənilərin Türkiyədə, Gürcüstanda, Azərbaycanda, İranın şimal əyalətlərində dinc əhaliyə qarşı törətdiyi cinayətlərin, kütləvi qırğınların qarşısını almaq üçün Osmanlı dövləti öz gücünü göstərməli, quldurları təhlükəsizləşdirməli, əhalini qorumalı oldu.
Xəyanətkar generallar cəzalandırıldı, silahı yerə qoymayan əliqanlı cinayətkarlar məhv edildi.
Tarix belə hallarla çox
qarşılaşıb. Qiyamçılar intizama, asilər
düzənə gətiriliblər, cinayətkarlar qanuna tabe
ediliblər, xəyanətkarlar cəzalandırılıblar.
Bu qəribə deyil...
... Qəribə odur ki, ermənilər
bu xəyanət və cinayət gününü utanmadan milli
“soyqırımı” kimi qeyd edirlər. Bəlkə də nə
zamansa, erməni xalqının ləyaqətli övladları
tapılacaq, həqiqəti etiraf edəcək, bu günə
görə qonşu xalqlardan üzr istəyəcəklər.
.... Bundan da qəribəsi
odur ki, üstündən yüz il keçəndən sonra
vaxtilə dini ayrı-seçkiliyə görə Varfolomey gecəsini
yaşamış, ABŞ-da hinduların axırına
çıxmış, Vyetnam cinayətlərini, Əlcəzair
qırğınlarını törətmiş, siyasi əqidəsinə,
irqi fərqinə, dini dünyagörüşünə və
milli mənsubiyyətinə görə milyonlarla insanı məhv
etmiş, indi də İraqda və Əfqanıstanda dinc əhaliyə
divan tutan, bu xalqlara qarşı “soyqırımı” həyata
keçirən, “mədəniyyətlərin mübarizəsi”
konsepsiyasını irəli sürən siyasətbazlar və
onların nəvələri yüz ildən sonra türk və
erməni xalqlarının qanı bahasına həyata
keçirdikləri bu faciəni yenidən primitiv şəkildə
oynanılan teatrlaşdırılmış siyasətə gətirmək
istəyirlər.
Suallar yaranır, 100 il bundan əvvəl
baş vermiş bir hadisəni niyə məhz bu gün siyasətə
gətirirlər? 100 il əvvəlin xəbəri bu
günmü bunlara çatıb, indiyə kimi niyə yada
düşmürdü? Niyə dünya siyasətçiləri
arxivləri açmadan, məsələnin mahiyyətinə
varmadan, həqiqətləri araşdırmadan, faktları
öyrənmədən qərar qəbul edirlər? Necə
olur ki, dünya mədəniyyətinə Hüqo, Balzak, Russo
kimi onlarla dahi vermiş fransız xalqının parlamenti
heç bir faktiki və hüquqi əsas olmadan türklərin
erməniləri genosidə uğratdığı haqda qərar
çıxarır? Az imiş kimi, bu tarixi saxtakarlığa
şübhə ilə yanaşan hər kəsin cinayət məsuliyyətinə
cəlb edilməsi haqda qanun da qəbul edir? Məgər,
fransız xalqının mənəviyyatı o qədər
aşağı düşüb ki, belə ədalətsizliyə,
əxlaqsızlığa, haqsızlığa və
qanunsuzluğa göz yumur? Niyə Amerika Konqresində xarici əlaqələr
komissiyası türklərin ermənilərə qarşı
“soyqırımı”nı heç bir fakta və tarixi həqiqətə
söykənmədən tanımaqla, demokratiya və insan
haqları anlayışları və idealları ilə alver
edən ucuz, köhnə əşya satan küçə
alverçisinə bənzər duruma düşməyi
özünə rəva görür? “Millət
atalar”ının, Amerika dövlətinin
yaradıcılarının ədalət fəlsəfəsinə,
dövlətçilik prinsiplərinə və adi insani ləyaqət
anlayışına yad olan bu addımı Amerika Birləşmiş
Ştatları dövlətinin konqresmenləri niyə
atır?
Bu suallar Azərbaycan cəmiyyətində
hər gün, hər yerdə verilir. Məntiqsiz duruma
düşmüş gənclər də, Ermənistanda yerli
azərbaycanlılara, Xocalıda köməksiz insanlara
qarşı törədilən cinayətlərin şahidi
olan orta nəsil də, 1915-1918-ci illərdə Bakı
qırğınlarını, Quba faciəsini,
Naxçıvan, Zəngəzur hadisələrini,
Şamaxı xəyanətini görmüş yaşlılar
da bu sualları tez-tez verirlər. Görəsən, nə
baş verir?
Təkzibolunmaz faktlarla
sübut edilib ki, 1915-1918-ci illərdə Türkiyədə
türklərə və kürdlərə qarşı erməni
qətliamının arxasında birbaşa Fransa dururdu.
Türk paltarında erməniyə ilk güllə atan da, erməni
paltarında türklərə və kürdlərə ilk
hücum edən də fransız əsgərləri və
onların ələ aldıqları adamlar olublar. Rusiya bu
qırğınlara on illərlə hazırlaşdı, erməni
xəyanətini hazırladı. Erməni məsələsi
çar Rusiyasının daxili və xarici siyasətinə o qədər
dərin işlədi ki, hakimiyyət dəyişəndən,
bolşeviklər hakimiyyətə gələndən sonra da bu
siyasi doktrina dəyişmədi. Dəli Pyotrun siyasətini
“ağıllı” Lenin də davam etdirməli oldu.
Erməniləri Türkiyəyə
qarşı qaldıran, Qafqazda qırğınlar törədən
hökumətlərin varisləri bilirlər ki, erməni-türk
münaqişəsi ilə bağlı arxivlər
açılsa, onların babalarının əməlləri,
dövlətlərinin əxlaqsız siması
açılacaq, “atan kazaklardır” deyiləcək.
Erməni siyasətçiləri
və tarixçiləri də bilirlər ki, bu arxivlərin
açılması onlar üçün də faydalı
deyil. Çünki tarixi həqiqətlər üzə
çıxsa, bütün dünya biləcək ki,
Osmanlı ordusunun generalı erməni Andranik paşanın
qulağı niyə kəsilib?!
Arxivlərin
açılması bu gün dünya siyasətini yönləndirən
siyasətçilər üçün də əlverişli
deyil. Arxivlər açılsa, həmin siyasətin bu gün
də davam etdirildiyi, həm də təkcə Türkiyəyə
münasibətdə deyil, digər xalqlara qarşı da davam
etdirildiyi üzə çıxacaq.
Ümumiyyətlə, ermənilərə
qarşı “soyqırımı” ilə bağlı məsələlər
tarixin məsələsi olmaqdan çıxıb,
bugünkü beynəlxalq real siyasətin məzmununa hopub.
Bu gün
“soyqırımı”nı tanımaqla Avropa, Amerika və Rusiya
İraqda, Əfqanıstanda və Gürcüstanda törətdiyi
cinayətlərə və gələcəkdə İrana və
digər dövlətlərə qarşı yönələ
biləcək qəddar və qəsbkar siyasətlərinə
haqq qazandırmaq, “vəhşi asiyalılar”ın və
“terrorçu müsəlmanlar”ın əl-ayağını
yığmaq, dünya ictimaiyyəti və öz xalqları
qarşısında həyata keçirdikləri xarici siyasətin
təcavüzkar üzünə humanist maska geyindirmək istəyirlər.
Qərb siyasətçilərinə
sürətlə inkişaf edən şərqə həsrətlə
baxan abivatel qərbliyə şərq həyatının “qəddarlığını”,
“ədalətsizliyini” göstərmək, getdikcə deqradasiya
olunan qərb “cənnəti”nin və iqtisadi münasibətlər
sisteminin kiçik bir böhran nəticəsində nə
günə düşdüyünü ört-basdır etmək,
aşınmaqda olan həyat tərzinə ictimai
haqlılıq qazandırmaq, ona ədalətli və azad cəmiyyət
görüntüsü vermək üçün şərq
dünyasının pis olduğunu göstərmək
lazımdır. Dünyanın şərq-qərb dəngəsinin
şərqin xeyrinə sürətlə dəyişdiyi,
Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı, Sinqapur, Koreya, Türkiyə
və Qazaxıstan kimi dövlətlərin önə
çıxdığı indiki zamanda narahat qərbə
“soyqırımı”, “çarşab siyasəti”, “minarə
problemi” və s. lazımdır.
Mənəvi
atalarının və dini ağsaqqallarının pedofillikdə
və seksual zorakılıqda ittiham olunduğu qərb
dünyası mənəvi və siyasi aşınmadan xilas
yolunu köhnə düşməni yeni sifətdə təqdim
etməkdə görür.
Unutmaq olmaz ki,
babalarının qılıncla, topla, səlib yürüşləri
və milli qırğınlar törətməklə əldə
edə bilmədiklərini qərb siyasətçiləri
teatrlaşdırılmış diplomatiya və
öngörülü beynəlxalq siyasətlə əldə
etmək istəyirlər.
1948-ci ildə BMT-də
“Genosid cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında” Konvensiyanı qəbul
edənlər “soyqırımı”nın ardıcıl həyata
keçirilən siyasət və əlaqələndirilmiş
fəaliyyət sistemi olduğunu yaxşı bilirlər.
Türkiyənin nə Osmanlı imperiyası dövründə,
nə də Cümhuriyyət dövründə heç bir
millətə, o cümlədən də ermənilərə
qarşı “soyqırımı” siyasəti
aparmadığını aborigen hinduların məhv edilməsinə
yönəlmiş sistemli fəaliyyət göstərmiş
Amerika hamıdan yaxşı bilir.
Orta səviyyədə tarixi
bilən, vicdanlı və ya axmaq olmayan avropalı da bilir ki,
düşmənlərin hər tərəfdən
üstünə yeridiyi bir dönəmdə Türkiyə
üçün daxili sabitliyi və millətin birliyini qorumaq
hər şeydən vacib idi. Belə bir ağır zamanda
öz övladı kimi saxladığı erməniləri məhv
etməyə yönəlmiş siyasət aparmaq, öz
içində iğtişaş yaratmaq, oturduğu
budağı kəsmək Türkiyəyə qətiyyən
lazım deyildi. Bunu anlamaq üçün hərbi strateq
olmağa ehtiyac yoxdur.
“Erməni
soyqırımı”nı tanıyan Amerika, Rusiya və Avropa
dövlətləri XIX əsrdən başlayaraq,
“Böyük Ermənistan” yaratmaq üçün ermənilərin
türklərə və azərbaycanlılara qarşı
ardıcıl həyata keçirdiyi siyasətin mahiyyətini
gözəl bilirlər.
Onların məqsədi
heç də xristian ermənilərə qahmar
çıxmaq, “yazıq”, “əzabkeş”, “məhv olmaqda olan”
erməni “eksponatını” qorumaq deyil. “Erməni
soyqırımı”nın tanınmasının ABŞ-da və
ya Fransadakı erməni lobbisinin fəaliyyəti və
seçki elektoratının təsiri ilə baş verməsini
düşünmək də sadəlövhlükdür.
Heç kim deyə bilməz ki, ABŞ Konqresinin üzvləri
öz dar, 5-10 seçici səsi əldə etmək
marağını ABŞ dövlətinin dünyada insan
hüquqlarının, demokratiyanın, siyasi ədalətin
öncülü və qoruyucusu olması imicinə qurban verə
bilər.
ABŞ-da sayca daha çox
olan və daha güclü təsirə malik yəhudi və
yunan diasporası olsa da, bu gün ABŞ İsrailə
münasibətdə öz siyasi kursunu dəyişə bilir,
dağılmaqda olan Yunanıstan iqtisadiyyatına ciddi dəstək
vermir.
Deməli, qərb dövlətlərinin,
xüsusən də ABŞ-ın “soyqırımı” siyasətində
bir neçə strateji maraq – Qafqazdan Rusiyanı
sıxışdırmaq, burada Rusiyanın son bastiyonu olan Ermənistanı
onun əlindən almaq, şərqdə öz nüfuz dairəsini
genişləndirmək və nəhayət, yuxarıda
dediyimiz daha vacib strateji məsələlər üst-üstə
düşür.
ABŞ Konqresi
yalançı “soyqırımı”nı tanımaqla
dünyanın bir çox ölkəsində qərb
demokratiyasının üstün siyasi sistem olduğuna inanan
siyasətçiləri və bu sistemin təlqinçilərini
pis vəziyyətdə qoyur, ictimaiyyət qarşısında
onların dilini gödək edir.
Xalq iradəsinə güvənən,
xalq iradəsini hər şeydən üstün tutan demokrat
insanlar qərb ədaləti və demokratiyası haqda müsbət
mənada danışarkən arqumentləri ABŞ Konqresinin,
Fransa Senatının və digər Avropa parlamentlərinin qəbul
etdiyi ədalətsiz qərarların, “soyqırımı
maskaradının” sualtı qayalarına
çırpılır, dənizçilər demişkən,
“melə oturur”. Başqa sözlə, ABŞ Konqresi bu son ədalətsizliyi
və ədabazlığı ilə ABŞ
demokratiyasının ən azından Azərbaycanda, Türkiyədə,
Gürcüstanda, Rusiyada və başqa ölkələrdə
olan milyonlarla tərəfdaşına xəyanət etmiş
oldu. Şəkili burda deyir: “Özünüz cəhənnəm,
bəs bizi niyə biabır edirsiniz?”
Qərb siyasətçilərinin
öz maraqları olduğu kimi, ermənilərin haqsız
ittihamlarına və əsassız iddialarına məruz qalan
xalqların və dövlətlərin də öz
qorxuları, narahatçılıqları var.
“Soyqırımı”nı tanımaqla, qərb dövlətləri
təcavüzkar erməniləri daha da
azğınlaşdırır, onları hər cür xəyanətlərinin
dəstəklənəcəyi fikrinə salır. Bu, ermənilərin
Azərbaycan ərazilərini işğal etməsinə rəvac
verən siyasət olmaqla yanaşı, qonşu dövlətlərə
də ərazi iddialarını gücləndirə bilər.
Bu gün Türkiyə Azərbaycanın işğal
olunmuş ərazilərinin qaytarılması
üçün öz maraqlarından keçməyə
hazır olmaqla, eyni zamanda, Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi, bir milyon
yurdsuz-yuvasızın geri dönməsi, regionda sülhün bərpa
edilməsi ilə yanaşı, daha geniş anlamda gələcək
təcavüz və iddiaların qarşısını
almağa çalışır.
Qarabağa təcavüzü
ilə “dünya pələngləri”nin qınağını
görməyən, əksinə, bir çox hallarda dəstəyini
alan “erməni siçovulu”nun Türkiyəyə,
Naxçıvana, Cavaxetiyaya, İrana və Şimali Qafqaza
artan torpaq iddialarını və təcavüz
iştahasını beşikdə önləmək
üçün region dövlətləri və ədalətli
insanlar təcavüzkarı yerinə oturtmalı,
yalançı “soyqırımı”na qarşı
çıxmalıdırlar.
Azərbaycan xalqı nə
baş verdiyini bilməli, hər cür xəyanətə
hazır olmalı, Azərbaycan dövləti yeni dövrün
tələblərinə uyğun olaraq tərəfdaşları
ilə birgə yeni strateji xətt müəyyənləşdirməlidir.
Konkret olaraq nə etmək
lazımdır? Bu başqa söhbətin mövzusudur.
Aydın KƏRİMOV
525-ci qəzet.- 2010.- 24 aprel.- S.15.