Niyə bu günə düşdük?!

 

Əcdadlarımız düz, təmiz, halal yaşayıblar, böyük Yaradana, onun göndərdiyi müqəddəs kitaba – Qurani-Kərimə ürəkdən inanıb, milli-mənəvi dəyərlərini daim uca tutublar. Onlar hər cür yaramazlıqlara, oğurluğa-əyriliyə nifrət edib, evlərinə, ailələrinə haram tikənin yol tapmasına imkan verməyiblər, ağır zəhmətə, olmazın əziyyətlərə qatlaşıb, halallıqla yaşayıblar. Hətta imkanları daxilində kasıb-kusuba, yetim-yesirə əl də tutub, bir-birindən mümkün olan köməkliyi əsirgəməyiblər. Babalarımız yaşadıqları məkanın, torpağın qədrini bilib, onu qorumaq üçün canlarından belə keçiblər. İmkanlı şəxslər əhalinin savadlanmasına, məktəblərin, məscidlərin tikilməsinə, iş yerlərinin açılmasına miyonlar xərcləyiblər, tanımadıqları insanların istedadlı uşaqlarını öz hesablarına xarici ölkələrdə oxutdurublar ki, qayıdıb xalqına xidmət etsinlər. Halal və qanuni yolla, çox vaxt böyüklərinin məsləhətilə ailə həyatı qurub, normal və səmimi ailə həyatı yaşayıblar. Qadına hörmətlə yanaşıb, onun arzu və istəklərini yerinə yetirməyi kişilik-ərlik sayıblar. İnsanlar bir-birinə inanıb, etibar ediblər.

Bu yerdə bir əhvalatı xatırlatmaq yerinə düşərdi. Deyir, bir kişi Həcc ziyarətinə hazırlaşır. O, yola lazım olan miqdarda pul götürüb, ailəsinə 5-6 aylıq ehtiyat qoyur. Qalan pullarını bir bağlamaya büküb qonşusunun evinə gəlir, Həcc ziyarətinə yola düşdüyünü bildirir: “İşdir, əgər salamat qayıda bilməsəm, hər ay bu bağlamadakı puldan müəyyən miqdarda evə verib, uşaqlara nəzarət edərsən. Bağlamada pul çoxdur, öz zəhməthaqqını da götürərsən”. Qonşusu “Biz yaxın qonşuyuq, zəhməthaqqı nədi, ayıb sözdür, sənin uşaqlarına öz doğma balalarım kimi baxacağam, arxayın get, sənə yaxşı yol” deyir. Sonra divardakı gəbəni göstərir: “Gəbəni qaldır, bağlamanı öz əlinlə oradakı cəməxudaya (divarda xüsusi yer) qoy. İnşallah, gəlib özün götürərsən”. Kişi 4 aydan sonra Həcc ziyarətindən sağ-salamat qayıdır, ailəsi ilə görüşəndən sonra qonşusugilə gəlir, razılıq edib bağlamanı götürüb aparır.

Bəli, əziz oxucu, bir vaxtlar nə qonşuya əmanət qoyanda, nə də onu geri götürəndə pulu sayıb təhvil vermək kişilərdən heç birinin ağlına belə gəlməzdi. Çünki o vaxtlar inam, etibar hər şeydən qiymətli idi. O vaxt insanlar bir-birinə mal-pul verəndə rəsmi qəbz yazmaz, notariusa getməz, şahidə ehtiyac olmazdı. İndi bütün bunlar bizə inanılmaz görünür. Xarici ölkələrdən vətənimizə gələn səyyahlar, dövlət nümayəndələri, alimlər, yazıçılar insanlarımız arasındakı bu ilahi inam-etibarı görüb təəccüblərini gizlətməzmişlər.

Bəli, bizim kökümüz düzlük, təmizlik, halallıq, inam və etibar üzərində qurulub, xəmirimiz paklıqdan yoğrulub. Bünövrəsi düzgün qoyulan hər hansı binanın istənilən yüksəkliyə ucalması mümkündür. Bəs, hazırkı durumumuz necədir?!

Milli-mənəvi dəyərlərimiz gün-gündən iflasa uğrayır, insanlarımız pis vərdişlərə, mala-pula hərisliyə, oğurluğa, yaltaqlığa, simasızlığa, imansızlığa meyllənirlər. Müasir dövrdə insan xisləti şişlərdə (xərçəngdə) olduğu kimi öz metastaz dövrünü yaşayır. Oğul ata-anasını qətlə yetirir, qardaş qardaşın qanını tökür, qadın balta ilə ərinin başını kəsir, tələbə müəllimini qətlə yetirir, bir sözlə, deyilməsi, yazılması mümkün olmayan dəhşətli hadisələr baş verir. Oxuculardan min dəfə üzr istəyirəm, qardaş bacısına, ata qızına təcavüz edir. 30-40 il əvvəl belə biabırçı hadisələrin baş verə biləcəyi kiminsə heç ağlına da gəlməzdi.

İnsan bütün məqamlarda nəfsinin tələbi qarşısında dura bilirsə, insandır. Öz nəfsinin qurbanı olmaq, onun əsarəti altına düşmək vəhşi və murdar hissdir. Nəfsin güclənməsi iradənin zəifliyi ilə bağlıdır.

 

lll

 

Qurani-Kərimin tərcüməsi bütün dünyada geniş yayılandan sonra, İslama, Qurana böyük maraq yaranıb. Keçən il təkcə Fransada minlərlə insan Həcc ziyarətinə gedib. Xristian dünyası İslama sığınmağa başladığı bir vaxtda bizdə bəzən ona qarşı xoşagəlməz münasibət müşahidə olunur. İslamda elmə böyük qiymət verilir, elm geniş təbliğ edilir: “Bilikləri ilə insanları faydalandıranlar 70 il ibadət edənlərdən xeyirlidirlər, savab yiyəsidirlər”, “Elm yolunu seçənlərə Allah Behiştin yolunu açar”, “Elmlə məşğul olmaq ən böyük ibadətdir”, “Elm Çində olsa da, onun dalınca getmək vacibdir” – görəsən, belə humanist, bəşəri ideyalar aşılayan dinə qarşı bəzilərində “islamafobiya” xəstəliyi haradan yaranıb? Allaha, onun göndərdiyi müqəddəs kitaba – Qurani-Kərimə, İslam dininə inamsızlıq nəticəsində cəmiyyətdə oğurluq, harınlıq, haramlıq artaraq ictimai bəlaya çevrilir.

Ən dözülməzi isə hansısa vəzifə sahibinin, qanunları qorumalı olan dövlət məmurunun öz səlahiyyətlərindən sui-istifadə etməsidir. Bir də görürsən, bir vəzifə sahibi ona müraciət edənlərə qarşı laqeyd münasibət bəsləyir, hər hansı məsələnin həllində çox vaxt şəxsi mənafeyini güdür. Şikayətçi narazılığını bildirəndə isə açıq şəkildə: “Get, hara istəyirsən, şikayət elə!” – deyir. Bu sözün məna yükü çox böyük və geniş olub dövlətçilik prinsiplərinə ziddir, cinayət xarakterlidir. Vəzifə sahibi, rəhbər işçi başa düşməlidir ki, bütün fəaliyyəti göz qabağındadır və xalqın ona münasibəti bu fəaliyyətdən asılı olaraq müəyyənləşir. “Elin gözü tərəzidir” – deyirlər. Hamını həmişə aldatmaq mümkün deyil, insan öz işini-əməlini uzun müddət gizlədə bilməz! İsgəndər kimi hökmdar nə qədər çalışsa da, “buynuzunu” gizlədə bilmədi. Vəzifə sahibi özünə xidmətlə, xalqa, vətənə xidməti qarışıq salmamalıdır.

Ötən əsrdə Hindistanın əslən Andxra-Pradeş ştatından olan böyük alim, bir müddət sosial müdafiə sahəsində yüksək dövlət vəzifəsi tutmuş Dabbala Racaqopal Reddi ştat əhalisinin qayğısına qalır, onların maddi rifahını yaxşılaşdırmaq üçün gecə-gündüz yorulmadan çalışırmış. Kasıblara, imkansızlara, təqaüdçülərə, xəstələrə, qocalara öz doğmaları kimi yanaşırmış. Dövlətin imkan olmadıqda öz şəxsi hesabına ehtiyacı olanlara yardım göstərən bu şəxs öz xeyirxahlığı, qayğıkeşliyi, səxavəti, düzlüyü, təmizliyi ilə əhali arasında böyük hörmət qazanıbmış. Reddi təyyarə qəzasında həlak olur. Bu xəbəri televiziyadan eşidəndə onlarla insanın ürəyi dayanır. Bir çoxları isə bu əvəzsiz insanın qəfil ölümünə dözməyərək intihara əl atır. Ölənlərin sayı 70 nəfərə çatır. Reddinin böyük qayğı göstərib sosial təqaüd təyin etdirdiyi əlillərdən biri özünü öldürməzdən əvvəl belə bir məktub yazır: “O, öz həyatını bütünlükdə imkansızlara, kasıblara, xəstələrə yardım etməyə həsr edib, mən də öz həyatımı ona qurban edirəm”. Sonra o, zəhər içərək özünü öldürüb. Bir qrup əlil isə özünü hündür körpüdən çaya ataraq intihar etmək istəyib. Lakin yaxınlıqda olan balıqçılar onları xilas ediblər. İntiharların sayı getdikcə artdığına görə, Reddinin oğlu televiziya ilə xalqa müraciət edib, atasının ruhu xatirinə aksiyanı dayandırmağı xahiş edib.

İbrətamizdir, deyilmi? Ən çox da öz vəzifə səlahiyyətlərindən sui istifadə edən məmurların bundan ibrət götürməsinə ehtiyac var.

Yaxud da başqa bir misal. 18-ci əsrin axırlarında İtaliyaya yeni baş nazir seçilir. Baş nazir işə paytaxtla tanış olmaqla başlayır. Şəhərin bərbad vəziyyətdə, zibilliklərlə dolu olduğunu görüb pəjmürdə olur. Çox imkanlı yaxın dostunu çağırıb vəziyyəti danışır və onu şəhərin meri təyin edir. Mer gecə-gündüz çalışır, səfərbərlik edir, küçələri abadlaşdırır, bağlar, parklar, yaşıllıqlar saldırır. Beş ildən sonra mer baş naziri – dostunu görüşə dəvət edir. Onlar şəhəri birlikdə gəzib, göz oxşayan, könül açan, insanı heyran edən gözəlliklərə tamaşa edirlər. Baş nazir dostuna minnətdarlıq edib razılığını bildirir. Şəhərin meri isə işdən azad olmaq haqda ərizəsini başçıya təqdim edir. Baş nazir səbəbini soruşanda mer əmanət kitabçasını göstərib belə deyir: “Mən işə başlayanda 50 milyon dollar pulum vardı. Sizin büdcədən ayırdığınız məbləğ bu işlərin görülməsçi üçün yetərli deyildi. Ona görə öz pulumdan 40 milyon dollar xərcləmişəm. Amma buna qəti peşman deyiləm. Kitabçadan görürsünüz ki, cəmi 10 milyon dollarım qalıb. Bir-iki il də işləsəm, tam müflis olaram, ailəm, uşaqlarım çətin vəziyyətə düşərlər. Xahiş edirəm, ərizəmi qəbul edin”. Yəqin təəccüblənəcəksiniz. Amma rəvayət deyil, reallıqdır.

Və o, öz vəzifə səlahiyyətlərindən istifadə edib milyonlar qazanmayıb, özünə villalar tikdirməyib, villasında delfin, timsah saxlamayıb, əksinə, öz sərvətini xalqı, ölkəsi üçün sərf edib.

 

lll

 

Bu gün təbabətdə zəli ilə müalicə geniş tətbiq olunur. Zəlilərdə belə bir xasiyyət var: doyunca qan sovurduqdan sonra üzülüb yerə düşür. Elə acgöz zəli tapılır ki, nə qədər qan sovursa da, doymur. Qarnı partlayır, bir tərəfdən qanı sovurur, digər tərəfdən mədəsindən qan axıb yerə tökülür. Son nəfəsinə qədər qan sovurur, ölüb yerə düşür. Belə zəli xislətli məmurlar da var. Təbiətdən söz düşmüşkən, nikotinizm, alkoqolozm, narkomaniya kimi çətin sağalan xəstəliklər mövcuddur. Narkomanlar bilirlər ki, ölümə doğru gedirlər, lakin tutduqları yoldan dönmürlər, narkotik maddələri əldə etmək üçün hər vasitəyə, hətta ağır cinayətə belə, əl ata bilirlər.

Bəzi məmurlar da buna oxşar xəstəliyə tutulublar, pula hərislik xəstəlik halını alıb, bir gün əllərinə pul gəlməsə narahatlıq keçirir, əsəbiləşir, qan təzyiqi yüksəlir... Bu da ağır, çətin sağalan xəstəlikdir – “pulizm” xəstəliyidir!

Müxtəlif kristalları, xırda daşları həkimlər müxtəlif dərmanlarla əridib böyrəkləri təmizləyirlər. Kaş elə bir dərman tapıla ki, insanlar qəbul etdikdə onların mənəviyyatları, vicdanları təmizlənə, paklaşa. Təmiz vicdan sahibi böyük Yaradana ürəkdən inanar, pis-yaramaz əməllərə qoşulmaz, halallıqla yaşayar.

Elə bir ləyaqətli, inanclı-imanlı xanım ana tapıla ki, həyat yoldaşını başa sala: haramla, oğurluq yolla, başqalarının boğazından kəsməklə əldə edilən pula ailəni, övladları sağlam, xoşbəxt etmək olmaz! Artıq bəsdir, tövbə edib düzlüyə, təmizliyə, halallığa qayıt. Qadir Allah rəhmlidir, bağışlayıb günahlardan keçəndir. Mən əziz balalarımı Allahın buyurduğu yolla, halallıqla böyüdüb, xoşbəxt görmək istəyirəm!

İndi təkcə bəzi vəzifəli şəxslər deyil, adi vətəndaşlar da yaramaz, allahzsız işlərə əl atırlar. Doğma kəndinə çəkilən qaz, su borularını, işıq məftillərini kəsib, dəyər-dəyməzinə satırlar. Belə hallar həm mənəvi, həm də hüquqi baxımdan cinayətdir! Bizim Qarabağ boyda dərdimiz var. Əməllərimizin, sözümüzün əvvəli də, axırı da Qarabağ olmalıdır. Yaşlı nəslin yadındadır – Böyük Vətən Müharibəsi zamanı hər yerdə “Vətən bizi çağırır”, “Hər şey cəbhə üçün”, “İşimiz haqdır, biz qalib gələcəyik” kimi şüarlar vurulardı, ən görkəmli yerlərdən belə plakatlar asılardı. Hamı bir nəfər kimi səfərbərlik vəziyyətində idi.

İndi şəhərimizin küçələrində, görünən yerlərində anlaşılmaz, qarışıq, çox vaxt xarici dillərdə müxtəlif elanlar, çağırışlar, şüarlar asılıb. Qarabağa aid bir çağırışa, müraciətə rast gələ bilməzsən. Sanki bu ağır dərdimizə arxa çevirmişik. Qarabağı “Şuşa”, “Laçın” restoranları açmaqla, toylarda “Şuşa”, “Laçın” havalarına qol götürüb oynamaqla yad edirik. Qarabağı bir an unudan, Qarabağ adı gələndə qəlbi qubarla, nisgillə, gözləri yaşla dolmayan Azərbaycan vətəndaşı qeyrətsiz və şərəfsiz kimi dəyərləndirilməlidir.

Başqa dərdlərimiz də var! Son illərdə kitab mağazalarını bağlayıb çoxunun yerində müxtəlif mağazalar və ofislər açmışıq. Kitaba, oxuyub-öyrənməyə marağımız dözülməz dərəcədə azalıb. Qardaş Türkiyədə hər yüz nəfərdən orta hesabla 52-si ardıcıl kitab oxuyur. Bizdə bu rəqəm 1 nəfərdir. Şərhə ehtiyac yoxdur. İnsanlarımızın qarşılıqlı münasibəti, xüsusən vəzifə sahibləri ilə tabeçilikdə olan işçilər sanki bir-birlərinə düşməndirlər.

78 yaşlı əlil kişi işıq haqqını vaxtında verə bilmədiyinə görə, onu ağaca bağlayıb, insanların gözü qarşısında döyürlər. Ahıl yaşında həkim işləyən kişini, haqqını tələb etdiyi üçün, sözün düzünü dediyinə görə dəlixanaya yerləşdirirlər. Amma yoxlama zamanı onun tam sağlam olduğu aşkar edilir.

Əhali arasında intihar halları xeyli artır. Uşaqlar, yeniyetmələr arasında intiharın artması milli faciədir. Bu yaxınlarda Kürdəmir rayonunda, eyni orta məktəbdə iki şagird bir-birinin ardınca intihar edib.

Avropa ölkələrində idarə rəhbərlərinin, nazirlərin böyük əksəriyyəti iş yerlərinə velosipedlə gedirlər. Bu həm sağlamlıq baxımından çox sərfəlidir, həm də insanlarla bilavasitə ünsiyyətdə olub, onların dərd-sərindən, həyat tərzindən, dolanışıqlarından xəbər tuturlar, zəhmətkeş xalqla qaynayıb-qarışırlar.

Bizdə isə vəzifə sahibləri bahalı maşınlarda, cangüdənlərin əhatəsində, xalqdan təcrid olmuş vəziyyətdə yaşamağa üstünlük verirlər. Xalqdan uzaq olmağa çalışanlar, xəstələndikdə xaricdə müalicə olunanlar Vətəninin inkişafına fikir verməz, Vətənə, xalqa qazanc mənbəyi kimi baxar. Belələri üçün ən ucuz-qiymətsiz şey insan həyatıdır.

Almaniyada vəzifə sahibləri, Bundestaqın üzvləri işə velosipedlə gedib-gəlirlər, bu da ekoloji baxımdan şəhərdə tıxacların, qəzaların yaranmaması üçün sərfəlidir. Son üç ayda ölkəmizdə 517 avtoqəza baş verib, 179 nəfər ölüb, 518 nəfər yaralanıb.

Norveçdə nazirlər ailəsi üçün lazım olanları, ərzaq məhsullarını almaq üçün mağazalara özü gedir, camaatla birlikdə alış-veriş edirlər. İspaniyada nazirlər kafe və restoranlarda adi vətəndaşlarla eyni masada əyləşib nahar edirlər, söhbətləşirlər. Bizdə isə yeməkxanalar, xəstəxanalar, istirahət yerləri müəyyən kateqoriyalara bölünüb.

Bu gün baş verən qanunsuzluqlara, əhalinin haqsız yerə incidilməsinə, çətinliklərimizə və dərdlərimizə ziyalılarımızın, alimlərimizin böyük əksəriyyəti reaksiya vermir, sözlərini demirlər. Ziyalılığın əsas missiyası cəmiyyətdə baş verən nöqsanları aşkar edib, onları aradan qaldırma yollarını göstərmək, əhalinin maariflənməsinə, daha yaxşı yaşamasına xidmət etməkdir. Haqsızlığı, ədalətsizliyi görüb susanlar ziyalı adına iddia edə bilməzlər. Eynşteynə görə, alimin mənəvi keyfiyyətləri onun ən görkəmli elmi nailiyyətlərindən daha üstündür, yalnız özünü, öz övladlarını düşünənlər parazitlərdir.

Həzrəti Əli (ə) buyurur ki, insan öz ata-anasından çox yaşadığı cəmiyyətin, xarici mühitin övladıdır. İndiki dövrdə belə insanlar arasında yaşayıb, böyüyən gənclərimizin axırı necə olacaq? Bu yolla bizlər hara gedirik?! Əhalinin maariflənməsinə çalışan, xalqın önündə gedən, onun dərdlərinə yanan ziyalı qıtlığı var.

 

lll

 

İndi isə yazının sərlövhəsinə qayıdıram: NİYƏ BU GÜNƏ DÜŞDÜK?!

Bununla bağlı bəzi fikirlərim var.

Bu gün bizdə valideynlər, xüsusən analar övladlarının yaxşı yeyib-içməsinə, geyinib-kecinməsinə və rahatlığına fikir verirlər. Amma uşaqlara əslimiz-kökümüz, adət-ənənələrimiz, şanlı tarixi keçmişimiz, milli xüsusiyyətlərimiz, türkçülüyümüz, müqəddəs dinimiz haqda lazımınca məlumat vermirlər, övladlarında milli-mənəvi keyfiyyətlərin formalaşmasına, onların şəxsiyyət kimi formalaşmasına, vətəndaşlıq borclarını dərk etməsinə lazımınca diqqət yetirmirlər. Bəzən analar fəxrlə bildirirlər ki, övladlarından çox razıdırlar: valideynlərini incitmirlər, sözəbaxandırlar, “maşallah, quzu kimi uşaqlardır”. Amma unutmayaq ki, bu “quzu” kimi uşaqlar böyüyüb “qoyun” ola bilərlər.

Tarixən, uzun müddət müstəqil dövlətimiz olmayıb. Kiminsə tabeliyində, boyunduruğu altında yaşayıb, özgələrinin qanun-qaydaları, adət-ənənələrilə idarə olunmuşuq. Sərbəst düşüncəli, yetkin xalq kimi formalaşa bilməmişik. Nəfsimizin qarşısını almağı bacarmamışıq, tamahkar və acgöz böyümüşük.

Qonşularımızdan yarımamışıq – rus, fars və ermənilərlə əhatə olunmuşuq, bu üçlük əlbir-dilbir olub bütün müsbət mənəvi keyfiyyətlərimizin tədricən məhv olmasına çalışıblar. Özlərinə xas olan bir sıra yaramaz əməlləri bizə peyvənd ediblər. Bu gün də onlar gənclərimizi mənəvi və fiziki baxımdan zəiflətmək, milli hisslərdən uzaqlaşdırmaq üçün müxtəlif yollarla narkotik maddələri, zəhərli spirtli içkiləri ölkəmizə keçirib yaymaqdan ötrü əllərindən gələnləri edirlər.

Tarix boyu hər vasitə ilə bizi dini-dinimizdən, qanı-qanımızdan olan doğma Türkiyə xalqından təcrid ediblər. Türk sözünü dilinə gətirən düşmən elan olunub. Tədricən bizi dinsiz, imansız, Allahsız millətə çeviriblər, Sovet dövründə Allahsızlar Cəmiyyəti yaradıb, bizi həmin cəmiyyətə üzv seçiblər.

Sonda Vətənini, xalqını ürəkdən sevən insanlarımıza müraciət edirəm: axı, niyə bu günə düşmüşük?! Bu dəhşətli bəlalardan qurtarmaq, öz əslimizə-kökümüzə qayıtmağımız üçün hansı tədbirlər görülməlidir?!

Minnətdarlıqla cavablarınızı gözləyirəm. Telefon nömrəm: 496-12-81, saat 10:00-dan, 15:00-a kimi.

 

 

Hacıbala BƏDƏLLİ

 

525-ci qəzet.- 2010.- 24 aprel.- S.14.