Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(əvvəli
ötən şənbə sayımızda)
Hörmətli oxucular, bu məqalədə ümumi təhsil sahəsində mövcud olan problemlər və onların həlli istiqamətində atılacaq addımlar barədə fikirlərimi sizinlə bölüşməyə çalışacağam.
Məlumdur ki, ümumi təhsilin insanın formalaşmasında müstəsna əhəmiyyəti vardır. O da sirr deyil ki, ümumi təhsil yeganə təhsil pilləsidir ki, bütün insanlar buradan keçməli olur, gələcək həyatını və fəaliyyətini müəyyənləşdirir.
Bu mənada, hesab edirəm ki, son 10 ildə Azərbaycanda aparılan təhsil islahatlarının daha çox ümumi təhsil pilləsini əhatə etməsi heç də təsadüfi deyildir. Son illərdə ümumi təhsildə əhəmiyyətli irəliləyişlər baş vermiş, məktəb infrastrukturu əsaslı şəkildə təkmilləşdirilmiş, məzmun yeniləşdirilmiş, yeni nəsil dərsliklər hazırlanıb tətbiq edilmiş, yeni qiymətləndirmə sisteminə keçilmiş, İKT-nin ümumi təhsilə geniş inteqrasiyası baş tutmuşdur və sair. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda ümumi təhsil sahəsində əldə edilən nailiyyətlər nəinki MDB məkanında, demək olar ki, regionda və dünyada qəbul olunmuşdur və təhsil ekspertləri tərəfindən geniş müzakirə edilməkdədir. Təsadüfi deyildir ki, Dünya Bankının 2010-cu ildə yaydığı hesabatda qeyd olunur ki, “Azərbaycan təhsil sistemi əhəmiyyətli nailiyyətlər əldə etmişdir”.
Əlbəttə, bu yüksək nailiyyətlərə kölgə salmadan, ümumi təhsil sistemində mövcud olan bir sıra problemlərə öz münasibətimi bildirmək istəyirəm.
İlk
növbədə məktəb şəbəkəsinin
rasionallaşdırılması barədə. Hazırda Azərbaycanda
4525 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Onlardan 368-i ibtidai (I-IV
siniflər), 869-u ümumi orta (I-IX siniflər), 3288-i tam orta
(I-XI siniflər) məktəblərdir. Nailiyyət kimi qeyd
olunmalıdır ki, böyük və ya kiçik
olmasından asılı olmayaraq, hazırda ölkəmizin hər
bir yaşayış məntəqəsində məktəb fəaliyyət
göstərir.
Lakin Təhsil Nazirliyi tərəfindən
aparılmış təhlillər göstərir ki, 1336
(29,5%) məktəbdə şagirdlərin sayı 100 nəfərdən
aşağıdır. Belə ki, 315 ibtidai məktəbdə
şagirdlərin sayı 30-dək, 38 məktəbdə 50-dək,
9 məktəbdə isə 100-dəkdir. 89 ümumi orta məktəbdə
şagirdlərin sayı 30-dək, 154 məktəbdə 50-dək,
325 məktəbdə 100-dəkdir. Eyni zamanda 9 tam orta məktəbdə
şagirdlərin sayı 30-dək, 74 məktəbdə 50-dək,
323 məktəbdə 100-dəkdir. Bölgələr üzrə
problemi araşdırarkən məlum olmuşdur ki,
Laçın rayonunda 103, Kəlbəcər rayonunda 81,
Ağdam və Lerik rayonlarında 70, Quba rayonunda 68, Xaçmaz
rayonunda 52, Cəlilabad, İsmayıllı, Ağsu, Qusar
rayonlarında 41-45, Daşkəsən, Şamaxı, Yardımlı,
Gədəbəy, Fizuli rayonlarında 31-38, Goranboy, Qax, Şəki,
Şabran, Tovuz, Göygöl, Neftçala rayonlarında 20-29
belə məktəb mövcuddur ki, onlarda şagirdlərin
sayı kifayət qədər deyildir.
Ölkə üzrə 77
ibtidai məktəbdə şagirdlərin sayı 10 nəfərdən
aşağıdır, 21 məktəbdə isə hətta
5-dən azdır.
Təhlil göstərmişdir
ki, 18 ümumi orta məktəbin şagirdlərinin sayı 20
nəfərdən azdır, onlardan 7-də isə təhsilalanların
sayı 10 nəfərdən azdır.
Eyni zamanda 9 tam orta məktəbdə
şagirdlərin sayı 30 nəfərdən
aşağıdır. Hətta onların içərisində
19-25 nəfər şagirdi olan məktəblər də
mövcuddur. 74 tam orta məktəbdə isə şagirdlərin
sayı 50 nəfərədəkdir.
Aparılan təhlillər
bununla bağlı olan daha bir problemi aşkara
çıxarmışdır. Məlum olmuşdur ki, şəhərlər
və məcburi köçkün rayonları istisna olmaqla,
222 yaşayış məntəqəsində iki və daha
çox məktəb fəaliyyət göstərir. Bir
sıra yaşayış məntəqələrində buna
ehtiyac olsa da, bəzi kəndlərdə müxtəlif
vaxtlarda ehtiyac olmadan sayca ikinci, üçüncü,
dördüncü məktəblər
yaradılmışdır və azsaylı şagird kontingenti
ilə fəaliyyət göstərir.
Azsaylı şagird kontingenti
olan məktəblərin ən böyük problemi pedaqoji kadr
təminatı ilə bağlıdır. Belə məktəblərdə
sinif komplektləri və bununla əlaqədar dərs
saatları xeyli az olduğundan onları ixtisaslı müəllimlərlə
təmin etmək qeyri-mümkün olur və əksər
hallarda ayrı-ayrı fənlər qeyri-ixtisaslı müəllimlər
tərəfindən tədris edilir. Bu səbəbdən də
həmin məktəblərdə keyfiyyəti təmin etmək
həllolunmaz bir problemə çevrilir.
Qeyd edim ki, bu problem məni
daim düşündürürdü. Bu məqsədlə
beynəlxalq təcrübənin öyrənilməsi qərarına
gəldik. Həm bir sıra postsovet ölkələrində,
həm də inkişaf etmiş ölkələrdə bu sahədə
təcrübəni öyrəndik. Məlum oldu ki, həmin
ölkələrdə məktəb şagirdin yanına deyil,
şagird məktəbin yanına aparılır. Lakin
daşınma məsələsi yüksək səviyyədə
həll olunur.
Mövcud problemlərin həlli
məqsədilə Təhsil Nazirliyi tərəfindən beynəlxalq
təcrübə əsasında pilot olaraq Ucar rayonu
üçün rasionallaşdırma planı
hazırlanmışdır. Rasionallaşdırma planı həmin
rayonda aparılmış təhlillərə, monitorinq və
qiymətləndirmələrə əsaslanaraq 4 ümumi orta
məktəbin bağlanmasını, bağlanacaq məktəblərin
şagirdlərinin digər böyük məktəblərə
daşınmasını, bir sıra kadr resurslarının
ixtisarı nəticəsində şagird – müəllim nisbətinin
yüksəldilməsini və nəticədə məktəb
şəbəkəsinin səmərələşdirilməsini
əhatə etmişdir. Bununla əlaqədar hazırda Maliyyə
və İqtisadi İnkişaf nazirlikləri ilə məsləhətləşmələr
aparılır. Rasionallaşdırma aparıldıqdan sonra nəticələr
təhlil ediləcək, ölkə səviyyəsində məktəb
şəbəkəsinin rasionallaşdırılması
üzrə Dövlət Proqramı hazırlanacaqdır.
Ümumi təhsil sistemində
mövcud olan ciddi problemlərdən biri də ixtisasartırma
ilə bağlıdır. Etiraf edim ki, müəllimlərin
bacarıqlarının artırılmasında mühüm əhəmiyyət
kəsb edən ixtisasartırma təhsili üzrə beynəlxalq
təşkilatlarla birlikdə müəyyən işlər
görsək də, problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin
mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə
uyğun müasir model və mexanizmlər hazırlasaq da,
praktikada səmərəli tətbiq edə bilməmişik. Təhlil
göstərir ki, əlavə təhsil müəssisələrində
“öyrədənlər” özləri kifayət qədər
peşəkar və səriştəli deyildir, müəllimlərin
ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir,
mövcud ixtisasartırma proqramları müəllimlərin ehtiyaclarını
təmin etmir, fəal təlim texnologiyalarının tətbiqinə
diqqət yetirilmir, ixtisasartırmanın nəticələrinə
görə müəllim fəaliyyəti
stimullaşdırılmır.
İxtisasartırma təhsili
müəssisələrində müəllimlərin
ixtisasları üzrə lazımi bilik və bacarıqlara yiyələnməməsi
cəmiyyətdə həmin təhsil müəssisələrinə
inamın azalmasına və haqlı narazılıqlara səbəb
olur. İxtisasartırma təhsilinə hər il on minlərlə
müəllim cəlb olunur, xeyli dövlət vəsaiti sərf
edilir, lakin bunun müqabilində müəllimlər lazımi
bacarıqlar əldə etmirlər, bu kursların formal
olduğunu bilərək, ümumiyyətlə,
ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər.
Qeyd etmək lazımdır
ki, əlavə təhsilin əsas istiqamətlərindən
biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə
uyğun təşkili sahəsində problemlərdən biri də
ixtisasartırma təhsili müəssisələri tərəfindən
təklif edilən proqramların bu təhsilə cəlb olunan
müəllimlərin ehtiyaclarına uyğun
hazırlanmaması, ümumiyyətlə, bu ehtiyacların dəqiq
müəyyənləşdirilməsi sahəsində
etibarlı mexanizmlərin işlənməməsi ilə
bağlıdır.
Etiraf etmək lazımdır
ki, bu sahədə sovet dövründəki təcrübədən
çox da uzağa gedə bilməmişik. O zaman da hər 5
ildən bir müəllimlər məcburi şəkildə
ixtisasartırma kurslarına göndərilirdilər, formal
olaraq kursdan keçmələri barədə sənəd
alırdılar. Xatırlayıram ki, həmin dövrdə
Bakı Dövlət Universitetində işləyərkən
mən də belə kurslardan keçmişəm, hətta
Moskva Dövlət Universitetində ixtisasartırma və
stajkeçmə tədbirlərində də iştirak
etmişəm. Lakin bu kurslar müddətindən asılı olmayaraq,
müəllimlərə praktik vərdişlər
aşılamırdı, bir çox hallarda o zamankı
SSRİ-nin müxtəlif şəhərlərinə
ixtisasartırma kurslarına və stajkeçməyə
göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat
işləri ilə əlaqədar problemlərinin həllinə
daha çox səy göstərirdilər.
Hesab edirəm ki, müəllimlərin
peşəkarlığının artırılması sahəsində
mövcud olan ciddi problemlərdən biri də metodik xidmətin
lazımi səviyyədə təşkil edilməməsi,
rayon təhsil şöbələri metodkabinetlərinin öz
funksiyalarını lazımi səviyyədə yerinə yetirə
bilməməsidir. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən
ölkədə metodik xidmətin təşkili vəziyyəti
araşdırılarkən məlum olmuşdur ki, hazırda bu
xidməti həyata keçirən 763 nəfər metodistdən
221 nəfəri (30%) pensiya yaşındadır, 249 nəfəri
(32%) isə praktik pedaqoji fəaliyyətlə məşğul
olmur. RTŞ metodkabinetlərindən 42-də kimya, 50-də
biologiya, 58-də fizika, 65-də informatika, 44-də fiziki tərbiyə,
53-də əmək hazırlığı, 71-də musiqi, təsviri
incəsənət, 23-də isə ibtidai təhsil
ixtisasları üzrə metodist yoxdur.
Təhsilin məzmunu,
xüsusilə fənn kurikulumlarının tətbiqi, yeni
pedaqoji texnologiyaların, müasir təlim metodları və
strategiyalarının öyrənilməsi və tətbiqi
işinin təşkili, bu sahədə məktəb və
metodbirləşmə rəhbərlərinin, müəllimlərin
işinin istiqamətləndirilməsi, fənlərin tədrisi
metodikasının təkmilləşdirilməsi, yeni qiymətləndirmə
sisteminin tətbiqi ilə əlaqədar təlim
seminarlarının keçirilməsi, innovasiyaların
yayılması, yeni pedaqoji texnologiyalardan istifadəyə dair
tövsiyələrin hazırlanması məsələləri
əksər metodkabinetlərin fəaliyyət istiqamətinə
çevrilməmişdir.
Əlbəttə, belə
bir vəziyyətdə müəllimlərin peşəkar
inkişafına bilavasitə xidmət etməli olan metodkabinetlərin
səmərəli fəaliyyətindən danışmaq
olarmı? Hesab edirəm ki, yox. Bu səbəbdən mövcud
metodkabinetlərin strukturunun təkmilləşdirilməsi,
onların daha çox resurs mərkəzlərinə
çevrilməsi zəruri məsələlərdəndir.
Digər tərəfdən, metodistlərin fəaliyyətinin
təhlili, onların tərkibinin səriştəli müəllimlər
hesabına yeniləşdirilməsi də xüsusi
aktuallıq kəsb edir.
Bu sahədə ən ciddi
problemlərdən biri də “öyrədən”lərin
hazırlıq səviyyəsinin müasir tələbləri
ödəməməsi ilə bağlıdır. Gələcəkdə
diqqət yetirəcəyimiz əsas məsələlərdən
biri də məhz daha çox sayda peşəkar və səriştəli
“trener”lərin hazırlanmasıdır.
Daha bir maraqlı məqamı
diqqətinizə çatdırmaq istəyirəm. 2008-2009-cu dərs
ilindən ümumtəhsil məktəblərinin I siniflərində
yeni fənn kurikulumlarının tətbiqinə
başlamışıq. Yeni kurikulum tətbiq edilən siniflərdə
işləyən 18 minədək müəllim
üçün treninqlər keçirmişik. Ötən
müddətdə aparılan monitorinqlər göstərir ki,
heç də bütün müəllimlər həmin
treninqlərdə lazımi bacarıqlara yiyələnməmişlər.
Bunun əsas səbəblərindən biri məhz kifayət qədər
peşəkar trenerlərin olmamasıdır. Hazırda
növbəti dərs ilində I siniflərdə işləyəcək
müəllimlər üçün treninqlərin
keçirilməsi sahəsində iş aparırıq. Məni
düşündürən və narahat edən odur ki, treninq
materialları müəllim üçün zəruri olan məlumatları
özündə əks etdirsin, anlaşıqlı dildə
olsun və müəllimə elə formada təqdim edilsin ki,
o, praktikada qazandığı bacarıqları tətbiq edə
bilsin. Təsəvvür edin ki, müəllimlər tam yeni məlumatları
– fənn kurikulumlarının strukturu və məzmunu, yeni təlim
strategiyaları, təlimin planlaşdırılması, yeni
qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə
işin xüsusiyyətlərini mənimsəməli, həm
də praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən
hətta təklif etdim ki, mənim iştirakımla trenerlərdən
biri canlı bir treninq təşkil etsin və biz qiymətləndirmə
aparıb aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd
məktəbində işləyən müəllim
keçiriləcək treninqdən lazımi bacarıqları əldə
edə biləcəkmi.
Onu da qeyd etmək istəyirəm
ki, əslində, bu treninqlər ixtisasartırma təhsili
müəssisələrində bu müəssisələrin əməkdaşları
tərəfindən keçirilməlidir, lakin təəssüflər
olsun ki, həmin müəssisələrdə kifayət qədər
səriştəli və bu məsuliyyətli işi
çiyinlərində apara biləcək əməkdaşların
sayı çox azdır.
Digər bir çətinlik
onunla bağlıdır ki, istər orta məktəb, istərsə
də ali məktəb müəllimləri köhnə
üsullarla işləməyi daha asan yol kimi seçirlər,
yeniliyə, yeni metodların tətbiqinə səy göstərmirlər.
Təhsil Nazirliyi 10 ildir ki, fəal/interaktiv təlim
metodlarının tətbiqi sahəsində iş aparır.
Beynəlxalq təşkilatlarla birlikdə çoxlu layihələr
həyata keçirmişik, minlərlə müəllim
hazırlamışıq. Lakin narahatlıq doğuran
haldır ki, hələ də fəal/interaktiv təlim
ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin
əsas istiqamətinə çevrilməyib, bir sıra
hallarda bu sahədə iş pərakəndə formada aparılır.
Təəssüf ki, müasir dövrdə fəal təlim
texnologiyalarının keyfiyyətli təhsilin əsası
olması hamı tərəfindən dərk edilmir.
Doğrudur, son illərdə
Azərbaycan Müəllimlər İnstitutu tərəfindən
əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində
müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri
edilib, proqramlar yeniləşdirilib, təlimlərin
keçirilməsi üçün lazımi infrastruktur
formalaşdırılıb. Lakin hesab edirəm ki, müəllimlərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi
sahəsində AMİ və onun filiallarının səyləri
daha da artırılmalıdır. Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutu bu
proseslərə daha fəal cəlb olunmalı, təşəbbüskarlığı
artırmalıdır. İxtisasartırma təhsili müəssisələrində
“öyrədənlər”in tərkibinin keyfiyyətcə
yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər
həyata keçirilməlidir.
Eyni zamanda ölkə təhsili
üçün belə həlledici məqamda müəllim
hazırlığı ilə məşğul olan ali məktəblərin
seyrçi mövqe tutması daha narahatedici haldır. Son illərdə
yeni kurikulumun tətbiqi ilə əlaqədar ümumitəhsil
məktəblərində bu istiqamətdə müəyyən
addımlar atılsa da, pedaqoji profilli ali məktəblərdə
elə bir iş görülməmişdir.
On ildir ki, Təhsil
Nazirliyinin fəal təlim üzrə strategiyası həyata
keçirilir, ali məktəblərimizin proqramlarında bununla
əlaqədar dəyişikliklər aparılmır, professor
– müəllim heyətinin müasir təlim strategiyaları
haqqında məlumatı yoxdur. Sual yaranır: onların
hazırladıqları müəllimlər bu bacarıqlara necə
yiyələnməlidirlər? Hesab edirəm ki, pedaqoji profilli
ali təhsil müəssisələri bu sahədəki fəaliyyətlərini
təkmilləşdirməli, təsirli tədbirlər
görməlidirlər.
Bu sahədə mövcud
problemlərin aradan qaldırılması məqsədilə Təhsil
Nazirliyi tərəfindən “Fasiləsiz pedaqoji təhsil və
müəllim hazırlığının konsepsiya və
strategiyası” sənədi hazırlandı və 2007-ci ildə
Hökumət tərəfindən təsdiq olundu. Bu sənəddə
gələcək üçün müəyyən etdiyimiz
perspektivlər, əsasən, təkmil normativ-hüquqi
bazanın yaradılması, bu sistemdə zəruri struktur dəyişikliklərinin
aparılması, yeni kurikulumların hazırlanıb təsdiq
edilməsi, müasir monitorinq və qiymətləndirmə
sisteminin tətbiqi öz əksini tapmışdır.
Hazırda əlavə təhsil
konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfindən
geniş müzakirə olunan məsələlərdən
biridir. Konsepsiyanın yeniliyini və hazırda təhsil
sistemimiz üçün əhəmiyyətini nəzərə
alaraq, bu barədə bir qədər ətraflı məlumat
vermək istərdim.
Müasir dövrdə əlavə
təhsil və peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi
olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və
təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın
fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa
düşülür. Bu, bir tərəfdən müəllimin
yaradıcılıq potensialının inkişaf etdirilməsinə,
digər tərəfdən təhsilin və onun idarə edilməsinin
müasirləşdirilməsi məqsədilə pedaqoji
işçilərin və rəhbər pedaqoji kadrların
peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin
və peşəkarlıq səviyyəsinin müxtəlif
yollarla inkişaf etdirilməsinə xidmət edir.
Əlavə təhsil və
peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi
pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil
tələbatlarının hərtərəfli ödənilməsi
məqsədilə peşə-ixtisas təhsilinə əlavə
olaraq təhsil proqramları və xidmətləri vasitəsilə
həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində
əlavə təhsilin əsas məqsədi şəxsiyyətin
inkişafından, intellektual və peşə
baxımından onun fasiləsiz təkmilləşdirilməsindən
ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil,
peşə-ixtisas və əlavə təhsil müəssisələrində,
dayaq məntəqələrində və ümumiyyətlə,
müvafiq lisenziyası olan digər müəssisələrdə
həyata keçirilən müxtəlif yönümlü təhsil
proqramları daxildir.
Müasir dövrdə əlavə
təhsilin ixtisasartırma, təkmilləşdirmə,
stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili
və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.
Əlbəttə, bu istiqamətlərin hamısı barədə
məlumat vermək çətin olardı, onlardan yalnız bəzilərinə
toxunmaq istəyirəm.
İxtisasartırma təhsili
dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji
işçilərin öz peşə fəaliyyəti
dövründə (və ya müəyyən müddət
pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi
olaraq peşəkarlıq səviyyəsini, peşə
ustalığını, elmi-nəzəri biliklərini
artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına
uyğun gələn, o cümlədən yenilikləri və
dəyişiklikləri əks etdirən tədris plan və
proqramları üzrə təhsil almaları nəzərdə
tutulur.
Stajkeçmə xüsusi
ayrılmış müəssisələrdə yüksək
ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri
biliklərin təcrübi bacarıq və vərdişlərlə
əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas
təhsili müəssisələri üzrə pedaqoji heyətin
ixtisasının artırılması üçün nəzərdə
tutulan tədris plan və proqramlarına, lazım gəldikdə,
stajkeçməyə dair ayrıca blok əlavə olunur.
Bununla belə, nəzəri hazırlıq
planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya
ilə tanış olmaq məqsədilə elmi laboratoriya və
emalatxanalarda stajkeçmə tədbirləri təşkil
edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi
pedaqogika, psixologiya və metodika sahələri üzrə
bilik və bacarıqların artırılması ilə
tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə
təhsilini təmin edir.
Stajkeçmə ikimərhələli
proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində
çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim
kimi kateqoriyalı işçilərin əlavə təhsilidir.
Bu cür təhsil şəbəkəsinə ali məktəblərin
baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri
və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil
və istehsalat müəssisələri, təcrübə-sınaq
stansiyaları aiddir.
Kadrların təkmilləşdirilməsi
prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin
keyfiyyətinin yaxşılaşdırılması məqsədi
daşıyır və aşağıdakı proseslərin və
ya tədbirlərin vəhdətini özündə ehtiva edir:
- pedaqoji, psixoloji, metodiki sahədə,
dərs vəsaiti və dərsliklərdə, eləcə də
tədris plan və proqramlarında, təlim və informasiya
texnologiyalarında olan yeniliklərlə operativ
tanışlıq, öz həmkarları ilə təcrübə
mübadiləsi; distant ötürmə vasitəsilə yeni
materialların əldə olunması, bu istiqamətdə fikir
mübadilələrinin aparılması; aktual
mövzuların dinlənilməsi üçün sahə
üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə
dəvət olunması, problem mövzular ətrafında təhlillərin
təşkili; dərslərdə kollektiv iştirak, konkret
metodikanın aprobasiyası, nəticələrin təhlili;
kadr hazırlığı, əlavə təhsil sahəsində
tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik
və dərs vəsaitlərinə dair əsaslandırılmış
təkliflərin verilməsi; “öyrədənləri öyrədən”
statuslu müəllim və metodistlərlə diskussiyaların
keçirilməsi; daimi özünütəhsil.
Təkmilləşdirmə
daha geniş anlayış olmaqla, əlavə təhsilin
yuxarıda göstərilən digər tərkib hissələrinə
təkanverici proses xarakteri daşıyır, özünütəhsil
formasında müəllim hazırlığının fasiləsizliyini
təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi
gələcək ixtisasartırma və yenidənhazırlanma
təhsilini formalaşdırır, müəllimlərin ilkin
hazırlığı prosesində mövcud olan
çatışmazlıqların aradan
qaldırılmasını və onların
hazırlığının keyfiyyətcə yüksək səviyyədə
olmasını təmin edir.
Müasir dövrdə əlavə
təhsil və peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi ixtisasartırma və ya baza peşə-ixtisas
təhsili müəssisələrində treninqlər, təhsil
müəssisəsi şəraitində treninqlər, kaskad
modeli üzrə treninqlər (“öyrədən”lərin
öyrədilməsi və müəllimlərin dayaq məntəqələri
vasitəsilə ixtisasartırma və təkmilləşmə
proseslərinə cəlb edilməsi), texnologiyalara əsaslanan
treninqlər, distant təhsil, mentorluq, şəxsi tədqiqata
əsaslanan ixtisasartırma və təkmilləşmə,
müxtəlif təşkilatlar tərəfindən
ixtisasartırma sistemindən kənar keçirilən kurslar və
treninqlər kimi modellər üzrə həyata keçirilir.
İxtisasartırma təhsili
sahəsində beynəlxalq təcrübə ilə
tanışlıq göstərir ki, dünyada bu sahədə
fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili
modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil
olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir.
Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri,
ikinci modul tədris metodikası və təlim
strategiyalarını, üçüncü modul isə sərbəst
modul adlanır və seçmə kursları, yəni müəllimin
arzusuna uyğun təşkil ediləcək kursları əhatə
edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə
başlamazdan əvvəl hər bir müəllimin
bacarıqlarının ilkin diaqnostikası aparılır
(giriş qiymətləndirilməsi), treninq proqramları da
qiymətləndirmənin nəticələrinə
uyğunlaşdırılır. Sonda isə yekun monitorinq
aparılır (çıxış qiymətləndirilməsi).
Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər
sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə
etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı,
toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin
karyerasının inkişafı və əməyinin
stimullaşdırılmasında mühüm rol oynayır ki,
bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və
ona marağı artırır.
Burada bir əhəmiyyətli
cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri
və ictimaiyyət müəllimlərə verilən
sertifikatlara inanır və onu qəbul edirlər.
Çünki bu sənədi almamışdan əvvəl
kursun, treninqin monitorinqi aparılır, həm “öyrədən”lərin,
həm də “öyrənən”lərin fəaliyyəti dəqiq
qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə
mexanizmi işinin daha da təkmilləşdirilməsi
üçün təkliflərin hazırlanmasına imkan
verir.
Beynəlxalq təcrübədə
ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də
bizdə olduğundan tam fərqlidir. Azərbaycanda
ixtisasartırma təhsili üçün vəsait əsasən
bu təhsili həyata keçirən müəssisələrə
verilir. Yəni həmin müəssisənin təqdim etdiyi
xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə
vəsaiti ixtisasartırma təhsili müəssisəsinə
yönəldilir.
Dünya təcrübəsində
isə belə təhsil müəssisələri vəsaiti
özləri qazanırlar, yəni öz proqramlarını
elan edirlər, bu proqramlar akreditasiyadan keçirilib müsbət
rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında
kurslar təşkil edilir və ixtisasartırma
üçün nəzərdə tutulmuş vəsait həmin
müəssisəyə yönəldilir. Əgər müəssisənin
təklif etdiyi proqramlar müəllimlər tərəfindən
seçilməzsə, onda həmin müəssisə vəsait
əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki,
ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət
təhsil müəssisələrində həyata
keçirilir, beynəlxalq təcrübədə isə
dövlət müəssisələri ilə yanaşı, bu
fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər
məşğul olurlar ki, bu da rəqabət mühitinin
formalaşmasına gətirib çıxarır.
Onu da qeyd edim ki, son illərdə
mütəxəssislərin və beynəlxalq məsləhətçinin
iştirakı ilə Təhsil Nazirliyinin müvafiq şöbələri
tərəfindən əlavə təhsil sahəsində
yuxarıda sadalanan yeni mexanizmlərə keçidi nəzərdə
tutan qaydalar hazırlanmış və təsdiq
üçün Hökumətə təqdim edilmişdir. Eyni
zamanda Dünya Bankı ilə birgə həyata
keçirdiyimiz Təhsil Sektorunun İnkişafı üzrə
İkinci layihə çərçivəsində növbəti
dərs ilində I siniflərdə işləyəcək
müəllimlərin ixtisasının artırılması
sahəsində yeni mexanizmlərin tətbiqinə
başlamışıq.
Tətbiq edilən yeni
ixtisasartırma modeli mövcud modelə nisbətən bir
sıra üstünlüklərə malikdir:
(Ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri,
fizika-riyaziyyat elmləri
doktoru,
professor
525-ci qəzet.- 2010.- 24 aprel.- S.10-11.