Azan oxuyan göyərçin
Ağdam turistlər arasında maraq doğuran 20 ruhlar şəhərindən biridir
“Ruhlar şəhəri” – 10
Rəmiş 70-ci, ən
uzağı 80-ci illərdə tez-tez düşdüyü
cürbəcür qəzaların birindən sağ
çıxmasaydı (Allah ömür versin!) indi Azərbaycan
mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”,
“bəxtsiz maestro” və başqa epitet dolu yazılar həsr edərdi,
doğum günündə festivallar təşkil olunardı.
El arasında əfsanələr artıb cild-cild olmuşdu:
“Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında
çalırdı” və ya “Erik Klipton onun yanında əlinə
gitara almayıb”. Bunların heç biri olmadı, nə qəzetlər
onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş
ölmədi, sağdı.
O vaxtlar isə Rəmiş
canlı əfsanəydi. Haqqında hər gün dastanlar
qoşulurdu. Əsl xalq yaradıcılığı idi bu
nağıllar, çünki konkret müəllifi yoxudu.
“Barmaqlarından qan dama-dama nətəhər çalıbsa,
xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq
asmırlarmış, qəfildən İsrailin himninə
keçib, hamını ayağa qaldırıb” və
başqa bu sayaq söhbətlər.
lll
Qədir Rüstəmovu ilk dəfə
Şuşanın məşhur “Qaya” xəngəlxanasında
görmüşəm. Səhv etmirəmsə, 81-ci il idi,
atam, dayım, bir də mən “dom otdıx”da qalırdıq.
İstirahət evinin bağında Anar Üzeyir Hacıbəyovdan
film çəkirdi, Qədiri də Cabbar
Qaryağdıoğlu roluna dəvət eləmişdi. Atamgili
görüb, stul çəkib oturmuşdu. “Ayə, Pərviz,
maa deyillər ki, əyğını bərk dirəsən,
Anardan lap çox pul alarsan” deyib, deyilənlərin
ağıllı fikir olduğuna təsdiq gözləyirmiş
kimi qəlyana qullab vurub, ara verdi. Cavabsa dayımdan gəldi:
“Ay Qədir, pulu onsuz da qazanırsan də, burda səni tarixə
salırlar ey!” Yəqin gözlədiyi cavab gəlmədiyindən
söhbəti uzatmamışdı: “Həə? Neynək!
Orası da var, orası da düzdür”.
Qədirin sonralar el
arasında kəlama çevrilən bir sözünü
danışım. Bir toyda oxuyurmuş. Qarmonçalan da belə
toylar üçün çox naşı imiş. Məclisin
şirin yerində qayıdır buna ki, “Ə, çal dana.
Belə qarmon çalarlar?” “Nolub ki, çalıram də”.
İki əliylə havada qarmon çalmağı göstərə-göstərə
“Əə, hanı sənin vıy-vıyın? Əə,
hanı sənin dıy-dıyın?” deyir. Sonra bu “Hanı sənin
vıy-vıyın, dıy-dıyın?” məsəli
çoxdan görünməyən, səsi çıxmayan,
pulsuzlayan, qonaqlıq verməkdən qaçan və başqa
bu tip adamlara deyilməyə başladı.
lll
Adını eşidib
tanıdıqlarından çox yazmıram, bunları sən
də eşitmiş olarsan, dostum oxucu, bir az tanımadıqlarından
danışım.
“Dostluq” kinoteatrının
arxasındakı bağa niyə bulvar deyirdilər, bilmirəm.
Amma ona bitişik çayxanaya niyə “Zeynalın
çayxanası” deyirdilər bilirəm, çünki
oranı məşhur çayçı Zeynal işlədirdi.
Bir bazar Müşviqlə (indi Kazanda yaşayır) burda
çay içirdik. Bəlkə də isti hava səbəbindən
az adam vardı. Ağacların altındakı stolların
yalnız dörd-beşində hər kəs özünə
bab adamla oturmuşdu. Bulvarın qırağındakı səsyazma
studiyasından Şahmalı Kürdoğlunun səsi aləmi
başına götürmüşdü.
“Eşitdim ol qəra göz
dilbərim
sağərpərəst
olmuş,
Mey içmiş məclisi-əğyardə
bihuşi-məst olmuş.
O, səngindil əlində,
söylənir kim,
şişə
görmüşlər,
Bu mənadən pozulmuş
xatirim,
könlüm şikəst
olmuş”.
Səs muğamla qəti
arası olmayan Müşviqi tutmuşdu. Həyat o qədər
təsadüflərlə doludur ki... çayxananın tinindən
hündür, qəddi-qamətli, yaraşıqlı bir
kişi çıxdı. Yaşlı adamlar oturan stola
yaxınlaşdı, özüylə gətirdiyi limonu
çayçıya doğramağa verib əyləşdi.
“Bilirsən bu kişi kimdi?” “Yox, kimdi ki?” Müşviqə
onun səsi bulvarın ağaclarını,
quşlarını belə sehrləmiş Şahmalı
Kürdoğlu olduğunu dedim. Qulağımız səsdə,
gözümüz xəyala dalıb heykələ dönən
bu nurani kişidəydi.
Stoldakıların söhbətinə
qulaq asmadığı bir nöqtəyə dikilən
baxışlarından görünürdü. Nə vaxtsa,
hansı məqamdasa ondan qopan bu səs qəfil
haqlayıbmış kimi dondurmuş onu, çəkib haralara
aparırdı – bir Allahı, bir də özü bilirdi. Bizimlə
deyildi. Baxdığı nöqtəni yarıb başqa
dünyaya keçmişdi, sanki fikir anarxiyası onu sonsuz məchulluğa
götürmüşdü, ta geri dönməyəcəkdi,
qayıdana heç oxşamırdı. Amma qayıdan kimi oldu
– birdən ayağa durdu. Bir an dayandı, sonra heç yana
baxmadan, heç kimlə sağollaşmadan düz
çıxıb getdi. Sanki yeriyən o yox, daş heykəl
idi. Bu təsirli mənzərəni az adam gördü, ona
baxanlar. Sonra o nəhəng sənətkarla bir daha
rastlaşmadım.
...Rastlaşmadım deyirəm,
yalançı olaram, o gün gördüm. Gördüm həyətində
becərdiyi limon ağaclarına qulluq eləyir. Altı
yaşlı balası da yanında. Bu vaxt Əskəran tərəfdən
bir ulduz uçmağa başladı. Deyirlər, uçan
ulduzu görənin tutduğu niyyət hasil olur. Bir niyyət
tutmağa çatdırmadım, yana-yana sürətlə gəldi.
Gəlib limonluğa düşdü. O əli limon koluna
uzanıqlı heykələ döndü, balası da dizindən
yapışalı. Baxıb gördüm bu ulduz yox, çər
dəymiş mərmiymiş. Sonra o heykəldən iki ruh qopdu
və biz birlikdə ruhlar şəhərinin üstüylə
bulvara, Zeynalın çayxanasına sarı uçduq...
Biz çatanda Şahmalı
“Rast” oxuyurdu:
“Mən şairi biqədrü
həzinəm, əgər ölsəm,
Min təskirə təhrir edəcəklər
kəfənimdən”.
lll
Şəhərdə
çalıb-oxuyanlara “muzukant”, kəndlərdə isə
“aşıq” deyirdilər. Toy olanda toy, olmayanda da toya
hazırlaşan musiqiçilərin məşq səsi kəsilməzdi,
sümüyünə düşdümü, başla həyətin
ortasında oynamağa. Vaqif Cəbrayılzadənin “Qonşu
toyuna dörd hasar o yana oynayan uşaq” şeirini eşitmisənmi,
dostum oxucu? Bildinmi onu kimlərə yazıb?
Buranın musiqiçilərini
tez-tez başqa şəhərlərə, qonşu
respublikalara da aparırdılar. Ağdamdan musiqiçi gətizdirmək
“prestij” sayılırdı. Məhərrəmlikdə toy
olmadığından Yerevandan Çimkəndədək səpələnirdilər.
Şəhərin məşhur klarnet ustası, dayıoğlu
Vaqif bir dəstə musiqiçiylə əsasən Daşkəndə
gedərdi. Qayıdanda maraqlı Daşkənd söhbətləri
növbəti ilədək bəs edirdi. “Ölürlər
bizim musiqimiz üçün. Zeynəbin dörd-beş
mahnısı, bir-iki dənə də oyun havası, bu da saa
toy”.
Oxuyan Barat Köhnə
hamamın tinində olurdu. Gitaraçı oğlu Fərhad
qıvrımsaç, qəşəng bir oğlanıydı,
“uçilişa”nın qızları ölürdülər
ondan ötrü, amma sənətdə heç atasının
yarısı da ola bilmədi. Qarmon müəllimi Habil əmi
toylara çox getməzdi. Başqa yaxşı gitaraçılar
kimi üzbəüz qonşu Rzanın da bəxti onda gətirmədi
ki, Rəmişlə eyni vaxtda, eyni şəhərdə
yaşadı. Tarzən Ramiz Quliyev yaydan yaya gəlirdi, səliqəli
geyimiylə yadımda qalıb.
Arif Babayev qonşumuz deyildi,
amma onun Sarıhacılı və nənəmgilin
yaşadığı Seyidli kəndlərindən axan Kötəl
çayını bizi birləşdirən xətt hesab eləmək
olar. Arif Babayev düz deyir ki, Kötəlin suyunu içənin
qoçaq, həm də səsi olması barədə bir inanc
vardı. Xristianlar xaç suyuna saldıqları təhər
burda da körpə oğlan uşaqlarını Kötələ
salarmışlar. Anam da məni körpəlikdə bu
çaya salıb suyundan içirdibmiş. Amma məndə elə
bir qoçaqlıq-zad olmadı, səsim də Kötəlin
o tayına güclə çatar. Sabir dayım (şəhərdə
Dəmirçioğlu Sabir deyirdilər) buna “Təmiz Seyidli
deyilsən, Ordubadla Şuşa qarışacağın var”
deyə özünəməxsus izah verirdi. Mən də onun
bu zarafatına bir xeyli adam adı çəkib deyirdim ki, “Bəs
bu “təmiz seyidli”lərin niyə səsi yoxdu?”
lll
Soyadlarına fikir vermə, Səxavət
Məmmədovla Sədi Məmmədov qohum deyildilər, sadəcə
bir quşun iki qanadı kimi pərvazlanıb eldən-elə,
obadan-obaya uçurdular. Səxavətin sənətə gəlişi
səs-küylü oldu, toy kasetləri əl-əl gəzirdi.
Onu ilk dəfə Cıdır düzündə
görmüşdüm, o dövr üçün qeyri-adi rəng
sayılan açıq qəhvəyi velvet kostyum geyinmişdi.
Səhv etmirəmsə, Niyazinin konsertində iştirak edirdi
(Maestro Niyazinin simfonik orkestrlə hər yay Cıdır
düzündə konsert verməyi vardı). Çox çəkmədi,
səsi Qarabağdan Bakıya, Təbrizə, İstanbulacan
çatdı. Hamının sevimlisi oldu.
Sədinin də səsi Azərbaycan
boydaydı. Hələ lap daşıb kənara da
axırdı. Amma ona Ağdam bəs eləyirdi. Atam deyirdi ki,
uşaq vaxtı Sədigilin ailəsi kəndə gedəndə
çox vaxt onun taksisinə minərmişlər. Yol boyu
oxutdurar, düşəndə də pul almazmış.
Ağdamlıların Sədiyə qeyri-adi sevgisi olub, elə
indi də var. Allah hər ikisinə rəhmət eləsin.
“Azad bir quş” olub “yuvalarından uçub, bir bağa
düşdülər”. Onları bu dünyadan qəza
apardı, yol qəzası. Ağdamsızlıq
boyunduruğundan beləcə xilas oldular. Bilmirəm bu cümlə
kimindi, yeri gəldi, onlara aid edib yazdım: “Eynən qatarların
vəziyyətindəyəm – onlar üçün qandal reyslərdən
çölə, azadlığa çıxmağın bircə
yolu var – QƏZA!”
Davam edim, dostum oxucu? Bilirsən
nə qədər oxuyan, çalan qaldı,
yazmadığım? Bir konservatoriya! Vaxtı ilə atamın
toyunu çalmış qonşu Paşa dayının səsini
son dəfə bir-iki il əvvəl Bakı
restoranlarının birində eşitdim. Eşitdim və on
yeddi ildir tikə-tikə itirdiyim ürəyimin bir
parçası da içinə beş-on manat atılan
qavalını görəndə düşdü yerə.
lll
Son ad günümə Ramil
(birinçi yazımda haqqında danışdığım
17 yaşlı şəhid dayımoğlu Anarın
qardaşıdı) bir video kaset bağışladı.
1989-cu ildə Şahbulaqda çəkilib. Arif Babayevin xaricdən
gəlmiş qonaqlarına məclis qurulubmuş. Hafizlə
(Ramilin dayısıdı) Rəmişin dueti iki musiqi
sevdalısının duelinə çevrilmişdi, iki
dünyanın bir-biriylə savaşıydı. “Savaş” bu
dünyaların təmasıyla bitdi, ilahi bir təmasla,
qovuşuqla. Burda, bu ilahi qovuşuqda adam özünü
müqəddəs ziyarətgah kandarındakı kimi hiss edir:
özünü yığışdırır, əynin-başın
sahmanlayır, ən əsası içindəki
şeytanı bir müddətə də olsa, qovub
çıxarır. İki dünya arasındakı sərhəd
zolağında olmuşlar duyar yazdıqlarımı...
Hafiz Sədrzadə zil və
yanıqlı səsiylə seçilirdi. Şuşalı məşhur
müctəhid Məhəmməd ağanın oğludu. Həm
qohumluğu, həm də atamla dostluğu səbəbindən
onu tez-tez görürdüm, xüsusi bir
bağlılığım vardı. Qohum toyları onsuz
olmazdı. Bu toylarda məni görəndə o vaxtkı
sevimli mahnımı mütləq oxuyurdı,
“Dalğalar”ı.
“Zəminxarə”nin
ustasıydı. Bir dəfə Şuşada, “Gəncə”
qapısının ağzındakı restoranda dostları
atamın xəstəxanadan salamat çıxması
münasibətilə məclis qurmuşdu. Stolun mən oturan
küncündən baxanda “Gəncə” qapısından
üzüaşağı Qarabağın yamyaşıl dərələri,
təpələri və bir də sonsuz üfüqlər
görünürdü. Ayrı vaxt yüz dil töksən
oxumayan Hafiz özü başlamışdı. Deməsələr
bilməzdim ki, oxuduğunun adı “Zənimxarə”di.
Yaddaşımın ən məhrəm hücrələrindən
birinin qapısını açıram sənə, dostum
oxucu! İlahi səslə ilahi mənzərənin təmas
nöqtəsini görürsənmi?
Sonralar məscidin minarəsindən
azanı onun səsiylə verirdilər. Dinləyən kafir balası
da İslama gələrdi. Mən hələ o cür azan
eşitməmişəm, nə İstanbulda, nə Səmərqənddə,
nə də Sovetskidə.
...Onun səsini bu səhər
yenə eşitdim. Çevrilib baxdım. Günəş iki
minarə arasında dayanıb durmuşdu. Azanın bitməsini
gözləyirdi. Hafizin azanı ağappaq göyərçin
kimi Ağdam məscidinin minarəsinə qonmuşdu. Ruhlar
şəhərinin sakinlərini ibadətə
çağırırdı:
Allahu Əkbər! Allahu Əkbər!
Allahu Əkbər! Allahu Əkbər!
Əşhədu əl lə
iləhə illəllah! Əşhədu əl lə iləhə
illəllah!
Əşhədu ənnə
Muhəmmədən Rasulullah! Əşhədu ənnə Muhəmmədən
Rasulullah!
Vahid QAZİ
525-ci qəzet.- 2010.- 24 aprel.- S.9.