Cəbhədən başlanan ömür yolu

 

Deyin, hara belə tələsirsiniz,

Sizsiniz ömrümün yelkəni illər.

Mən sizi qovardım uşaqlığımda

Indisə qovursuz siz məni illər!

 

B. Vahabzadə

 

Müdriklərdən biri deyib, ki, Allah sevdiyi insanları həmişə ona ehtiyac olan yerə aparır. Bu baxımdan Nüsrət müəllimin taleyinə nəzər saldıqda görürük ki, deyəsən o da Ulu Tanrının sevdiyi insanlardandır. Onun ömür kitabının səhifələrini vərəqlədikcə adama elə gəlir ki, fəaliyyətdə olduğu və işlədiyi yerlərdə məhz o, olmalı imiş, əks halda...

Boyük Vətən Müharibəsinin başlanması kimi müdhiş bir xəbəri eşitmək ona çox erkən – hələ 9-cu sinifdə oxuyanda qismət oldu. “Hər şey cəbhə üçün” şüarı səfərbərliyə yaşı çatmayan minlərlə gənci öz təhsillərini davam etdirmək üçün axşam məktəblərinə keçib, gündüzlər hərbi zavodlarda işləməyə məcbur etdi. Uşaqlıqla hələ əməlli-başlı vidalaşmamış Nüsrət də ikiəlli yapışdığı orta məktəb dərsliklərini bir əlinə ötürdü, o biri əlinə çəkic alıb zavoda getdi. Çox çəkmədi orta məktəb illəri arxada qaldı. Hərbi zavodda hərbi qaydaları öyrənsə də ancaq hələ hərbi paltar geyməyə “yaşı düşmürdü”. Odur ki çox götür-qoy etmədən sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verdi və müalicə fakültəsinin axşam şöbəsinə qəbul olundu. Gündüz hərbi zavodda işləyib axşam belə bir institutda oxumaq heç də asan məsələ deyildi. Ancq Nüsrət fikirləşəndə ki, cəmi ondan bir yaş böyük olan tay-tuşları soyuq səngərlərdə “güllə yağışının” altında həftələrlə dinclik nə olduğunu bilmirlər, gözlərindən yuxu qaçır, qollarına yeni qüvvə gəlirdi.

Nəhayət, səbirsizliklə gözlənilən 18 yaş tamam oldu. Onu hərbi komissarlığa çağırdılar. Möhlət hüququ verən iki sənədi var idi onun: hərbi zavoddan və tibb institutundan. Odur ki, birinci çağırışda ona möhlət verirlər. Bu arzuolunmaz möhlətin mahiyyətini başa düşən gənc Nüsrət növbəti çağırışda möhlət hüququ verən iki sənədin heç birini təqdim etmir. O özü həmin illəri xatırlayaraq belə yazır. “1943-cü ilin iyun ayında anam Soltan xanım cəbhəyə yola salarkən mənə kiçik bir kisəyə yerləşdirilmiş Quran ayəsi verib dedi: “Mən sənə Nüsrət adı vermişəm və inanıram ki, sən cəbhədən qələbə ilə qayıdacaqsan”.

Gürcüstanın Saqveri şəhərində bir neçə ay ərzində hərbi təlimlər və kurs keçdikdən sonra onu Sumqayıta gətirirlər. 77-ci diviziyanın tərkibinə qatılmaq üçün formalaşan polkun şəxsi heyətinə daxil olur.

30 yük vaqonundan ibarət olan hərbi eşalon onları Rostov-Dona aparır. Xoşagəlməz sərgüzəştlərlə dolu olan bu səfərdən yadda qalan hadisələrin mərkəzində onunla birlikdə 200 gənc əsgərin olduğu vaqonda baş verən və çox çətinliklə söndürülən yanğın hadisəsi dururdu. Rostov-Dondan xeyli aralanmış 77-ci diviziyaya çatana kimi Nüsrət cəbhə yoldaşı bakılı Kamil Mirəhmədovla birlikdə ayaq üstə yatmağı da “öyrənir”.

77-ci diviziyanın tərkibində Nüsrət Xəlilov 1943-cü ilin payızında Melitopoldan Dneprə qədər şərəfli döyüş yolu keçib. Bu döyüşlərdə yaralanmasını belə xatırlayır: “Mən bu döyüşdə yaralandım. Yaram ciddi olsa da ölümcül deyildi. Huşum özümdə idi. Xatırlayıram, dalbadal udduğum qarda qeyri-adi bir dad hiss edirdim”. Onu döyüş meydanından çıxaran da cəbhə dostu Kamil olmuşdu. Nüsrət müəllim bir də deyir ki, müharibədən sonra Kamili çox axtarsa da yalnız 34 il sonra “Molodyoj Azerbaydjana” qəzetinin köməyi ilə tapıb.

Gənc hərbçi 1943-cü ilin dekabr və 1944-cü ilin yanvar ayını hərbi hospitalda keçirir. Yaraları sağaldıqdan sonra tankçılar məktəbində oxuyur və yenidən cəbhəyə qayıdaraq, müharibənin son günlərinədək Birinci Belorusiya cəbhəsində şərəfli döyüş yolu keçir. Ağrı-acılarla, qələbə sevincləri ilə, həlak olmuş döyüş dostlarının ağrılarıyla yadda qalan bu yol Minskdən Varşavaya qədər olur.

Döyüşçü Nüsrət Xəlilovun oğlu, ümumdünya şöhrətli alim Elçin Xəlilovun da oxuduğu Bakıdakı 157 saylı orta məktəbin “Döyüş şöhrəti” muzeyində dörd vərəqdən ibarət saralmış, nə vaxtsa qana boyanmış bir sənəd saxlanılır. Nüsrət müəllim bu sənəd haqqında sakit danışa bilmədi, onu qəhər boğdu. Hadisə belə olubmuş: 1944-cü ilin payızında o, çoxdan qəlbində gizlətdiyi partiya sıralarına daxil olmaq arzusunu xidmət etdiyi alayın komsomol təşkilatı katibi Bespalova və bir tankda döyüşdüyü köhnə kommunist, alay komandirinin müavini mayor Yefimova açır. Hər iki hərbçi onun bu arzusunu alqışlayır və tərəddüd etmədən ona zəmanət yazırlar. Daha iki nəfərdən də zəmanət almaq çətinlik törətmir. Kiçik məşvərət zamanı belə məsləhət görünür ki, qarşıda gözlənilən döyüşdən sonra büro çağırıb bu məsələyə baxsınlar. Artıq onlar Polşa torpağında idilər, qarşıda Varşava uğrunda döyüşlər var idi.

Növbəti döyüş növbəti qələbə ilə nəticələnsə də heç də asan olmadı. Qarşıya qoyulan məqsəd düşmənin müdafiə xəttini yarmaq idi. Döyüşdən əvvəl Nüsrət mayor Yefimovu daha etibarlı bilib zəmanətlərini saxlamağı ondan xahiş edir. Mayor zəmanətləri alıb kitelinin cibinə qoyur. Döyüş başlanır. Birinci gedən onların tankı olur. Onlar müdafiə xəttini yarıb sürətlə irəliləyirlər. Lakin arxadakı tanklar gəlib onlara çatmır. Mayor Yefimovun tankı meşənin içində tək qalır. Meşədə cansıxıcı sükut hökm sürürdü. Mayor kəşfiyyat məqsədi ilə döyüşçülərdən bir neçəsini meşəyə göndərir, özü isə tankın açıq lüyukundan başını çıxarıb ətrafı müşahidə edərkən atılan düşmən gülləsi onu başından ağır yaralayır. Geridə qalmış əsas qüvvə də gəlib çıxır, huşunu itirmiş ağır yaralı mayor Yefimovu arxaya göndərirlər.

Bir necə gündən sonra onlar qərbə doğru irəliləməkdə ikən, arxadan gələn səhra poçtu döyüşçü Xəlilova onun mayor Yefimovun qanına bulaşmış zəmanətlərini çatdırır. Qələbə ilinin əvvəlində o artıq partiya sıralarında idi.

Döyüş xidmətlərinə görə Xəlilov Nüsrət Yusif oğlu iki orden və on üç medalla təltif olunub, Böyük Vətən müharibəsi əlilidir. Onun pencəyinin yaxasını bəzəyən bu orden və medallardan başqa daha bir fəxri nişanı var ki, bunun üçün heç bir fərman da imzalanmayıb. Bu onun sinəsində qalan düşmən gülləsinin izidir.

Nəhayət, Günəş qara buludların arxasından siyrilib çıxdı. 1410 gün çəkən o dəhşətli müharibə sona çatdı. Soltan xanımın dediyi kimi Nüsrət öz doğma şəhərinə qələbə ilə döndü.

1946-cı il. Qalib ölkənin hər yerində Böyük Vətən müharibəsinin qoyub getdiyi acı fəsadları aradan qaldırmaq üçün qızğın iş gedirdi. Belə bir zamanda döyüşçü Nüsrət də öz hərbi paltarını dəyişib quruculuq işlərinə qoşulmalı idi.

Türyançayın sahillərində Günəş şüaları altında bərq vuran müxtəlif rəngli daşlar hələ uşaq yaşlarından Nüsrətin diqqətini cəlb etmişdi. “Bu daşlar necə yaranıb, nə vaxt yaranıb, bura necə gəlib?” kimi suallar onu heç vaxt rahat buraxmamışdı. Bir tərəfdən bu suallara cavab tapmaq ümidi, bir tərəfdən də geniş quruculuq işlərində əvəzsiz rolu olan neft sənayesində kadr qıtlığını hiss etməsi onu M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya institutuna gətirib çıxartdı. Böyük Vətən müharibəsinin törətdiyi məcburi fasilə çətinlik törətsə də onun keçmiş cəbhəçilərlə və orta məktəbi təzəcə qurtarmış gənclərlə bir qrupda uğurla oxumasına mane ola bilmədi. Nüsrət Xəlilov 1951-ci ildə təhsilini başa vurub dağ mühəndis-geoloqu ixtisasına yiyələndi. O, hələ tələbəlik illərində akademiklər – Ədhəm Şıxəlibəyli, Şamil Əzizbəyov, Mirəli Qaşqay, Əhəd Yaqubov kimi dünya şöhrətli alimlərlə birlikdə Azərbaycanın bir çox bölgələrində elmi ekspedisiyalarda olub. Kəlbəcər, Laçın, Naxçıvan, Qərbi Azərbaycan və s. ərazilərdə dəqiq geoloji xəritəalma işlərinin aparılmasında yaxından iştirak etmişdir. 1948-1950-ci illərdə Nüsrət müəllim Naxçıvanda və onun Ermənistana bitişik ərazilərində elmi axtarışlar apararkən azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasının canlı şahidi olub. O, indi də azərbaycanlıların deportasiyasını, Bakıya qayıdandan sonra bu barədə akademik Əhəd Yaqubovun AK(b)P-nın birinci katibi M.C.Bağırova nəticəsiz qalan müraciətini ürək ağrısı ilə xatırlayır.

Kiçik Qafqazı qarış-qarış gəzmək, onun hər daşına, hər süxuruna bir geoloq gözü ilə baxmaq gənc Nüsrəti özündən xəbərsiz elm aləminə aparırdı. Ali təhsilini başa vurduqdan sonra o, öz axtarışlarını dənizdə davam etdirməli oldu. Bir-birinin ardınca dənizdə açılan neft yataqları gənc geoloqun elmi axtarışlara olan həvəsini daha da artırırdı. Bunun nəticəsi olaraq o, 1962-ci ildə “Abşeron arxipelağının şimal-qərb hissəsinin geoloji quruluşu və neftlilik-qazlılıq perspektivliyi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Elmi axtarışlar və nailiyyətlər bir-birini əvəz edirdi.

1974-cü il alimin həyatında daha əlamətdar oldu. Onun elmi axtarışları doktorluq dissertasiyasının müdafiəsi ilə nəticələndi. Lakin bu, onun üçün son hədd olmadı. Ən müxtəlif və ən mürəkkəb sahələrdə işləməklə yanaşı elmi axtarışlar bu gün də davam edir.

85 yaşlı alim 5 monoqrafiyanın, 240 çap olunmuş elmi işin, o cümlədən xarici ölkələrdə çap olunmuş 60 məqalənin müəllifidir. O, bir elmlər doktoru, üç elmlər namizədi hazırlayıb. Hazırda 3 aspirantın elmi rəhbəridir.

Professor Nüsrət Xəlilovla ilk tanışlığım on beş il əvvələ təsadüf edir. Mən iş otğına girəndə onun yınında təcrübəyə gəlmiş bir tələbə də var idi. Tanışlıqdan və bir qədər söhbətdən sonra o mənə çay təklif elədi. Minnətdarlıq edib çay içmək istəmədiyimi bildirdim. Ağ saçlı alim belə lazımmış kimi bir stəkan çay süzüb tələbənin qabağına qoydu. Bu məndə bir təşviş doğurdu. O mənim narahatlığımı duydu və təmkinlə izah etməyə başladı:

– Bu oğlan Neft Akademiyasında oxuyur. İstedadlı tələbədir. Belələrinə elmin sirlərini öyrətməyə can atan alimlərimiz çoxdur. Ancaq inana bilmirəm ki, o alimlərdən hansısa bu cavan oğlana böyüyün-kiçiyin qulluğunda durmaq kimi müsbət keyfiyyət aşılamağa vaxt sərf edə.

Nüsrət müəllimin bu hərəkəti və söylədiyi sözlər bəlkə də o tələbədən çox məni təsirləndirdi. Çünki ali məktəbdə mənə dərs deyən onlarla ağ saçlı alim elmin sirlərini öyrətməyə can atsa da heç biri mənimlə belə davranmamışdı.

O vaxtdan sonra Nüsrət müəllimlə tez-tez görüşməyə və telefonla danışmağa can atıram, hər dəfə də xoş təəssüratla ayrılıram.

Bir dəfə Nüsrət müəllimdən soruşdum:

– Əgər sizin gəncliyiniz bir də qayıtsaydı, sənət üçün seçim qarşısında qalsaydınız hansı sənəti seçərdiniz?

– Geoloq!

Bu anda yenə də B. Vahabzadəni xatırladım:

 

Min dəfə, milyon dəfə

doğulsam da yenidən,

Şer, sənət yolunu yenə

     tutardım hökmən.

 

Nüsrət müəllim hazırda Azərbaycan Dövlət Neft Akademiyasının professorudur. 85 illik yubileyinə hazırlaşan Nüsrət müəllimə cansağlığı arzulayırıq.

 

 

Vaqif ƏHMƏDOV

 

525-ci qəzet.- 2010.- 27 aprel.- S.6.